Dönüş bileti-İstanbuldan qeydlər

Dönüş bileti-İstanbuldan qeydlər
19 noyabr 2014
# 15:52

Cənnət – kitabxana kimi bir yer olmalı. (Borxes)

Çoxdandır Yasamal məzarlığında bənövşəyi bir daşın altında uyuyan Surə nənəm, duzlaşmadan tutulmuş ayağını sürüyüb yanıma gələr, astmadan sıxılan nəfəsini çəkə-çəkə saçlarımı sığallayıb deyərdi: balam bir gün əli diplomatlı həkim olacaq...

Bir cümlə əvvəlki məzarlıqda, eyni bənövşəyi əbədistanda yatan Tələt babam isə bütün şuşalılar kimi müzakirəsinə çox da tənəzzül etmədiyi söhbətlərə daha çox gözləri ilə qoşular, dodaqdan gözə ötürdüyü əlifbasız, amma həmişə amiranə dildə deyərdi: nəvəm hüquqşünas olacaq!

Danışığı astma krizləri ilə tez-tez qırılan nənəm üç nöqtəydi, sussa da sözü qanun olan babam nida işarəsi...!

Bakı-İstanbul təyyarəsində Mirmehdi ilə bir az söhbətləşəndən sonra, necə oldusa, bunları və başqa bir epizodu xatırladım. Bir gün dərsimi deyib universitetdən çıxmış, dalğın-dalğın metroya tərəf gedərkən, əlimdəki diplomata bənzər çantaya baxıb diksinmiş, sonralar idarə etməyi öyrəndiyim öz-özümə danışmaq mərəzimi nəzarətdən buraxmışdım: “Deyəsən nənəmin arzusu qismən də olsa baş tutub...”

İndi mənə tamam əlaqəsiz gəlsə də, həmin gün düşünmüşdüm ki, bircə qalır babamın arzusu ilə öz gerçəkliyimi birləşdirmək. Sonralar, çox sonralar Uilyam Bleykin sadə, amma sarsıdıcı təsbitini oxuyanda həmin günü dəfələrlə xatırlamışam. Bleyk yazırdı: “Bu gün baş verən nə varsa, dünən arzu edilən idi”. Görünür başqa bir Uilyamın, şair Batler Yeytsin dediyi “əcdadların yaddaşına qoşulmaq” məsələsi, həm də bir az budur.

Təbəssümləri uniformalarının tərkib hissəsi olan stüardessalar yemək servisinə başlamamışdan qabaq, pilotun ənənəvi nitqini eşidirik və nədənsə mənim ağlıma gəlir ki, bu dünyada iki şeyi başa düşmək üçün özəl qabiliyyət lazımdı: biri həkimlərin xəttini oxumaq, o biri isə pilotların nə dediyini anlamaq.

Təyyarənin pəncərəsindən buludlar görünəndə, Mirmehdi deyir ki, görən buludların üstündə gəzmək olarmı? “Niyə olmur ki,” – deyirəm, “tanışıqla bir-iki bulud alıb, ev də tikmək olar”. Ta demirəm ki, Yerdə yer tapsan, gözün buludlarda qalmazdı, dostum...

***

33-cü Beynəlxalq İstanbul Kitab Fuarında Bilik Fondunu təmsil edən bəndəniz, yarmarkaya addım atan kimi, elə bil, kitabsevənlərin yalnız xəyalında təsəvvür edəcəyi bir aləmə düşdüm. Stendlərin arası ilə heyrət dolu gözlərlə gəzərkən düşündüm ki, ilahi, bu hələ Frankfurt Kitab Yarmarkasının heç onda biri deyil, amma mən təəccübdən ağzı açıq qalmışam.

İstanbul kitab yarmarkasının bu ilki fəxri qonağı Macarıstan idi; macarların stendləri ilə üzbəüz isə bizim Mədəniyyət Nazirliyinin stendi idi – darıxdırıcı, monoton, boz, misli görülməmiş zövqsüzlük nümunəsi...

Adam utandığından gizlənməyə deşik axtarır. Niyə belə davranırıq? Hikkədimi, qəsddimi, mən anlamıram. Sonucda hamı öz ölkəsini, öz dövlətini, öz mədəniyyətini təmsil etmək üçün çabalayır, amma bu qeyri-ciddiliklə, bu zövqsüzlüklə biz özümüzü ancaq və ancaq biabır edə bilərik.

