Adamın körpüdən tullanmasını gözləyən çinlilər - Bakıya bənzəyən Bosniyadan reportaj

Adamın körpüdən tullanmasını gözləyən çinlilər - Bakıya bənzəyən Bosniyadan reportaj
13 sentyabr 2024
# 12:45

Kulis.az Rəvan Cavidin "Milyaska körpüləri" reportajının ikinci hissəsini təqdim edir.

Birinci hissə burada

2-ci gün: Mostar

Qatar sürətlə qaranlıq meşələrə bürünmüş dağların və yamyaşıl Neretva çayının yanından keçib gedirdi. Bosniya çayları, bulaqları, gölləri ilə məşhur, bərəkətli torpaqların və iki mədəniyyətin yaşlı sahibi kimi bizə keçdiyimiz hər kənddə, hər qəsəbədə öz təbii sərvətlərini doymadan, usanmadan göstərirdi. Çayın suyu o qədər duru idi ki, qatarın kirli pəncərələrindən belə balıqçı tilovlarına tələsən balıqları görmək mümkün olurdu. Çoxusu qəhvəyi, rəngli damları olan xırda kənd evlərinin həyətlərində nəsə bir şeylə məşğul olan mehriban kəndliləri gördüm.

Bu yerlər bir vaxtlar Osmanlının mərkəzi idi. Minilliyin sonlarında isə bir-birinə çox uzaq və bir-birindən, əslində, heç nəyi ilə fərqlənməyən iki dinin “cəngavərləri” arasındakı qanlı-qadalı tarixə şahid qılmışdı özünü. İki saatlıq qatar səfərində gözlərim yaşılın və mavinin ən qaynar tonlarını gördü. Heç vaxt yaşılı bu qədər təmiz sezməmişdim. Rəssam yüz illərdir fırçasını Neretvanın sularına batırıb çəkmişdi bu dağları, bu kəndləri. Gördükcə canlanır, gah məğrur-məğrur, gah da məlul-məlul öz hekayəsini danışmağa can atırdı. Balaca tunellərin sonunda hər dəfə bir başqa məsum gözəllik bizi qarşılayırdı.

Yolumuz Mostaradır.

Mostar qərblə şərqi, qərbli ilə şərqlini, İsa ilə Məhəmmədin dinini bir-birinə qovuşduran dörd yüz əlli səkkiz yaşlı körpünün adını özünə şan edən turistik bir şəhərdir. Şəhərin, həm də elə körpünün qərbində xristian xorvatlar, şərqində isə müsəlman bosniyalılar yaşayırdı. İndi, əlbəttə, onlar bir-birinə dost-aşna olublar. Əslində, Bosniya-Xorvatiya müharibəsinə qədər də Mostar (boşnaqca: Stari Most) iki millətin dostlarını, sevgililərini, əqrabalarını qovuşduran bir vüsal körpüsü olub.

1566-cı ildə Sultan Süleyman Qanuninin əmri ilə inşasına başlanılan körpüyə Memar Sinanın tələbəsi Memar Xeyrəddin öz imzasını atıb. Körpü Neretvadan iyirmi dörd metr hündürlüyündədir. Uzunluğu isə, təxminən, otuz metrdir. Bu körpünün ikinci adı casarətdir.

Ənənəyə görə, nişanlı oğlanlar öz sevgililərinə cəsarətlərini sübut etmək üçün Mostardan Neretvaya tullanırlarmış. İndi bu ənənə turistik qazanc mahiyyəti danışır. Körpüdə tullanmağa hazır dayanan bir boşnaq turistlərdən pul yığır. Dörd-beş saat eləcə dayanandan sonra pulları da götürüb gedir. Onun yerinə isə peşəkar dalğıc suya atılır. Körpünün altında iki çinli turist çaya atılacağını zənn etdiyi boşnaq oğlanı çəkirdi.

Bosniya səyahətimin ikinci günündə də mənə yoldaşlıq edən Əli turistlərə “Gözləməyin, hoppanmayacaq”, – deyib güldü, – “Axşama kimi burada beləcə gözləyəcəksiniz, sonra başqası gəlib suya atılacaq”. Çinlilər məyus-məyus telefonlarını ciblərinə qoyub yollarına davam etdilər.

