Yüngül Nizami tərcümələri  QİSMƏT YAZIR

Yüngül Nizami tərcümələri  QİSMƏT YAZIR
16 yanvar 2015
# 11:00

Dünyada elə məqam sahibləri var ki, onların çatdığı mərtəbədə bütün təyinlər əriyib yoxa çıxır, sıfır nöqtəsinə qayıdır. Onların adı özündən əvvəl heç bir statusu qəbul etmir: “Şair Nizami” deməzlər, “Şair Şekspir” yazmazlar. Onlar artıq özləri özlərinə bərabərdilər.

Tələbəlik illərimdə Nizamini yenidən oxuyanda içimə bir qurd düşmüşdü. Ola bilməzdi ki, məktəbdə bizə tədris edilən, aforizmləri bütün divarların alın yazısı olmuş Nizami bu qədər bəsit şeylər yazsın. Və bir gün rastıma “Xəmsə”nin sovet vaxtı nəşr olunmuş filoloji (sətri) tərcümələri çıxdı. O gün anladım ki, bir neçə səviyyədə aldadılmışıq:

1) Orta məktəb dərsliyi səviyyəsində aldadılmışıq, belə ki, şagird ağlımızın dərk etməsi qeyri-mümkün mətləbləri tutuquşu əzbərləməli olmuşuq;

2) Tərcümələr səviyyəsində aldadılmışıq, belə ki, Nizami sovet şairlərinin heca vəznli, diringə xarakterli yüngül tərcümələrində sənətkarlıqdan uzaq, adama ancaq nəsihət verən, darıxdırıcı qoca kimi görünür.

Niyə belə olub bəs? Niyə Nizamiyə belə yanaşıb istedadlı şairlərimiz? Cavabı Nizaminin özündə, “Yeddi gözəl”dəki bir əhvalatda tapdım.

Padşah Yəzdigird oğlu Bəhramı Ərəbistanda yetişdirmək üçün Nemana tapşırır. Neman yollandıqları vilayətdə Bəhram üçün bir qəsr tikdirməli olur. Yaxına-uzağa çapar göndərirlər, xəbər gəlir ki, Rum elində Simnar adlı bir usta var, namı dünyanı tutub, “daşı muma çevirən zirək bir memardır”. Qısa kəsirəm, Simnar dəvəti qəbul edib gəlir və Bəhram üçün Xəvərnəq adlı bir qəsr tikir ki, tamaşasına aləm yığışır. Bu kamil iş üçün Simnara saysız-hesabsız hədiyyələr bağışlayan Neman ondan soruşur: Sən bu saraydan gözəlini tikə bilərsənmi? Simnar deyir: Bundan yüz dəfə gözəlini də tikərəm, “ bu üçrəngdirsə, o yüzrəng olar; o yaqutdan olar, bu isə daşdandır”. Neman bu cavabı eşidəndə içinə bir od düşür. Sonrasını olduğu kimi Nizamidən oxuyaq:

“...Neman ürəyində dedi: “Mən əgər bunu zor və ya zərlə sağ qoysam,

Bundan yaxşı bir qəsri başqa yerdə tikər.

Adımı-sanımı puç edər.

Öz yazdığı kitabı – Xəvərnəqi – üzüqara edər.

Neman öz işçilərinə buyurdu ki,

Simnarı tez aparıb öz tikdiyi qəsrin başından yerə atsınlar...”

***

1812-ci ildə Vyanalı orientalist Joseph von Hammer Purgstall çox mütərəqqi bir iş görərək, Hafizin şeirlərini alman dilinə çevirdi. Bu tərcümələrdən həvəslənən Göte özünün məşhur “Qərb-Şərq Divanı”nını yazdı.

XIX əsrdə bir başqa alman, Fridrix Rükert “Quran”ı almancaya çevirdi, ardınca isə Nizaminin “İsgəndərnamə”sini, ərəb ədəbiyyatından Həririnin “Məqamlar”ını, Əbu Təmmamın mindən artıq şeirdən ibarət “Hamasa” adlı antologiyasını da öz doğma dilinə tərcümə etdi. Onun tərcümələrindən sonra alman şairlərinin çoxu şərq şeir formalarında, motivlərində əsərlər yazdılar.

