Hədəflərimiz üçün hər şeyi qurban verə bilərikmi? - Rəvan Cavid

Hədəflərimiz üçün hər şeyi qurban verə bilərikmi? - Rəvan Cavid
13 avqust 2024
# 11:00

Kulis.az Rəvan Cavidin "Əxlaq, azad iradə və hədəflər" yazısını təqdim edir.

Məqsədə aparan hər yol caizdirmi? Hədəflərimiz üçün hər şeyi qurban verə bilərikmi? Əxlaq, inanc, vicdan, sosial status bəzən bu sualın cavabını konkretləşdirir: əlbəttə, yox! Yeni dünyanın və yeni nəsillərin (Z nəsli) isə yuxarıda sadaladığım dörd əsas mənəvi məhfuma baxış bucağı fəqlidir.

Bütün düşüncə sisteminin qırıldığı nöqtə - Üçüncü Sənaye İnqilabı əxlaqa da, dinə də, sosial statusun mahiyyətinə də yeni təriflər verdi. Antik yunan filosoflarından günümüzün sosioloqlarına qədər uzun bir tərif yolu keçən əxlaq rəqəmlərin dünyasında başqa ifadələrlə əvəzlənir. Əxlaq hədəf taxtası ola bilməz. Bəs hədəfə gedən yolda nə qədər önəmlidir? Bu sualın cavabını məşhur bir filmi analiz edərək tapa bilərik. Teylor Hekfordun "Şeytanın vəkili" filmi məhz əxlaq və hədəflər arasındakı münasibətləri aydınlaşdırmağa çalışır.

Endryu Neydermanın eyniadlı kitabı əsasında çəkilmiş filmdə baş rolları Al Paçino və Keano Reves oynayır. Filmin ssenarisi iradə azadlığı və əxlaq arasındakı ziddiyətlərin formalaşdırdığı xarakter üzərində yazılıb.

Kevin Lomaks (Keanu Reves) kiçik bir qəsəbədə hüquqşünasdır. Heç bir məhkəməni uduzmadığı üçün ona xüsusi bir rəğbət var. Ən kirli işləri belə ustalıqla müdafiə etdiyi üçün bir çox qeyri-leqal işlərlə məşğul olan biznesmenlər onu vəkil seçirlər. İnadkar bir xarakterə sahib olan Kevin daha rahat həyatın və şöhrətin ovçusudur. O, məhkəmələrdə udsa da, nəfsinə uduzur.

Filmdə Con Milton (Al Paçino) obrazı şeytanın prototipidir. Həddindən artıq varlı, nüfuzlu, güclü və kifayət qədər əli qana batmış bir şirkət sahibidir. Kevini tapır və ona istədiyi şeyi təklif edir: zəngin bir həyat və tükənməz güc. İndi Kevin onun bütün qaranlıq işlərini məhkəmələrdə müdafiə etməli və qazanmalıdır. Hadisələrin mərkəzinə Con Milton keçdikcə filmin əsas rəngi də qırmızı olmağa başlayır. Qırmızı rəng həzz və şəhvət, güc və əzm münasibətlərini əks etdirmək üçün istifadə olunur.

Azad iradə nədir? O bizim hedonist xarakterimizə necə təsir edir? Seçimlər bizi vicdanımız qarşısında mühakimə etməlidirmi? Filmin əsas mesajlarından biri də teoloji nəzəriyyədə insan və onun əxlaqı, məhdudlaşdırılmış azadlıq və bütün bunların təməli olan yaxşılığın mənbəyidir. Eqo bizi ali olandan uzaqlaşdırır. İbtidai mənliyimiz şüur qazandıqca özünü sosial reforma hazırlayır. Sosiologiyada buna "yalançı şüur" deyirlər. Belə bir şüur bizim eqomuzu doyurmaq üçün əlindən gələni edir. Film də, əslində, yalançı şüurun nəyə xidmət etdiyi göstərmək istəyir.

