O elə bir zindandır ki...

O elə bir zindandır ki...
20 fevral 2013
# 11:36

Böyük sənət əsərlərinin bəzilərində ortaq bir cəhət var: Proloqun, yaxud ilk cümlənin bütün əsərin mahiyyətini ifadə etməsi. Ədəbiyyatda buna "ilk cümlə sindromu" da deyilir.

Orson Uelsin 25 yaşında çəkdiyi və dünya kinosunun şedevrlərindən hesab edilən "Vətəndaş Keyn" filmi də, təbir caizdirsə, "ilk cümlədən" vektorunu mahiyyətə çevirir.

Filmin başlanğıcında böyük bir qəsr görürük; qəsri çevrələyən həsir barmaqlıqların üstündə "Giriş qadağandır!" yazılıb. Kamera bu paxlava şəkilli həsir barmaqlıqlardan səmanı parça-parça göstərir, sonra qadağanı elə kameranın özü pozur və qəsrin içinə daxil olur, beləliklə, ekranda ölüm yatağındakı bir kişini görürük, kişinin əlində kristal bir kürə var. Sonradan Keyn olduğunu biləcəyimiz bu kişi son nəfəsində bircə söz deyir: Rosebud. ( gərək ki, rozbad kimi oxunmalıdır ) Sonra Keyn dünyasını dəyişir, əlləri boşalır, əlindəki kristal kürə yerə düşüb çilik-çilik olur. Filmin bundan sonrası bu sadə, eyni zamanda müəmmalı proloqdakı sualların cavabını axtarmaqdan ibarətdir.

Nədən bəhs edir "Vətəndaş Keyn" filmi ? Kimdir filmin adındaca vətəndaş olması xüsusi vurğunlanan cənab Keyn? Rozbad nə deməkdir?

Filmin proloqdan sonrakı hissəsində öyrənirik ki, ölən məşhur media maqnatı Çarlz Forster Keyndir və onun həyatı ilə bağlı bütün qəzetlər, telekanallar material hazırlayırlar. Belə media qurumlarından birində, Keynin ölərkən dediyi ROZBAD sözünün mənasını araşdırmaq üçün gənc jurnalist Tompsona tapşırıq verilir və gənc jurnalist sirrin arxasınca düşür.

***

Filmin düyünləri modernistlərin kəşfi olan flashback ( geridönüş, xatırlama) metodu ilə ilmə-ilmə açılmağa başlayır. Jurnalist Tompson hər dəfə mövzuyla bağlı kimin yanına gedirsə və həmin adamlar Keynlə bağlı nəyi xatırlayırlarsa, kameranın da gözü o illərə tərəf yol çəkir...

Tompson əvvəl Keynin ikinci həyat yoldaşı, alkoqolik olmuş Suzan Aleksandrın yanına gedir, ondan rozbadla bağlı heç nə öyrənə bilmir və üz tutur Uolter Parks Tetçer xatirə kitabxanasına. Tetçerin xatirələrində Keynlə bağlı hissələr var və bu təbiidir, çünki Tetçer onu anasıgildən ayırıb böyük şəhərə, böyük həyata gətirən adamdır. Kitabxanadakı xidmətçi qadın Tompsona konkret tələblər qoyur : cənab Tetçerin xatirələrində yalnız Keynlə bağlı hissələri oxuya bilərsiz, bir saat vaxtınız var və oxuduqlarınızdan birbaşa sitat gətirmək qadağandır. Tompson xatirələri oxumağa başlayanda, qadağanı yenə kamera pozur - o illərə qayıdır, tamaşaçıya, yəni bizə vizual sitat təqdim edir. Kitabxananın qaşqabaqlı xanım xidmətçisi gərək məni bağışlasın, çünki mən Tetçeri dirildib danışdırmaq istəyirəm.