Necə ki, edirik. Nazirlik yeganə naşir, kitabçı kimi, özünü göstərmək istəyirsə, özü bilər, amma əgər burda məqsəd ölkə mədəniyyətini, kitabçılığını tanıtmaqdırsa, onda lütfən bu anlaşılmaz siyasətindən əl çəksin. Ölkə prezidentinin fərmanı ilə 150 cildlik dünya ədəbiyyatı çıxıb, ayrı-ayrı nəşriyyatların, universitetlərin azsaylı da olsa maraqlı nəşrləri çap olunub, “Kitabçı” var, “Alatoran” var və s. Stend üçün o boyda yer götürmüşük, olmaz ki, normal nəşrlərdən aparaq, görsünlər ki, bizdə də dünya yazıçıları çap olunur, uzaqdan da olsa nədənsə xəbərimiz var, başıaşağı, üzüqara olmayaq. Odey cənublu soydaşımız, türk arkadaşımız, makedoniyalı həmkarımız, macar məsləkdaşımız deyir ki, siz bilməzsiz yəqin Fuko var, onu yazıb, bunu yazıb. Mədəni adamlarıq, durub qışqırası, öz ölkəmizi başqasının yanında aşağılayası deyilik ki. Birtəhər səbrimizi basırıq, deyirik ki, ay yoldaşlar, Fukonu da, Derridanı da, Liotarı da, Delözü də, Haydeggeri də oxumuşuq, sonra susurlar, hesablaşırlar, hörmət edirlər.

Haqqına danışmaq lazımdır, həmişə tənqid olunan Şahbaz Xuduoğlunun biradamlıq kamera boyda kiçik stendindəki azsaylı kitablar üzümüzü ağartdı, nisbətən özümüzə gəldik.

Bizim müəlliflər, bilmirəm nədənsə düşünürlər ki, kitabı qalın üzlüklü, üstəlik, qara, qəhvəyi rənglərdə nəşr etdirsələr, kitab dönüb olacaq ciddi, zövqlü. Birdəfəlik başa düşmək lazımdı, hədiyyəlik kitabları, özəl akademik seriyaları çıxmaq şərtilə, dünyada nərdtaxta boyda, qalın üzlü kitablar demək olar ki, qalmayıb. Birüzlü, monoton sovet nəşrlərini unutmaq lazımdır, özü də təcili. Kitabların arxasına yazılan tanıtım yazılarımız, annotasiyalarımız darıxdırıcı universitet mühazirələrinə, iclas nitqlərinə bənzəyir. Nə qədər solğun, eyni qəhvəyi ton olar, yahu?! Bu rəng zəhrimar da, intizam deyil ki, almanlarda olsun, bizdə olmasın.

Amma çox da üzülməyin, bizdən də betəri vardı. Yarmarkaya bulvar ədəbiyyatı nümunələri ilə gələn rusların da stendi yaradıcılıqdan uzaq və biabırçı idi, gürcülərin də...

Türkiyədəki nəşr evləri, yazıçılar, dərgilər müəyyən profil üzrə öz yollarını tutublar. Tutaq ki, bizim görüşmək imkanı tapdığımız ünlü ədəbiyyatşünas Semih Gümüş “Notos” dərgisi və həmin marka altında ayrı-ayrı kitablar dərc edir, onun öz stendi, öz kütləsi var. Bir başqa nəşriyyat daha çox akademik kitablar çap edir, bir ayrısı daha çox solçu, marksist kitablar, bir digəri ancaq gənclərin kitablarını və s.

Yarmarka müddətində Mirmehdi ilə bir neçə paneldə, təqdimatda da iştirak etdik. Məsələn, ilk qatıldığımız tədbir yazıçı Kemal Varolun “HAW’” romanına “Cevdet Kudret roman mükafatı”nın təqdimetmə mərasimi idi.

Tədbirdə bir daha aydın oldu ki, biz imza günü, təqdimat, iclas keçirməyin də mədəniyyətinə sahib deyilik. Mükafat mərasimində iki tənqidçi hərəsi 3 dəqiqə olmaqla çıxış etdi, sonra müəllifə mükafat verildi, romançı öz əsərindən kiçik bir parçanı oxudu və tədbirin moderatoru elan etdi ki, bu romanın mövzusu avtomatik olaraq “roman və sosial problemlər” temasını doğurduğu üçün 10 dəqiqə bu barədə danışaq. 10 dəqiqədən sonra yerdən bir neçə sual verildi, vəssalam. Cəmi-cümlətanı 40-45 dəqiqə ərzində hər şey həll olundu, bitdi. Düzü mənim müəllifə yazığım gəldi. O boyda romançısan, qohum-əqrəbadan, dost-tanışdan yığ gətir tədbirə, imza gününə gedib kitabını aldığın yazıçıları çağır, hamısına söz ver, belə olmaz axı. Bir tədbirdə ki, hələ sənin kitabını indicə almış adamlar gəlib demədilər, mən Kemal Varolu çoxdan tanıyıram, çörək kəsmişik, yoldaşlıq eləmişik, Varol sözü bilən oğlandı, böyüyə-kiçiyə hörməti var, dilin keşiyində durur, içiylə yaşayır, ta o nə tədbir oldu ?! Hələ mən bəzənib-düzənib əklil-fason güldəstəsi gətirən yanıbalalı asimmetrik arvadları, içəridə ötəri görünüb çöldə siqaret darta-darta tədbirdən sonrakı məclisi gözləyən “sadiq” oxucuları demirəm....

