Bu məqaləni oxuyun, yazmağın sirlərini öyrənin

Bu məqaləni oxuyun, yazmağın sirlərini öyrənin
15 aprel 2019
# 11:55

Kulis.az Qismətin “Ssenari yazmağın sirri” məqaləsini təqdim edir.

İllər öncə “Tele-radio jurnalistikası” ixtisası üzrə magistraturaya qəbul olunduğumu öyrənəndə, adətim üzrə əvvəlcə bizə kimlərin dərs deyəcəyi ilə maraqlanmışdım. Müəllimlərin sırasında Tariyel Vəliyevin adını görmək məni həyəcanlandırmışdı. Adını çox eşitsəm də, az qala, bütün tele-tamaşalarına baxsam da, Tariyel Vəliyevi həyatda görməmişdim. Çünki o, özü işindən çox görünən çağımızın eqoist insanıyla daban-dabana zidd olan bir dövrün təmsilçisiydi. Sonralar aramızda çox isti, çox məhrəm münasibətlər yaranan Tariyel müəllim, çallaşan bığları, xamaleon eynəyi ilə mənim üçün VHS kasetlərin cızırtılı görüntülərində, foto-albomların yapışqanı qopan çərçivələrində yaşayan əlçatmaz, yarıməfsanəvi bir zamanı ifadə edirdi. O günə qədər sənət mühitində onun qədər mədəni, alicənab, nəcib adam görməmişdim.

Bu elə bir nəciblik idi ki, sükutu belə ətrafını səhmana salırdı.

Bu elə bir mədəniyyət idi ki, sən onun bayramını təbrik etməyə hazırlaşarkən, bir də görürdün telefonun zəng çalır...

Tariyel müəllim bir dövr üçün əfsanə olan məşhur tele-tamaşalarının makinada yığılmış ssenarilərini auditoriyaya gətirəndə, hamımız muzey vitrinlərinin şüşəşi arxasında saxlanan, əllə toxunulması mümkün olmayan, çox nadir bir şey görmüşcəsinə ovsunlanmışdıq. Halbuki qarşımızda bir az əzilmiş, bir az da saralıb-soluxmuş vərəqlər vardı. Şükür ki, payızı başlayan o vərəqlər xəzəl olub sovrulmamış, nəsə öyrənə bildik.

Həmişə mənə elə gəlib ki, onun tele-tamaşalarının nüvəsində bu gün intizarında olduğumuz, peşakar tələblərə cavab serial strukturunun proto variantı yatır. Əlbəttə, bu gün biz çakka-çuklu makinaların, saralmış vərəqlərin dövründə yaşamırıq. Bizim imkanlarımız Tariyel müəllimin mənsubu olduğu sənətçilər nəslinin imkanları ilə müqayisədə ağlasığmaz dərəcədə irəlidir. Bəs niyə ürəyimizcə işlər alınmır? Yəqin ki, əvvəla maddi problemlər var, sonra isə digər ciddi səbəblər: bəzən peşakarlığın, bəzən isə peşakar intizamın yoxluğu, tamaşaçını nəzərə almaqla tamaşaçıya hesablamağı səhv salmaq, pafosun dözülməz yüngüllüyü, ağlaşmanın melodramla, hırıltının gülüşlə qarışdırılması, bir də deyəsən ağına-bozuna baxmadan hər şeyi inkar torbalarına dürtüşdürtmək, boşluğa azadlıq, sırtıqlığa komplekssizlik, boşboğazlığa cəsarət demək və ən nəhayət təbrik etməyi bacarmamaq...

Mən bu yazını həftədə cəmi iki dəfə gördüyü tələbələrini belə təbrik etməkdə qabaqlayan o kişinin – Tariyel Vəliyevin müqəddəs xatirəsinə ithaf edirəm.

***

Son iki ildə ssenari yazmaqla bağlı xeyli kitab oxudum. Kaş onların hər biri haqqında yazmaq, bəzilərini tərcümə etmək imkanı olaydı. Hələlik “arzu” qovluğunda sayrışırlar...

