Yarıtmaz “Nizami”

Yarıtmaz “Nizami”
7 dekabr 2012
# 11:45

“Xanım, “Aktrisa” olmayacaq, biletinizi qaytara bilərsiniz”.

***

“Son illər ekranlaşdırılan Azərbaycan filmləri niyə nümayiş olunmur?” sualı ilə hər dəfə aidiyyəti nazirliyə müraciət edəndə bu cavabı alırdıq: “Az qalıb “Nizami” kinoteatrının təmiri başa çatsın, yeni filmlərimizin kütləvi nümayişi təşkil olunacaq. Nəhayət, “Nizami” kinoteatrı təmirdən çıxıb istifadəyə verildi. Kimlərin istifadəsinə? Bilmirəm, onu bilirəm ki, orda kinoya baxmaq olmur.

Ancaq premyeradan premyeraya dost-tanışlar onları dəvət edən müəlliflərin filminə tamaşa edirlər. O gün “Sübhün səfiri” filmində şahidi olduq ki, burada kino nümayiş etdirməyə məsul şəxslər bu işi yadırğayıblar.

Dünən istədim böyük ekranda kinoya baxmağın zövqünü yaşadım özümə. İlqar Fəhminin “Aktrisa” romanı əsasında Rövşən İsaxın ekranlaşdırdığı eyniadlı filmə baxmaq istəyirdim. Kinoteatr istifadəyə veriləndən bir iki dəfə məlumat almışam ki, orda ara-sıra son illərin filmlərinin nümayişi təşkil edilir, amma “Nizami” kinoteatrının saytına baxanda hansı filmin nə vaxt nümayiş olunacağı barədə informasiya ala bilməmişəm.

Bəzən televiziya ilə reklamı da gözə dəyir. Amma hansı formada? Bircə kəlmə deyilir ki, “Nizami” də filan vaxtdan filan filmin nümayişi başlanır. “Aktrisa” filmi barədə də telekanallardan birində belə bir kəlmə eşitdim. Filmin nümayişi başlanacaq günün axşamı “Nizami” kinoteatrının saytından heç nə öyrənə bilməyib kinoteatrın özünə zəng vurdum, soruşdum ki, “Aktrisa” filminin sabahkı seansları saat neçədədir? Cavab verdilər ki, hələ müəyyənləşdirməmişik, sabah səhər bilinəcək. İşə baxın, ay millət, sabah filmin nümayişinə başlayırlar, amma axşam seansı bir yana gündüz seansının saatı hələ müəyyənləşməyib. Sabah səhər zəng elədim, dəstəyi götürən bəy bir xanımı çağırıb ondan öyrəndi və dedi ki, gündüz seansı saat 12.20-də olacaq(?). Unikal vaxtdır. Axşam isə 19.00-da.

Getdim gündüz seansına. Filmin başlanmasına beş dəqiqə qalmış 3 manata bilet aldım. Onu da deyim ki, kinoteatrın qarşısında “Aktrisa” filminin indi başlayacağı barədə heç bir məlumat ala bilməzsən, nə afişa var, nə də tamaşaçı gözə dəyir. Keçdim içəri, qapıda biletimi alan oğlan dedi ki, beş dəqiqə gözləyin, bir tamaşaçı da gəlsə film nümayiş olunacaq, gəlməsə təxirə salınacaq.

Elə ordan rejissora zəng elədim ki, heç olmasa özünüz gələydiniz filminizə baxmağa, biz də xoşbəxt olub kinoya baxardıq. Dedi ki, mənə bir on nəfər zəng eləyib filmin vaxtı ilə maraqlanıb, özüm bilmədiyimdən onlara deyə bilməmişəm, çünki kinoteatr filmin vaxtını bu gün səhər müəyyən edib.

Sosial şəbəkədə özüm şahidi olmuşam ki, camaat İlqar Fəhmini vaxt, biletin qiyməti ilə bağlı suallarla dəng etmişdi. Olmazmı kinoteatr tamaşaçıya vaxtında filmin nümayişinin dəqiq vaxtını, biletin qiymətini desin. Heç olmasa kinoteatrın qarşısında iri afişa vurulsun. Tamaşaçı da görsün, bilsin rahatlıqla gələ bilsin.

Kassanın qarşısında “Park Cinema”nın afişanın buklet forması (özü də rus dilində) əvəzinə “Nizami” kinoteatrının öz afişası yazılmış bukletlər olsun. Balam, dövlətindirsə, düşmən malı kimi rəftar olunmalıdır? Deməli, heç kimə sərf eləmirsə, dövlətin xərc çəkdiyi filmin dövlət kinoteatrında lazımi qaydada nümayişini təşkil etmək olmaz?

Zatən, özəlləşdirilmiş “Azərbaycan” kinoteatrı da yetim qalıb. Sonra da ən yüksək məmur səviyyəsində deyilir ki, bu millətə kino lazım deyil. Bizə-millətə lazımdır, siz kimi nəzərdə tutursunuz, onu özünüz yaxşı bilirsiniz.

On dəqiqədən sonra gəlib mənə dedilər ki, xanım, film olmayacaq, biletinizi qaytara bilərsiniz.

# 4068 dəfə oxunub

Müəllifin son yazıları

# # #