Hüseyn şəhadətin, Mehdi qeybin simvoludur

Hüseyn şəhadətin, Mehdi qeybin simvoludur
6 sentyabr 2023
# 10:20

Kulis.az Rəvan Cavidin "Sədaqət eşqin və gücün simvolu kimi" adlı yeni yazısını təqdim edir.

Şəmsin ölümündən, kiçik oğlunun "xəyanətindən", monqolların amansız yürüşündən sonra Mövlana ibadətgahının aşpazı Yusifdən soruşmuşdu:

- Bilsən ki, bütün həyatın boyu məndən öyrəndiklərin yalandı, yenə mənə sadiq qalacaqsan?

Yusifin cavabı belə olmuşdu:

- Doğru, ya yanlış, mən bütün ruhumu bir eşqə təslim etmişəm.

Sədaqət, Şərq fəlsəfəsinə və irfanına görə, eşqin mütləq qənaətidir. Sadiq aşiq bütün şərq əfsanələrinin qurbanıdır, yəni təslim olanı. Qərb fəlsəfəsində isə sədaqət gücün müjdəçisidir. Yanında sadiqlər varsa, sən mütləq qalib gələcəksən. Ömrünü bir kəsə və ya bir nəsnəyə qurban edənlər, yəni sadiq olanlar ya qoca qərbin qəhrəmanları kimi qalib ölür, ya da xoca şərqin aşiqləri kimi eşqin şəhidinə çevrilir.

Qüdsün peyğəmbərləri də inandıqları naminə ya öldülər, ya qeybə çəkilib qalib olacaqları son döyüşü gözləyirlər. Məsələn, katoliklərə görə, İsa öldü ki, onun dini qalib olsun. Ortodokslara görə isə, o, qeybə çəkildi ki, yenidən döyüş meydanında Dəccalın önünə çıxsın. İslamda Hüseyn şəhadətin, Mehdi isə qeybin simvolu olduğu kimi.

Əlbəttə, bütün bu mif və əfsanələrin arxasında qədimdən qədim insan xisləti və ölümsüzlük arzuları dayansa da, həm də Adəmin övladlarının sevgi və qorxu hissləri qarşısında necə çarəsiz və aciz davrandıqları da var. Bu ənənə isə "sonuncu döyüşə" qədər davam edəcək.

Bütün bu şəhadət və qalibiyyətin arxasında sevgiyə başlanmağı bəhanəsi dayanır: Sədaqət. Sədaqət sonsuz məhəbbətin bəhanəsidir.

Yeni dövrdə ən çox verilən suallardan biri budur: İnsanlar niyə dostlarına, sevgililərinə sadiq qala bilmirlər? Bu sualın cavabı yeni dünyanın dəyişən mahiyyətindədir. Çünki rəqəmsal dünyanın sakini fərddi, onun cəmiyyəti, toplumu, torpağı, səması yoxdur. Onun sıfırlardan və birlərdən qurulmuş süni bir kainatı var. Və orada cəmiyyət olmaq yox, fərd olmağın, özünə qayıtmağın və bu qayıdışdakı nihilist ab-havanın böyük ekranlarda reklamı göstərilir.

Şəxsi inkişaf və motivasiya kitabları fərd olmağın sehirli gücündən dəm vuranda, həm də insanlara, cəmiyyətə güvənməməyin "tövfələrindən" də söz açır. Kinolarda qəhrəmanlar təkdir. Onların yaşamı və ölümü təkbaşına göstərilir. Sosial şəbəkələrin yaratdığı eqo mexanizmi əvvəl-axır fərdin özünü yeyib-bitirir. Uğur qazanmağın yolu tək olmaqda imiş. "Z" və alfa nəsli bunu öyrənir. Sədaqət anlayışı yavaş-yavaş yoxa çıxıb nağıllara qarışır.

Yeni dünya sadiq axtarmır, birbaşa qurban axtarır. İçində sədaqət, təslimiyyət ruhu olmayan bir qurban onun bütün problemlərini həll edə bilir. Sadiq olmayan sevgili, sadiq olmayan dost, sadiq olmayan vətəndaş, sadiq olmayan ideoloji cəbhə, sadiq olmayan hər şey ümidsiz bir qurban deməkdir. Dünya indi onları yeməklə məşğuldur. Bu gün bir nəfərə sadiq qalmaq zəiflik və acizlik hesab edilirsə, təxminən, yüz il əvvəl sadiqlik əsl xarakter göstəricisi idi. Əriyən mədəniyyətlər qazanı bu hissi də bizim əlimizdən alıb, bizi danışan, gözlərini qırpan daş parçalarına çevirir. Bəs hələ də sadiqliyi, sədaqəti tərənnüm edən, sənəti sədaqətlə tərbiyə edən nümunələr varmı?

