Özümdən çox sənə inanırdım - Rəbiqə Nazimqızı yazır...

Günel Eminli, Rəbiqə Nazimqızı

Günel Eminli, Rəbiqə Nazimqızı

14 iyun 2023
# 15:10

Kulis.az Rəbiqə Nazimqızının iyun ayının 9-da vəfat etmiş yazıçı Günel Eminliyə ithaf etdiyi yazını təqdim edir.

Bu, ağrını azaltmaq cəhdidi...
yalnız və yalnız...

Son...Ra

Kimə kimə, sənə nekroloq yazmaq ağlıma gəlməzdi, Günel. Heç xatırlaya bilmirəm, “mən öləndə”, “mən öləndən sonra” deyə başlamısanmı nə vaxtsa cümləyə? Elə adamlar var ki, onların ölümlərinə inanmaq olmur. Ümumiyyətlə, insan ölüm haqqında heç nə bilmir, bizim anlayışmızda ölüm yalnız əbədi yoxluqdu (inanmaq istəyirik, özümüzü inandırırıq və inanırıq ki, bu həm də əbədi varlıqdı, yəqin ki, elə belədi, amma indi nə özümü, nə səni aldatmaq istəmirəm, səni heç vaxt aldatmamışam, hətta sağalacağını deyəndə, “səndə heç nə yoxdur” söyləyəndə belə)... Mən özümdən çox sənə, səndəki bitib-tükənməyən həyat sevgisinə, yaşamaq eşqinə, qarşısıalınmaz pozitiv enerjiyə inanırdım və indi də ağlımla, ürəyimlə qəbul eləyə bilmirəm, bu cür gülən adam necə qeybə çəkilə bilər, o səs necə sönə bilər...

Bağışla ki, sənə ədəbi mətn kimi tarixə düşəcək xatirə yazısı yaza bilmirəm, əlbəttə, sən buna layiqsən, amma mən sevdiyim adamlar barədə danışanda ədəbi kriteriyaları, estetik şərtləri gözləyə bilmirəm. Gözəllik həmişə bir az ibtidai olmalıdı, içdən gəlməlidi, onun qarşısını heç nə, heç kəs almamalıdı, alsan, səmimiyyət sıfıra enəcək. Səmimi olmayan heç nə gözəl deyil, Günel. Əminəm ki... yox, əminəm yox... bilirəm ki, sən də belə düşünürdün...

Çox – təxminən 15 il əvvəl

Deyəsən, qızlardan mənə ilk yaxınlaşan səndin. Gənc Ədiblər Məktəbində. Özündənrazı vaxtlarımdı, xüsusən, xanımlarla ünsiyyət qurmaq çətin idi mənə, düşünürdüm ki, məişət əsiridirlər, maraqlarımız üst-üstə düşməz. Soyuqluğumu hiss edən qızlar da buzu əritməyə cəhd göstəmirdilər. Sən yaxınlaşdın. Sonra Elnaz. Ya əksinəydi, dəqiq xatırlamıram. Amma sizdən sonra düşüncələrim xeyli dəyişdi.

Sənin ilk mətnini təsadüfən oxumuşdum. “Mənə Piaf deyin”. Redaktor kimi. Yəni məcburən – necə deyərlər, vəzifə belə tələb edirdi. Təəssüratlarım o qədər ağlasığmaz idi ki... Gərək ki, elə o zaman sənə yazmışdım: "bu, tərcümədi?" “Yox” cavabını eşidəndə başa düşmüşdüm, az tapılan nasir istedadı, qeyri-adi təxəyyül... Sonra “Çamadan” şeirinlə tanış olmuşdum. Yenə eyni təəccüb yaranmışdı məndə. Sonra başqa hekayələr... Əlbəttə, redaktor kimi tənqidlərim də olurdu. Səninlə işləmək də danışmaq, anlaşmaq qədər rahat idi, əyləncəli idi...

