Məşhur musiqiçinin qadınları

Məşhur musiqiçinin qadınları
8 may 2013
# 07:30

Rok-n-roll kralı Elvis Presli həmişə qadınların əhatəsində olub. Qara və gur saçları, tünd mavi gözləri, ehtirası və möhtəşəm səsi ilə dövrünün ən gözəl qadınlarını valeh edən Presli həyatına daxil olan qadınlara müxtəlif adlarla müraciət edib. Məsələn, “Balaca”, “Kələkbaz”, “Jozefina” kimi ləqəblər verərmiş.

Çoxlu qadınları olmasına baxmayaraq bəzən onu “homoseksual”, “pedofil”, “impotent” adlandırarmışlar.

Beləliklə, kral Elvisin cinsi həyatı və qadınları ilə tanış olun…

Qleydis Presli – atlas dərili ilk qadın

Elvis anasına “Satnin” deyə müraciət edirmiş. Daha sonra bu adla Cun Cuaniko və Prissila Preslini çağırıb.

“Satnin” ləqəbinin mənası atlas deməkdir və ingiliscə “satin” sözündən götürülüb. Cun Cuanikonun Elvis haqda xatirələrində qeyd edir ki, o, qadın dərisini atlas parçaya bənzədirmiş.

O, anasına çox bağlı olub, hətta məktəb yoldaşları ona “ana uşağı” deyə lağ edirmişlər.

Anasının sözlərinə görə, Elvis gənc yaşlarına qədər onunla eyni yataqda yatıb. Səbəb təkcə anasının ona bağlılığı olmayıb. Onlar kasıb idilər, evdə cəmi bir çarpayı vardı. Qleydis Presli oğlunun şöhrətinə və ondan getdikcə uzaqlaşmağına dözməyərək içkiyə qurşanıb və 1958-ci ildə vəfat edib.

“Sevgiliydik, amma yatmamışıq”

“Satnin” ləqəbli Cun Cuaniko “Elvis - xatirələr alatoranlığında” adlı kitabın müəllifidir. Cuanikonun yazdıqlarına görə, onlar uzun müddət sevgili olsalar da, heç vaxt yatmayıblar: “Mən bakirə idim. Elvis heç cür cürət edə bilmirdi. Onunla dəfələrlə təklikdə qalırdıq, amma o, hər dəfə məndən üzr istəyib davam edə bilməyəcəyini deyirdi”.

O, Elvisin sevgilisi olub, amma yatmadığı ilk qadın deyil. “Playboy” ulduzu və aktrisa Cun Uikilson kralı belə xatırlayır:

“Onunla tanış olduq. Məni “Beverly Wilshire” otelində axşam yeməyinə dəvət etdi. Gözəl bir axşam yeməyində sonra otağa qalxdıq. Elvis məni yatağa uzatdı və iki saat mənim üçün mahnı oxudu. Səhəri gün yenə yeməyə dəvət etdi. Yenə heç nə olmadı. Çox dostcanlı, səmimi idi. Onun ağlında seksdən başqa hər şey vardı. Sonra mən başqa ölkəyə getdim və bir daha rastlaşmadıq…”

Sürətlə sevgili dəyişən Elvis Cun Cuanikodan ayrılan kimi adı amerikalı aktrisa Natali Vudla hallanmağa başlayıb. Vud isə müsahibələrinin birində: “Elvis yaxşı oxuyur, amma bundan başqa heç nə bacarmır”,- deyib.

Elvisin bioqrafiyasını yazan Albert Goldman onun seks həyatının əsgərlikdə olan vaxt fahişələrlə başladığını, həyatında olmuş heç bir qadının onu çılpaq görmədiyini yazıb. Elvis həddən artıq utancaq olub.

Digər amerikalı aktrisa Kasandra Petterson isə Elvisin “impotent” olduğunu deyib: “Elvislə yataq otağına keçdik və bütün gecə ancaq söhbət etdik. O, əsl “impotent” kimi davranırdı”.