"Netflix"in propaqanda maşınının son illər istehsal etdiyi lazımsız, yorucu ekran işlərinin arasında almaz kimi parıldayan bir iş də var: "After Life" serialı. Hər biri altı bölümdən ibarət olan üç sezonluq bu serialın təbliğ etdiyi dəyər sədaqət və onun insan üçün yeganə xilas yolu olmasıdır.

Serial həyat yoldaşını xərçəng xəstəliyi ucbatından itirən bir jurnalistin monoton həyatından bəhs edir. Monoton desəm də, sizi yanıltmasın, serial o qədər pozitiv mesajlar verir ki, bəzən ekrandakı "Netflix" loqosuna şübhə ilə baxırdım. Bədbinlik və qaramatın arasında bu cür işıqlı bir ekran işə, sözün əsl mənasında, motivasiya verir.

Kiçik bir qəsəbədə əyalət qəzetində işləyən Toni (Ricky Gervais) həyat yoldaşını itirdikdən sonra ciddi bir qərar verir. İntihar. Bu qərarını dəyişmək üçün dostları, yaxınları onun üçün əllərindən gələni edirlər. Toni isə hər gün həyat yoldaşı ilə keçirdikləri mükəmməl həyatın videolarını izləyir. Ölmək üçün bütün pis vərdişlərə qurşanır. Ölüm isə ona tərəf gəlmir və nəhayət, həyat yoldaşının ölümündən əvvəl çəkdiyi bir vida videosu Tonini yenidən həyata bağlayır. O, sona qədər yoldaşına sadiq qalır və bu sədaqətdən ilhamlanaraq dünyanı gözəlləşdirməyə çalışır.

Toni ateistdir. Yəni onun içindəki sadiqlik duyğusu Tanrı ilə, inam, iman ilə əlaqədar deyil. Toni realistdir. Yəni onun sədaqəti qarşılığı gözlənilməyən bir duyğudur. Həyat yoldaşı yaşamır və göylərdən ona baxmır, Toni isə hələ də ona aşiqdir və xəyanət etmək istəmir. Serialdakı sadiqlik hissinin izahı yalnız insanın mahiyyəti, onun fərdi xarakterinin sevgi və qorxaqlıq arasındakı incə tərəddüdlə bağlıdır.

Serialın ana xəttini keyfiyyətli yumor, mənalı kədər və gerçəklik izləyir. "After Life" zarafatları və fnal səhnəsindəki sonuncu epizodla ağıllarda qalıb. Bəli, insan Yer üzündə təkdir. Amma ona bu yalnızlığı öyrədən biri üçün özünü, bütün həyatını yaxşılıqlara sərf etmək daha gözəl olmazdımı?!

Məşhur aktyor Rikki Qervaisin ssenarisini yazdığı, quruluşçu rejissorluğunu etdiyi və baş rolda çəkildiyi serial sadəliyin təntənəsidir. Rənglər, səslər, ssenari, musiqilər, teatrallıq, heç nəyi şişirtməmək, heç nəyi kobudcasına təbliğ etməmək "After Life"ı ən yaxşılardan biri etməyi bacarmışdı. Xüsusən, keçən əsrin ortalarına aid lirik musiqilərlə səhnələrin harmoniyası ümumi statistikada bu serialın, əslində, lazımi diqqəti görmədiyini deməyə səbəb yaradır.

Yaşamaq istəməyən Toni üçün sədaqət gücdür, yenidən doğulmaq və bütün həyatını insanlara xərcləməyi öyrənməkdir. Onun yaşadıqları əbədi hisslərdir. Sədaqət və eşq arasındakı əsl məna bağlılığının ən gözəl nümunələrindən biri də bu serialdır. Qəribədir ki, dünya mediasında bu serial haqqında, demək olar, tənqidi heç nə yazılmayıb.

Eynilə keçmişdəki kimi, sədaqət sevgini və güclü olanı təmsil edir. Sadiq olanlar ya əbədidir, ya da əbədiyyətin xaricindədirlər. Bütün hallarda indi bizə sədaqətin nə qədər böyük insani duyğu olduğunu göstərən serial izləmək üçün vaciblər sırasına girməlidir. Çünki sadiq qalmaq, yəqin ki, dünyanın ən çətin və ən saf peşəsidir. Onu sənət kimi yaşayanlar isə, əlbəttə, əbədiyyətə inananlardır.

# 1128 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #