#

Şahzadənin öldürüldüyü körpü, müharibələrə sinə gərən məscidlər - Sarayevodan reportaj

Şahzadənin öldürüldüyü körpü, müharibələrə sinə gərən məscidlər - Sarayevodan reportaj
9 sentyabr 2024
# 12:00

Kulis.az Rəvan Cavidin "Milyaska körpüləri" reportajının birinci hissəsini təqdim edir.

İsti və quru hava canımdakı yorğunluğu bir az da qatılaşdırdı. Tekirdağdan gecə 11-də yola çıxmışdım. Və səhər saat 7-yə qədər hava limanında gözləməli olmuşdum. Yuxusuzluğun, aclığın taqətsizliyi bir yandan, isti də bir yandan. Tez otelə çatmaq, yuyunmaq və yemək istəyirdim. On beş dəqiqə sonra Başçarşıya gedən avtobus gəldi. Türklərlə türk, xaricilərlə ingilis, yerli camaatla boşnaq dilində danışan poliqlot, gülərüz, zarafatcıl bir kişi avtobusuna hamıdan çox sərnişin yığa bildi. Avtobusa minmədən ətrafa göz gəzdirdim: xırda evlər, çox da bahalı olmayan maşınlar, mehriban simalar və dağlar. Bura Sarayevonun başladığı, ya da bitdiyi yer idi. Buralara baxıb şəhər haqqında nəsə fikir yürütmək çətin olardı. Qeyd dəftərimə gəzəcəyim yerləri əvvəlcədən yazmışdım. Yerləri qalacağım oteldən məsafələrinə görə nişanlamışdım. Avtobus şəhərin mərkəzinə yola düşdü. Yarım saat-qırx dəqiqəlik bir yolumuz var. Çatana kimi sizə Sarayevonun tarixi haqqında danışım.

Bu şəhərə Avropanın Qüdsü deyirlər. Müsəlmanlar, katoliklər, ortadokslar və yəhudilər bu balaca şəhərdə bir yerdə yaşayırlar. Və bu balaca şəhər bütün dinlərin mədəniyyətini, simvollarını, xarakterini sükut içində qoruyur. Şəhərin mərkəzindən Milyaska çayı axır. Avtobus çayın kənarı ilə irəlilədikcə bir şeyə diqqət etdim. Çay da, ətrafı da, küçələr də tərtəmiz idi. Mərkəz olmağına baxmayaraq, insan sıxlığı, demək olar ki, yoxdur. Şəhərin hər tərəfindən Dinar Alpları görünür. Şəhər bu dağ silsiləsinin ətəyində qurulmuş qədim mədəni mərkəzlərdən biridir. Quruluş demişkən, bosniyalıların tarixi nə qədər qədim olsa da, bu bölgədəki ilk mədəni şəhərin qurucusu Osmanlı imperiyasıdır. On beşinci əsrdə, daha dəqiq desək, 1463-cü ildə Balkan yarımadasındakı bu ölkə türklərin nəzarətinə keçir. Və Sarayevo (türklərin təbirincə, Saray Bosna) Osmanlıların Avropada qurduğu ən böyük şəhər statusunun daşıyıcısına çevrilir (hələ də belədir). Sarayevonun qurucusu isə Qazi Hüsrəv bəydir. Şəhərdə onun adını daşıyan qədim məscid, kitabxana, mədrəsə, bazar və küçələr var. Onun və bu şəhərdəki fəaliyyəti haqqında bir azdan.

Bosniyalılar tarixin əzab çəkən millətlərindən biridir. Dünyanın, bəlkə də, Holokost soyqırımından sonra tarixə keçmiş ən ağrılı soyqırımı Srebrenitsada baş verəndir. Bu tarix bosniyalılar üçün mütləq vacib anlardan biridir. Şəhərin hər tərəfində bu soyqırımı xatırladacaq lövhələr var. Qeyd edim ki, bu ilin may ayında Birləşmiş Millətlər Təşkilatı 11 iyulu Dünyada Srebrenitsanı anma günü olaraq qəbul etdi. Bu, bəlkə də, Avropanın Bosniyaya bir üzrü idi. Niyəsini də bir azdan yazacam. Bunlar hələ ki, anonsdur. Bu şəhərin müharibə keçmişi, təəssüf ki, zəngindir. Birinci Dünya Müharibəsi, İkinci Dünya Müharibəsi, Bosniya müharibəsi və Balkanlardakı, demək olar ki, hər xırda və böyük davalar Sarayevonun “simvoluna” çevrilib.

