Əməkdar artist işdən çıxarıldı-YENİLƏNİB

Əməkdar artist işdən çıxarıldı-YENİLƏNİB
30 noyabr 2012
# 12:20

Gənc Tamaşaçılar Teatrının aktyoru İlqar Cahangirov işdən çıxarılıb.

Məlumatlı mənbənin Kulis.az-a verdiyi informasiyaya görə, onu Mədəniyyət və Turizm Nazirliyini tənqid etdiyinə görə işdən çıxarıblar.

Mənbənin dediyinə görə, aktyorun işdən çıxmaqla bağlı ərizəsi var, amma ərizənin üstü hələ yazılmayıb.

Xəbəri dəqiqləşdirmək üçün teatrın direktoru Mübariz Həmidovla əlaqə saxladıq. Direktor məlumatı nə təkzib, nə də təsdiq etdi.

İlqar Cahangirov isə Kulis.az-a verdiyi açıqlamada bildirib ki, yaxşı pul vəd olunan başqa bir işə getməyi ilə əlaqədar özü işdən çıxmaqla bağlı ərizə yazıb.


Teatrın baş rejissoru Bəhram Osmanov AzadlıqRadiosuna İlqar Cahangirin işdən çıxması haqda ərizə yazdığını söyləyib.

O, bunun səbəbini bilmədiyini deyib.

«Özü belə seçim edib. Kim onu vadar edə bilərdi? Biz normal cəmiyyətdə yaşayırıq. Yaradıcı adamdır. Bəlkə də teatrdakı ünsiyyət və ya yaradıcılıq prosesi xoşuna gəlməyib. Repertuarın qaynar vaxtında işdən getmək məsuliyyətsizlikdir... Aktyor nədir ki, onun nə siyasi baxışı olsun. Aktyor həmişə müəllifin, rejissorun diktəsi ilə həyat sürən yaradıcı şəxsdir. Şişirtməyin əhəmiyyəti yoxdur»,-Bəhram Osmanov deyib.

Xatırladaq ki, İlqar Cahangirov əməkdar artistdir. Cənnət Səlimovanın yaratdığı “Kamera” teatrının aktyoru idi. Həmin teatr ləğv edilib Gənc Tamaşaçılar Teatrının tərkibinə daxil ediləndən bəri aktyor burada çalışır. Mətbuatda üç teatrın bir teatrın tərkibinə qatılmasına və yeni teatrın reperturarına, aktyor seçiminə etiraz edib, Mədəniyyət və Turizm Nazirliyi ilə bağlı tənqidi fikirlər səsləndirib.

# 9707 dəfə oxunub

Müəllifin son yazıları

# # #