İnsanı ilk dəfə kimlər ilahiləşdirib?

İnsanı ilk dəfə kimlər ilahiləşdirib?
11 dekabr 2013
# 08:30

Romantizm

Modern ədəbi tənqid XIX əsrin əvvəlində romantizmlə başlayıb; bu, əksəriyyət tərəfindən qəbul olunmuş fikirdir. İntibahdan XVIII əsrin əvvəllərinə qədər yalnız bir ədəbi cərəyan – neoklassisizm hökmran olub. XVIII əsrin əvvəllərindən - 1798-ci ildən - radikal romantizmin başlanğıcına qədərki dövr qısa keçid dönəmidir. 1798-ci ildə Tanrı, təbiət və insan anlayışlarında baş verən radikal dəyişiklik, şübhəsiz ki, ədəbi anlayışlara da təsir etdi. Bir məsələ də var ki, əslində, çoxlarının düşündüyü kimi romantizmlə klassisizm tamam bir-birindən fərqli deyil.

Neoklassik ədəbi tənqidin dəyərləri, ölçüləri, XVII əsrin sonunda ifrat şəkildə formalist idi. XVIII əsrin əvvəlində neoklassizmin qatı rasionalizminə, duyğudan, hissdən uzaq düşüncəni göylərə qaldırmasına qarşı çıxan ilk cərəyan, Anthony Ashley Cooperin qurucusu olduğu “duyğu məktəbi”dir (School of Sensibility). Bu məktəbin təmsilçiləri, sənətin əsasını təşkil edən insan təcrübəsində duyğunun düşüncədən daha universal və önəmli olduğunu deyirdilər. Əsrin əvvəllərində rasionallıq hakim idisə, əsrin sonunda bu məktəbin təsiri ilə duyğu hakim oldu. Romantizm ədəbi cərəyanının özündən əvvəlkilərdən fərqini və oxşarlıqlarını anlamaq üçün, əvvəlcə romantizmin fəlsəfəsinə nəzər salmaq lazımdır.

İngilis ədəbiyyatında romantizm adlanan ədəbi-mədəni hadisəyə, Amerika ədəbiyyatında Transendental idealizm adını vermişdilər. İngilis ədəbiyyatında Wordsworth, Coleridge, Keats, Shelley, Byron kimi böyük şair və tənqidçiləri yetişdirən bu cərəyan, Amerikan ədəbiyyatında Emerson, Whitman, Thoreau kimi şairlərin əsərlərində öz ifadəsini tapmışdır. Qərb ədəbiyyatında romantizm – fəlsəfədə humanizm, iqtisadiyyatda liberalizm və radikal individualizmdir. XIX əsrdə romantizmlə birgə insan kainatın mərkəzi olur, Tanrı mərkəzli kainat modeli dağılır, insan əxlaqi dəyərlərin həm ölçüsü, həm mənbəyinə çevrilir. XIX əsr romantizmi, mədəniyyətdə Xristianlıq sintezini yetərli saymayıb, neo-platonik fəlsəfəni mifləşdirən mistik bir cərəyandır. Lakin romantiklər, həqiqəti öyrənərkən fəhmi seçməklə yanaşı, maddəni və insan həyatını inkar etməyiblər. Klassik dinlərin cənnət-cəhənnəm anlayışlarını zamana və məkana köçürən romantiklər, mistik olsalar da ədəbiyyatda insanı ilahiləşdirən ilk dünyəvi cərəyanı yaradıblar.

Robert Langhaum “Təcrübə şeiri” (The Poetry of Experince) adlı əsərində, romantizmin ümumi ştrixlərini təsvir etmişdir. Onun fikrincə, romantizm - inkar və yeni dəyərlər sisteminə qayıdışdır. Romantik şairlə klassik şairi və duyğu məktəbi adlanan, radikal romantizmi hazırlayan ədəbiyyatçıları bir-birindən ayıran əsas özəllik, romantik şairin köhnə dəyərlər sistemini inkar etdikdən sonra yerinə yeni dəyərlər sistemi təklif etməsidir. Klassik şairlər isə köhnə dəyərləri qətiyyən inkar etməyiblər, duyğu məktəbinə mənsub olanlarsa, rədd etdikləri dəyərlərin yerinə yeni nəsə qoymağa cəhd etməyiblər. Romantik şairlər inkar etdikləri dəyərlərin yerinə təklif etdikləri şeyləri öz təcrübələrindən çıxarmağa məcbur idilər. Langbaum yazır ki, romantik şairin əsas özəlliyi inkar etdiyi sosial dəyərlərin yerinə öz təcrübəsini təklif etməsidir və təklif olunan bu yeni dəyərlər doqmatizmdən uzaqdır.