Ssenari ilə bağlı oxuduğum kitabların içində mənə ən maraqlı gələn Kristofer Voqlerin “Yazıçının səyahəti: ssenari və hekayə yazmağın sirləri” kitabı oldu. Voqler uzun illər Hollivudun məşhur kino şirkətləri üçün ssenari, hekayə analisti kimi (maraqlı peşədir) çalışıb. Hal-hazırda “Paramount pictures” şirkətində işləyir. Onun kitabı mənə bir az da ədəbiyyatla, mifologiya ilə qurduğu bağlara görə maraqlı gəldi. Bəri başdan deyim ki, Voqlerin təklif etdiyi model ilk baxışdan çox sxematik görünür və deyilənə görə, daha çox kassa filmləri üçün yararlıdır, halbuki məncə, bu modelin fəaliyyət sahəsi nəzərdə tutulandan daha genişdir. Fikrimcə, bizə indi daha çox keyfiyyətli kassa filmləri lazımdır, davamız da kinomuzu industrial mərhələyə keçirmək, normal bazar mühiti yaratmaq olmalıdır. Bunlar olmasa, hələ uzun illər epizodik uğurların ilğımında təsəlli tapacağıq. Elə buna görə də düşündüm ki, həm hekayə, həm də ssenari yazmağa yeni başlayan, yaxud yazdığı ssenarini təkmilləşdirmək istəyənlər üçün bu modeli bilmək faydalı olacaq. Voqlerin yaratdığı modelin ən müsbət cəhəti praktik olmasıdır, zatən araşdırmasının ilkin variantı “Praktik bir bələdçi” adlanır. Bu model Karl Qustav Yunqun kollektiv təhtəlşüurla, arxetiplərlə bağlı araşdırmalarına və görkəmli mifoloq Cozef Kempbelin “Min sifətli qəhrəman” kitabına əsaslanır. Müəllif bu modeli şərti olaraq “Qəhrəmanın səyahəti” adlandırır.

Əvvəlcə ümumi şəkildə Yunqun və Kempbelin nəzəriyyələri ilə tanış olaq.

Karl Qustav Yunq mürşidi Freydlə fikir ayrılığına düşəndən sonra, öz təlimini “Analitik psixologiya” adlandırdı. Freydin hər şeyi daha çox libidoya, seksual enerjiyə bağlayan nəzəriyyəsindən fərqli olaraq, Yunqun təlimində metafizika üçün də yer var. Bu başlıca fərq öz yerində. Yunqa görə, Fərdi təhtülşuurdanbaşqa iki komponentdən – instinktlər və arxetiplər əmələ gələn Kollektiv təhtəlşüur da var. Belə deyək ki, Fərdi təhtəlşüur cari yaşantılarımızın toplandığı mərkəzdir, Kollektiv təhtəlşüur isə doğulandan bizdə olan, bütöv bəşəriyyətin və o bütövün bir hissəsi olan doğma kültürümüzün bizdə davam edən universal kodlarıdır. Çağdaş kompüter terminologiyasına çevirsək, təxminən, Kollektiv təhtəlşüur kompüterin üstündə gələn hazır əməliyyat sistemi, Fərdi təhtəlşüur isə sonradan yaşadıqca, işlədikcə ona yüklədiklərimizdir. Yəni Yunq deyir ki, biz bir-birimizdən fərdi təhtəlşürumuza görə ayrılsaq da, elə bir kollektiv mərkəz, yaxud zirzəmi var ki, ora enəndə hər şey bərabərdir, oxşardır, müxtəliflik libası geyinmiş eynilikdir. Filosofun fikrincə, instinktlər məcburiyyətdən yaranan aktlara əməl etməkdir, məsələn, quşun yuva qurması və s. Bunun biyoloji əsasları var. Amma dünyanı dərk etməyin təhtəlşüur qatı da var; instinktlər əməllərimizi, arxetiplər isə qavrayış tərzimizi ifadə edirlər və bunların hər ikisi kollektivdir.

Bəs Yunq arxetip deyəndə nəyi nəzərdə tutur ? Karl Qustav yazır ki, Kollektiv təhtəlşüuur arxetiplər vasitəsilə işləyir. Bu, əcdadlarımızdan bizə keçən, şüurumuzu bizim iradəmiz olmadan idarə edən, dəyişdirən və formalaşdıran mexanizm, bir növ, genetik yaddaşdır. Yunq görə, bütün miflərdə, sənət nümunələrində bu arxetipləri müəyyənləşdirmək və oxumaq mümkündür. Yunqdan Kempbelə, ordan Voqlerə keçdiyimiz məqam bax burda gizlənib.