Yalançı şüur konseptual olaraq ilk dəfə Marksın "İstehsal proseslərinin mənimsənilməsi" nəzəriyyəsində istifadə olunur. Marks bunu işverənlə işçi arasındakı anlaşılmazlığın bir hissəsi olaraq görür. İşçinin "qazandığı" yalançı şüur onu nökərə çevirir. Həqiqətin nə olduğunu özü üçün anlamayan fərd hədəfinə çatmaq üçün ona öyrədilənləri şərtsiz qəbul edir və mühakimə qabiliyyətini itirməyə başlayır. Belə olan halda ona təklif olunan bütün instansiyaları keçməyə hazır olur. Bu psixoloji vərdiş, əslində, insana o qədər də yad deyil. Yalançı şüur, əxlaq və azad iradə münasibətləri haqqında məşhur filosof və sosioloq Maks Horkeymer də ciddi təhlillər edib. Onun fikrincə, İkinci Dünya müharibəsindən sonra əxlaq anlayışı tamamilə "elastikləşdi". Ağıl öz mahiyyətində əxlaqdan heç nə saxlamadı. Çünki Avropa artıq əxlaqın və inancın təbliğ etdiyi zəif iradə ilə bir neçə dəfə dəhşətli məğlubiyyətlər yaşamışdı. İndi qərblilərə konkret hədəflər lazım idi. Onlar güclü iradəni yalnız eqoları ilə qura bilərdilər. Bu kontekstdə Horkeymer yaxşı və pis, yanlış və doğru, saxta və gerçək kimi anlayışların, haqq, ədalət, bərabərlik kimi ictimai məhfumların öz mənasını itirdiyini yazır. Şüurumuz bizə istədiklərimizi vermək üçün istənilən "yola əl ata bilər". Xarici dünyanın nəzarəti və subyektin yox olması onun tükənməz istəkləri üçün sadəcə alətə çevrilir. İctimai münasibətlərin tətbiqi ilə başlayan prosesdə subyektin digərləri ilə münasibətlərini də müəyyən etməsi müasir dövrün ən böyük patologiyasını ortaya çıxarır.

Qayıdaq filmə. "Şeytanın vəkili" həm də utopik bir ekran işidir. Finala yaxınlaşdıqca hadisələr dini motivlər üzərində davam edir. Con Milton əslində Kevin Lomaksın atasıdır. Rejissor İncilə göndərmələr edir. "Şüurunu və iradəsini itirənlər İsa kimi deyillər. Onlar İblisin övladlarıdır..." Şeytan insana güc, nüfuz vəd edir və insan bütün ali dəyərlərin üstündən xətt çəkir. Bunun qurbanlarından biri də Kevinin həyat yoldaşı Meridir. Meri filmdə əsas qəhrəmanlardan biridir. Onun kiçik qəsəbədən Nyu-Yorka əri ilə birlikdə köçdüyü gün həyatının axirəti kimi dəyərləndirilir. Əvvəlcə o da gücdən və şöhrətdən məmnun yaşayır. Sonra sərhədsiz bir tənhalığın içində dəliyə çevrilir və nəhayət, ölür. Ancaq onun ölümü də Kevinə dərs olmur. Film bir periodun bitməsi və yenisinin başlaması ilə yekunlaşır.

"Şeytanın vəkili" müasir insanın sınağını göstərir. Çıxılmaz vəziyyətin psixoloji təsiri və bu vəziyyətin necə qiymətləndirilməsi haqqında mükəmməl bir ekran işidir. İnsan öz həqiqətini tapmalıdır. Fərq etmir, bunu əxlaq çərçivəsində və ya azad iradəsi ilə tapır. Nəticə etibari ilə o, "ev tapşırığını" İblisə, yəni öz eqosuna və maddi istəklərinə yenilmədən həll etməlidir. Əks halda aqibəti və batil şüuru ona yeni bir tapşırıq hazırlayacaq.

# 616 dəfə oxunub

Müəllifin son yazıları

# # #