Beyinin düşməni olan oyunlar

Beyinin düşməni olan oyunlar
25 may 2013
# 07:45

Beyin insan orqanizmində ən az öyrənilən yer olmasına baxmayaraq onunla bağlı bilgilər də az deyil.

Kulis.az beyinlə bağlı maraqlı faktları təqdim edir.

Beynimiz soyuducu lampasından daha az enerji sərf edir

Beyin gün ərzində 12 vatt gücündə enerji sərf edir. Vücud ağırlığının sadəcə 3 faizini təşkil etməsinə baxmayaraq, beyin bütün enerjisinin 17 faizini işlədir. Diqqətli və uzun düşünmə vaxtı sərf etdiyimiz enerji o qədər kiçikdir ki, heç hiss də olunmur.

Tez-tez səyahət etmək yaddaş zəifliyi yaradır

Tez-tez qitələrarası səyahət edən insanlarda yaddaş zəifliyi yaranır. Çünki insan təyyarədə stress keçirir.

Növbə üsullu ilə işləyənlərdə də eyni hala rast gəlinə bilər. Nəticədə, bəzi xatirələrin yaddaşdan tamam silinməsi də mümkündür.

Səs-küylü yerdə niyə telefonla danışmaq olmur?

Səs-küylü yerlərdə telefonla danışmaq üçün gərək çox güclü eşitmə qabiliyyətin ola. Belə yerlərdə beynimiz telefondakı səslə başqa səsləri ayırd etməkdə çətinlik çəkir. Telefonunuzun mikrofonunu əlimizlə bağladıqda əslində başqa səslərin telefona girməsinə mane oluruq və bundan sonra beynimiz səsləri daha yaxşı fərqləndirə bilir.

Video oyunlar eyni vaxtda bir neçə işi görmə bacarığımızı artırır

Diqqətinizi eyni anda birdən çox şeyə yönəltmək bacarığını artırmaq üçün ən yaxşı yol video oyunlardır. Amma heç də hamısı deyil. Elə oyunlar var ki, eyni vaxtda bir neçə hədəfə atəş açmağınız lazım gəlir. Bu cür oyunlar diqqətinizi cəmləmə və hadisələri daha tez dərk etmə, reaksiya vermə baxımından əvəzsizdir. Ancaq “Tetris” tipli oyunlar beynin əsl düşmənidir. Çünki bu zaman diqqət yalnız bir daşa, bir nöqtəyə yönəlir ki, bu da beynin birtərəfli işləməsinə şərait yaradır.

Beynin bir yumor mərkəzi var

Yumoru duyma və etmə bacarığı hamıda olmur. Yumorun tərifinə əsaslansaq görərik ki, o öz içində bir sürpriz saxlamalıdır – sonrakı cümlənin nə olacağını təxmin etsək də, yumor bizi başqa bir nöqtəyə aparmalıdır - sonra da vardığımız bu yeni nöqtə ilə əvvəldən düşündüyümüz nöqtəni qarşılaşdıraraq yeni bir perspektiv əldə edirik. Yumorun beynimizdə alınma forması təxminən belədir. Bəzi insanların lətifələri gec başa düşməyinin səbəbi bu bağlantını qura bilməməyidir.

“Dilimin ucundadır...bu dəqiqə deyəcəm”

Hərdən bir mahnı ağlımıza gəlir, heç cür tapa bilmirik ki, harda eşitmişik və ya mahnının davamını heç cür xatırlamırıq. Bu, beynimizdəki “sıra ilə xatırlama” mexanizmi ilə bağlıdır. Bir mahnını və ya sözü yada salmaq üçün onun baş verdiyi yeri, situasiyanı xatırlamağınız lazımdır. Gündəlik işlərimizi də bu mexanizmlə görürük. Bir şeyi xatırlamaq üçün beyində xatirələrin arasında bu məlumat parçasının daxil olduğu hadisəni yada salmalıyıq.