***

Dönüşümüzə az qalıb. “Hürriyət” otelindəki 404 nömrəli otağın aralığından sis kimi çəkilən gecə, səhəri içəri dəvət edir – qayıtmağın səhərini. Bir azdan çamadanlarımızı da, özümüzü də götürüb, bütün küçələrinə şeir tökülmüş, tarix yazılmış, dənizi qağayılara həmqafiyə bu şəhəri tərk edəcəyik.

Oteldən çıxırıq. Birdən asta, çox asta bir İstanbul yağışı başlayır. Mirmehdi ilə adama bir siqaret yandırırıq, susuruq. Yaxından vapurların fit səsi gəlir, su satan uşaqlar zarafatlaşırlar. Eynəyi burnunun ucuna düşmüş təqaüdçü ixtiyarlar, ayağını ayağının üstünə aşırmış damağı siqaretli xanım əfəndilər, tez-tez saqqalına sığal çəkən abilər az şəkərli qəhvə içir, qəzet oxuyurlar. Təzəcə gəldikləri bu qocaman şəhərdə itib-batmaqdan qorxan turistlər əllərindəki bələdçi-kitablara gömülüblər. Yağışın qoxusu simit ətrinə qarışır. İstanbul bizi uğurlayır.

Gecə saat 2-də təyyarəmiz Bakıya düşür. Bizi tanıyırlar, sizi oxuyuruq filan deyirlər. Soruşurlar ki, çamadanımda nə var? “Kitablar” - deyirəm. Yenə soruşurlar: “Nə kitabları?”. Həvəs yoxdu, yuxusuzam, yorğunam, candərdi “müxtəlif” – deyirəm. Mirmehdini saxlayırlar. Çöldə gözləyirəm, içəridən mənə zəng eləyir ki, burda deyirlər, Orxan Pamuk ermənipərəstdir, Salman Rüşdü islam düşmənidi, nə bilim, o biri nobelçilər də hərəsi bir şeydi. Kəsəsi, kitabları buraxmaq istəmirlər. Səbirli ol, deyirəm. Neyləyək, adamlar bilmir ki, Orxan Pamuk prezidentin fərmanı ilə çıxan 150 cildlik dünya ədəbiyyatı seriyasında nəşr olunub, Rüşdü hər yerdə satışda var və həmin onlar, həm də digər yazıçılar hamısı dünyanın önəmli müəllifləridi. Qabaqcıl ölkələr bu yazıçıların əsərlərinin öz dillərində olması ilə fəxr edirlər, bunu mədəni prestij sayırlar.

Bilmirəm, neçənci siqareti yandırıram, hava yavaş-yavaş işıqlaşmağa başlayır. Birdən qərara gəlirəm ki, təzədən girişdən keçib içəri qayıdım, gedib xahiş edim ki, allahı sevirsiz, buraxın bizi, icazə verin çamadanlarımızı, kitablarımızı da götürüb qayıdaq evimizə - orda yolumuzu gözləyənlər var, Mirmehdinin oğlu yatmır ki, atam oyuncaq gətirəcək; icazə verin qayıdaq əcdadlarımızın məzarı üstünə - orda bizi əli diplomatlı görmək istəyənlər uyuyur...

Siqaretimi tullayıb qapıya tərəf getmək istəyirəm ki, çıxışda çamadanlarını arxasında sürüyə-sürəyə mənə tərəf yaxınlaşan Mirmehdinin yorğun, narahat, kədərli siması görünür. Başımı qaldırıb səhəri qarşılamağa hazırlaşan Bakı səmasına baxıram, qəfil gözümə aeroportun girişindəki yazı sataşır: “Azərbaycana xoş gəlmişsiniz!”

# 3165 dəfə oxunub

Müəllifin son yazıları

# # #