Avtobus mərkəzə – Başçarşıya çatanda saat hələ doqquz idi. Otelə giriş saatım 2-də planlanmışdı. Balaca çamadanım və avtobusda tanış olduğum adanalı Əli ilə şəhərin mərkəzini gəzməyə başladıq. Hələ yeni öyrənməyə başladığım ingilis dili və güvəndiyim türkcə ilə səfərin rahat keçəcəyinə ümid edirdim ki, kioskdan nömrə və su almaq üçün orta yaşlı bosniyalı xanım satıcı ilə əl-qol hərəkətləri ilə danışmaq məcburiyyətində qaldım. Lakin bu istisnadır. Çünki şəhərdə əksər adamlar ya ingilis dilini, ya da türk dilini çox yaxşı bilir. Milyaska çayının üzərindəki onlarla körpüdən birinin üzərində dayanıb şəkil çəkdirdim. Milyaska, məscid, dağlar və Sarayevo. Bütün Bosniyanın əlli faizini ifadə edəcək bir mənzərə idi bu. Səhər yeməyində məşhur boşnak börəyinin dadına baxmağı qərarlaşdırdıq. Bu börəklərin namı bütün Türkiyədə bilinir. Hətta ilk dəfə İstanbulda boşnaq restoranında dadına baxsam da, Sarayevonun özündə bu börəklərdən dadmaq xüsusi həyəcan verirdi. Başçarşıdakı bütün kafelərin masaları açıq havada – düz küçənin ortasındadır. Börəkçi türk dilini əla bilirdi. Sifarişimizi verəndən sonra küçəyə quş baxışı atdım. Həqiqətən, hər yer Osmanlı mədəniyyətini xatırladırdı. Yerlər xırda çay daşları ilə döşənmişdi. Divarlar qürurla beş yüz illik tarixini köhnə çatları və tünd yaşıl rəngləri ilə bar-bar bağırırdı. Başımı hara çevirdimsə, mənzərənin sonunda bir minarə gördüm. Börəklərimiz gəldi. Bircə dilim almaq kifayət etdi ki, türklərin börək hazırlaya bilmədiklərinə əmin olaq. Deyəsən, bu xəmir yeməyi elə bosniyalılara məxsusdur. Türklərdən fərqli olaraq, bosniyalılar börəklərin xəmirini azca qalın və sulu edirlər. İçindəki qıyma ət isə daha dadlı və çox olur. Müştərinin istəyinə görə, bəzən üstünə qatıq da qoyurlar. Bir sözlə, ləzzət! Sarayevoda qara çay içmək üçün mütləq türk çayı təbirindən istifadə etməlisiniz. Çünki onlar çay deyəndə yaşıl bitkilərdən dəmlənmiş herbobilləri nəzərdə tuturlar. “Türk çayı”mızı da içib, başımız hara, ayaqlarımız ora deyib, çarşını gəzməyə başladıq.

Gəzdikcə şəhərdə diqqətimi çəkən ilk mənfi nüansı özüm üçün dəqiqləşdirdim. Həddindən artıq dilənçi var. Və belə başa düşdüm ki, buranın dilənçiləri çox “səmimi, dürüst” adamlardır. Baxırsan ki, əlil deyil, geyimi-keçimi normaldı, amma dilənir. Sanki belə də olmalıdır. Yerli camaat və ərəblər onlara kömək etsə də, xaricilərə və biz türklərə bu qəribə gəlirdi. Birdən-birə qarşında belində çantası, mavi cinsdə, qırmızı kimanoda, saçları səliqə ilə daranmış biri dayanır və əlini uzadıb pul istəyir. Niyəsə bu dilənçilər mənə məşhur yuqoslav rejissor Emir Kusturisanın “Qaraçılar zamanı” filmini xatırladırdı. Düzdü, oradakı hadisələr sosialist bir kənddə qaraçı xalqının əhvalatını danışsa da, qarşımda dayanan bu səliqəli dilənçi ilə filmdəki saçı yana daranmış eynəkli balaca oğlan arasında heç bir fərq tapa bilmirdim.

