Sosial şəbəkələrdə ədəbiyyat

Qismət, şair

Qismət, şair

9 mart 2022
# 11:00

Kulis.az Qismət Rüstəmovun “Sosial şəbəkələrdə ədəbiyyat (2020-2021)” məruzəsini təqdim edir.

Dünyada sosial şəbəkələrin aktivliyini, istifadəçi sayı ilə bağlı statistikalar aparan “We Are Social”ın 2020-ci il hesabatına görə, dünyada sosial şəbəkə istifadəçilərinin sayı 3,80 milyarda çatıb. Bu statistika onu göstərir ki, artıq sosial şəbəkələr planetimizin ən başlıca media vasitəsinə çevrilib. Bu gün sosial şəbəkədə olmaq ictimai həyatın mərkəzində olmaq, sosial şəbəkələrdən tamam uzaq olmaq isə, az qala, düşüncə dünyasının periferiyasına çəkilməklə eyni mənaya gəlməkdədir.

Bu gün Facebook sosial şəbəkəsində 2,49 milyard istifadəçi var, onun ardınca 2 milyard istifadəçi ilə Youtube, 1,6 milyard istifadəçi ilə WhatsApp gəlir. Rəqəmlərdən də göründüyü kimi, bəşər tarixində indiyə qədər heç bir media şəbəkəsi bu dərəcədə geniş miqyası əhatə etməyib. Bu miqyas avtomatik şəkildə öz qaydalarını, öz qrammatikasını, öz eko-sistemini formalaşdırmaqdadır, belə ki, artıq bu virtual dünyada ənənəvi medianın qanunları ya keçərli deyil, yaxud anaxronizm kimi görünür. Birbaşa, mərkəzsiz, informasiyanın həm emalı, həm qəbulu bir düymə uzaqlıqda olan bu sistemin yenilikləri, bütövlükdə incəsənətə, xüsusilə də ədəbiyyata təsir etməkdədir. Belə ki, xarakteri etibarilə audio-vizual paylaşımlara geniş imkan yaradan sosial şəbəkələrin, internetin dünyası, görkəmli italyan yazıçısı Umberto Ekonun dediyi kimi, bizi klaviatura vasitəsilə əlifba dövrünə qaytardığı üçün, əvvəllər yazıyla münasibəti bu qədər intensiv olmayan insanlar da hər gün nəsə yazmağa başladılar. Bununla yanaşı, sosial mediada aktiv istifadə edilən emojilər də ayrıca bir dil formalaşdırmaqdadır. Emojilərin intensiv istifadəsi bir yandan şəkli yazıya oxşasa da, digər tərəfdən, dilə əlavə olunaraq özünəməxsus, hibrid qarışıq bir ifadə tərzi yaradır. Bu yeni yarı hərflərdən, yarı emojilərdən ibarət dil ədəbiyyata da təsir edir, belə ki, artıq ədəbiyyatda eksperimental hekayə kimi, sözlərin minimallaşıb emojilərin maksimallaşdığı mətnlər də yazılmaqdadır.

Sosial media populyar mədəniyyətinin geniş kütlələrə çatmasına, hər yazılanın anındaca paylaşılmasına və rəylərə açıq olmasına rəvac verdiyi üçün, bəzən bu küyün içində sənətə aid ciddi kontentlər gözdən qaçsa da, bacarığı, talantı olanlar burada kimsənin dəstəyi olmadan özlərini göstərə bilirlər. “Hər şeyə icazə var” şüarını özünə rəhbər tutan postmodern epoxanın reallığı budur. Bu mənada dünya humanitar fikrində tənqidçilər iki yerə bölünüb. Birinci cəbhə sözügedən bu reallığı hədsiz pessimistcəsinə şərh edərək deyir ki, artıq ciddi sənət əsəri yaransa da, onun layiqli dəyərini alması qeyri-mümkündür, çünki biz post-sənət erasına qədəm qoymuşuq. Daha optimist cəbhə isə deyir ki, bu, müvəqqəti etapdır, ədəbiyyat, böyük sənət yenə öz yolunu tapacaq, çünki indi “sənət” adına təqdim edilənlər birdəfəlik istifadəyə yararlı şeylərdir, ömürləri növbəti statusa, tvitə qədərdir.

Ancaq bəlkə də sənət elə bu iki qütb arasındakı gərginlik sahəsində, qarşıdurmada, konflikt vəziyyətində özünü ifadə imkanı tapır.

