Baxışları Təbrizə qədər uzanan Həmid Herisçi... - Maestro Niyazinin yubiley konsertində musiqini ürəyi ilə "görən" kim idi?

Baxışları Təbrizə qədər uzanan Həmid Herisçi... - Maestro Niyazinin yubiley konsertində  musiqini  ürəyi ilə "görən" kim idi?
21 avqust 2025
# 11:30

Kulis.az İlkin Naibin reportajını təqdim edir.

Saata baxdım. 20:45-dir. Gecikirdim. Tələsik addımlarla metroya çatdım və “İçərişəhər”ə hərəkət edən qatara mindim. Artıq saat 21:10 olmuşdu. Metrodan çıxar-çıxmaz M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasından yüksələn simfonik musiqinin sədaları məni qarşıladı. Addımlarımın istiqaməti elə musiqinin axarı ilə birləşdi. Necə ki, vaxtilə səhnədə ifaçıların baxışları Maestro Niyaziyə yönəlirdi, mənim də addımlarım həmin sədalara yönəlirdi.

Bu gün Maestro Niyazinin doğum günü idi. Gəldiyim konsert də onun xatirəsinə, ad gününə həsr olunmuşdu.

Filarmoniyanın açıq havada qurulan səhnəsinə yaxınlaşanda, böyük izdihamla qarşılaşdım. Yayın boğuq-bürkülü havasında insanlar sanki buraya nəfəs almağa gəlmişdilər. Hər kəsin çöhrəsində bir gözlənti, bir arzu vardı. İlk dəfə idi simfonik orkestri canlı görürdüm. Səhnədəki düzüm, alətlərin sıralanışı bir rəsm tablosunu xatırladırdı. Rəssam olsaydım, bu anı fırçanın dili ilə əbədiləşdirərdim.

Kənarda, izdihamın bir az arxasında dayandım. Ortalarda dayanmaq qeyri-mümkün idi, addım atmağa belə yer yox idi. İfalar artıq başlamışdı, musiqi və sözün sehrinə tamaşaçılar yeni-yeni aludə olurdu. Gözüm səhnədəki dirijora - Yalçın Adıgözəlova sataşdı. Onun əl hərəkətləri, üz cizgiləri, baxışları ayrıca bir tamaşa idi. Bütün ifaçılarla göz kontaktı qurmağa çalışırdı. Elə bil gözləri ilə yox, musiqinin gözü ilə baxırdı hər kəsə. O an, sanki hamı musiqiyə çevrilmişdi onun üçün.

Birdən tamaşaçıların içində, azca uzaqda gözümə Həmid Herisçi sataşdı. Eynəyinin arxasından baxan baxışları Təbrizə qədər uzanırdı. Üzündə isə Herisçiyə məxsus o təbəssüm vardı. Onun gülüşü həmişə eyni olur, amma nə üçün güldüyünü hər dəfə anlamaq olmur. Bu dəfə üzündəki təbəssüm sanki hansısa uşağın gülüşündən oğurlanmışdı. Həmid Herisçi o an xoşbəxt idi.

“Qara gilə” səsləndi. İlk dəfə idi simfonik tərzdə hazırlanmış bir “Qara gilə” dinləyirdim.

Maraqlı alınmışdı, hətta orijinalından da fərqli bir zövq buraxırdı. İfanın bir yerində “Təbrizin küçələri dolanbadolan, Qara giləm, dolanbadolan” sözləri səslənəndə gözlərim yenidən Həmid Herisçini axtardı. Amma o artıq yox idi. Bəlkə də o anda Təbrizin darısqal, dolanbac küçələrində, üzündə uşaq təbəssümü ilə gəzişirdi.

Bir az gecikdiyimə görə yanımda dayanan gəncdən soruşdum:

– “Kor ərəbin mahnısı” oxunub?

O, bir az düşünüb cavab verdi:

– Deyəsən, yox.

– Çox sağ olun. Sevdiyim mahnıdır, istəməzdim qaçırdım. Gənc yarı laqeyd şəkildə başını tərpədib, “Hə” dedi.

Dayandığım yerdən ön sıralar aydın görünürdü. Gələndən bəri diqqət yetirməmişdim, görəsən kimlər var. Birdən baxışlarım Elçin Şıxlıya sataşdı. Məndən 6-7 nəfər o tərəfdə oturmuşdu. Necə də atası İsmayıl Şıxlıya oxşayırdı! Gözlərinin altında yığılan qırışlar, üzünün ifadəsi, sanki İsmayıl Şıxlı “Dəli Kür”ü bu dəqiqə yazıb qurtarıb, sonra da gəlib konsertə. Elçin Şıxlının həmin an oturuşu, sükutu mənə bu hissi yaşatdı.

Və nəhayət, gözlədiyim həmin mahnı səsləndi — “Kor ərəbin mahnısı”. İfaçı Mirələm Mirələmov idi.

Beynimdə olan hər şey bir anlıq silindi, dilimin altında isə Hüseyn Cavidin misraları təkrarlanırdı:

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı!
Nə xəlq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı!
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm!
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı!

Səhnənin sehrindəykən, birdən qarşımda dayanan orta yaşlı bir kişiyə gözüm sataşdı. O, yanındakı şəxsə səhnə barədə, ifaçılar barədə hər xırda detalı izah edirdi.

Dostunun gözlərindəki boşluqdan anladım ki, o, görmür. Amma dostunun səsi, təsvirləri sayəsində səhnəni elə duyurdu ki, sanki o, musiqini görür. O an düşündüm: musiqini eşitmək üçün göz lazım deyil, ürək yetərlidir...

# 237 dəfə oxunub

Oxşar xəbərlər

Əsərlərinin nəşri qadağan olunan, şair əri ilə birlikdə Romaya qaçan dissident yazıçı

Əsərlərinin nəşri qadağan olunan, şair əri ilə birlikdə Romaya qaçan dissident yazıçı

13:00 21 avqust 2025
Hərrac evi  Pikassonun əsərinə görə məhkəməyə verildi

Hərrac evi Pikassonun əsərinə görə məhkəməyə verildi

12:40 21 avqust 2025
Allah bizim iradəmizi şərə meyilli yaradıbsa... - Bəlkə yalnız sənə aid olan dünyanın düzəlməsini istəyirsən?

Allah bizim iradəmizi şərə meyilli yaradıbsa... - Bəlkə yalnız sənə aid olan dünyanın düzəlməsini istəyirsən?

12:30 21 avqust 2025
Bəkir Nəbiyevin 95 illiyi Gənclər Kitabxanasının təqdimatında

Bəkir Nəbiyevin 95 illiyi Gənclər Kitabxanasının təqdimatında

12:20 21 avqust 2025
Cənub-Şərqi Asiyanın ticarət tarixinə aid önəmli kəşf: 2000 illik  gümüş sikkələr

Cənub-Şərqi Asiyanın ticarət tarixinə aid önəmli kəşf: 2000 illik gümüş sikkələr

12:20 21 avqust 2025
Müğənni Rəqsanənin həyat yoldaşı da  istintaqa cəlb edildi

Müğənni Rəqsanənin həyat yoldaşı da istintaqa cəlb edildi

12:11 21 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər