Özünüyaratma fəlsəfəsi haqqında

Özünüyaratma fəlsəfəsi haqqında
4 noyabr 2023
# 16:30

Kulis.az Rahid Uluselin "Özünüyaratma" adlı yeni yazısını təqdim edir.

Var olmaq yaranmaqla yaratmağın bir olduğu andan başlayır. Kainat – varlığın bir bütövlük halına gəldiyi həmin andan özünüyaradan sistem kimi yaşayır. Fəsillənir. Ürək kimi ritmlə döyünür. Eşidirsinizmi Ürək-Kainatın döyüntüsünü?! Yəni – öz Qəlbinizin...

Kainat – sonsuz özünüyaratma prosesidir. Varlığın bütün subyektlərinin həm vəhdət təşkil etdiyi bir məkan-reallıq, həm də o subyektlərin əlaqələrinin onları dayanaqlı saxlamaqla həmişə yeni həyat mövcudluqlarına və formalarına adladan təzahürlərinin və bu təzahürlərin saysız yönəlişlərinin, hər yönəlişində də saysız biçimlənmələrinin gerçəkləşdiyi proses.

Yaranan yaradır, yaradırkən də yaranır: bölünür – birləşir, çoxalır – təklənir, yayılır – daralır, çəkir – itələyir, qurur – dağıdır, tükənir – ürüyür, solur – yaşıllanır...

Yaranmaqla yaratmağın vəhdətində – özünüyaratma prosesində var olan dünya bu əbədi dövranın nəinki heç bir fəsil-fazasında, hətta heç bir qımıltısında belə özünü təkrar etmir. Özünüyaradan – özünü təkrar edə bilməz. Özünüyaratma – Kainatın kod sistemini və canlı aləmdə genetik proqramı saxlamaqla özünü həmişə yenidən yaratma və yaradılmadır.

Özünüyaratma – Kainatın İlahi Loqosunca baş verir. Kainat həyatında mühüm dönüş özünüyaratmanın bir-birini tamamlayan prosesi tək – onun bütün təkamülünün məntiqi davamı və nəticəsi kimi fiziki dünyanın bətnindən təbiət dünyasının, təbiət dünyasının bətnindən insan dünyasının doğulmasıdır. Bununla da Kainat özünün insan dünyası planetindən (olsun ki, planetlərindən) özünüyaratmanın özünüdərketmə ilə həyata keçirilən mənəvi həyatına başlayır.

Antik zəkanın gəldiyi bu həqiqət – “Özünü dərk elə!” – elə “Özünü yarat!” Loqosu ilə dillənirdi.

Kainat insanca danışır, insanca düşünür, insanca yaradır. Varlıq insanla öz nüvəsinə baş vurub qayıdır, ilki ilə sonunun vəhdətini, bu vəhdətin yolunu tapır.

Buna görə də Kainatgenezisli, Kainatyaddaşlı insan Yerüzündə sivilizasiya həyatına başladığı vaxtdan Atomun quruluşundan Kainatın quruluşuna qədər öyrəndikcə öyrənir – yəni öz Materiyasının və Ruhunun başlanğıcını, hərəkətini, öz Atomik və Kainat tarixinin Taleyini öyrənir. Yanılmaları da, yayınmaları da təbiidir. Özünüyaratmanın yolu ideal deyil, dönərgəlidir.

Bəşəriyyətin özünüyaratma tarixi ayrı-ayrı millət, dövlət və cəmiyyətlərin, onların mədəniyyətlərinin özünüyaratma tarixindən ərsəyə gəlir ki, burada həmişə subyektiv (fərdi) başlanğıcla sosial başlanğıcın harmoniyası onların hər birinin inkişafına, ziddiyyət və qarşıdurumları isə tənəzzülünə səbəb olmuşdur.

Dini, fəlsəfi, siyasi, ideoloji sistemlər kanonikləşdikcə, doktrinalaşdıqca, İnsanı yalnız öz elementi qədərincə görmüş, bəsləmiş, özünün xüsusi təhsil, təlim, tərbiyə mexanizmləri ilə yönəltmiş, öz məfkurə komplekslərinə qapamışdır.

