Ata əsirlikdə erməni bayrağına tüpürmüşdü, oğlu məscid partlatdı

Ata əsirlikdə erməni bayrağına tüpürmüşdü, oğlu məscid partlatdı
4 sentyabr 2013
# 12:06

İlqar Mehdiyev Cəbrayıl rayonun İcra Hakimiyyətində məsul vəzifədə işləyirdi, “ispalkom” deyilirdi o vaxt bu vəzifəyə. Gündüzlər şəhər əhalisinin problemləri ilə məşğul olan bu gənc oğlan axşamlar qulluq elədiyi “Ziyalı” batalyonun tərkibində səngərlərdə olurdu.

1993-cü ilin 23 avqustu – Cəbrayılın mərkəzi yağmalanan gün o, xidməti maşını ilə rayon ərazisində qalan kimsəsiz, əldən-ayaqdan qalmış ahıl insanları təhlükə yerindən çıxartmağa çalışırmış. İnsanları iki dəfə maşınına yığıb ərazidən çıxardıb. Növbəti dəfə geri qayıdanda artıq rayon mərkəzini ələ keçirmiş erməni yaraqlılarına əsir düşüb.

O vaxt bu olayı mənə onunla bir yerdə əsirlikdə olmuş, sonradan “Qırmızı xaç”ın xətti ilə dəyişdirilən Azər adlı bir keçmiş əsir danışdı:

“Ermənilər bizi günlərlə ac-susuz saxlayırdılar. Bir dəfə hamımızı bir otağa yığıb, masanın üstünə bir Azərbaycan, bir də Ermənistan bayrağı saldılar və dedilər ki, kim gəlib Ermənistan bayrağını öpsə, Azərbaycan bayrağına tüpürsə, ona yemək-içmək verəcəyik. Açığı, günlərlə ac-susuz qaldıqdan sonra belə şeyə dayanmaq müşkül məsələydi.

Hamımız yemək xətrinə elədik bunu. Növbə ona çatdı. Ermənilərin oturduğu masaya yaxınlaşdı. Azərbaycan bayrağını götürdü, öpüb gözünün üstünə qoydu. Sonra Ermənistan bayrağını əlinə alıb tüpürdü, ayaqlarının altına salıb tapdalamağa başladı…

Ermənilər bir anlıq donub qaldılar. Elə bil baş verənlərə inanmaq istəmirdilər. Birdən sanki yuxudan ayıldılar. Onu yerə yıxıb təpiklə, avtomatın qundağı ilə döyməyə başladılar…”.

O, əlində bayraq, əli avtomatlı erməni döyüşçülərinin qarşısında qürurla yeriyəndə od içində olan Qarabağdan yazı hazırlamağa gəlmiş bir rus jurnalist xanımın fotokamerasının obyektivinə, düşmüş və bu olay “Komsomolskaya Pravda” bütün dünyaya yayılmışdı. Onun hərəkətindən hətta ermənipərəst jurnalist xanım belə təsirlənərək, Azərbaycanın bu böyük oğlunun erməni bayrağına tüpürərək ölümdən pəsinmədən bədəni qara-qançır halda ərdəmliklə duruş gətirməsinə heyran qalmışdı.

Zaman keçdi, sonralar əsirlikdən qayıdan daha bir nəfərin, Beyləqanlı Yusif Şəfiyevin əsirlik illərindən yazdığı kitabdan oxudum: “Ermənilər bizim maşını ələk-vələk eləyəndən, üst-başımı bir neçə dəfə yoxlayandan sonra məni darvazadan içəri apardılar. İçəridə kiçik gözətçi binası tikilmişdi. Onun iki mişar daşı hündürlüyündə xırda pilləkəni var idi. Pilləkənin yanında adlarını yenicə öyrəndiyim Üzeyir və İlqar adlı iki oğlan dayanmışdı. Mən bu adamları əvvəllər heç bir yerdə görməmişdim. Elə oldu ki, mən İlqarın sağ tərəfində dayandım. İlqar boyca bizdən hündür və enlikürək idi. O, pilləkənin yuxarısında dayanmışdı. Erməni əsgərləri Üzeyirin gözlərini və əllərini arxadan bağladılar. Bizə hələ toxunmamışdılar. Bu vaxt gördüm ki, Azərbaycanın üçrəngli bayrağını binanın üstündən çıxarıb, sürüyə-sürüyə bizə tərəf gətirdilər. Beş-altı erməni döyüşçüsü bizi mühasirəyə almışdı. Bayrağı gətirən erməni bizə yaxınlaşdı. Üzbəüz dayandıq. O, qəzəblə İlqara dedi: “Tüpür bu bayrağa!”. Ermənilər İlqarın vəzifəli şəxs olduğunu bildikləri üçün bu fikrə düşmüşdülər. İlqar özünü itirmədi. O, bir az aşağı əyilərək, bayrağı iki əlilə tutdu, sonra isə yuxarı qaldırdı və öpdü. Bundan sonra İlqar dönüb Cəbrayıl şəhərinə baxdı. Mən heyrətimdən yerimdə donub qalmışdım. İlqarın bu cəsarəti erməniləri də heyrətə salmışdı.