Misalların sayını çoxalda bilərəm. Bunları niyə yazıram? Çünki bizim özümüzə münasibətimizdə nəsə naqislik var. Höte ikinci dildən oxuduğu Hafizdən qidalanıb əsər yazır, Koelyo Şərq pritçalarını ələk-vələk edib bestsellerlər istehsal edir, Kalvino, Eko Şərqin əhvalat nəqletmə sənətindən dürr çıxardırlar, Pamuk “Xosrov və Şirin”dən “Mənim adım qırmızı”ya pəncərə açır, biz isə heç alababat da oxumadığımız Nizamini çağdışı sayırıq. Məncə, Nizami öz mətləbləri ilə bizdən çox müasirdir.

***

Belə bir polemik sual qoymaq istəyirəm: Nizami şairdirmi? Məncə, yox. Mənə görə Nizami bizim ilk romançımızdır. Roman deyəndə, əlbəttə ki, mən bizim bugünkü mənada anladığımız romanı demirəm. Məsələn, X əsr yapon ədəbiyyatı nümunəsi olan “Bambuk kəsənin əhvalatı” (“The Tale of the Bamboo Cutter”) əsəri bütün romanların əcdadlarından hesab edilir, amma əlbəttə ki, çağdaş, oturuşmuş roman anlayışı ilə yox.

Mənim Nizamini niyə romançı sayıram? İki arqumentim var.

Birincisi. Antik dövrdə də, orta əsrlər də fəlsəfi əsərlərdən elmi-nəzəri əsərləri qədər bir çox şeyi şeirlə yazmaq ənənəsi vardı. Məsələn, Qədim Roma filosofu Lukretsi Kar “Şeylərin təbiəti haqqında” əsərini şeirlə yazıb, amma bugün həmin mətn şeir yox, fəlsəfi mətn qəbul edilir. Və yaxud Nikola Bualonun məşhur “Poeziya sənəti” kitabı şeirlə yazılıb, amma o kitab da bugün dünyanın hər yerində daha çox klassisizmin nəzəriyyəsi kimi oxudulur. Mənim fikrimcə, Nizaminin lirik qəzəllərini çıxsaq, “Xəmsə”si şeirlə yazılsa da, daha çox roman(lar)dır.

İkincisi. Nizami əsərlərindəki “Kitabın yazılma səbəbi” hissəsində həmişə mövzunu necə tapmasından, mətni necə qurmasına qədər bir çox mətləblərə aydınlıq gətirir və bu izahlarda adətən yazır ki, mövzunu məndən əvvəl yazanları araşdırdım, qoca adamlarla görüşüb material yığdım, əhvalatların variantlarını tutuşdurdum və s. Mənim fikrimcə, bu şeirdən çox, nəsr texnologiyasıdır.

Nizaminin “Kitabı yazılma səbəbi” hissələrini oxuyanda mənim yadıma çağdaş nəzəriyyədə mətnin özünün yazılmasına, qurulmasına eyham vurmasını bildirən, türkcəsi “üstkurmaca” olan, metafiction fəndi yadıma düşür. Məsələn, Kurt Vonnequtun “Sallaqxana N-5” romanının girişini xatırlayın. Nizami “qocalarla görüşüb material yığdım” deyəndə, mənim yadıma Orxan Pamukun “Qar” romanını yazanda Qarsdakı adamlardan müsahibələr alması düşür və s.

Və sonda. Düşünürəm ki, biz bugünkü dünyada Nizamini mədəni bir brend kimi dünyaya təqdim etməyin yollarını düşünməliyik. Məsələn, Konya şəhərini hər Mövlanəyə görə minlərlə turist ziyarət edir, niyə Nizamiyə görə hər il Gəncədə belə bir festival olmasın ki? Məncə, bizim dünyaya çıxışımız, mədəni turizm sahəsində bizə hörmət gətirən ən yaxşı addımımız hər il keçirə biləcəyimiz (amma fasiləsiz hər il) Nizami festivalı, Nizami günləri ola bilər.

Mən sirri quyuya danışdım, qamış bitər, tütək çalınarmı, bilmirəm.

# 1770 dəfə oxunub

Müəllifin son yazıları

# # #