Tetçerin xatırladıqları

"Çarlz Forster Keynlə ilk dəfə 1871-ci ildə Koloradoda rastlaşmışam. Cənab Keyn onda anasının adını daşıyan pansionatın həyətində oynayırdı. Atası eşidəndə ki, mən oğullarını bankımızın hesabına oxutmaq üçün onlardan almağa gəlmişəm, hirsləndi, həyat yoldaşı ilə dalaşdı. Çünki lazım sənədləri imzalamaq ixtiyarı həyat yoldaşının sərəncamındaydı və missis Keyn buna əvvəldən razıydı. Keynin atası isə buna qarşı idi. O elə hey deyirdi: "Mən başa düşmürəm, niyə oğlumuzu burda, özümüz oxutdura bilmərik ?! Oğlumuza hansısa bankın təhsil verməsi mənasızdır". Missis Keyn isə tövrünü pozmadan sənədləri imzalamaqla məşğul idi. Pəncərədən qayğısız, balaca Keynin şən səsi gəlirdi. O öz dostlarını qartopu oynamağa səsləyirdi. Sənədlər imzalanandan sonra, biz həyətə düşdük və valideynləri Keyni yanlarına çağırdılar. Mən, xizəyi ilə oynayan balaca Keyn, onun valideynləri, bir də həyətdəki qardan adam bir yerdəydik. Anası bizi tanış elədi, atası Keynə dedi ki, cənab Tetçerlə gedəcəksən. Keyn anasından soruşdu ki, ana, sən niyə gəlmirsən ? Anası dedi : Belə məsləhətdir. Keyn məni xizəyi ilə vurdu, yıxıldım, atasında tərəf qaçdı, anası çağırdı, geri döndü. Atası çox əsəbiləşdi, məndən üzr istədi. "Bu uşağa yaxşıca döymək lazımdır" - dedi. Missis Keyn qəzəbli-qəzəbli dilləndi : "Bax elə buna görə onun getməsi daha məqsədəuyğundur..."

***

Kamera burdan birbaşa Keynin 25 yaşına gedir və biz artıq görürük, Keynin təhsilini bitirib, qəzetin - "İnkuayrer"in başına keçmək üçün yoldadı. Əslində, sonradan biləcəyik ki, Tetçerin xatirələrində yazdığı gün Keynin həyatının dönüm nöqtəsidir.

Diqqətlə və bəlkə də yenidən baxanda aydın olur ki, Tetçerin Keyni götürməyə getdiyi gün, balaca Keyn dostlarını səsləsə də, əslində, xəyali dostları haraylayır, onlarla oynayır. Demək onun olduğu yerdə dostu yoxdur. Xəyali dostlar üçün tənhalıq vacib şərtdir, valideynlərindən, xüsusilə də anasından qoparılması onu daha da yalzıqlaşdırır. Sonrakı həyatındakı iqtidar hissi də, hər şeyə sahib olmaq istəyi də, başlanğıcını burdan götürür. O günün travması Keyndə itirmək qorxusu və qorxu ilə paralel hər şeyə sahib olmaq ehtirası yaradır. Gücü artdıqca ətrafındakı bütün güclərlə, avtoritetlərlə əlbəyaxa olması da, o məşum gündən qalma məsələdir.

Film boyu sirr kimi qalan, axtarılan, sonda isə evdən uzaqlaşdırılan balaca Keynin əlindəki xizəyin markası olduğu aydınlaşan ROZBAD sözü çoxmənalıdır. Rozbad sözünün xizək markası olduğunu biz tamaşaçılar bilirik filmdə isə Tompson sirrini çözə bilmədiyi bu söz haqqında belə bir fikir deyir : "Bəlkə də Rozbad Keynin heç vaxt əldə edə bilmədiyi, ya da itirdiyi bir şeydir." Amma bu "bəlkə də" sözü ilə sanki rejissor, yəni Uells tamaşaçıya ipucu kimi gələn fikri mütləqlikdən çıxarmaq istəyir. Rozbad sözünün lüğəvi mənası "gül qönçəsi" deməkdir, bir başqa mənası arqoda, el arasında işlənən mənasıdır : klitor, ana bətni. Demək bu söz təsadüfi seçilməyib, ana bətni həm cənnəti təmsil edir, həm də qaçıb xilas olmaq istədiyimiz həbsxananı. O elə bir zindandır ki, ordan bir dəfə çıxdınsa, bütün ömrün boyu ora qayıtmaq istəsən də, bunun qeyri-mümkünlüyü anlayıb gücsüz, zəif olduğunu dərk edirsən. Keyn filmdə Rozbad bir neçə dəfə çəkir və hər dəfə Rozbad sözünü deyəndə, əlində kristal kürə olur. O kürənin içində balaca bir ev və kürəni tərpətdikcə içinə qar yağır. O kürə də , Rozbad da, Keynin bütün gücünə baxmayaraq əldə edə bilmədiyi, həsrətini çəkdiyi hər şeydi : anası, uşaqlığı, xəyali dostları...