Görkəmli mifoloq Cozef Kempbelə görə, qədim zamanlarda müdriklər dünyanı mətn kimi, obrazlar vasitəsilə oxumağı, şərh etməyi yaxşı bacarırdılar. Belə deyək, onlar simvolların qrammatikasını bilirdilər. Vedaların dediyi kimi, həqiqət birdir, müdriklər ona müxtəlif adlar qoyublar. Kempbelin dünya mifoloqları içindəki mövqeyini möhkəmləndirən beş kitabdan ibarət monumental əsərlərinin ümumi altbaşlığı “Tanrıların maskası” adlanır; birincisi ”İbtidai mifologiya”, ikincisi “Şərq mifologiyası”, üçüncüsü “Qərb mifologiyası”, dördüncüsü “Yaradıcı mifologiya”, sonucu isə bizim mövzumuz olan “Min sifətli qəhrəman” adlanır. Müəllif öz nəzəriyyəsinə şərti olaraq Mono-mif deyir. Yunqdan qidalanan Kempbelin fikrincə, nəhayətsiz yaradıcı bir mərkəz var və biz bu mərkəzin izinə miflərdə düşə bilərik.

***

Voqler yazır ki, hər mədəniyyətin öz “Qəhrəmanın Səyahəti” var; belə ki, yerli personajların bəzi cəhətləri həmişə terminlərlə uzlaşmır, hər kültür ona fərqli yanaşır, yaxud onu fərqli şəkildə ifadə edir. Buna görə də kitabımın 1993-cü ildəki ilk nəşrindən bu yana dəfələrlə tənqid olundum və ötən illər ərzində bu tənqidlər modelimi cilaladı, zənginləşdirdi.

Müəllif yazır ki, əvvəla sənətçilər, tənqidçilər üstümə düşüb mənim modelimi boyat təkrarçılığa, sxematizmə aparmaqda suçladılar. Bəzi yazıçılar yaradıcı prosesin analiz edilməsindən narahat oldular, onların fikrincə, kitabları, müəllimləri görməzdən gəlib birbaşa işə girişmək lazımdır. Onlar üçün sənət bütövlükdə intuitiv prosesdir, demək qaydasızdır və formullaşdırıla bilməz. Müəyyən qədər haqlıdırlar, amma hər şey kimi, sənət də analiz oluna bilər.

Voqler yazır ki, bir başqa cəbhə də məni standart, qəlib bir dil yaratmaqda ittiham etdi. Xeyli ölkədə konfranslar verdim və bəzi ölkələrdə bu modelin amerikan işi “kulturoloji imperializm” vasitəsi olduğuna eyham vurdular. Məsələn, Avstraliyada. “Qəhrəmanın səyahəti” kor-təbii şəkildə kopyalansa və sorğusuz-sualsız, təhlilsiz hər mətnə tətbiq olunsa, belə ola bilər.

Voqler maraqlı bir məqama da toxunaraq xüsusi şəkildə yazır ki, bəzi mədəniyyətlərin “qəhrəman” terminindən qorxduğunu gördüm. Avstraliya və Almaniya belə mədəniyyətlərdəndir. Avstraliyalılar qəhrəmanlığı xas keyfiyyətlərə vurğu salmır, buna etibar etmirlər, çünki belə anlayışlar nəsillər boyu gənc avstraliyalı kişiləri İngiltərə adına müharibələrə göndərmək vasitəsi kimi istifadə edilib. Avstraliya mədəniyyətində liderlik və ya şöhrət axtarışı hörmətsizlik kimi qəbul edilir, bunu edənlər, tezcə, gündəmdən düşürülür. Onların qəhrəmanları çox vaxt könülsüzdürlər.

Alman mədəniyyəti də “qəhrəman” termininə qarşı ehtiyatlı davranır. Qəhrəmanlığın Almaniyada qədim ənənəsi olsa da, iki dünya müharibəsi və Hitler faşizmi bu anlayışı ləkələyib. Nasistlər qəhrəmanlıq mifinin güclü simvollarını pozdular, onu canavara, qəsbkara çevirdilər. Post-Hitler dövründə mədəniyyət özünü təzədən dəyərləndirəndə, qəhrəmanlıq düşüncəsi bir kənara atıldı. Həvəssiz, soyuqqanlı anti-qəhrəmanlar Almaniyada daha çox populyardır.