Böyük ehtimalla “axtarış əməliyyatı” uğurla başa çatır. Amma hələ də “dilimin ucundadı, bu dəqiqə deyəcəm” vəziyyətindəsinizsə, beyninizi məşğul edəcək başqa bir şey tapın. Məsələn, bir mahnı oxuyun ki, beyin də bu vaxt ərzində rahatca “axtarış” aparsın və uğurlu nəticə versin.

Sağ tərəf – kreativ, sol tərəf - analistik

Beynin sağ yarımkürəsi sosial uğurlar, təşkilatlanma bacarıqları, fəlsəfə və sənət ilə əlaqəlidir. Sol yarımkürə isə riyaziyyat və dil öyrənmə bacarıqlarını özündə birləşdirir. Bu mövzuda elmi bir test olmasa da, bir insanın hansı yarımkürəyə daha çox aid olduğu yoxlamaq üçün belə bir test tətbiq edə bilərsiniz: havaya bir cisim atın. Həmin insan refleks olaraq cismi hansı qolu ilə tutmağa çalışsa, o qolun qarşı tərəfi idarəedici sayılır.

Özünüzü qıdıqlaya bilməzsiniz

Qıdıq hissiyyatı güclü xəstələri müayinə edərkən həkimlər xəstənin əlini öz əlləri üzərinə yerləşdirərək qıdıqlanma hissinə mane olurlar. Bu necə olur? Çünki qıdıqlanmağa nə qədər həssas olursanız olun, özünüzü qıdıqlaya bilməzsiniz. Bunun səbəbi beynimizin ətrafımızdakı hadisələri duyan bir çox hissin arasından ən vacib olanları hissetməyə meylli olmasıdır.

Məsələn, oturduğumuz stolu və ya ayağımıza geyindiyimiz corabı – onları düşünməyincə - hiss etmirik, amma çiynimizə toxunan bir əl o dəqiqə bizi diksindirir. Beynin bu “hissləri ayırd etmə” funksiyasını beyincik yerinə yetirir. Beyincik 110 qram ağırlığında olub, gözlənilən və gözlənilməyən reaksiyaları ayırd edir, onların arasından ən vaciblərini seçir.

Sizə toxunan əl sizindirsə, beyin bu qıdıqlanmaya deyil, toxunduğunuz orqandan gələn hislərə üstünlük verir.

Əsnəmək beyni oyandırır

Əsnəmə deyiləndə insanın ağlına ilk olaraq “Əsnək, əsnək gətirər” məsəli düşür. Bunun həqiqət olmasına heç kimin şübhəsi yoxdur. Bir çoxları əsnəyi yuxu və ya sıxılmaqla əlaqələndirsə də, əslində əsnək bədəndə oyanma yaradır. Əsnəyərkən daha çox hava ciyərlərimizə dolur və qanımızdakı oksigen faizi yüksəlir ki, bu da oyanmamızı tezləşdirir. Hətta məməli heyvanlar və quşlarda da bu hiss var. Maraqlı faktlardan biri də itlərin əsnəməsidir. İtlər əsnəyərək sahiblərini sakitləşdirə bilirlər.

Beyində qəribə təsəvvürlər niyə yaranır?

Buna bənzər hallarla ən çox alpinistlər qarşılaşırlar. Çünki yerdən yüksəkliyə qalxdıqca beyinə oksigen az gedir. 2400 metr insan beyni üçün maksimum yüksəklikdir. Bu yüksəklikdən daha yuxarı qalxdıqca alpinistlər mövcud olmayan varlıqlarla yanaşı, ətrafındakıların işıq saçdığını görməyə və səbəbsiz yerə qorxmağa başlayırlar. Oksigen azalması beynin təxəyyül və hissiyyat siqnallarının idarəetmədən çıxması və ya yavaşlamasına yol açır.

# 4789 dəfə oxunub

Müəllifin son yazıları

# # #