Çarşı qələbəlik idi. Suvenir dükanlarının qarşısında turistlər qarışqa kimi qaynaşırdı. Üzərində Bosniyanın simvolları həkk olunan maqnitlər, boyunbağılar, çantalar, fincanlar əldən-ələ gəzirdi. Uzun və enli küçədə Qazi Hüsrəv bəy məscidi bizi qarşıladı. Məscid Memar Sinanın məşhur işlərindən biridir. 1531-1534-cü illər arasında inşa edilib. Həyətində dəstəmaz almaq üçün yenə eyni memarlıq xüsusiyyətləri daşıyan bulaq, üç türbə və məsciddə imamlıq etmiş kəslərin məzarları var. Eyni məsciddən Suriyada və Türkiyədə də inşa edilib. 1992-1995-ci illərdə baş vermiş Bosniya müharibəsində serblər tərəfindən dağıdılsa da, 1996-cı ildə Səudiyyə Ərəbistanının maddi dəstəyi ilə yenidən dekonstruksiya edilib. Sarayevodakı bütün tarixi abidələr kimi bu məscid və həyətindəki türbələr də müharibələrə sinə gərməyi bacarıb. Məscid namaz saatı olmadığı üçün qapalı idi. İçinə girmək üçün lövhədə yazılan saatları gözləmək lazım idi. Yorğunluğum buna imkan vermədi. Digər turistlər kimi həyətində bir az gəzib çıxdım. Həm də İstanbulda, Ədirnədə gördüyüm yüzlərlə Memar Sinan məscidlərindən bir fərqi olmayacağını düşündüm. Məscidin düz önündə Qazi Hüsrəv mədrəsəsi var. Dörd yüz səksən yeddi ildir fəaliyyət göstərən mədrəsədə hələ də təhsil alan tələbələr var. İstər kommunist Yuqoslaviyada, istərsə də Bosniya müharibəsi dövründə belə mədrəsə qapanmamışdır. Sarayevolılar bu mədrəsəni II Bəyazidin nəvəsi, şəhərin qurucusu Qazi Hüsrəv bəydən ən dəyərli yadigar kimi təqdim edirlər. Bu iki məşhur tarixi abidəni Ulu cami və Qazi Hüsrəv bəy örtülü bazarı təqib etdi. Bu tip bazarların adı bezistandır. Bezistanlar yayda sərin, qışda isti olduqları üçün alış-veriş etmək kifayət qədər rahat olur. Məşhur Saat qülləsinin və Qurşunlu mədrəsənin yanında olan bezistanın uzunluğu 100-120 metr olar, ya olmaz. İstanbuldakı Misir və Qapalı çarşını xatırladır. Qeyd edim ki, bezistan Qazi Hüsrəv bəy külliyəsinin ən dəyərli və hələ də fəaliyyət göstərən yerlərindən biridir.

Bezistandan bir az arxada cüt gözlü məşhur bulaq var. Belə bir inanc var ki, bulağın sol gözündən su içsən, bir daha bu şəhərə qayıdacaqsan, sağ gözündən su içsən, bosniyalı bir qızla evlənəcəksən. Mən də sol gözündə üzümə su vurub sağ gözündən su içdim ki, nə olar, nə olmaz, bəxtimi heç olmasa burada sığortalayım. Saat qülləsinin altındakı təndirdə isə bir vaxtlar havayı çörək, bulka verildiyini deyirlər. İndi də şəhərin ən ucuz çörək satan yeridir.

Çarşının mərkəzində şərqi və qərbi göstərən bir işarə var. Bu işarə həm yerdə, həm də qarşımızdakı binanın tinində həkk olunub. Bu işarədən sonra ikinci imperiyanın – Avstriya-Macarıstan imperiyasının yadigarları sərgilənir. Bir andaca şərqdən qərbə keçirsən. Burdan sonra küçələr daş döşəməli yox, mərmərlidir. Divarlar səliqəli laylardandır. Məscid yox, katedral və ortadoks kilsəsi var. Həqiqətən, adam özünü bircə saniyə içərisində Avropada hiss edir. Elə bil, o işarə sehrli güzgüdür. Şərq mədəniyyətindən Qərb mədəniyyətinə keçirsən. Binaların memarlıq xüsusiyyətləri avstriyalıların ştrixlərini özündə cəm edib. Hər binanın altında və ya pəncərələrin kənarında qədim Roma heykəllərinə rast gəldik. Birdən-birə insanların dili, geyimi, davranışları dəyişdi.

