Cəbrayılın son günü

Cəbrayılın son günü
17 aprel 2013
# 07:15

Həsrət yerimiz xilas yolumuz oldu

“Müharibə miniatürləri“ qoydum bu silsilənin adını. Müharibədən yox, müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazacağam. Daha doğrusu o hadisələri verəcəyəm ki, orda bu həqiqətlər öz əksini tapacaq. Məhz həqiqətlər.

4-cü yazı

Avqustun 23-ü 1993-cü ildə Cəbrayıl yağmalandı. Arazkənarı kəndlərimiz ayaq üstdə qalmışdılar. Uşaq yox idi kənddə, elə bil suyu sovulmuş dəyirman görürdün. Çox az qadın, bir də kişilər idi. Onlar da dövlət camaatın əlindən ov tüfənglərini belə yığanda (?) uzaqgörənlik edib gizlətdikləri bir-iki qoşalülə, bir də yaba-balta ilə kəndin girəcəyində öz qazdıqları səngərlərdə otururdular.

Qadınların bəziləri, kimsə qoy məni pafosluluqda günahlandırsın, amma həcərlər qalmışdılar, nəbilərinin yanından çəkilmək istəmirdilər.

Bir qadın da heç yerə çıxıb getməmişdi , onun nə Nəbisi vardı, nə də oğul-uşağı. 13 yaşında ərə gedib, 16 yaşında övladı olmadığı üçün boşamışdılar onu.

Qohumları işğal günü birtəhər özləri ilə bərabər Arazın o tayına keçirə bildilər onu.

Arazın o tayı-həsrət yerimiz, həmin gün xilas yerimiz oldu.

Oktyabrın 25-i kəndin başbilənləri, yanlarında da döyüşçülərimiz kəndin qalan camaatını yığıb tədbir töküblər ki, hücuma keçib rayon mərkəzini geri almaq istəyirik: “Sizi Arazın o tayına keçirəcəyik ki, cavab atəşləri hər hansı birinizə zərər gətirməsin”.

Yazıq camaat da inanıb. Mal-qarasını tövləyə salan, toyuq-cücəni hininə yığıb yanlarına buğdasını-suyunu qoyan kim. Elə biliblər ki, sabah gəlib ev-eşiklərinə yığışacaqlar, üstəlik Cəbrayıl da geri alınmış olacaq.

Yataqda xəstə yatan iki nəfər ağsaqqal kişi yerlərindən tərpənməyiblər, onları övladları zorla çıxarda bilməyib kənddən. Hər ikisi deyib ki, ölən vaxtımızdı burda-kənddə ölüb qalacayıq, bizi aparıb günaha batırmayın. Bəlkə də ən uzaqgörən elə o iki yaşlı kişi olub, hərəsinin 90, bəlkə də ondan çox yaşları olardı. İndiyə qədər də onların sonrakı taleyi barədə məlumatı olan yoxdur. Cürbəcür əfsanə dolaşır camaatımızın dilində, amma bunların heç biri real deyil.

Birinin oğlu guya işğaldan bir-neçə gün sonra gizli yollarla girib kənddə, atasının nə ölüsünü tapıb, nə dirisini. Nə isə.

Qalanlar lapetlərə, yük maşınlarına doluşub Arazın o tayına keçiblər.

Arazı keçəndən sonra geri baxıb görüblər ki, kəndin girəcəyindən üzü kəndə tərəf tanklar gəlir, hücum səngərin o tərəfinə deyil, o tərəfdən bəridir, kəndə tərəf.

Fərasəti olanlar dərhal kəndə qayıdıb mal-qarasını da qatıb qabağına keçirib Arazdan. Həmin risklə götürülmüş mal-qaranı İran əhalisi su qiymətinə alıblar bizim camaatdan. Deyəndə ki, insafınız olsun, axı inəyi keçi qiymətinə istəyirsiniz. Cavab belə olub ki, başqa əlacınız yoxdur, ya bu qiymətə satacaqsınız, ya da tökəcəksiniz Araza.

Lapeti, maşını olmayanlar özlərini çayın dayaz yerinə vurublar, ailələr, qohum-əqrəbalar bərk-bərk bir-birinin əlindən tutur, biri o birini çəkirmiş ki, su vurub apara bilməsin.

Mənim valideynlərim də bu minvalla keçiblər Arazı. Anam, əmim arvadları lapetdə, atam əmilərim bir-birilərinin əllərindən yapışıb çayı aşıblar.

O anlarda baş verən olayları danışa bilməyəcəm, sadəcə buna gücüm çatmaz. Elə bilirəm onları nəql etsəm klaviaturanın arxasındaca ürəyim dayanacaq.

O taya pənah aparıblar, əyinlərindəki yaş paltarları qurutmaq üçün tonqal qalayıb ətrafına yığışan camaat bir də baxıb ki, doğma yurdlarından alov dilləri qalxır, göyə tüstü dirəklənir.