Müəllif qeyd edir ki, onun modeli daha çox kişi-mərkəzçi döyüşçü mədəniyyətlərin təzahürü sayılaraq tənqid edilib. Bəzi tənqidçilər bu modeli cavan oğlanları orduya yollamaq üçün icad edilmiş bir propoqanda vasitəsi, ölümü tərifləyən və özünü axmaqcasına fəda etməyi təhrik edən bir üsul saydılar. Amma militarist məqsədlərə də uyğun gəldiyi üçün bu modeli kənara atmaq olmaz, çünki əvvəla əfsanələrdə, miflərdə əsas qəhrəmanlar adətən döyüşçüdür; ikincisi, döyüşçülük qəhrəmanın xeyli cəhətindən ancaq biridir; qəhrəman eyni zamanda pasifist, ana, hacı, axmaq, kral, kölə, fəhlə, asi, qorxaq və s. də ola bilər.

Bu modeli sekssizm, qadın-kişi ayrı-seçkiliyi kontekstində də tənqid ediblər. Amma müəllif bu tənqidləri də nəzərə alıb, araşdırıb və müəyyən qənaətə gəlib. Yazır ki, mən bu modelin bütün insanlar üçün eyni olduğuna inanıram, çünki hamımız doğulma, böyümə və yaşlanma kimi ortaq reallıqları paylaşırıq, fəqət onu da qəbul edirəm ki, qadın olmaq fərqli ritmlər, təzyiqlər, periodlar deməkdir. Kişilərin bir hədəfdən digərinə davam edən səyahətləri daha çox xətti olur, qadınların səyahəti isə içəriyə və çölə doğru qıvrıla bilir. Qadınların səyahəti üçün ən uyğun bənzətmə spiralvaridir, yaxud vahid mərkəzi nöqtəsi olan iç-içə halqalar...

Voqler yazır ki, kitabının ilk nəşrindən bir müddət sonra xeyli adam ona kompüterlərin interaktiv, xətti olmayan ifadə vasitələrini nümunə göstərir, bununla da demək istəyirdilər ki, model artıq köhnəlib, yararsızdır. Amma zaman göstərdi ki, bu modeli yeni dövrün kompüter oyunlarına belə tətbiq etmək mümkündür. Çünki interaktivlik həmişə bizimlə idi, axı biz xətti nəql edilən bir əhvalata qulaq asarkən belə, xətti olmayan bağlantılar qururuq.

Müəllif uzun illik təcrübəsinə əsasən deyir ki, bu model bir neçə hissədən ibarət olduğu kimi, hər hissə də öz içində başqa-başqa hissələrdən əmələ gəlib.

Qəhrəmanın səyahəti

İstər konkret bir yerdən başqa bir yerə olsun, istərsə də daxili aləmə – iç dünyaya, ürəyə, beyinə, ruhun dərinliklərinə – qəhrəmanın əhvalatı həmişə səyahətdir, axtarışdır. “Qəhrəmanın səyahəti” modeli şərti olaraq hərəsi 4 hissədən ibarət olan 3 bölümdür, yəni 12 etapla ifadə edilir:

