Replika

Replika
7 yanvar 2015
# 18:27

Tiflis-Bakı qatarında gözümə yuxu getmirdi deyə, adi, komik kassa filmlərimdən birinə baxası oldum: "Миллион для чайников". Amma sizə deyim ki, filmin ideyası, motivi çox xoşuma gəldi; Balzakın "Şaqren dərisi"ndən tutmuş, Dino Buzzatinin "Sehirli pencək" hekayəsinə qədər bu motivə çox rast gəlmişəm.

Ər-arvad orta statistik ömür sürürlər, çoxlu arzuları var: bahalı maşın, ev, parti təşkil etmək və s. Filmin əvvəlindəcə ər işdən qovulur, vəziyyət qəlizləşir. Sonrakı kadrlardan birində ər-arvad yol kənarındakı əntiq dükanına girirlər. Qadın dükanda gördüyü çox gözəl, qədimi çaydanı oğurlayır. Evlərinə qayıdanda qəribə hadisələr baş verir, ər-arvad bir-birini çimdiklədikcə, çırtma vurduqca, çaydanın içindən pul çıxmağa başlayır. Beləliklə, onlar başa düşürlər ki, bir-birlərinə nə qədər çox xəsarət yetirsələr, zərər versələr, çaydandakı pulun məbləği artacaq. Bu yolla öz başlarına olmazın işlərini gətirib pul yığmağa başlayırlar, zəngin olurlar. Bir gün görürlər ki, özlərinə nə qədər çox fiziki zərər versələr də, pulun məbləği azalır, çaydan artıq yüzlüklər yox, beşliklər, onluqlar verir. Qərara gəlir ki, bir-birlərinə mənəvi zədə yetirsinlər, bir-birlərinin qəlbini qırsınlar. Başlayırlar bir-birlərinə xəyanətlərindən, namərdliklərindən danışmağa. Ər deyir ki, sən küsüb anangilə gedəndə mən bir qadınla tanış olmuşdum, öpüşmüşdüm onunla, uzun illərdi səni öpəndə burnuma onun saçlarının qoxusu gəlir...

Qadın da bir əhvalat danışır. Və hər ikisi bir-birinin qəlbini qırdıqca, yaraladıqca, çaydan dayanmadan yüzlüklər çıxarmağa başlayır.

Tanış gəldimi?

# 2321 dəfə oxunub

Müəllifin son yazıları

# # #