Bilmirəm, necə oldu dostlaşdıq, doğmalaşdıq, ortaq xatirələrimiz artdı. Amma burada təəccüblü heç nə yox idi axı. İnanırdıq ki, davamı olacaq. Nəsrin də, kitabların da, görüşlərimizin də. Bəzən hər şey inandığın kimi olmur...

Bir neçə ay əvvəl

2023-cü ilin dekabrı. Mənim kitab təqdimatıma gəlirsən. Sürpriz sənsən, gətirdiyin çiçəklər qətiyyən - bu mənim tanıdığım Eminlidirsə, çiçəksiz gəlməz. Kövrəlirəm, amma dərhal da özümü ələ alıram ki, hiss eləməyəsən. Demək, adam arasına çıxacaq haldasan, demək, yaxşılaşırsan. Bütün dostlar kimi - ürəyimdə "Allahım, sənə şükür", - deyirəm və səni qucaqlamağa tələsirəm... Sonrakı günlərdə qızların hamısı sözləşiblərmiş kimi ayrı-ayrılıqda eyni cümləni söyləyirlər: "Təqdimat əla keçdi, amma ən çox Eminlini gördüyümə sevindim". Niyə inciyim ki? Elə mən də ən çox buna sevinməmişdimmi?

Həmin gün tam tərkibdə toplaşa bilmədik. Onda ağlımıza gəlməzdi axı. Hara tələsirdik ki?.. Sən yaxşılaşırdın, daha yaxşı olacağını gözləyirdik... Tələsirmişsən... O gün sizinlə birgə çay içməməyimin ağrısı bir ömür içimdə qalacaq... Hərçənd, bu, yəqin ki, böyük hesabla taleyi dəyişməyəcəkdi...

Xəbərdən bir gün əvvəl

Jalə ilə Səməd Vurğun bağından keçirik. Səndən danışırıq. Artıq başa düşürük ki, vəziyyət ağırdı, ağırdan da o yanadı hətta. Metastaz, reanimasiya, süni tənəffüs aparatı. İkimiz də "möcüzə olsun" deyirik və inanırıq ki, möcüzə olacaq. Möcüzə isə... Möcüzə isə... bəlkə də... yox, bəlkə yox... elə yəqin ki, inamın tamam kəsildiyi yerdə baş verir. Bizsə inanırıq...

Mən xərçəngdən sağalan adamları xatırlamağa çalışıram, tanış ad çəkirəm, hərçənd, adamın diaqnozunu da doğru-dürüst bilmirəm, xəstəliyin hansı mərhələsindən qayıtdığını da. Xərçəngdən əziyyət çəkən müəllimimizi xatılayıram. “Jalə, onda da ordan kəsirdilər, burdan bitirdi, iyirmi il yaşadı e xərçənglə”. Təsəlli üçün başqa adamlar yadıma düşmür. Tənbəlliyimin ayağına yazıb çox fikirləşmirəm. Əslində, bilirəm. Lənətə gəlsin. Başqa ad yoxdu ağlımda. Başqa xoşbəxt təcrübə yoxdu ətrafda...

Həmin gün

Xəbər gəlib. Bilmirəm inanmışam, ya yox. Hər halda, ümidim var. Fikirləşirəm, yanlışlıq ola bilər. Fərhadın xəbərində də belə olmuşdu - gec çatmışdı mənə. Onda da yazı yazırdım. İndi də xəbəri eşitmişəm və tərcüməyə davam edirəm. Sözlər qaçır, fikirlər qarışır. Heç nə fikirləşə bilmirəm. Jalə ağlayır, Ülviyyə nəsə deyir, özüm vatsap qrupumuza yazıram. Qızım gəlir, danışırıq, yemək yeyirik, ona da xəbər verirəm, uşaq sənin ona hədiyyə etdiyin saatı xatırlayır. Amma yenə mənə çatmır. Halbuki dünən mənə elə gəlirdi ki, hazıram. Amma yox, belə tez yox. Fikrimi dağıtmaq üçün mağazaya gedirəm. Dəxli olmadığı halda güzgü seçirəm, saç rəngimi açmaq üçün boya alıram (!!!), sonra fikirləşirəm ki, Günel yoxdu e... Boyanı qaytara bilmirəm. Evə gəlirəm. Çalışıram qabları yuyam, evi təmizləyəm. Sonra da fikirləşirəm, redaktə işlərimi görəcəyəm. Düşünməyə vaxt olmayacaq. Amma düşünürəm və halsız divana atıram özümü. Ülviyyə zəng vurur. Aysel zəng vurur. Səlim zəng vurur. Arzu zəng vurur. Salam zəng vurur. Tamilla, Sveta, Elnaz, Aynur, Xəzəl, Sahilə... Tanıdığın və sənin tanımadığın adamlar... xatırladığım və bu yazı yazlanda adını xatırlaya bilmədiyim adamlar...