Mostarın altında, üstündə, yanlarında şəhərin, çayın mənzərəsini çəkən turistlər qaynaşırdı. Hava həddindən artıq isti idi. Bəziləri köynəklərini çıxarıb çaya tullanırdı. Sarayevodakı mərhəmətli günəş Mostarda şiddətlə dərimizi qovururdu. Körpünün sağını-solunu əməllicə gəzib Bakırcılar (Misgərlər) bazarına tərəf gedirik.

Körpü haqqında bir az da danışım. 1992-ci ildə serblər bu körpünü yıxmaq istəyib. Müharibə vaxtı bir neçə top atəşilə kifayətləniblər. Daha sonra onlar vandallıq etmək üçün Sarayevoya üz tutublar. 1993-cü ilin 9 noyabrında xorvatlar körpünü top atəşinə tutublar. Noyabrın sonunda körpü özünü Neretvanın qanlı sularına təslim etmişdi. Dörd yüz illik məhək daşları müharibənin şiddətinə qarşı sakit, lil axan çayın dərinliklərində yuxuya getmişdi. Müharibə müsəlmanları Mostardan qovmağa hesablansa da, bacarmadılar. Nəticədə, serblər bu şəhəri tərk etməyə məcbur qaldılar. Xorvatlar isə yenə əvvəlki kimi şəhərin qərbində, Xorvatiya ilə sərhəd olan bölgələrdə yaşamağa başladılar. 1997-ci ildə UNESCO və Dünya Bankı körpünün yenidən inşasına qərar verdi. Bu həm də Avropanın Bosniyaya bir üzr cavabı idi. Çünki boşnaqlar onların himayəsində ikən, NATO-nun guya qoruduğu bölgələrdə soyqırıma məruz qalmışdılar. Körpünün inşaatını türk şirkətləri öz boyunlarına götürdü. Çayın dərinliyindəki tarixi daşları isə macar ordusunun xüsusi təyinatlı dalğıcları çıxardı. Yeddi il davam edən inşaatdan sonra – 23 iyul 2004-cü ildə Mostar yenidən Neretvanın və Balkanların simvoluna çevrildi. Körpünün açılışını Uels şahzadəsi Çarlz etdi. 2005-ci ildə isə həm körpü, həm də şəhər UNESCO mədəni irsinə əlavə edildi və toxunulmaz bölgə olaraq tanıdıldı. 1993-cü ildən 1997-ci ilə kimi Mostarı ingilislərin şəhərin gediş-gəlişini bərpa etmək məqsədi ilə qurduğu dəmir körpü əvəz edirdi.

Bakırcılar bazarındayıq. Şəhərin Osmanlıdan qalan ən qədim yerlərindən biridir. Əl işləri ilə dolub-daşan kioskların önündə növbələr var. Mostar körpüsünün hər yerdə rəsmləri, simvolları göz oxşayır. Dəmirin, ipəyin, keramikanın üzərinə ustalıqla işlənmiş rəsmlər dolu xırda mağazalar, bazarın hər iki tərəfində turistlərin daha çox qazlı su və pivə içdikləri kafelər, türk yeməklərinin və boşnaq kababının – çevapın qoxusunun nişan verdiyi restoranlar şəhərin mərkəzinə qədər uzanır. Neretvada qayıqla on dəqiqə gəzmək üçün isə iyirmi mark, təxminən, 19 manat verməlisən. Gözəlim çayın on dəqiqə dadına baxmaqdansa, turistlər isti daşların üstündə oturub mənzərəni nuş etməyə daha çox can atırlar. Həm Sarayevoda, həm də burda çarşı mağazalarının satıcıları çox sakitdir. İstanbuldakı, ya da Bakıdakı tarixi suviner satıcılarından buna görə fərqlənirlər. Heç kim sənin qolundan tutub kioska dartmır. Heç kim satdığı şeyin tərifini ərşə çıxarmır. Gülərüz bir salam, vəssalam. Ona görə də, turistlər kiosklarda, mağazalarda sıxılmır, qaçmağa can atmır. Şərqə yansımış Avropa mədəniyyəti, yəqin, budur. Təəssüf ki, əzizim Bakıda, gözəlim İstanbulda bunu görə bilmirik.

