Dünyada baş vermiş ən ağlasığmaz cinayətlər

Dünyada baş vermiş ən ağlasığmaz cinayətlər
11 may 2013
# 07:30

Tarixdə iz qoymuş bir çox cinayətlər, oğurluq hadisələri baş verib. Bəziləri edam cəzası alıb, bəziləri bəraət. Bəziləri qaçıb canını qurtarıb. Ancaq elə hadisələr olub ki, onlar tarixə düşüblər.

Kulis.Az XX əsrin ən böyük 15 cinayətini təqdim edir.

1932-ci ildə Atlantik okeanını tək keçən ilk amerikan pilot Çarlz Lindberqin 20 aylıq oğlu qaçırılıb. Aylarla aparılan araşdırmalardan sonra uşaq sərt alətlə döyülərək öldürülmüş halda tapılıb. Cinayətlə bağlı iki nəfər edam olunub.

1911-ci ildə “Mona Liza” Luvr muzeyindən oğurlanıb. Hamı “Mona Liza”nın məhv edildiyini düşünsə də, əsər 3 il sonra İtaliyada tapılıb. Vinçenzo Perugi onu satmağa cəhd edərkən yaxalanıb. “Mono Liza” muzeyə qaytarılıb.

15 yanvar 1947-ci ildə belindən iki yerə bölünmüş qadın cəsədi tapılıb. 22 yaşlı kaliforniyalı gənc qızın üzünün bəzi hissələri də oyulmuş olub. Aktrisa olmaq istəyən Şort məqsədinə çata bilmədiyi üçün ofisiant işləməyə başlayıb. Qız Amerika Hava Qüvvələrində xidmət edən bir gənclə nişanlanıb, ancaq qızın nişanlısı 1945-ci ildə həlak olub. Uzun illər bu cinayət araşdırılsa da, heç bir nəticə əldə olunmayıb. Gənc qızın ölümü bir çox kitablar və filmlərin ilham mənbəyi olub.

Müəllimə Meri Keyt Liton ikinci sinif şagirdi Vili Fualuya vurulub. Altıncı sinfə qədər aralarında heç nə olmayıb. 13 yaşlı Fualu ilə münasibətə girən müəllimənin ondan iki uşağı dünyaya gəlib. 7 il həbsdə yatan müəllimə azadlığa çıxandan sonra 21 yaşlı Fualu ilə evlənib.

1950-ci ildə 11 nəfər Londondakı məşhur Hitrou Hava limanındakı “Brinks Mat” anbarına girərək təhlükəsizlik əməkdaşlarını zərərsizləşdirdikdən sonra 1,2 milyon dollar nağd pul və 1,5 milyon dollar dəyərində çek oğurlayıblar. Dəstənin üzvü Jozef O-Kiif hər şeyi etiraf etdikdən sonra, 1957-ci ildə dəstə ələ keçirilib.

15 oğru 8 avqust 1963-cü ildə Qlazqo və London arasında hərəkət edən poçt qatarını soyub. 7 milyondan artıq sərvət oğurlayan dəstəyə əməliyyat üçün cəmi 15 dəqiqə lazım gəlib. Polis isə onları tutmaq üçün 39 il çalışıb; dəstənin üzvü Roni Bigs 2001-ci ildə təslim olub.

14 iyul 1966-cı ildə Çikaqoda əlində qəssab bıçağı və silah olan biri qadınlar yataqxanasına girərək bütün qadınları ağızlarını bağlayaraq öldürüb. 49 dəqiqəlik məhkəmədə cinayətkar Spekə elektrik stolunda edam cəzası verilsə də, sonra həbs cəzası çıxarılıb. Spek 1991-ci ildə dünyasını dəyişib.

9-10 avqust 1969-cu ildə Los Ancelesdə iki qəribə cinayət törədilib. Ayın 9-da rejissor Roman Polanskinin 8 aylıq hamilə arvadı Şeron Teyt, Teytin dörd dostu və Teytin bağbanının oğlu 4 nəfərlik dəstə tərəfindən öldürülüb. Sonrakı gün supermarket müdiri Leno Labayinsa və arvadı eyni şəkildə qətlə yetirilib. Supermarket müdirinin arvadının qarnına çəngəllə “WAR”, yəni “müharibə” yazıblar. 5 aya qədər davam edən araşdırmadan sonra Çarlz Menson adlı şəxs yaxalanıb. Cinayəti törətmiş bu şəxsin psixi vəziyyəti yerində olmadığından, əvvəlcə edam cəzası çıxarılsa da, sonra həbslə əvəz olunub.