Bu zaman bayrağın yanında dayanmış yekəpər bir erməni avtomatın qundağı ilə iki dəfə İlqarın sinəsinə güclü zərbə vurdu. Zərbənin təsiri ilə İlqarın kürəyi divara dəysə də, o, yıxılmadı. Bundan sonra ermənilər İlqarın üstünə tökülüşüb, onu döyməyə başladılar. Üzeyirin gözləri bağlı olduğundan ölüm ayağında İlqarın necə cəsarət göstərdiyini görə bilməzdi. Ancaq o, ermənilərin İlqarı necə döydüklərini hiss edirdi. Birinci dəfə idi ki, ermənilərin vəhşiliyini görürdüm...”.

Hələ bu kitab işıq üzü görməmişdi, bəlkə heç Yusif Şəfiyev də hələ əsirlikdə idi, 1997-ci il idi. Azəri təsadüfən Əliağa Vahid bağını süpürən yerdə gördüm, “yüngülvarı çörəkpulu çıxardıram” dedi və sevincək bildirdi ki, İlqar Mehdiyevi “Qırmızı xaç”ın xətti ilə azad ediblər, Sumqayıtdadır atasıgillə birgə yaşayır, deyirlər, vəziyyəti yaxşı deyil.

Əlbəttə yaxşı olmazdı, “Qızıl xaç”ın siyahısında olduğundanmı, yoxsa elə ucuz ölümü də ona çox gördüklərindənmi ermənilər İlqara olmazın işgəncələrini vermişdilər, amma qətlə yetirməmişdilər. Damarlarına dizel yanacağı vurub qaytarmışdılar ki, evinə gəlsin, amma doğmalarının gözləri qarşısında əzabla dünyadan köçsün.

Sumqayıtda yaşadıqları evi tapdım. İlqar yorğan-döşəkdə şam kimi əriyirdi, öskürəkdən nəfəs ala bilmirdi. Səsi güclə, xırıltılı çıxırdı. Yadımdadır səsini diktofona yazsam da xırıltıdan başqa heç nə eşidilmədiyi üçün söhbətimizi beynimin lentindən varaqlara köçürmüşdüm. O vaxt “7 Gün” qəzetində mətbuatda ilk dəfə onun haqqında mən yazmışdım. Cəmi iki gün sonra İlqarın ölüm xəbərini eşitdim, atası Ərşad Mehdiyev mənə zəng eləyib dedi ki, qızım, İlqarın ömrünü iki gün artırdın, iki gün o qəzet əlində, sinəsinin üstündə oldu, son dəfə gözlərini gülümsəyib yumdu.

İlqar mənə: “Neynəmişəm ki, hamı mənim kimi edərdi, şişirtmək lazım deyil”-demişdi.

Mətbuat İlqar Mehdiyevi axtarmağa başlayanda məzarı ilə rastlaşmalı oldu.

İlqarın iki qızı, bir oğlu vardı. Atalarının yolunu həsrətlə gözləyən, həsrət bitər-bitməz ona ömürlük həsrət qalan üç övladı.

Ata milyonlardan birinin edə biləcəyi bir işi görmüşdü, düşmən əsirliyində yalnız özünün deyil, təmsil etdiyi millətin, dövlət bayrağının şərəf və ləyaqətini göylərə qaldırmışdı.

1997-ci ildə əzablar, amma şərəf içində dünyasını dəyişən atanın övladı haqda 2008-ci ildə bu informasiyanı oxudum: “Məhkəmənin hökmü ilə Samir Mehdiyev cəzasının 2 ilini qapalı rejimdə çəkmək şərti ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Samir Mehdiyevin üzvü olduğu silahlı birləşmə 2008-ci il avqust ayının 17-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” adı ilə tanınan “Cümə” məscidində partlayış törətməkdə ittiham olunur. Belə ki, məscidə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 18 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib.”

Bu yerdə fakt sözdən diridir...

Layihənin digər yazıları:

Nişanlısı Qarabağ döyüşçüsünü atdı

Qızılgül ömrü

Cəbrayıldan gələn son qatar

Cəbrayılın son günü

Üç qız, gecə döyülən qapı

Gənc veteranın iztirabları

Kəndə tək gedən qızın başına gələnlər

Oğlanların yataqxanasına getmək ayıb sayılırdı

Havada qeydiyyatdayam

# 8302 dəfə oxunub

Müəllifin son yazıları

# # #