Bu yazını oxuyub qorxuya düşəcəksiz

Bu yazını oxuyub qorxuya düşəcəksiz
16 avqust 2013
# 07:15

Bütün problemlərimizin mənbəyi özümüzük – bunu tez-tez xatırlayıb, həyatda üzləşdiklərimizə “Niyə mən?” sualını daha az vermək lazımdır.

Missuridən olan dilənçi Billi Rey Herrisin keçən il başına gələnlər yuxarıdakı sözləri deməyə əsas verir. Billi həmişəki kimi stəkanını qarşısına qoyub oturubmuş, günün axırında hansısa qadının ona qəpik əvəzinə brilyant qaşlı üzük atdığını görüb. Əşyanın stəkana səhvən düşdüyünü Billi o dəqiqə anlayıb və onu qaytarmağa qərar verib.

Üzüyün sahibəsi tezliklə tapılıb və xanım Billini mükafatsız qoymayıb. İnternetdən başlatdığı kampaniya ilə Billiyə bir həftə ərzində 100 min dollara yaxın pul yığılıb. O velosipedini təmir etdirib, ev alıb və ən əsası ailəsinə qovuşur. Billi isə başına gələnlərə belə təvazökarlıqla reaksiya verib: “Özünə aid olmayan əşyanı qaytaranda bax belə olur”.

Bu, kimlər üçünsə sonluğu yaxşı bitən adi hadisədir. Amma ofisiantların üstünə qışqıranda, piyadalara yol verməyəndə, işdə kiminsə qəlbinə dəyəndə heç fikirləşmirik ki, sonra bunlar bumeranq kimi özümüzə qayıdar. Bəlkə də dərindən düşünsək, “Niyə pis şeylər mənim başıma gəlir?” sualını özümüzə daha az verməyə başlayarıq.

Kulis.az sizi karmaya (hind fəlsəfəsində insanın keçmiş və indiki həyatındakı hərəkətlərinin cəmi-red.)inandıracaq bəzi hadisələri təqdim edir:

Boş güllə

1883-cü ildə Henri Ziqland sevgilisindən ayrılır, buna dözə bilməyən qızcığaz intihar edir. Qızın qardaşı bacısının ölümünə səbəb olan Henrini izləyir və ona başından bir güllə vurub, sonra da həmin silahla özünü öldürüb. Xoşbəxtlikdən Henri ölmür, güllə onun başını sıyırıb keçir, güllə isə arxasındakı ağacda ilişib qalır.

Bir neçə il sonra Henri evinin qarşısındakı bu uğursuz ağacı kəsmək qərarına gəlir, ancaq ağac həddindən artıq böyük olduğu üçün bunu bacarmır. Onu dinamitlə partlatmaq qərarına gəlir. Partlayış vaxtı güllə ağacdan çıxaraq düz Henrinin başına dəyir və gec də olsa, onu öldürür.

İsa “Bitlz”ı sevir

13 avqust 1966-cı il. Lennon Klyu radiostansiyasına “Bitlz”ın İsadan daha popular olduğunu deyir. Bundan sonra dindar əhali ilə seçilən Texas ştatında qrupun lent yazılarını və posterlərini kütləvi yandırma kampaniyası qurulur.

14 avqust 1966-cı il. Klyu boğazında qalxan dalğa radiostansiyanın binasını dağıdır, radionun direktoru isə ofisində ölü tapılır. Deyəsən, “Bitlz”ın bu açıqlaması “yuxarılar”ı qəzəbləndirmişdi.

Sümük satıcısı

Maykl Mastromarino 1200-dən çox cəsəddən sümük, orqan, müxtəlif bədən üzvlərinin satışından əldə etdiyi pulla əsl milyonçuya çevrilir. Onun 10 mindən çox xəstəsi özləri də bilmədən ölü insanların, bəzən xərçəng və QİÇS xəstələrinin dişlərini, protezlərini daşıyırmış. Mayklı ölümünə səbəb olduğu insanların ahı tutur. Maykl qaraciyər və ilik xərçənginə tutulub tezliklə ölür.

Cani, uğursuz, ixtiraçı

Tomas Mijli çoxlarının ölümünə səbəb olan etil benzini və soyuducularda istifadə olunan xloroflorokarbonu kəşf edib. Sonralar özü də bunlardan zəhərlənərək şikəst qalır.

Tezliklə o iplər və diyircəklərdən ibarət, ona hərəkət etməyə və ağrısını azaltmağa kömək edən cihaz düzəldir. Ancaq çox keçmir ki, Mijlini həmin iplərlə boğulmuş halda ölü tapırlar.

Günahsız qatil

1988-ci ildə Mel İqnatovu sevgilisi Brendi Syu Şeferin ölümündə günahsız elan edirlər. Sonralar cinayət işinə aid tapılan şəkillərdə İqnatovun qızı şüşə stula bağlayıb amansızca öldürdüyü ortaya çıxır və ona səkkiz il iş kəsilir. Həbsxanadan çıxandan sonra ayağı elə həmin stula ilişərək yıxılır, başı zədələnir, qolu kəsilir. İqnatov asta-asta, ağrı içində dünyasını dəyişir.

Öz əlləri ilə elektrik stulu

1981-ci ildə Maykl Anderson Qodvin zorlama və adam öldürməyə görə elektrik stulunda ölüm ilə cəzalandırılır. Ancaq sonradan hökm dəyişdirilir və yeddi il həbs verilir. Həbsxanadan çıxandan sonra Qodvin evdə dəmir stulda oturub televizorunu düzəltdiyi yerdə təsadüfən naqili kəsir və elektrik vurmasından dünyasını dəyişir. Məhkəmədə ona verilən hökm axır-əvvəl onu tapır.

“Uğurlu” oğurluq

Braziliyalı Maurisio Ferro aptek yarmağa qərar verir. O, içəridə oğurluq edən vaxt başqa bir oğru onun maşınını oğurlayır. Çölə çıxıb maşını tapa bilməyən Ferro qaçmağa başlayanda başqa bir oğru da onun pul dolu çantasını əlindən alıb qaçır.

Dərhal polisə gedib maşının oğurlanması ilə bağlı ərizə verəndə təsadüfən aptek sahibi də gəlir və Ferronu tanıyır. Onu dərhal həbs edirlər.

Təhlükəsizlik texnikası

2011-ci ildə Nyu-Yorkda təhlükəsizlik papağı olmadan motosiklet yarışları keçirməyə qadağa qoyulur. Ancaq baykerlər böyük səs-küy salır və qərarın ləğvini tələb edirlər. Bir müddət sonra həmin etirazçı baykerlərdən olan Filipp Kontos qəzaya uğrayır: motosiklet sürüşür, Kontos zərblə irəli atılır və başı asfalta çırpılır.

Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmur. Cəsədə baxan ekspertlər onun papaq taxsaydı, sağ qalacağını bildiriblər.

# 5969 dəfə oxunub

Müəllifin son yazıları

# # #