Sarayevonun ən böyük xristian abidəsinin qarşısındayam. Katedralın önündə katolik simvollar və böyük rahib heykəl var. İçərisində isə onlarla İsa və Məryəm heykəlləri, rəsmləri. Həddindən artıq sakitlik və aramlıq var. Adamlar pıçıldayır. Dua edənlərin gözləri qapalı, əlləri bir-birinə söykənmiş haldadır. Katedralın adı dilimizə “Müqəddəs qəlb” kimi tərcümə oluna bilər. Təxminən, qırx iki metr uzunluğunda olan kilsənin memarı avstriyalılardır. Katedralın içində İvan Şariçin də məzarı var. İvan Şariç Sarayevo katoliklərinin ən çox bilinən rahiblərindən biridir. Şariç Ferdinand suiqəsdindən sonra serblərə qarşı nəğmələr bəstələdi və Bosniyada baş verəcək serb təhlükəsini əvvəlcədən hiss etdi. Həm Birinci, həm İkinci Dünya Müharibələrində, həm də Bosniya müharibəsində Şariçin nə qədər haqlı olduğunu bütün dünya gördü.

Şariçin məzarını görmüşkən bir şeyi də qeyd edim ki, Sarayevoda böyük heykəllər görmək qeyri-mümkündür. Səhərdən bəri gözlərim İvo Andriçin (Nobel mükafatı almış bosniyalı yazıçı, “Drina körpüsü” romanının müəllifi) heykəlini axtarsa da, xırda bir büstdən başqa heç nə görmədim. Bosniyalılar bunu İslamla əlaqələndirirlər. Dinimizə görə heykəl qoyulması, məzarın təmtəraqlı olması haramdı, deyirlər. Həqiqətən, boşnaqlar İslamı bizdən daha düzgün formada yaşayır və yaşadırlar. Əhalinin əlli faizi müsəlmandır və tarix boyu burada yaşayan fərqli etniklərdən həmişə ayrıseçkilik gördükləri üçün dinlərinə daha çox bağlıdırlar.

Çarşıda yerdə tez-tez həm qırmızı çiçəklərə, həm də qan damcılarına bənzəyən işarələr görə bilərsiniz. Bu işarələr Bosniya müharibəsi vaxtı bombaların düşdüyü yerlərdir. Hara bomba düşübsə, orada bu cür zərif lövhələr var. Həmin müharibə nə qədər ağrılı olsa da, bosniyalılar üçün azadlığın simvoluna çevrilib. Çiçəkləri görəndə qərənfilləri xatırladım. Bizim də azadlığımız üstünə qan sıçramım çiçəklərin rəfiqliyi ilə başlamışdı. Ümumiyyətlə, Bosniya və Azərbaycan tarixi bir-birinə çox bənzəyir. Sarayevo ilə Bakının qardaş şəhərlər olduğunu biləndə təəccüblənmədim.

Saat on iki olmuşdu. Çox yoruldum. Otelin təyin etdiyi vaxtı gözləməyə heyim qalmamışdı. Əli ilə sağollaşıb piyada otelə tərəf getdim. Qədim bir binanın içində təsadüfən tapdığım otel çox rahat və təmiz idi. Gülərüz otel sahibi türk olduğumu biləndən sonra canla-başla hər şeyi nöqtə-vergülünə qədər başa saldı. Qeyd dəftərimə baxanda işarələdiyim yerlərin artıq bir neçəsini gəzdiyimi gördüm.

Axşamüstü yenidən çarşıya qayıtdım. Oteldən mərkəzə qədər çay kənarı ilə on beş dəqiqə yeridim. Neçə körpü gördüm, bilmirəm. Bəziləri böyük, bəziləri kiçik. Körpülər bu şəhərin ikinci simvolu ola bilər. Şərqlə Qərbi, İslamla Xristianlığı, Osmanlı ilə Avstriya-Macarıstanı birləşdirən bu şəhəri körpüdən başqa heç nə təsvir edə bilməz. Çayın bir kənarında universitet korpusları, kitabxanalar, dövlət binaları, digər tərəfində isə evlər səliqə ilə düzülüb. Şəhər balaca olsa da, hər küçənin axırında adam bir hekayə tapır. Bosniyalıların “çevap” dediyi məşhur kabablarını axşam yeməyinə saxladım. Türkiyədə ətin dadı yoxdur. Adam elə bilir, topa vərəq dişləyir. Azərbaycan üçün darıxanda həmişə ağlıma ət yeməkləri gəlir. Həqiqətən, türk mətbəxi nə qədər zəngin olsa da, ət yeməklərini, xüsusən kababları bizim qədər yaxşı və ləzzətli hazırlaya bilmirlər. Bu həsrətimə Sarayevoda az da olsa su çiləyə bildim. Çünki boşnaqlar da bizim qədər kabab mədəniyyətinə hakimdirlər. Səliqə ilə kəsilmiş bazlama çörəyin arasında çox yaxşı bişmiş ət, yanında xırda-xırda doğranmış soğan və acı bibərlər. Nuş olsun!