XIX əsrin romantizmini klassik və neo-klassik xəttdən ayırmamışdan əvvəl, “Duyğu məktəbi”nə bir az da diqqətlə nəzər yetirməyə ehtiyac var. Neo-klassisizmə etiraz kimi yaranmış “Duyğu məktəbi”nin banisi Cooper, əslində deist idi. Cooper-in “Fəzilət barəsində” və “Əxlaqçılar” adlı esselərində yaratdığı məktəbin əsas prinsiplərini görürük. Cooper birinci essesində Locke-un təklif etdiyi epistemologiyanı rədd edir. Cooperin fikrincə, insan xarici aləmlə bağlı informasiyanı əvvəlcə hiss orqanları vasitəsilə gerçəkləşdirdiyi müşahidələrdən əldə edir. Transendental səviyyədə informasiyanın qarmaqarışıq xammalı insan ağlı tərəfindən sistemləşdirilib bilgiyə çevrilir. Cooper “intuisiya” adlandırdığı insan ağlının dəyərlərini inkar edirdi; lakin onun fikrincə, insan zəkası, insan ağlı informasiyanı qəbul etməkdə əsas alət olsa da, yaxşını-pisi bir-birindən ayırd etməkdə funksional deyil. Bu məqamda Cooper insan hislərinin, qəlbin dəyərlərinin, insanın əxlaq duyğusunun önəmini məxsusi vurğulayır. Cooper insandakı əxlaq duyğusunu intuisiayadan daha önəmli sayırdı, onun fikrincə, insan yaranışdan yaxşıdır. Dünyadakı şərin, pisliyin səbəbi təbiətdən qopmuş mədəniyyət, materializm, şəhərləşmə və insan təbiətinə zidd olan çağdaş təhsil sistemidir. Mövcud cəmiyyətə, insanın içinə düşdüyü sosio-mədəni dəyərlərə qarşı çıxan Cooper, insanın yenidən mütləq mənada yaxşı olan, müsbət olan təbiətə geri dönməsini istəyirdi. Onun fikrincə, təbiətdə qüsursuz simmetriya var və insan da ruhunda bu ölçünü quranda, əxlaqlı olacaq.

Sosial ədalətsizliklərə qarşı çıxan Cooper, cəmiyyətin hər tərəfində ədalətsizlik görürdü və fürsətdən, şansdan, imkandan məhrum adamlara simpatiya bəsləyirdi. “Duyğu məktəbi” təmsilçilərinin bir başqa özəlliyi də heyvanlara olan sevgiləri idi.

“Duyğu məktəbi”nin təmsilçiləri insanı hissi təcrübəylə məhdudlaşdırırdılar və bu mənada neo-klassisizmin son dönəm nümunələrində olan insanı yalnız ağılla məhdudlaşdıran düşüncənin anti-tezisi kimi çıxış edirdilər. Yəni düşündükləri üçün var olan son neo-klassiklərin qabağına, hiss etdikləri üçün var olan “Duyğu məktəbi” şairləri çıxmışdı.

Neo-klassik məktəbin davamçılarından olan Hulme “Duyğu məktəbi”ni belə tənqid edir: “Onlar insanın əslində yaxşı, müsbət olması fikrini Russodan öyrənmişdilər. Pis olan sadəcə qanunsuzluq, ədalətsizlik, köhnə adətlər və insanın bunların altında əzilməsi idi. Bütün bunlar ortadan çıxan kimi insanın içindəki zənginlik ortaya çıxacaqdı. Buna görə yaratdıqları yeni mühitdə yaxşı şeylər olacağına inanırdılar. “Duyğu məktəbi”nin ilahi təbiət fikri bax bu cür yaranıb. Romantizmin kökündəki fərdiyyətçilik də bu fikirdən doğulub. İnsandakı yaradıcılığı məhdudlaşdıran hər şeyi yox edin və cəmiyyəti yenidən təşkilatlandırın, insan xoşbəxt olacaq, cəmiyyət də inkişaf edəcək.”

XIX əsrdəki radikal romantizm həm “Duyğu məktəbi”ni, həm də neo-klassisizmin didaktik yanaşmasını rədd edib, təxminən, “Düşünürəm və hiss edirəm, deməli varam” formasında ifadə edə biləcəyimiz bir fəlsəfə yaratdılar. Rene Wellek “Tənqidin anlayışları” (Consepts of Criticism) adlı əsərində romantizmi ən yaxşı ifadə edən fəlsəfi düşüncənin Hegelin dialektik idealizmi olduğunu yazır.