Bir neçə gün əvvəl

Sənə sürpriz video hazırlayırıq. Kafedə çəkiliş gedir. Bir-birimizə xatırladırıq ki, pozitiv olaq. Alınmır. Məncə, açıq-aydın hiss olunur. Hərçənd, orada aktrisalığımızla fəxr edirik. Pozitiv görünmüşük guya. Yalansa... Günel az qalır ağlaya, Aynur üç cümləni zorla qoşub deyir. Neçə dubla, Allah bilir. Jalə ilə mən bir az təcrübəliyik belə məsələlərdə - Şamilqızı ümumiyyətlə master-klass göstərir. Durmadan gülümsəyir. İndi oturub fikirləşirəm e... Şamilqızı. O hamımızdan yaxşı bilirdi sənin halını. O hamıdan çox ağlamaq istəyirdi və indi videoya baxanda bunu açıq-aşkar hiss eləmək olur. Amma heç birimiz – ustalıqla aktrisalıq eləyənlər də, eləyə bilməyənlər də düşünmürdü ki, təbrik sənə çatmaya bilər... Sən təbrikə çatmaya bilərsən. Adama ən çox yer eləyən budur. Amma təsəllim var – sən sevildiyini, nə qədər sevildiyini bilirdin, bilməyə, hiss etməyə, görməyə, duymaya, anlamaya bilməzdin...

Sonra... son... Ra...

Bu sənə layiq yazı deyil. Bu sadəcə, yüngülləşmək çəhdidi, Günel. Mən ağrıyla yaşamağı bacarmıram. Mazoxist deyiləm. Ola bilmirəm. Səninlə bu məqamda çox oxşayırıq. Ağlamağı, gileylənməyi sevmirdin. İndi boğazımda düyünlənən qəhəri, nitqimdə yaranan rabitəsizliyi və bu rabitəsizliyin nəticəsində ortaya çıxan gərginliyi yatırmağın yolunu tapmaq cəhdidi bu yazı...

İnanırsan, ən çox o qırmızı paltarlı şəklin gəlir gözümün önünə. Gözəl şəklin. Təbəssümlü şəklin. Az qalıram, adamlara deyəm, gözəl olmayın, qırmızı geyinib şəkil çəkdirməyin, belə gözəl gülümsəməyin şəkillərdən. Elə bilirəm ki... dilim qurusun, əlim qurusun... yazmıram, yaxşı, Günel, yazmıram, demirəm, düşünmürəm... Baş üstə, qadası... Bircə sən rahatlığını pozma. Cənnət bir az da gözəlləşməlidi indi. Qoy imanlılar məndən inciməsin, amma orada sənin gəlişin yəqin ki “qırmızı xalı” ilə qarşılanıb. Sözə gəlməyən o qaynar “mən gəlmişəm” enerjini heç kəs sakit qarşılaya bilmirdi burda, bilməzdi. Günel varsa, bayram vardı. Bundan sonra da bizim bayramlarımız olacaq, bu, acı reallıqdı, həyat davam edir, edəcək, sən də məhz belə olmasını istərdin, amma bizim bayramlarımızda daha o təntənə, o həyəcan, o sevinc fırtınası olmayacaq...

Ruhun dinclik tapsın, Günəş Kraliçası...

# 2177 dəfə oxunub

Müəllifin son yazıları

# # #