  1. Sıradan həyat
  2. Macəraya dəvət
  3. Dəvətin rədd edilməsi
  4. Rəhbərlə, köməkçiylə tanışlıq
  5. İlk mərhələni keçmək
  6. Sınaqlar, müttəfiqlər, düşmənlər
  7. Mağaranın dərinliyinə enmək
  8. Çilə
  9. Mükafat
  10. Evə dönüş
  11. Dirilmə
  12. İksirlə, sehirlə əvvəlki vəziyyətə qayıtma
  1. Sıradan həyat. Fikir versəniz, xeyli hekayə, roman, film personajın sadə, adi, sıravi həyatının təsviriylə başlayır. Bu problemsiz dünya, “balığın suda” təsviri bir azdan personajın başına gələcəkləri kəskinləşdirmək, yəni konflikti gücləndirmək, kontrastı artırmaq üçündür. Bir azdan macəra qəhrəmanın qapısını döyəcək, “balıq sudan” çıxacaq, dramaturji mexanizm işə düşəcək.
  2. Macəraya dəvət. Bu hissədə qəhrəman problemlə tanış olur, yəni sıradan həyatın tarazlığı pozulur. Bu bənd bütün sujetin oyun qaydalarını təyin edir, qəhrəmanın məqsədini tamaşaçı üçün aydınlaşdırır: intiqam almaq lazımdır, sevgilini xilas etmək lazımdır və s.
  3. Dəvətin rədd edilməsi (Könülsüz qəhrəman). Bu hissədə qəhrəman adətən tərəddüd edir, hazır olub-olmamağı ilə bağlı şübhəyə düşür. Çox vaxt bu nöqtədə əlavə bir komponent (vəziyyəti qəlizləşdirən bir hadisə, yaxud kiminsə ürək-dirək, cəsarət verməsi) işin içinə girir.
  4. Rəhbərlə, köməkçiylə tanışlıq. (Müdrik qoca kişi və ya qadın)Qəhrəmanla rəhbər, köməkçi arasındakı əlaqə mifologiyadakı ən məşhur motivlərdən biridir və simvolik mənası da xeyli zəngindir. Bu motiv valideynlə uşağı, ustadla şəyirdi, həkimlə xəstəni və Tanrıyla insan arasındakı bağları rəmzləşdirir. Rəhbərin funksiyası qəhrəmanı hələ hazır olmadığı sınağa hazırlamaqdır. Rəhbər bunu nəsihət, yaxud sehirli alət verməklə edə bilər. Fəqət rəhbər müəyyən yerə qədər qəhrəmanın yanında olur, sonra qəhrəman hər şeylə özü təkbaşına üzləşməlidir.
  5. İlk mərhələni keçmək. Bu hissədə artıq qəhrəman macəra dünyasına qədəm qoyur, problemlə üzləşməyi qəbul edir. Əhvalatın, sujetin dinamikləşdiyi, macəranın həqiqətən başladığı an budur. Hava şarı göyə qalxır, gəmi yola düşür, qatar hərəkət edir – oyun başlayır.
  6. Sınaqlar, müttəfiqlər və düşmənlər. Birinci etapı, mərhələni keçəndən sonra qəhrəman yeni çətinlikliklərlə, sınaqlarla qarşılaşır, düşmənlər və müttəfiqlər qazanır, yeni qədəm basdığı dünyanın qaydalarını öyrənməyə başlayır. Xeyli “Hollivud” filmində bu cür tanışlıqlar üçün meyxanalar, barlar seçilir; bu məkanlarda simvolik mənada qəhrəmanın cəsarəti, qətiyyəti test edilir, dostlar, düşmənlər qazanır. Bu məkanlarda həm də qəhrəmanın əsas xarakterik cizgiləri aydınlaşır: aqressivliyi, döyüş bacarığı, qadınlara qarşı münasibəti və s.
  7. Mağaranın dərinliyinə enmək. Bu hissədə qəhrəman axtardığı şeyin olduğu təhlükəli məkanın sərhəddinə, yerin altına, qaranlıq dünyaya, cəhənnəmə çatır. Bu, adətən düşmənin baş qərargahı, macəradakı ən təhlükəli yerdir. Qəhrəman burda ikinci mərhələni, etapı keçməlidir. Qəhrəmanlar çox vaxt hazırlaşmaq, plan qurmaq üçün bu özəl dünyanın qapısında nəfəs dərirlər. Bütün mifologiyalarda mağaranın ən dərin yeri ölülər ölkəsini, zülmət diyarını təmsil edir. Qəhrəman sevdiyini xilas etmək üçün quyunun dibinə, cəhənnəmə enməlidir (Orfey, Məlikməmməd), xəzinəni, sevgilini əldə etmək üçün əjdaha ilə dalaşmalıdır (skandinav mifologiyasında Siqurd).
  8. Çilə. Bu mərhələdə ən böyük qorxusuyla üzləşən qəhrəmanın bəxti gətirmir, işləri tərs gedir. Ölümlə qarşı-qarşıyadır, düşmənlə döyüşməyin bir addımlığındadır. Bu yerdə çox vaxt qəhrəmanın döyüşdə sağ qalacağı sual altına düşür, qeyri-müəyyənlik yaranır, gərginlik artır. Tutalım, romantik komediyalarda qəhrəmanın çətinliyi münasibətlərin “müvəqqəti ölüm”ü ola bilər, sonra qəhrəman sevgilini təzədən qazanır. Qəhrəmanın yenidən doğulmaq üçün ölməsi, yaxud ölmüş kimi görünməli olduğu bu mərhələ, ən kritik məqamdır, yəni Çilədir. Qəhrəman mifi öz gücünü burdan alır – yenidən dirilən İsa Məsihdən tutmuş “Matriks”in baş qəhrəmanı Neoya qədər.
  9. Mükafat. Əjdahanı, Minotavrı öldürən qəhrəman mükafat (ölümsüzlük iksirini, sevgilini, almanı) əldə edir. Bunlar hər biri simvolik dəyəri olan nəsnələrdir, çox vaxt sevgini, bilgini, müdrikliyi təmsil edirlər.
  10. Evə dönüş. Qəhrəman hələ meşədən, quyudan, zülmət dünyasından, labirintdən çıxmayıb. Burda üçüncü etap başlayır. Xeyli filmdə bu etapda təqib, qaçdı-qovdu səhnələri olur. Bu etap qəhrəmanın macəranın əvvəlindəki sadə, sıravi, tarazlıq dünyasına qayıtmaq istəyində nə qədər qətiyyətli olduğunu göstərməyə də xidmət edir.
  11. Dirilmə. Qədim zamanlarda ovçular, döyüşçülər evə qayıdarkən qana bulaşmış olduqları üçün təmizlənməli, arınmalıydılar. Quyuya, ölülər dünyasına gedib qayıdan qəhrəman evə dönməmişdən qabaq sonuncu bir çilədən keçməli, yenidən Dirilməli, təmizlənməlidir. Bu hissə macərada qəhrəmanın nələr öyrəndiyini görmək, öyrəndiklərinə nə dərəcədə vaqif olduğunu bilmək üçün sonuncu sınaqdır.
  12. İksirlə sehirlə əvvəlki vəziyyətə dönüş. Macəra bitib, Odisssey İtakaya qayıdıb, Məlikməmməd saraya. Amma qəhrəman geri qayıdanda özüylə o dünyadan ölümsüzlük iksiri, cavanlıq alması, xəzinə, yaxud sonrakı nəsillər üçün ibrətamiz hekayələr gətirməyibsə, macəra anlamsızdır. Əgər qəhrəman heç nə əldə etməyibsə, onda o lənətlənib: macəra təkrarlanmalıdır.