Con Veyn Qeys kloun qiyafəsinə girərək uzun müddət qonşu uşaqlarını əyləndirib. Daha sonra qonşular ondan polisə şikayət ediblər, uşaqlara cinsi təcavüz iddiası ilə. Şikayət öz təsdiqini 1978-ci ildə tapıb. Qeysin evində, bağça və qarajında axtarış keçirən polis 28 gənc oğlanın meyitini tapıb. Hər şeyi boynuna alan Qeys 4 cəsədi də çaya atdığını deyib. Sonra edam cəzası alıb.

Məşhur jurnalist Uilyam Randolfun nəvəsi Patrisiya Herst 2 fevral 1974-cü ildə 19 yaşında qaçırılıb. Qaçıranların inqilabi sol təşkilatı olduğu ortaya çıxıb. Gənc qızın, qaçırılmağından iki ay sonra bank soyğununda iştirak etdiyi məlum olub. Hətta solçu təşkilat Herstin atasından Kaliforniyadakı bütün acları doyuzdurmağı əmr edib. Herst təşkilatdan çıxar-çıxmaz tutulub və 22 ay həbsdə yatıb.

Jefri Dahmer ən azı 17 dəfə yeniyetmə oğlan və qızları evinə gəlməyə razı salaraq öldürüb. Cəsədləri parçalayaraq qablara dolduran Dahmer sonra onları yeyirmiş. Kəllə sümüklərini isə xatirə olaraq saxlayıb. 22 iyul 1991-ci ildə tutulan cinayətkara min il həbs cəzası verilib. Üzərindən 3 il keçməmiş həbsxana yoldaşı tərəfindən öldürülüb.

Antropoloq Çarlz Dauson 1912-ci ildə insan və meymun arasındakı keçidin sübutu olan kəllə sümüyü tapdığını iddia edib. Bu kəllə 40 ildən çox təkamül nəzəriyyəsinin əsas dayağı sayılıb. Ancaq 1953-cü ildə aparılan araşdırmalar kəllənin saxta olduğunu müəyyən edib.

İngiltərənin depozit bankı “Barings”in müştəriləri siyahısında hətta kraliça da olub. XX əsrin sonunda “Barings” əzmli və yeni işçilər alacağını bildirib. İşləmək üçün müraciət edənlərdən biri də Nik Lison olub. Qısa vaxtda uğur qazanaraq Sinqapurdakı şöbənin müdiri olan Lison daha sonra bankın kompüter sistemindəki bəzi məxfi məlumatları oğurlayıb. “Nikkie” birjasına daxil olan Lison təkcə özünün yox, bütün bankın büdcəsini ora yatırıb. Çox keçməmiş birja alt-üst olub və bank batıb. “Barings” holland şirkəti tərəfindən alınıb, Lisona isə 6,5 il həbs verilib. Hazırda o azadlıqdadır və futbol komandalarının birində baş məşqçi işləyir.

6 yaşında dəfələrlə gözəllik müsabiqəsinin qalibi olan Con Benet Remsi 1996-cı ilin 26 dekabrında yoxa çıxıb. Anası evdə qızının həyatı üçün 118 min dollar pul istənilən bir məktub tapıb. 8 saatdan sonra Remsinin atası evin alt qatında qızının cəsədini tapıb. Başındakı iri çatlaq onun sərt alətlə döyüldüyünün sübutu idi. Meyityarmadan sonra onun boğulduğu və təcavüzə uğradığı da ortaya çıxıb. Uşağın qatili, keçmiş müəllim Con Mark Kerr 10 il sonra tapılıb.

Məşhur dizayner Canni Versaçe 16 iyul 1997-ci ildə Mayamidəki evinin qarşısında filippinli homoseksual Endryu Cunanan tərəfindən öldürülüb. Polisin onu tapacağını anlayan Cunanan intihar edib. Cinayətkar Versaçedən başqa 4 homoseksualı da öldürübmüş.

# 6231 dəfə oxunub

Müəllifin son yazıları

# # #