Mehdi Hüseynin Nazim Hikməti küsdürməyi

Mehdi Hüseynin Nazim Hikməti küsdürməyi
9 oktyabr 2015
# 14:13

Yaşıl dəftərdən çıxarışlar -1

Mətnin sehrli labirintinə düşən kimi gözlərim Ariadna sapı yerinə keçəcək bir yol-riz, bir açar metafora, bir istinad nöqtəsi axtarmağa başlayır. Qəfildən üstümə sayısız suallar yağmağa başlayır: niyə bu cümləylə başladı, niyə açılışı bu səhnəylə etdi, niyə girişdə iç/çöl təsvirinə yer verdi, niyə birinci/üçüncü şəxsin dilindən yazıb? Zaman keçdikcə, yazmağın elə bir məqamını hiss etməyə başlayırsan ki, həmin o məqam sənin üçün beş-altı il əvvəl tamam qaranlıq, uzaq, gözəgörünməz bir nöqtə idi, amma daimi mütaliə, üstəgəl, hər gün xırda-para olsa da nəsə yazmaq səni həmin yerə yaxınlaşdırır. Birdən-birə özün də bilmədən əvvəllər varlığından tamam xəbərsiz olduğun bir dünya ilə üz-üzə gəlirsən – tanımadığın şəhərdə, qəfildən bir döngəni dönəndə qarşına çıxan bir park kimi, ya da çağdaş arxitekturanın ekstravaqant binaları arasında gizlənmiş çox qədim tarixi bir bina kimi. Onda, o anda, səni heyrətləndirən bu qəribə tanışlıq, hələ kəşf olub-olmadığın bilmədiyin kəşf, damarlandakı qanı coşduran bu gözlənilməz həyəcan dünyasına giriş, məzmunu ilə yox, ifadə tərzi ilə cazibəli olur. Çünki məzmun həmişə olmasa da, çox vaxt aktual olana meyllənməyi sevən, konformist xarakterlidir, üslub, tərz isə min illərdi başqa-başqa variantlarda təkrarlanan məzmunu təzə bir nöqtədən ifadə etməklə onun bətnində gizlənmiş sonsuz mənaları üzə çıxarır. Hər yeni baxış, yeni rakurs üsluba gedən yolun birinci pilləsidir. Amma kamil üsluba gedən yol, təkcə, məzmuna yeni rakursdan baxmaq deyil, həm də sonradan üslub deyilən nəsnənin başdan-başa özünə çevriləcək, ölənə qədər yazarın etap-etap öz malına çevirəcəyi tərzi tapmaqdı; yəni müəyyən olunmuş məzmunu yeni rakursdan necə ifadə etmək ? – sualı ilə əlləşməkdir. Üslub məzmunun arxasındakı istedadı, intellekti və əlbəttə ki, zəhməti də göstərən rentgen şüası kimidir. İstisnalar isə istisnadır.

***

Kitab oxumaq, təkcə, ömrünün sonuna qədər yazılmış bütün yaxşı kitabları oxumağın qeyri-mümkünlüyünü bilə-bilə, ehtirasla, vəcdlə, narkotik aludəçiləri kimi başqa cür yaşaya bilməmək deyil, oxumağın alt qatında, görünür həm də nəsə bir şeyi yekunlaşdırmağın verdiyi gizli həzzi var. Bu gizlin həzzin lap dərin qatlarında, nüvəsində isə gündəlik həyatın təkrarından, bezdiriciliyindən, hələ bir ömür boyu davam edəcəyini bildiyin anlamsız, primitiv rituallardan qaçmaq, sözlərin, səslərin dünyasına sığınmaq, orda, o adi kağız parçalarının içindəki sözlərdən qurulmuş xəyali dünyada ömür sürmək istəyi var. “Yazmaq – danışmağın ən yaxşı üsuludur. Danışırsan sözünü kəsmirlər” – deyən Renuarın fikrini xırda bir əlavəylə başqa cür təkrarlamaq olar: Təkcə, yazmaq yox, həm də oxumaq – yaşamağın ən yaxşı yoludur. Oxuyursan, ən azı inancın diri qalır.