Anam indiyəcən ağlayır ki, kaş, toyuq-cücəni, mal-qaranı açıb buraxmış olaydım, yəqin yazıqlar diri-diri ağzı bağlı yandılar. O vaxtdan ağlayır anam.

Hər gün ağlayır, ona qaçqın deyildiyi üçün, yurd-yuvası talan olduğu, tifağı dağıldığı üçün.

Üç gün Arazın o tay kənarında oturub artıq külə dönmüş, qorun-qorun tüstülənən kəndə baxıblar. Sonra İran dövləti onları öz kəndləri istiqamətindən deyil, Arazın başqa bir istiqamətindən bu taya keçiriblər, İmişli, Əlibayramlı tərəfə.

Həmin vaxt mən Bakıda təhsil aldığım ali məktəbdə “aktiv praktika”da idim. Anamı iki-üç gün öncə kənddə yola salmışdıq, evini köçürmək üçün gedən bir qohumun maşını ilə.

Atam ananızı burdan aparın, mənim əl-qolum ona görə bağlı qalmasın demişdi, biz də gətirmişdik Bakıya. Atam əlində sevimli ov tüfəngi səngərdə gecələyirdi. Ona sən də gedək Bakıya –sözünü belə cəsarət edib deyə bilməmişdik. Qırımından görünürdü ki, o sözü deyən çox ağır söz eşidəcək. Anam burda cəmi on gün qaldı. Hər günü göz yaşı, fəryadla-məni evə aparın-davası ilə keçdi. “Atanız orda təkdir, ac-susuzdur, baxanı yoxdur, sizin təhsiliniz, işiniz var, məni burda niyə saxlayırsınız? ”- deyirdi. Axırda yola saldıq.

İndi onların Arazdan keçib xilas olmalarından bixəbər idik. Oktyabrın 26-sı səhər eşitdik ki, Arazkənarı kəndlərimiz Zəngilan, Qubadlı rayonları ilə birgə işğal olunub. Camaat barədə əvvəl heç nə deyilmədi, bir gün sonra yayıldı ki, camaat Arazın o tayına keçib, amma ölənlər də var, çaya qərq olanlar da.

6-cı sinfə dərs deyirəm, mənim müəllimim isə arxada oturub dərsimi dinləyirdilər, buna rəğmən mənə dövlət imtahanında qiymət yazılacaq. Səhər tezdən eşitdiyim xəbərdən özümdə deyildim, uşağı dərsə çıxardır, onu dinləmirdim, sual verir, cavabına qulaq asmırdım. Oturduğum yerdə yanaqlarım boyu üzü aşağı göz yaşlarım diyirlənir. Zalım qızı müəllim demir ki, bu tələbə niyə bu haldadır, Allah bilir elə bilirmiş ki, həyəcandan-qorxudan ağlayıram. Əslində elə ondan ağlayırdım, amma imtahan qorxusundan deyildi, valideynlərimin taleyindən bixəbər qalmağımızın həyəcanı, qorxusu bütün vücuduma hakim kəsilmişdi. Mənim üçün nə o dərsin, nə də imtahanın heç bir mənası qalmamışdı.

“Aktiv praktika”dan üç aldım, çünki şagirdi dinləmədiyimin fərqinə varmışdı müəllimə.

Üç gün, üç gecənin əzabından sonra bir gün səhərə yaxın atamla-anam ayaqlarında həyət şəp-şəpi, anamın əynində xələt, gəlib çıxdılar Bakıya. Bu barədə başqa bir yazımda da danışmışam, qardaşım, bacım və mən səhəri gecəyə, gecəni səhərə qədər həyətdə oturub gözləyirdik. Yemədən, içmədən, qardaşım yalnız siqareti siqaretə calayırdı. Onun bütün sorğu-suallarına Müdafiə Nazirliyi bir söz demişdi; ayrı-ayrı adamlar haqda məlumatımız yoxdur. İmişlidən o tərəfə də keçməyə icazə verməmişdilər – siz ki, hərbiçisiniz, bilirsiniz ki, olmaz - demişdilər.

Çölə çıxıb, içəri girməkdən üç sutkanın yuxusuzluğundan, əzginliyindən əldən düşüb elə divanda əyləşdiyim haldaca yuxulamışdım. Bir də eşitdim ki, anamın səsi gəlir: “E...bala, hər şeyimiz qaldı, dəhşətlər gördük”.

Gözlərimi açıb onu qarşımda gördüm, dünya mənim idi artıq, torpaqlarımızın nisgili belə gözümdə deyildi-valideynlərim sağ-salamat idilər.

Belə başladı qaçqın-köçkün həyatımız , hələ görüləcək günlərimiz qarşıda idi.

Başqa "Müharibə miniatürləri":

Nişanlısı Qarabağ döyüşçüsünü atdı

Qızılgül ömrü

Cəbrayıldan gələn son qatar

# 4439 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #