Onu oynadığı Yesenin, Puşkin, Saşa obrazları ilə tanıyırıq. Çox gənc yaşlarından Xalq Artisti fəxri adını qazanıb. Bu gün də populyardır.
Uşaqlıq
Moskvada, satira teatrının aktyoru Vitali Bezrukovun ailəsində dünyaya gəlib.
Atası onun adını çox sevdiyi şair Yesenin şərəfinə Sergey qoyub.
Oğul da böyüyüb boya-başa çatan kimi aktyor olmaq fikrinə düşür. Atası onun bu fikrinə elə də ciddi yanaşmır, amma onun məktəb
özfəaliyyət dərnəyində oynadığı rolları görəndən sonra fikrini dəyişir. Həm də oğlunu yanına çağırıb ona oynamağı deyil, obrazla yaşamağı öyrədir.
Məktəbi bitirəndən sonra Sergey, Oleq Tabakovun aktyorluq kursuna gedir.
“O, bizə aktyor sənətinin yükünü çəkməyi öyrətdi. Kənardan deyirdilər ki, Tabakovun mənə xüsusi münasibəti var, mən də bunu duyurdum, amma bundan sui-istifadə etməzdim. Kifayət qədər oxuyub-öyrənirdim və institutu da qırmızı diplomla bitirdim”.
Hələ institutda oxuyarkən öz müəllimi Oleq Tabakovun teatrında işləməyə başlayır.
Bu teatrda müxtəlif rollar oynamaqla yanaşı digər teatrlarla da əməkdaşlıq edir.
M. Yermolov adına teatrda “Həyatım, bəlkə səni yuxuda görmüşəm?” tamaşasındakı Yesenin roluna görə Dövlət Mükafatına təltif olunub.
Sənətdə atasının fikri onun üçün əsasdır. İlk tamaşaçısı da odur. Xüsusən də Yesenin roluna onun ifasında çox baxıb: “Hər tamaşama gəlir, mən Yesenini yeddi ildir oynayıram, atam hamısına baxıb, yenə gəlir o tamaşaya. Yesenin roluna çox həssas yanaşır. Onu oynamaq atamın arzusu olub. 26 yaşı olanda “Anna Sneqina” filmində Yesenin obrazına çəkilib. Teatrda isə bu arzusu həyata keçməyib. Mənə deyir ki, mən teatra sənin Yesenini necə oynamağına baxmaq üçün gəlmirəm, gəlirəm şairin özünə baxmağa”.
“Amadey” tamaşasında isə Bezrukov öz müəllimi Tabakovla bir səhnəni bölüşür. Tamaşaçılar şagirdi ustadından daha çox alqışlayırlar.
Kuklalar
Bezrukov bir neçə il televiziyada “Kuklalar” proqramının personajlarını səsləndirib. Səsləndirdiyi 11 personaj içində ən çox Jirinovskini və Kulikovu səsləndirməsindən razı qalmışdı. Bu veriliş Bezrukovu kütləyə daha çox tanıtdırdı. Bir gün hiss edir ki, səsləndirdiyi obrazların girovuna çevrilir və verilişi tərk edir.
90-cı illərin sonlarında Bezrukov artıq populyar idi. Pərəstişkarları tamaşadan sonra onu teatrın qarşısında saatlarla gözləyirdilər.
Sergey Bezrukov yalnız “Китайский сервиз” filmindən bir az razıdır. Deyir, az-çox ciddi işim odur: “Mən həmişə kinodakı işlərimdən narazıyam, teatrla bağlı bir qədər rahatam, amma kinolarıma baxmağı heç sevmirəm”.
Yeri gəlmişkən, “Крестоносец-2” və “Китайский сервиз” filmlərində onunla birgə gələcək xanımı İrina Livanova da çəkilib.
Şəxsi həyatından
2000-ci ildə Sergey aktrisa İrina Livanova ilə evlənəndə İrina aktyor İqor Livanovun arvadı idi və artıq onların bir oğlu da vardı.
Filmin çəkilişlərindən sonra Sergey İrinaya öz telefon nömrəsi və bir kəlmə “Gözləyirəm” yazılmış kağız verdi.
İrina kağız əlində uzun müddət düşündü, zəng eləyə bilmədi. Nəhayət qərar verib, onun nömrəsini yığdı.
“Mən zəngə qədər onun hisslərinə şübhə edirdim, amma dəstəyin o başından Sergeyin necə sevinclə “hə!hə!hə!” deməsini eşidəndən sonra hər şeyi atıb ona sarı getdim”.
Rusiyanın bütün kütləvi informasiya vasitələri onların münasibətini izləyirdi.
2000-ci ildə Sergey İrinaya evlənmə təklifi etdi. Özü də dizlərini yerə atıb İrinanın əllərindən öpərək – Mənə ərə gəl-dedi.
Nəhayət “Briqada”
Onun kinoda ən böyük uğuru “Briqada” filmi ilə bağlıdır.
Həmin dövrdə televiziyada ən bahalı layihə bu film idi. Serialda Bezrukov kriminal avtoritet Saşanı canlandırıb.
Rol məxsusi olaraq Sergey üçün yazılmışdı. Bu rol digərlərindən fərqlənirdi. Əvvəlki rollarında o, işıqlı, humanist adam təsiri bağışlayırdısa,
burda qəddar, kəskin xarakterli idi. Saşa Belov roluna 300 adam sınaqdan keçirilmişdi, Bezrukovu sınağa dəvət edəndə müəllif hirsləndi – onu sınağa çağırırsınız ki, təsdiq etməyəsiniz? Xanımı da onun sınağa getməsinə qarşı çıxdı: “Sınaqdan keçirməyib deyəcəklər ki, ciddi rollara yaramırsan”. Xanımının sözü ona elə tutdu ki, elə ilk çəkilişdə sınaqdan uğurla keçdi.
“Uçastok” serialı “Briqada”dan az uğur gətirmədi ona. Burda artıq öz xanımı ilə birgə baş rolları bölüşürdülər.
“Ən yaxşı kişi roluna görə” “Qızıl qartal” mükafatını qazandı.
Yalnız Ryazanovun “Yataq otağının açarı” filminə çəkilmək üçün bu seriala ardıcıl çəkilməkdən imtina etdi.
Ailə
İrina, Sergey və İrinanın oğlu bir yerdə yaşayırlar. Sergey İrinanın oğluna öz övladı kimi baxır. Oğlan isə onu ata kimi deyil, yalnız dost kimi qəbul edir. İrina Sergeydən 7-8 yaş böyükdür.
İşlədiyi teatrda çox populyarlıq qazansa da oranı tərk edib. Son illər səhhətində hansısa problem olmasından çox danışılır, amma Sergey özü bu şayiələrə belə aydınıq gətirib: “Gecə həyatı, tusovkalar mənlik deyil. Mən sağlam həyat tərzinə, siqaretsiz, içkisiz, idmanla məşğul olan adi insan həyatına üstünlük verirəm. Ona görə də gecə tədbirlərinə, telekanallara getmirəm”.
Deyilənə görə onkofobiyaya-xərçəngə tutulmaqdan qorxma kimi bir bəlaya düçar olub.
İstənilən halda sağlam həyat tərzini seçməsi yaxşıdır – qorxu isə reallaşa bilər. Bunu ona falçı da deyib.