***

Ötən ay Nazim Hikmətin seçilmiş əsərlərini yenidən vərəqləyəndə, ayrı-ayrı vaxtlarda oxuyub altından xətt çəkdiyim, kənarına nəsə qeyd yazdığım şeirlərdən birini – məşhur “Dəvət” şeirini oxuyanda, köhnə bir həqiqəti özüm üçün təzədən təsdiq etdim. Nazim Hikmət adından da göründüyü kimi bu şeirində ölənəcən itirmədiyi gur, humanist səsiylə bəşəriyyəti birliyə, qardaşlığa səsləyir:


“Dörtnala gelip Uzak Asya'dan
Akdeniz'e bir kısrak başı gibi uzanan
bu memleket, bizim.

Bilekler kan içinde, dişler kenetli, ayaklar çıplak
ve ipek bir halıya benziyen toprak,
bu cehennem, bu cennet bizim.

Kapansın el kapıları, bir daha açılmasın,
yok edin insanın insana kulluğunu,
bu davet bizim…

Yaşamak bir ağaç gibi tek ve hür
ve bir orman gibi kardeşçesine,
bu hasret bizim…”

Birdən-birə mənim ağlıma gəldi ki, şeirdəki “bu dəvət bizim” misrası və bütövlükdə mətnin ötürdüyü mesaj Mövlanənin əsrlər əvvəl söylədiyi “Kim olursan ol, gəl…” çağırışının XX əsrdəki Nazimcəsinə səslənişidir. Bircə fərqlə, Rumidə metafizik olan, Nazimdə sosialistcədir. Belə baxanda, deyəsən, bir-birinə daban-dabana zidd görünən dünyagörüşlərinin də kəsişdiyi, bir-birini təsdiq etdiyi məqamlar var. Bu, məncə, daha çox böyük humanist ideyalardan söhbət gedəndə belə olur.

***

Hans Xristian Kirşin “Ezra Paund” monoqrafiyasını oxuyandan sonra, neçə gündür ki, müxtəlif əsrlərdə yaşamış, fərqli taleli sənətçilər haqqında düşünürəm. Qəribədir, Brodskinin, Nabokovun, Soljenitsının yaşaya bilmədiyi ölkəyə Nazim Hikmət xilas yeri kimi baxırdı. Brodski də, Nabokov da Amerikanı seçmişdilər, amma həmin Amerikada Ezra Paund həbxsanaya salınmış, dəlixanaya göndərilmişdi. Kim düz eləyirdi görəsən?

***

Mövlanə ilə Nazim arasında başqa bir analogiya da tapmışam. İki məşhur əhvalat var, biri Rumi, o biri haqqındadı. Amma mənə nədənsə elə gəlir ki, bunlar eyni əhvalatdı – bir medalyonun fərqli üzləridi.

Deyilənə görə, Şəms yoxa çıxandan sonra, Rumi hətta Şəmsin adını tutub yalan danışanlara belə xələt verirmiş. Bir gün yenə bir yalançı Rumiyə deyir ki, Şəmsi filan yerdə gördüm. Mövlanə yalançıya əynindəki xirqəsini hədiyyə edir. Kimsə deyir: “O, yalan danışır axı.” Rumi cavab verir: “Bu yalana görə xirqəmi verdim, düz olsa canımı da verərdim.”

Hardansa belə bir əhvalat oxumuşdum ki, Nazim Bakıda olanda, Mehdi Hüseynin otağında İstanbuldan gələn çoxlu kitab, dərgi görür. Acıgözlüklə vərəqləməyə başlayır, Mehdi Hüseyn deyir ki, Nazim, qoy yerbəyer edək, baxarsan. Mehdinin başı otağı sahmana salmağa qarışır, birdən ayılıb görür ki, Nazim yoxdu, eynəyi də masanın üstündə qalıb. Başa düşür ki, məmləkətini “saçının ağında, ürəyinin infarktında” gəzdirən şairi küsdürüb.

Səhər-səhər bu iki əhvalatı xatırladım və düşündüm ki, Rumi üçün Şəms nəydisə, Nazim üçün Türkiyə həmin şey idi.

(ardı var)

sim-sim.az

# 1336 dəfə oxunub

Müəllifin son yazıları

# # #