***

Rozbad da, kristal kürə də, cavabı axtarılan sirrin tam cavabı deyil, onlar olsa-olsa böyük bir müəmmanın parçalarıdır. Film boyu Keynin hekayəsi ayrı-ayrı adamların dilindən nəql olunur və bu mənada Uells bizə sezdirir ki, həm konkret cavab yoxdur, həm də filmin əvvəlində Keynin əlində düşüb çilik-çilik olan kristal kürə çoxmənalıdır.

Kristal kürə bir növ əl dəyilməmiş, kameraların, jurnalistlərin, müxbirlərin girmədiyi, sakral, intim dünyadır, mikrokosmosdur. Kristal kürə metaforasının fonunda filmdə Keynin milyardlar xərcləyib özünə tikdirdiyi Xanadu ( Zanadu ) da çoxmənalı olur. Zanadu onun itirdiyi hər şeyin əvəzinə qurmaq istədiyi böyük dünya idi ; filmin əvvəlində Zanadunun, böyük qəsrin qapısında asılmış "giriş qadağındır!" yazısı bu mənada ömrü boyu qəzetində başqalarının həyatına müdaxilə etmiş Keynin şəxsi həyatın toxunulmazlığına olan arzusunun metaforası kimi oxunur. Və əlbəttə təkcə bu cür oxunmur.

Filmin sonunda Zanadudakı əşyaları çəkməyə gələn jurnalistləri görürük, onlar burdakı ağlasığmaz heykəlləri, antik əşyaları, tabloları və s. görüb heyrətlənirlər, amma Rozbadın hələ də nə olduğu müəmma olaraq qalır. Burda qəfildən kamera kamini - sobanı göstərir və görürük ki, lazımsız əşya kimi köhnə bir xizəyi ocağa atıblar üstündə bir yazı qaralmaqdadı : ROZBAD.

***

Mən Orson Uellsdən nə öyrəndim ? Öyrəndim ki :

Dönüb arxaya baxanda, dəhşətə gəlirsən, arxadan sənə tərəf köhnə-kürüş şil-şikəst, dişi qanlı bir DÜNƏN qaçır və sən dabanına tüpürüb bu əcaib, qorxunc keçmişdən qaçmağa başlayırsan ; qaçırsan, qaçırsan, sonra dayanıb dincini alanda, bir də geri boylanırsan, bu dəfə görürsən ki, bütöv bir KEÇMİŞ - gözüdönmüş dünənlər ordusu sənə tərəf cumur. Neyləyəsən, hara qaçasan, bilmirsən. İçindən qəribə suallar baş qaldırır :

A) o hansı filmdir ki, afişası və o hansı kitabdır ki, üz qabığı güzgüdən olsun? Hər baxan, hər oxuyan özünü görsün orda.

B) Nə qədər baxan varsa, nə qədər oxuyan varsa, o qədər çoxala bilən filmlər, kitablar varmı görəsən ?

Beləcə düşünməyə başlayırsan ki, görünür ən yaxşısı başqalarının həyatını öz həyatınmış kimi yaşamaq və başqalarının ağrısını çəkə-çəkə, bir az da bundan zövq ala-ala ağrının utanılası bir şey olmadığını öyrənmək... Mümkündürmü ? Bilmirsən...

# 4019 dəfə oxunub

Müəllifin son yazıları

# # #