Çağdaş Amerika yazıçısı Conatan Safran Foyer “Facebook və kitab” adlı çox maraqlı essesində yazır: “Tanıdığım xeyli insan kimi, mən də telefon və internetin həyat keyfiyyətimizi azaltdığını, dərin ehtiraslardansa parıltıya rəvac verdiyini, diqqəti dağıtdığını, konsentrasiyamızı get-gedə çətinləşdirdiyini və çox vaxt məni olduğum yerdən qopardığını düşünürəm. Hamamda uşaqlarımı yuyunduranda özümü elektron poçtumu yoxlayan yerdə tuturam, yaxud yazı yazarkən, bir cümlə, yaxud fikir rahatlıqla ağlıma gəlməyəndə əlim tezcə internetə gedir. Gözəl bir bahar günü telefonumun ekranını yaxşı görmək üçün özümü kölgəlik axtaran yerdə tuturam. Sizdə heç belə olmur? Sevdiyiniz bir adamla telefonda danışarkən, gizli nömrədən zəng gələndə, sevdiyiniz adamı gözlətdiyiniz olubmu? Fiziki tənhalığınızı hissi tənhalıqla qarışdırmısınız heç? Diqqət dağınıqlığı ilə aranızdakı münasibətin dəyişdiyini hiss etmisiniz: bir vaxtlar xeyli darıxdırıcı olan şeyin artıq axtardığınız şeyə çevrildiyini? Başqa bir zəngə cavab vermək istəyirsiniz? Deyirsiniz ki, kaş cavab verməli olduğunuz bir e-mail olaydı? Lazımsız bir mesaj gələndə telefonunuzdan çıxan səsə həsrətmi qalmısınız?”.

Bütün paradoksal cəhətlərinə baxmayaraq, sosial şəbəkələr yeni əsrin reallığı kimi artıq həyatımızın, informasiya resurslarımızın ayrılmaz hissəsidir. Sosial şəbəkələr bir yandan insanlarda qəribə asılılıqlar, yeni patologiyalar yaradır, bir yandan möhtəşəm imkanları vasitəsilə məsafədən ünsiyyət qurmağa, kommunikasiya qrupları yaratmağa, informasiyanı əlçatan etməyə gözəl şərait yaradır. Belə ki, tutalım, çağdaş dövrdə artıq psixologiyanın yeni araşdırma predmeti kimi daxil olan “nomofobiya” anlayışı maraqlıdır. Bu anlayış “no mobil fobiya” sözlərindən yaranıb və mobil telefondan asılılığı, onu itirmək, ondan aralı qalmaq qorxusunu ifadə edir. Digər tərəfdən, yeni texnologiyalar, o cümlədən sosial şəbəkələr bütün dünyada olduğu kimi, ölkəmizdə də çox maraqlı kitab, sənət vloqlarının, kitab səhifələrinin yaranmasına imkan yaradıb.

Ölkəmizdə facebook sosial şəbəkəsində sənətlə, kitabla bağlı aktiv fəaliyyət göstərən bu səhifələri xüsusilə qeyd edə bilərik: “Kitab həyatdır”, “Kitabsevərlər”, “Kitabıstan”, “KitabGəzər”, “Dartanyanlar kitab klubu”, “Kitablarla inkişaf edək”, “Kitabı Karandaşla oxuyanlar”. Bundan başqa, kulis.az, proza.az, yarpaq.az, mucru.art, sim-sim.az, edebiyyatqazeti.az kimi ədəbiyyat saytları da virtual dünyada aktivdir.

Fikrimcə, Youtube-un Azərbaycan seqmentində ən yaxşı kitab blogerlərindən biri Lamiyə Göycəyevadır. Onun youtube-da Lamiya Blue-Fox adı altında fəaliyyət göstərən kanalı kitablarla bağlı özünəməxsus təqdimatı, yığcamlığı, maraqlı rubrikalar tapması və bütün bunları maraqlı tərzdə ifadə etməsi baxımından başqalarından fərqlənir.

Bu məruzəyə hazırlaşarkən Lamiyə xanıma anket xarakterli bir neçə sual ünvanladım və youtube kanalıyla bağlı bu məlumatları əldə etdim: “YouTube” kanalımda ilk video 31 may 2020-ci ildə yayımlanıb. Dünya ədəbiyyatı, eləcə də yerli ədəbiyyatdan seçilən qeydləri paylaşdığımız “Kitabı karandaşla oxuyanlar”ın saytı, “Facebook”, “Instagram” və “Twitter” platformalarında səhifəsi var idi. Yenilik kimi kanal açmaq istədik. Pandemiya şəraiti də bunu bir növ tezləşdirdi. Mütaliə etdiyim bədii ədəbiyyat nümunələri haqqında qısaca məlumat verirəm, təəssüratlarımı bölüşürəm, məndə doğurduğu assosiasiyalara toxunuram. Ümumilikdə kanalda 91 kitab, bədii sindromlar və çap terminləri barəsində, həmçinin müxtəlif mövzuda “sual-cavab” tipli 34 video yayımlanıb. Ən çox reaksiya “Bədii ədəbiyyatda xəyanətkar qadınlar” başlıqlı videoya gəlib“.

Youtube platformasında kitablarla bağlı çoxşaxəli, produktiv, maraqlı səhifələrdən biri də Sərxan Rüstəmovun səhifəsidir:

Sərxan bəy youtube kanalıyla bağlı ona ünvanladığım anket xarakterli suallara belə cavab verib: “2016-cı ilin fevral ayından başlamışam yutubda videolar paylaşmağa. İndiyə qədər olan ümumi izlənmə – 277,075. Ümumi abunə sayı 7165 nəfər. 2020-ci ildə cəmi əlli altı video paylaşmışam. Bu videolardan iyirmi üçü sırf kitab təhlili və tövsiyəsidir. Yeddisi TV-lərə videomüsahibədir. Beşi müxtəlif yazıçı və şəxslərdən kitabla, mütaliə ilə bağlı aldığım müsahibələrdir. Beşi səsləndirdiyim qısa kitab və hekayələrdir – audio booklar. Qalanları isə kitab və mütaliə mövzusunda müxtəlif tədbirlərdə çıxışlar, uşaq tərbiyəsi ilə bağlı oyunlar, kitablar, izlədiyim filmlər və digər vloq tipli videolardır. Bu kanal ideyası necə yarandı? Kanalı açdığım ildə övladım yeni doğulmuşdu, ata olmağın verdiyi məsuliyyət hissi yəqin, burda önəmli rol oynayıb. Xüsusən də uşaq tərbiyəsi mövzusunda kitablar oxuduqca bunları hamı bilməlidir, bilsələr daha yaxşı cəmiyyətdə yaşayarıq, uşaqlarımız daha təhlükəsiz mühitdə böyüyər deyə düşündüm. Eyni zamanda sosial mediada olan boşluğu, məlumat kirliliyini bu formada az da olsa azalda biləcəyimi düşündüm. Bu formda artıq altı ilə yaxındır ki, davam edirəm, bəzən hər həftədə, bəzən iki həftədən bir çalışıram ki, mütləq kanala nəsə yükləyim”.

İnstagram platformasında “iki misra”, “poçtqutusu”, “poeziyaklubu”, “kitabdanparça”, “qaranida”, “dahiler_seheri”, “kitablandiya”, “birazpoeziya”, “mikayilmusviqdunyasi” kimi səhifələr aktiv fəaliyyəti ilə seçilir.

Düşünürəm ki, dünyada kifayət qədər tanınan, bizdə isə yeni-yeni istifadəçi sayı çoxalan twitch platformasının imkanları yaxın zamanda daha çox adamı cəlb edəcək. Artıq facebook kimi “qoca” şəbəkələrdən yorulan Z nəslinin nümayəndələri yeni yaranan telegram kimi sosial şəbəkələrdə kitab, ədəbiyyat, mədəniyyət, mifologiya ilə bağlı kanallar yaradırlar. Məsələn, yazıçı Ömər Xəyyamın telegram kanalı son illərdə mədəniyyətlə, xüsusilə, kinematoqrafiya ilə bağlı müntəzəm paylaşımları, yığcam analitik təhlilləri ilə diqqət çəkir.

Bu gün artıq internet dünyası növbəti mərhələyə, metaverse deyilən yeni etapa qədəm qoymaqdadır. Çağdaş texnologiyaların artıq ildən-ilə yox, az qala, aybaay yeniləndiyi, üstəgəl, son iki ildə pandemiyanın yaratdığ fiziki, psixoloji ovqat, evə qapanma, evi iş yerinə çevirmə kimi məsələlər, internet nəsli üçün virtual reallığı həyatın ən adi, lazımlı, məcburi gerçəkliyinə çevirib. Metaverse, NFT, blockchain texnologiyaları bu yeni reallığın hələlik ən sonuncu mərhələsidir.

# 3546 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #