“Videodan-zaddan nəyin var?”

“Videodan-zaddan nəyin var?”
9 may 2013
# 07:45

20 ilə yaxındır həyatımızın ayrılmaz hissəsinə çevrilən telefonla bağlı başımıza yüzlərlə hadisə gəlir. Telefonda uydurduğumuz bəhanələr, yüksək səslə danışmaq, “vızıv”lar... bunların hamısı telefonla bağlı şablonlardır...

Kulis.az telefonla bağlı şablonları təqdim edir.

Çox vacib bir şey danışmalıyıq

Yüksək səslə telefonda danışıb həyatını camaata dinlədən insanlar var. Guya telefondakı ilə çox vacib və həyati məsələni danışır. Sizcə, bunun üçün bir az alçaq səslə danışmaq lazım deyil?

“Vızıv” atanlar

Telefonla bağlı şablonlardan biri də “vızıv” atmaqdır. Heç telefonun melodiyasının ilk notların belə eşidə bilmirsən. Ani bir qığılcım kimi “vızıv” atmağı yəqin ki hər adam bacarmaz.

Hansı melodiya yaxşıdı?

Telefonu yeni alan adamlarda və ya uşaqlarda belə bir adət var: telefona melodiya tapmaq. Ərinməz-ərinməz bütün melodiyaları dinləyən və seçməyə çalışan tiplər ətrafındakıları az qala dəli edirlər.

Öz-özünə danışanlar

Bəzən avtobus və ya maşınla keçəndə bəzilərinin öz-özünə danışa-danışa getdiyini görürük. Əslində, bilirik ki, telefonun qulaqlığı ilə danışır, amma yenə də çox gülməli görünür bu səhnə.

Telefonumu dəyişmişəm, nömrələr itib

Bəzən sevmədiyiniz bir adamın nömrəsini telefona qeyd etmirik. Vay o gündən ki, həmin adam zəng vura və telefona adını yazmadığını başa düşə. İlk şablon belə olur: telefonumu dəyişmişəm, bütün nömrələr silinib, nə yaxşı zəng vurdun, indi yazaram adını.

Bu cümlə o qədər şablon olub ki, doğru olanda da adamın inanmağı gəlmir.

Kimdə “yükləmə” cihazı var?

“Nokia “zaryatka”sı kimdə var?”, “iPhone “zaryatka”sı kimdə var?” sualını verən adam özünün gəzdirmədiyi bir şeyi, başqalarının gəzdirdiyini sanır və “əşiii işdə olmamış olmaz” deyə kolleqalarına güvənir.

Bitmək bilməyən sevgili söhbətləri

Xüsusən, ictimai nəqliyyatda rastımıza çıxan bu cür söhbətlər insanın bütün əsəblərinə toxunur. Sakit və naz-qəmzəli gedən söhbətlərdən “səni çox sevirəm, yox, yox mən daha çox sevirəm, inciyərəm vallah, mən çox sevirəm, aaaa yooox dedim də mən sevirəm” kimi bir dialoqdan hər iki sevgilinin həyat tərzi məlum olur.

Beş dəqiqəyə ordayam

Görüşəcəyiniz adam “beş dəqiqəyə çatıram, filan yerdəyəm, tfuuu işıqfora düşdüm, bu qədər də tıxac olar? Yarım saatdı tıxacdayam” deyirsə, gələn dəfə görüş vaxtını ona ən az yarım saat tez deyin.

Telefon deyil, iPhone

Yeni sayılan şablonlardan biridir. iPhone sahibləri telefonları zəng çalanda “təvazökarlıq” edib, “aaa iPhone-uma zəng gəlir” deyə bilərlər.

İşıq sürətli mesajlar

Xüsusən gənclərin mesaj yazarkən barmaqlarını görmək olmur. Gənclər 10 dəqiqə 20 mesaj atdığı halda, yaşlı nəslin nümayəndələri bir mesaja 10 dəqiqə sərf edir.

Telefonla öz şəklini çəkənlər

Sosial şəbəkələrdə telefonu ilə öz şəkillərini çəkən insanları çox görmüşük. Bu fotolar bir neçə formada olur: dodağını qabağa verib şəkil çəkdirən qızlar, güzgüdə özünü çəkən qızlar, guya xəbəri yoxmuş kimi özü-özünü telefonla çəkən insanlar, maşın sürən yerdə özünü çəkən oğlanlar…

“Mənə bir dənə zəng vur da”

Hər kəsin başına mütləq gəlib. Telefonunuzu tapmaq üçün başqalarından: “Bir dənə mənə zəng vur” deyə xahiş edirik. Telefonunun melodiyasını eşidən kimi ürəyimizə bir rahatlıq çökür.

“Sən bağla, mən zəng vurum”

Çox vaxt oğlanlar qızlara “özlərini göstərmək” üçün ya zəng vuranda telefonu üzümüzə bağlayıb, özləri zəng vurur, ya da danışdığın yerdə “sən bağla, mən yığım” deyə adamın sözünü ağzında qoyurlar.

Telefon “səssiz”dəydi

Çox vaxt bir insana zəng vurmaqdan dəli oluruq, cavab vermir ki vermir! Üzərindən yarım saat, bir saat keçəndən sonra rahat bir səs tonunda o adamın geri zəng vurub: “Zəng vurmuşdun. Telefon “səssiz”də olub, eşitməmişəm” deyəndə elə bil adamın başına qaynar su tökülür.

İsmarış dili

Gənclərin bir-birinə yazdığı ismarışları filoloqlar görsə, yəqin dəli olarlar. “Ncsn?, Gəlcm, uşaqlr neynr?” kimi qısaldılmış ismarışlara artıq hamımız öyrəşməkdəyik.

“İndiki uşaqlar elə bil telefonla doğulub”

Bəzən qonaq getdiyimiz evlərdə uşaqların telefonla oynadığını görürük. Ev yiyəsi də uşağının bu xüsusiyyətini fəxrlə: “İndiki uşaqlar elə bil əllərində telefon doğulub” deyərək gülür.

“Twitter” məşğuliyyəti

İnternet ki bütün gün əlimizin altındadı, niyə də “tvit”ləməyək? Bir dostunla oturub yemək yeyirsən, bir neçə saat sonra qısa bir tvit-başlıqla yeməkdən bir foto görürsən “Twitter”də. Heç adam bilmir, bu foto nə vaxt çəkildi, nə vaxt qoyuldu?!

Telefondan konsertə qulaq asmaq

Sevdiyin bir müğənninin konsertinə getmisən, bunu da paylaşmaq istəyirsən kiminləsə. Zəng vurub hansısa dostuna konserti dinlədirsən. Of! Ən pisi də odur ki, telefonun o biri başındakı adam səsi düz-əmməli eşitmir və sırf səni qırmamaq üçün dözüb qulaq asır. Bax, nə məcburdu? Konsertə gəlmisən, otur rahat qulaq as, dincəl də.

Videodan nəyin var?

Keçid dövrünə girmiş oğlanlar bir-birilərini görəndə mütləq telefonda porno videoya işarə vuraraq: “Videodan-zaddan nəyin var?” sualını verirlər. Sonra da yarım saat çəkən “blutuzlaşma” başlayır...

Telefondan başı çıxmayanlar

Avtobusda oturduğunuz yerdə yanınızdakı yaşlı bir insanın sizə: “Bala, gözüm görmür, gör burda nə yazılıb? Bala, gör mənə kim zəng vurmuşdu?” tipli suallara cavab vermək hərdən çox sıxıcı olur.

# 2357 dəfə oxunub

Müəllifin son yazıları

# # #