Baxın tarixə. Ən azadfikirli insanların yaratdıqlarında belə həmin qəlib-komplekslərin izi, çapığı var. İnsanı “dünyanın əşrəfi” sayan təlimlərdə belə onu kilidləyən, hətta alçaldan məqamlar var. Mühafizəkarlığın qatılaşdığı, qaragüruhun qızdığı çağlarda insanın əlindən özünü almaq üçün onun içinə daha nələri yerləşdirməmişlər?! – Uyuq, teyf, marionetka, xacə, manqurt, inkivizitor, səlibçi, cihadçı, təriqətçi-məzhəbçi, məddah, missioner, ideologiya vaizi, kommunist, fürerçi, polpotçu, terrorist... Kimlərsə onun içinə öz çəkmələrini belə yeni tip insan modeli kimi geydirməyə çalışmış. Ona görə də tarixdə çoxlarının başı – ayaq kimi işləmiş. Bu üzdən nə qədər acı olsa da, demək olar ki, bəşəriyyətin özünüyaratma tarixi onun özünüdağıtma tarixi ilə iç-içədir.

Buna görə də, fərdləri, kütlələri buxovlayan və özünə xidmət etdirən sistemlərin “insanquraşdırma əməliyyatına” qarşı insan təbiətinin özünüyaratma-özünütəsdiq ruhu qiyam qaldırmış. Bu baxımdan da demək olar: Dünya tarixi – özünü yaradıb dərinləşən insanla təbəələşdirilmiş kütlədən özünü təşkil edib möhkəmlənən qın-sistemin toqquşması tarixidir.

Özünüyaratma proseslərini əngəlləyən qın-sistemləri, görksaldır ki, özünü yarada bilməyən, öz içində böyüyə bilməyən, amma çiyinlər üzərində yeriyərək sosium piramidasının dikinə dırmaşmağı bacaran axtacırtdanlar yaradırlar. Firon-imperator mahiyyətində axtacırtdanlıq uyuyur. Axtacırtdanlığın qəflətində xoruldayan və xorultusunu həyat hesab edib ona yallı gedən toplumlarsa öz içindəki zəka odalarını görmək bəsirətində olmur...

İnsanların böyük əksəriyyəti elə doğulduğu kimi qalır, özünü yaratmadan dünyadan köçürlər. Bunlar və özlərini “topuğunacan”, “dizinəcən”, “qurşağınacan”, “çiyninəcən” yaradan insanlar özlərini başınacan, başının üstündəki səmasınacan, buradakı Kamil “Mən”inəcən – Öz Zirvəsinəcən yaradan insanlardan qat-qat çox. Dünya daha çox yarımçıq, infantil boğanağında. Sərxoşluq və narkotikaya dalıb da özünüpuçaçıxarmada. Siyasi əllaməliyin heyvərəliyində. Texnomaniya caynağında. Sektaçılıq tələsində. Cürbəcür doktrinaların boyunduruğunda. Millətçilik şirnisində. Geydirmə Kosmopolitlik xülyasında. Biclər bazarında. Giclər şousunda. Yeyib-içməkdə. Kef eləməkdə...

İçi cürbəcür mif, din, siyasət, ideologiyalarla doldurulmuş adamları “boşaltmaq” onları doldurmaqdan da çətin və təhlükəli...

Zahid özünü yaratmaq üçün dünyanın qırağına çəkilir. Karyerist məmur həyatını qurmaq üçün dünyanın cığına dartınır. Dünya zahid-məmur simlərinin aşırısında çalınır...

Özünüdağıtma stixiyasından qopmaq zərurəti zaman-zaman yaşanıb. Özünüyaratma fəlsəfəsinə çox güclü ideya-konsepsiyalar verən axtarışlar aparılıb. İnsanı onun içindəki yaradıcı başlanğıca yönəldən, ancaq ona heç bir hazır resept-instruksiya verməyən fəlsəfi axtarışlar, xüsusilə özünüyaratmanın, özünücilalamanın, özünükamilləşdirmənin böyük zərurətini öz daxilində yaşayan düşünərlərin axtarışları daha təbii və bərəkətli olub.

“Self-made-man” (öz gücünə uğur, ad-san qazanan insan) toplum bütünə çevrilmiş. Özünü içində yarada bilməyənlər çabalarını çölə – əzələ landşaftına çıxarmış, “insanqayırmanın” bodybuilding çeşidlərində güc nümayiş etdirmişlər. İnsanı onun şüurunun altında eşələndirən, yaxud əksinə, üstinsanlığın ifratına vardıran fəlsəfələr – özünüyaratmanı onun ümumdünya məramından yayındıran, bununla da Yerüzündəki İnsan yaradıcılığının mənasını heçə endirən, yalnız bu puçluq içərisində sərgərdanlığın, əbədi vurnuxmanın rasional və irrasional ilğımını yaradan, İnsanı Kainatın böyük ritminə bağlamayan, tərsinə, onu həyatın dibsiz xaosuna, ayrısında taedium vitae (həyatdan doyğunluq, çiyrinmə) girdabına atıb.., sonda da öz içərisinə gömüb də tükəndirən dekadans fəlsəfəsidir.