“Qəhrəmanın səyahəti” modeli orijinal detallarla, gözlənilməzliklərlə zənginləşdirilməsə, onda sxematik, klişe bir şeyə çevriləcək. Müəllif xüsusi şəkildə yazır ki, bu formul birəbir kopyalanmamalı, etapların burda təklif edilən ardıcıllığı çoxsaylı versiyalardan sadəcə biri kimi oxunmalıdır, yəni bu etapların yeri rahatlıqla dəyişdirmək olar. Təklif olunan model, formul mütləq deyil, yaradıcı bir mətndə bu etaplardan bəzisi olmaya, yaxud tamam tərs məntiqlə ifadə oluna bilər. Bu modeli özül, onurğa kimi başa düşmək lazımdır. Min illərindən sınağından çıxmış məlum həqiqətdə deyildiyi kimi: qaydaları pozmaq üçün əvvəlcə onları bilmək lazımdır.

***

Kempbel minlərlə hekayə, əhvalat bilən müdrik bir adam idi, amma ən sevdiyi hekayələrdən biri beləymiş. Yaponiyada din haqqında beynəlxalq bir konfransdaykən Nyu-Yorklu bir filosof bir Şintoist rahibə deyib ki, sizin mərasimlərinizə qatılmışam, məbədlərinizi gəzmişəm, amma ideologiyanızı anlamıram, teologiyanızı başa düşmürəm. Yapon rahib duruxub, gülümsəyərək belə deyib: “Məncə, bizim ideologiyamız, teologiyamız yoxdur. Biz rəqs edirik.”

mart-aprel, 2019

sim-sim.az

# 4636 dəfə oxunub

Müəllifin son yazıları

# # #