Qatar saat səkkizə qalmış Sarayevoya yola düşəcək. Günorta yeməyi üçün bazarın sonunda bir kafeyə giririk. Paytaxtdan fərqli olaraq, buradakı boşnaqlar türk dilini ya bilmir, ya da sadəcə salamlaşmağı və sağollaşmağı bilirlər. Yeməkləri isə Sarayevodakı kimi ləziz gəlmir. Ya da isti bizim iştahamızı qaçırmışdı. Bir az da orada vaxtımızı öldürdükdən sonra Mostarın yerli pivəsindən qurtulmaq üçün avropalı turistlərin deyib-güldüyü bir açıq hava pabına üz tutduq. Almanları o dəqiqə tanımaq olur. İngilisləri də. Digərləri ilə isə həmsöhbət olmağa nə həvəs var idi, nə də məqsəd. Ağır tütünü ciyərlərimə, soyuq pivəni mədəmə ötürüb bir az rahatlaşdım. Belə istini axırıncı dəfə Culfada hərbi xidmətin ilk üç ayında görmüşdüm. Bunu fikirləşirdim ki, önümüzdən hərbi formada kişilər keçdi. Yəqin, Həmid Herisçi burda olsa, mütləq mistik bir təsadüfün hekayəsini danışardı. Nəyə görəsə, Bosniya mənə Türkiyədən daha çox Azərbaycanı xatırladırdı. Tez-tez rast gəldiyim kiril əlifbası, ləziz yeməklər, keyfiyyətli siqaretlər və pivələr Bakını, ən çox da İslam Səfərli küçəsini yadıma salırdı.

Günortadan sonra Koski Mehmet Paşa məscidinin yanından keçib bir neçə tarixi abidəni də gördük. Çayın düz sahilində Osmanlıdan qalan Tara qülləsi var. Onun fonunda isə xorvatların bir vaxtlar müşahidə məntəqəsi kimi istifadə etdiyi Macar imperatorluğundan qalma Saat qülləsi dayanır. Treskaviça dağlarından həzin-həzin axan Neretva isə bütün şəhərin boynuna dolana-dolana sevdalinka nəğmələri oxuyur. Yeri gəlmişkən, sevdalinkanı ilk dəfə Mostarda eşitdim. Boşnaqların xalq musiqisidir. Sakit, lirik tonlarda, sevgi nəğmələridir sevdalinkalar. Bosniyanın milli sərvəti kimi qəbul olunur. Digər Balkan ölkələrində də fərqli üslublarda, hətta Türkiyədə də ifa edilir. Türklər sevdalinkaları daha çox əski Osmanlı tərzində, rübabın və kamanın simlərində səsləndirirlər.

Səhər saat 7-də bizi bənzərsiz gözəlliklərin içindən keçirən qatar gün batandan sonra paytaxta geri aparır. Dəmiryolu vağzalı sovet filmlərindən çıxıb sanki. Kiril əlifbası ilə yazılmış sosialist şüarlar, qrafitilər, dəmir-beton konsrtuksiya, paslanmış perronlar, ağın və qaranın soyuq tonu. Yanıb-sönən lampalar və uzaqdan fit səsini eşitdiyimiz qatar. Bu mənzərə və bu səslərin içində siqaret yandırıb arxaya dönmək köhnə festival filmlərinin bir nömrəli kadrajıdır. Eynisini təkrarladım və özümü elə o filmlərin içində hiss etdim.

Geri qayıdanda Yablaniçko gölünün gecə mənzərəsinə dalıb yuxuya getdim. İstidə on iki saat şəhəri gəzmişdik və tək istəyim otelə çatıb yatmaq idi. Sabah Milyaskanın başladığı yerlərə – İlıcaya səfərim var.

# 997 dəfə oxunub

Müəllifin son yazıları

# # #