Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru - “Doğma və yad küçələr”

Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru - <span style="color:red;">“Doğma və yad küçələr”
29 dekabr 2016
# 11:45

Bəzən hər gün eyni küçə adını eşidirik, deyirik, hətta yazırıq.

Amma fərqinə varmırıq.

Kimdi bu adam?

Adını küçə verilibsə demək xidmətləri var.

Yaddaşlarda yaşamağa layiq olub.

Adı əbədiləşib, düzdü.

Xatirəsi əbədiləşibmi bəs?

Tanıyırıqmı onu?

Kulis.Az-ın “Doğma və yad küçələr” layihəsində Bakı şəhərində olan tanımadığımız küçə adlarından bəhs olunur.

Bu dəfə Zahid Xəlilov küçəsini seçdik

Zahid Xəlilov küçəsi Yasamal rayonunda Əhməd Cəmil küçəsinə, Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel küçədir. 2014-cü ildə əsaslı təmir olunub. 2013-cü ildən Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədə bağlı olan küçə 2015-ci ilin mayında açılıb.

Elmlər Akademiyası metrostansiyasının ikinci çıxışı və yeraltı keçid bu küçədədir.

Image result for Zahid Xəlilov

Zahid Xəlilov Sovet və Azərbaycan SSR dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademikdir. 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti olub. Zahid Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının indiki Bolnisi rayonu Saraçlı kəndində anadan olub.

Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olub, 1930-1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıdıb və Dəmir yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləyib.

1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universitetində məşhur riyaziyyatçı, professor S.Berqmanın rəhbərliyi altında "Kleb məsələsi və onun ümumiləşməsi" mövzusunda dissertasiya müdafiə edərək Qafqaz türkləri arasında ikinci fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alan şəxsdir.

1940-cı ildə onu Bakıya Azərbaycan Dövlət Universitetinə dəvət edilib. Beləliklə, o, ömrünü həmişəlik Azərbaycan və onun elmi ilə bağlayıb.

1942-ci ildən SSRİ EA-nın Azərbaycan filialına keçmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda isə onu fizika və riyaziyyat sektorlarının rəhbəri təyin etmişlər. Z.Xəlilov 1946-cı ildə "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi" mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olmuşdur.

1950-ci illərin əvvəllərindən başlayaraq Z. Xəlilovun elmi əsərləri Moskva, Leninqrad, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, eləcə də Amerika Birləşmiş Ştatlarında çap olunaraq ona şöhrət gətirmişdir. Zahid müəllim nəinki Azərbaycan funksional analiz məktəbinin banisi, həm də SSRİ-də bu sahənin ideoloqlarından biri olub. Xüsusi qeyd etmək lazımdır ki, SSRİ-də ilk "Funksional analiz" dərsliyini də o yazıb.

Z.Xəlilov 1950–ci ildə Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin edilib, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Akademik Z.Xəlilov 1957-1959-cu illərdə Akademiyanın vitse-prezidenti, 1962-1967-ci illərdə prezidenti olub. 1967-ci ildən ömrünün sonuna qədər özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmişdir.

Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik Z.Xəlilov SSRİ Ali Sovetinə və Millətlər Sovetinə deputat seçilib, "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri ilə təltif olunub, bir çox başqa mükafatlara layiq görülüb.

1974-cü il fevralın 4-də 63 yaşında vəfat edib. Məzarı Fəxri xiyabandadır. Bakı şəhərində adına küçə və məktəb var.

# 2831 dəfə oxunub

Müəllifin son yazıları

# # #