Böhran psixolojisinin təntənəsindən – şax-şaxından sonra fikir tarixinə sinergetikanın doğulması təbii idi. Sanki ölməkdə olan fəlsəfə son nəfəsində sinergetikanın balağından yapışıb özünü xilas etmək istəyirdi. Amma sinergetika Qərb rasionalizminin düşüncə modelində nə qədər çırpınsa da, hətta ona meydan oxumağa cəsarətlənsə də, o modeldən çıxmaq istəməyərək, özünütəşkil nəzəriyyəsindən özünüyaratma fəlsəfəsinə yüksəlmədi. Sinergetikanın alternativi kimi neosinergetika özünüyaratma fəlsəfəsinin metodoloji əsaslarına öz konseptini yapa bilər.

Özünüyaratma fəlsəfəsinin əsas paradiqması belədir: Doğuluşun – Təbiətin, yaradılışın – Özünündür. Birinci üzərində ikincinin təməllənməsi ilə Kainatın Ali Loqosu özünün İnsan fenomenini aktuallaşdırır. Harmoniyasını tapan İnsan o Loqosun – Daonun daşıyıcısıtək Kainatquruculuğunda özünün əsl missiyası ilə hərəkət edir.

İnsanın Yerüzündə yaranmış və çiçəkləməkdə olan Beşik mədəniyyəti, əslində, bu hərəkət və onun miqyasının genişlənməsi üçün optimal şərait yaradan münbit zəmindir. Beşik mədəniyyətinin yaradıcı İnsanı yaratdığı ilə həm də özünü yaradır. Əsər – istər şeir, bağ, yol, məbəd, pətək, təndir..., istər dövlət olsun, – müəllifini yaradan müəllifdir. İnsan yaradıcılığı Təbiət yaradıcılığının sonsuz axarında öz nizamını, dəngəsini, ləngərini tapır. Təbiətin insanlaşması, İnsanın təbiətləşməsi Yer məkanına xüsusi görünüş – yaşıl müdriklik bəxş edir. Kainatın dərinlik miqyaslarına, onun ozon qatı kimi zərif əxlaqına, mənəviyyatının sonsuz fəzalarına yalnız bu poliqondan qalxmaq olar.

Özünüyaratma fəlsəfəsi durğunlaşmış dünya cəmiyyətlərinə yeni nəfəs, onu İnsan nüvəsindən hərəkətə gətirən impuls verə bilər. Yalnız özünü yaratmağa qadir insanlar yetkin cəmiyyətləri yarada və onların verimli vətəndaşı ola bilər. Bəşəriyyətin, onun elm və mədəniyyətinin aparıcı inkişaf layihələri özünüyaratma fəlsəfəsindən ideyalar ala bilər. Bu fəlsəfə bütün diqqəti İnsana – onun özünüyaratması prosesinin əhəmiyyətinə, bunun üçün potensial imkanlara malik olan yaradıcı sistemlərin funksionallaşdırılmasına, müvafiq texnologiyaların stimullaşdırılmasına yönəldir...

İnsan öz içindən göyərməsə, ona hər cür komplekslərin geydirilməsi, yaxılması, “qazonlaşdırılması” mümkündür. İnsan öz içindən göyərməlidir ki, Yerüzündə həyat qaynaqları daim yaşar, daim daşar, daim yaradıcı qüvvəsində olsun...

Özündən doğulmayanlar – fanilər, gəldi-gedərlər ömrünü yalnız bioloji subyekt tək, statistik vahid tək başa vurur. Spermanın bətndən qəbrədək yolu bitir.

Özünüyaratma – İnsanı öz daxili dünyasında bu dünyanın ən varılmaz terra incognita (naməlum torpaq) kıyılarına, ucqarlarına qədər böyük axtarışlara çıxarır...

Özünüyaradan Kainatın Taleyində özünüyaradan İnsanın heç kim tərəfindən təkrarlanmayan və yaşanılmayan müstəsna Taleyi budur!..

Uğur olsun!..

# 2992 dəfə oxunub

Müəllifin son yazıları

# # #