Birinci günümün son ziyarəti Latın körpüsünə oldu. Bura Birinci Dünya Müharibəsinin başladığı yerdi. Dayandığım yerdə 1914-cü il 28 iyun saat 13:15-də serb millətçisi Qavrilo Prinsip Avstriya-Macarıstan şahzadəsi Frans Ferdinand və arvadını güllələyir. Daha sonra özünü öldürmək istəsə də, polislər əlini qandallayır. Bu suiqəsd tarixə Sarayevo suiqəsdi olaraq keçir. Hadisədən sonra Avstriya Serbiyaya ultimatum göndərir. Ultimatum heçə sayılır və müharibə başlayır. Yuqoslaviyadakı dövlətlər Prinsipi terrorist olaraq tanısa da, Serbiya hələ də onu qəhrəman kimi təqdim edir. Latın körpüsünü keçmiş adı da Prinsip olub. Yuqoslaviya dövründə Bosniya hökuməti körpünün adını yenidən orijinala qaytarır.

Suiqəsd üçüncü cəhddə baş tutub. Danilo İliç adlı gizli servis casusu altı nəfəri şahzədəni öldürmək üçün hazırlayır. Altı nəfər fərqli yerlərdə Ferdinandı gözləyir. Suiqəsdçilərin hər birində qumbara, tapança və siyanur zəhəri olur. Kim Ferdinandı öldürsə, o saniyə özünü zəhərləməli idi. Birinci adam qorxur və Ferdinandın maşınına hücum etmir. Sarayevonun mərkəzinə doğru irəliləyən kartejə ikinci serb qumbara atır. Lakin atış uğursuz olur. Nedelyko adlı serb uğursuz qumbara hücumundan sonra zəhəri içir və özünü çaya atır. Zəhərin istifadə müddəti keçdiyi üçün, sadəcə, qusdurur. Çayın dərinliyi isə cəmi on üç santimetr olduğu üçün boğula bilmir. Nəticədə polislər onu tutur. Yerli camaat isə ölümünə döyür. Növbə Prinsipə çatır. Bu dəfə qumbaradan yox, tapançadan istifadə edir. Dayandığım yerdən Ferdinandın qulaq nahiyyəsinə və arvadının qarnına atəş açır. Daha sonra özünü öldürmək istəsə də, bacarmır. Ferdinandın və arvadının suiqəsd vaxtı geyindi paltarların və maşının modeli Sarayevoda muzeydə sərgilənir. Tapança isə Avstriya Tarix Muzeyindədir.

Axşam, sadəcə, bir marka (təxminən, bir manat) olan yerli pivədən içib günün yorğunluğunu Milyaska çayına və şəhərin işıqlarına baxa-baxa keçirdim. Zövqlə geyinmiş, mədəni, gülərüz, slav bənizli bosniyalıların arasından tələsmədən otelə tərəf addımladım. Kilisə zəngi çalırdı. Hava tam qaralmamışdı. Hər şey öz məsumiyyətini çayın zümzüməsi ilə alatoranlığa hədiyyə edirdi. Sabah səhər yeddidə Mostar səfərim başlayacaqdı. Sarayevo birinci gündən məni ovsunlamışdı.

# 1198 dəfə oxunub

Oxşar xəbərlər

Platon, deyəsən, xəstələnib - Kamal Abdullanın hekayəsi

Platon, deyəsən, xəstələnib - Kamal Abdullanın hekayəsi

15:03 7 oktyabr 2024
Diş qatili -  Vüsal Nurunun yeni hekayəsi

Diş qatili - Vüsal Nurunun yeni hekayəsi

09:00 7 oktyabr 2024
Bəyaz fillər - Ernest Heminqueyin hekayəsi

Bəyaz fillər - Ernest Heminqueyin hekayəsi

11:49 6 oktyabr 2024
Sərçə - Samirə Əşrəfin hekayəsi

Sərçə - Samirə Əşrəfin hekayəsi

12:00 5 oktyabr 2024
Bu həm edamdır, həm də tamaşa... - "Qətl günü" romanından parça

Bu həm edamdır, həm də tamaşa... - "Qətl günü" romanından parça

19:00 4 oktyabr 2024
Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi

Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi

10:31 4 oktyabr 2024
# # #