Prissila Presli – Elvisin “pedofiliya”sı

Elvislə Prissila Presli 1959-cu ildə Almaniyada tanış olublar. Elvis burada əsgərlik çəkirmiş. 24 yaşlı Elvis özündən on yaş balaca Prissila ilə münasibət quranda ona “pedofil” deyənlər az olmayıb. Onlar 7 ildən sonra evləniblər və 1968-ci ildə Liza Mariya adlı qızları doğulub.

Prissila Presli də Elvis haqda xatirələr kitabı yazıb. O, yoldaşının narkotik aludəçisi olduğunu yazıb:

“Boşanmaq istədiyimi dedim. Elvis dərmanların təsiri altında idi. Qərarıma etirazını məni zorlamaqla bildirdi”.

Prissila da digər qadınlar kimi Elvisin o qədər də seks düşkünü olmadığını yazıb:

“Elvisə qadın deyil, ana lazım idi. O, seks haqda düşünmürdü. Hətta mən ana olandan sonra münasibətimizdə canlanma yaranmışdı. Sanki mənə sevgisi artmışdı”.

Elvis və Prissila 1978-ci ildə boşandılar. Elvis bir daha nə evləndi, nə də başqa uşağı oldu…

Elvisin bacardıqları və bacarmadıqları

Elvisin bir müddət cangüdəni işləmiş Alan Fortis də Presli haqda maraqlı faktlar açıqlayıb:

“Elvisin kiçikyaşlı qızlardan xoşu gəlirdi. Bəzən 14-15 yaşlı qız pərəstişkarlarına zəng vurub motosikletdə gəzinti təklif edirdi. Onlarla yatmağı heç düşünmürdü. Maraqsız insan idi. Onun tək xoşladığı şey – bütün gün uzanıb televizora baxmaq və danışmaq idi”.

“Onun qəribə maraqlarından biri də fetişist olmağı idi. Presli qadınların ayaq barmaqlarını sovurmağı çox sevirdi”.

Aktrisa Kubil Şepherd isə Elvisin heç də “seks bomba” olmadığını və oral seksdən utandığını açıqlayıb:

“O, mənim çılpaq bədənimin hər yerini öpürdü, bircə oral seksdən imtina edirdi. “Ağ oğlanlar bunu etmirlər”,- deyərək həmişə qarşı çıxır və göbəyimdən aşağıya toxunmurdu”.

Linda Tomson - “Mammi”

Linda Tomsonla Elvis 1972-ci ilin yay ayında 22 yaşlı Memfis teatrında tanış olublar. Linda dörd il ərzində onun sevgilisi və “anası” olub.

Cütlüyün yaxın dostlarından olan Marti Leykr onları belə xatırlayıb: “Linda onun görüşdüyü ən mükəmməl qadın idi. Ona “Mammi” deyirdi. Linda Elvis yuxuya getməyincə onun yanından ayrılmırdı. Onun qayğısına hamıdan çox qalırdı”.

Ancaq Linda da Prissili kimi Elvisi tərk edib. Səbəb isə rok-n-roll kralının narkotikə bağlılığı olub:

“Elvis gözümün qabağında özünü məhv edirdi. Tez-tez ürəkağrıları olurdu. Bundan başqa, tamamilə “impotent” olmuşdu. Sevdiyim insanı bu cür görməyə dözə bilmirdim”.

Cincer Alden – sonuncu mənzil

Linda ilə münasibəti bitər-bitməz kral yeni bir sevgili tapır. 19 yaşlı Cincer Elvisi dəyişməyə və onu sosiallaşdırmağa çalışıb, ancaq daima narkotikin təsiri altında olan kral buna etiraz edirmiş. Buna baxmayaraq onlar evlənməyə hazırlaşırdılar, ancaq 1977-ci ildə Cincer 42 yaşlı Elvisi evində ölü tapır...

# 2989 dəfə oxunub

Müəllifin son yazıları

# # #