Ölməkdən yox, dəfndən qorxuram

Ölməkdən yox, dəfndən qorxuram
24 may 2011
# 14:00
Heç qaysaq bağlamayan yarama toxundu İlqar Rəsulun “Qaçqınlıq, köçkünlük bax budur” yazısı.

Bir nənəm vardı. Yox, iki nənəm vardı. İkisi də sağ-salamat, ikisinin də buz baltası kimi canı. Xəstəlik, ağrı nə idi bilməzdilər.

Nabat nənəm Sovet hakimiyyətinin ilk təhsil alan qadınlarından idi. Müəllimə işləmişdi. Çiynində aynalı at belində kənddən rayon mərkəzinə gedib ordan kitab, dəftər gətirib özü yaşında şagirdlərini qaranlıqdan işıqlığa çıxardarmış. Ən yaxşı güllə atan kişilərlə bəhsə girib qovaq ağacının hündür ucunu nişan alıb qırdığını görən kişilər belə etiraf edərdilər. Cild-cild kitablar oxuyurdu, toplayırdı. Eynəyini gözünə taxıb gecə-gündüz mütaliə edirdi. Toxuduğu xalçalara, saldığı naxışlara hamı heyran olardı. Elə yeməklər bişirirdi ki, barmağının beşini də yala. Adicə pamidor supu onun əllərindən çıxıb plov dadı verərdi. Qış gecələri mütəkkəyə dirsəklənib bizə Sindibadın səyahətindən, pələng dərisi geymiş pəhlivandan, Şəhrizadın nağıllarından, “Cəbhədən cəbhəyə” romanından, “Dumanlı Təbriz”dən, “Bakı 1501”-dən, “Qılınc və qələm”dən bəhs edərdi. Heç yoruldum demədən elə həvəslə danışırdı ki, gecə yarıdan keçdiyini hiss etmirdik. Bəzən də ip əyirərkən, yun darayarkən zümzümə etməyi vardı. Aşıq Pərini indiyə qədər heç yerdə yazılmayan şerlərini, onun haqqında müxtəlif hekayətləri əzbərdən bilirdi. Onun dilindən Aşıq Pərinin çəkil ağacına yazdığı şeiri dəfələrlə eşitmişdim.
“Hasannıdan götürülür dəhnənin başı
Dibinə yığılır qumnan, daşı
Sənə mane olur Xəlil yüzbaşı,
Onunçün düşmüsən bu hala, çəkil”.

Yaxşı siyasi mülahizələr yürüdərdi. Təbriz nisgili yaşayırdı. 21 azər haqda ilk dəfə ondan eşitmişdim. Şəhriyardan danışdıqca gözlərində işıqlar sayrışırdı. ç qeybət etməzdi, əsəbləşməzdi.

Dünyada ən çox sevdiyi nəvəsi olan mənə bircə dəfə acığı tutmuşdu. Ş. Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” kitabındakı illustrasiyaları cırıb götürmüşdüm. Kitablarını heç kimə verməzdi, mənə etimad göstərib verdi. Tapşırdı ki, oxuyub qaytarım. Mən də yaman etimad doğrultdum.

Tariyelin, Aftandilin, Tinatinin şəkillərini götürdüm ki, kitabı nənəmə qaytaranda o sevdiyim qəhrəmanları özümdə saxlaya bilim. Düşündüm ki, kitaba baxmasa bilməyəcək. O, da görünür etimadında yanılıb yanılmadığını yoxlamaq üçün baxıb.

Acıqlandı mənə, amma acıqlanmasından çox mənə qırılması indiyə qədər incidir məni, özümü qınayıram, hərçənd onun qırğınlığı heç uzun çəkməmişdi. Tələbə vaxtı ata-anamın göndərdiyi sovqatdan çox, onun özəl sovqatını gözləyərdim. Nə isə qeyri-adi, amma mənə lazım olan bir şey göndərirdi. O qədər şirin olardı o sovqat. Bir dəfə tələbə yoldaşlarımı yığıb evimizə yox, nənəmgilə aparmışdım. İndiyə qədər nənəm onların da dilindən düşmür. Mühazirədən bezmişlərə elə mühazirələr oxudu ki, hələ də unutmayıblar.

İndiki düşüncəm o vaxt olsaydı, o canlı ensiklopediyanın hər kəlməsini maqnitafonun yaddaşına köçürərdim. Heyif...
1993-cü ildə yurdunu, onunla bahəm bütün dünyasını itirən nənəm bu dünyaya sığmadı. Bəy qızı kiminsə bucağına sığınmağı özünə rəva görmədi. Könüllü surətdə, sevinə-sevinə o dünyanı seçdi. Son nəfəsində də sinəsinin üstündə kitab qalmışdı, “Aforizmlər, atalar sözü” kitabı.

O biri nənəm də təxminən elə. Bir oğul evindən o birinə, evdən küçəyə, axır ki, gecənin birində beyin qan sızmasından dünyasını dəyişdi.

Birincisi Sumqayıtda, o biri Hovsan qəsəbəsində torpağa tapşırılıb. İldə bir dəfə ziyarət edə biliriksə böyük işdir. Bəzən “Bu bayram da gələmədim” adlı türk şerini ürəyimdə deməklə təsəlli tapıram. Hər ikisinin ömür-gün yoldaşları yağmalanmış torpaqlarda uyuyur. Uyuyur demək düzgünsə...

Belə, budur qaçqınlıq, köçkünlük. Görəsən, biz harda dəfn olunacağıq? Bu sualın cavabından yaman qorxuram... Bir vaxtlar mənə qaçqın deyiləcəyindən qorxduğum kimi.
# 4085 dəfə oxunub

Müəllifin son yazıları

# # #