“Azadlıq heykəli”ni hazırlatdıran Osmanlı paşası kimdir?

“Azadlıq heykəli”ni hazırlatdıran Osmanlı paşası kimdir?
22 yanvar 2013
# 08:15

“Nyu-York” deyəndə çoxlarının ağlına yəqin ki göydələnlər və 93 metrlik “Azadlıq heykəli” gəlir. Bəs 1880-ci illərdə Fransada hazırlanan “Azadlıq heykəli”nin xərclərinin böyük bir hissəsinin Osmanlı padşahı tərəfindən çəkildiyini və əslində Nyu-Yorkda deyil, Misirdə ucaldılmasının gözlənildiyini bilirdinizmi?

“Azadlıq heykəli”nin gizli tarixçəsi

XIX əsrdə Osmanlı İmperiyasının sərhədləri daxilində olan Misir dövləti Mehmed Əli Paşanın nəslindən gələnlər tərəfindən idarə olunurdu. O vaxtkı Misir valisi (qubernatoru) Səid Paşa fransız mühəndis Ferdinand de Lessepsə 1854-cü ildə hazırlatdığı, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayacaq Süveyş kanalı layihəsini təsdiqlətmək üçün Osmanlı padşahına göndərib. Layihənin arxasında Fransa dursa da, İngiltərə Aralıq dənizi və Hindistandakı hakimiyyətinin zəifləyəcəyindən qorxaraq layihəyə qarşı çıxıb və Osmanlı padşahı Sultan Əbdüləzizə təzyiq göstərməyə başlayıb.

Səid Paşa isə İstanbuldan gələcək təsdiqnaməni gözləməyib, 1854-cü ildə fransız mühəndisə layihə ilə bağlı lazımlı şirkətin yaradılması üçün əmr verib. Fransız sərmayəsi ilə qurulan şirkətin hissələri satıldıqca İngiltərə Sultan Əbdüləzizə daha güclü təzyiq göstərib. Nəticədə, Sultan Səid Paşanın layihəsini 12 il cavabsız qoyub.

İstanbulun təsdiqi olmasa da, Səid Paşa işə davam edib. 1863-cü ildə Paşa qəflətən dünyasını dəyişib. Onun yerinə İngiltərə tərəfdarı İsmayıl Paşa gəlib. Hakimiyyətinin ilk illərində İsmayıl Paşa layihəyə qeyri-ciddi yanaşsa da, sonradan kanalın Misirə necə fayda verəcəyini başa düşərək layihədən ikiəlli yapışıb. İşlər qurtarmaq üzrə olanda Fransız hökuməti Sultan Əbdüləzizə ingilislərdən daha çox təzyiq edib. Nəticədə, Sultan Əbdüləziz 1866-cı ildə kanalın tikintisinə icazə verən fərman imzalayıb və kanalın tikintisini həyata keçirən şirkətə yüksək məbləğdə pul yatırıb.

Asiyanın işığı olacaqdı

Səid Paşa ilə kanalın mühəndisi Ferdinand de Lesseps arasında 1854-cü ildə bağlanan müqavilədə belə bir maddə vardı: kanalın Aralıq dənizinə açıldığı yerdə iri bir heykəl ucaldılmalıdır. Heykəl fironların dövrünə aid paltar geyinmiş qadın formasında olmalı və əlində “Asiyanın işığının Misirdən gəldiyini” simvolizə edən məşəl tutmalı idi.

Səid Paşa və fransız mühəndis heykəli tanınmış heykəltəraş Frederik Avqust Bartholdiyə sifariş ediblər, Sultan Əbdüləzizin ödədiyi ilkin məbləğlə Bartholdi işə başlayıb. Hissə-hissə hazırlanan heykəl bir neçə ilə ərsəyə gəlib və hətta Marseldən gəmi ilə Misirə göndərilməsi üçün tədarük görülüb. Ancaq Səid Paşa heykəl hazır variantını görməmiş dünyadan köçür və onun yerinə keçən İsmayıl Paşa belə böyük bir heykəlin müsəlman dövlətinin ərazisində qoyulmasını düzgün hesab etməyir. Paşa mühəndisə heykəli gətirməmə tapşırığını verib. Mühəndis nə qədər dil töksə də, İsmayıl Paşa fikrindən dönməyib. Süveyş kanalı 1869-cu ilin noyabrında “heykəlsiz” açılıb. Bartholdinin əsəri isə Parisdə bir anbara verilib.

Heykəlin Amerika sərgüzəşti

Həmin illərdə Fransa və Amerika Birləşmiş Ştatları arasında möhkəm əlaqələr qurulur, tərəflər bir-birinə bahalı hədiyyələr göndərirdilər.

Parisdə qurulan Fransa-Amerika dostuq qrupunun lideri Eduar Rene Lefevr de Labule Fransa hökumətini Amerikaya dostluq münasibətlərini daima xatırladacaq bir hədiyyə göndərməyə razı salıb. Hədiyyə - bir əlində hüququ simvolizə edən kitab, digər əlində “dünyanı işıqlandıran azadlıq simvolu” sayılan məşəl tutan heykəl olmalı idi.

Sifariş yenə eyni heykəltəraşa Frederik Avqust Bartholdiyə verilib. Bartholdinin əsəri isə onsuz da hazır idi, illərdir tozlanıb sahibini gözləyirdi.

Amerikalılar heykəlin Nyu-Yorkun girişindəki balaca adalardan birində qoyulmasına razılıq veriblər. Bartholdi həmin adanı görmək üçün Nyu-Yorka gedib və Parisə qayıdan kimi işə başlayıb. Mis və poladdan qurduğu heykəlin mühəndislik qismini Parisdə öz adına qüllə tikmiş Qustav Eyfel ilə birlikdə işləyib və 1884-cü ildə əsəri təslim edib. Bartholdi heykəlin üzünü tamamilə dəyişərək anası Şarlottanın siluetini işləyib. Bir-birinə yapışdırılan 350 hissədən ibarət heykəl bir fransız gəmisinə yığılaraq 4 noyabr 1885-ci ildə Nyu-Yorka göndərilib.

Nyu-Yorkda heykəlin təməl daşının tikilməyi üçün ianə kompaniyası başlanıb və ilk ianəni macar qaçqını, Nyu-Yorkda “World” adında bir qəzet çıxaran Jozef Pulitzer (Amerikanın məşhur “Pulitzer” mükafatı məhz onun soyadı ilə bağlıdır – R.N) verib. İanə 100 min dollar məbləğində olub.

Bartholdi heykəlin açılışına Süveyş kanalının mühəndisi, həmçinin heykəlin ideya müəllifi Ferdinand de Lessepsi birlikdə gedib və 1886-cı ildə Lesseps əsərinin açılışını edib.

# 4880 dəfə oxunub

Müəllifin son yazıları

# # #