Hegelin fəlsəfəsinin əsasını spirit – ruh, ağıl – logos, təşkil edir. (Almanca geist). Hegel yazır ki, ağıl və ruh özünü maddədə reallaşdırmalıdır. Bəşəriyyətin mədəniyyət tarixi ağlın özünü maddədə reallaşdırmasının nəticəsi olan dinamik bir quruluş mərhələsinin içindədir. Bu dinamik mərhələnin məqsədi mütləq zəkaya və şüura çatmaqdır. Bəşəriyyətin mədəni tarixindəki bir çox dövr, mədəni sintez, müəyyən bir ağıl və şüur səviyyəsinin, tarixi sintezin ifadəsidir. Hər tarixi sintez və ya şüur səviyyəsi bir tezis-antitezis bölgüsünü təmsil edir. Mədəniyyət tarixindəki hər mərhələ özündən əvvəlki dövrün nəticəsi, hətta daha geniş, daha əhatəli bir mədəni sintezdir. Hegel maddə-ruh, insan-tanrı, zaman-məkan arasındakı toqquşmanı bitirmək üçün, onları birləşdirmək, insanda və təbiətdə Tanrını tapmaq istəyirdi.

George Peckham “Romantizm nəzəriyyəsinə doğru” (Towards a Romantic Theory) adlı məqaləsində romantizmi üç əsas anlayışda ümumiləşdirir: birincisi, orqanik təbiət anlayışı. Romantiklər, intibahın mexaniki dünyasının əvəzinə, ağacla simvollaşdırılan bütöv təbiət anlayışını qəbul ediblər. İkincisi, yaradıcı xəyal gücü, fantaziya anlayışıdır. Peckam bu məqaləsində romantik şairin yaradıcı fantaziyasını insanın altşüuru ilə eyniləşdirir. Öz ruhunun xəzinələrinə cəsarətlə baş vura bilən və bəşəriyyətin şüurunu genişləndirən, yeni dəyərlər yaradan şair, bəşərin taleyini dəyişdirən peyğəmbər, seçilmiş insandır. Üçüncü anlayış isə simvolizmdir. XIX əsrdə yetişən romantik şairlər və sonralar onların iziylə gedənlər, rəsmi ənənəni rədd edib öz miflərini və fəlsəfələrini yaradıb, şeirlərini bu mif və fəlsəfə çərçivəsində yaratdıqları simvolların dili ilə yazıblar.

XIX əsrin romantikləri John Locke-un empirik psixologiyasının əsas anlayışlarını qəbul etmişdilər, amma bu epistemologiyanı natamam hesab etmiş, onu redaktə edərək bir təcrübə doktrinasına çevirdilər. XIX əsr romantizm cərəyanının epistemologiyasını yaradan şair Samuel Taylor Coleridge-dir. Kantın və XVII əsr Cambridge platonistlərinin təsiriylə Coleridge də insan, həyatın və kainatın sirlərini iki səviyyədə dərk edir. Xarici aləmin reallığını sadəcə anlama səviyyəsində - hiss orqanlarımız, duyğularımız və analitik zəkamızla qavrayırıq. Ağıl səviyyəsində isə təcrübəmizin qarışıq ünsürlərini sistemləşdirir və ümumiləşdirmələrimizi qururuq. Coleridge-in fikrincə insan, universal gerçəkləri fəhmiylə dərk edə bilər və bu səviyyədə bütün bəşəriyyətlə eyni dəyərləri paylaşa bilər. İnsan dinamik inkişaf mərhələsindəki imtiyazlı anlarında, yəni Tanrı ilə birləşdiyi anlarda, Tanrını dərk edə bilər, çünki bu anlarda insan özü də Tanrı kimi olur. Romantik şair anlıq tanrılaşmalarla şüurunu yüksəldən və ilahi şüura çatan şəxsdir.

XIX əsrin romantizmi bir təcrübə doktrinasıdır. Romantik şairin fikrincə, ən obyektiv reallıq müxtəlif baxış bucaqlarının kəsişdiyi nöqtədir. Şəxsi təcrübə vasitəsilə qazanılan informasiyanın sənət mövzusuna çevrilməsi, sənətçinin doğulduğu zamandakı sosial dəyərlərin və ənənənin inkar edilməsi ədəbiyyatı dinin yerinə yerləşdirmişdir.

Romantizm cərəyanı ilə birlikdə kökündən dəyişən “universal həqiqət” anlayışını Herbert Read “Sürrealizm və romantizm” adlı məqaləsində açıqlayıb. Read-in fikrincə, klassisizmdə və neo-klassisizmdə universal həqiqətlər kimi bilinən dəyərlər, sadəcə müəyyən bir dövrün önhökmləri, idarəçi sinfin düşüncəsidir. Halbuki romantizmdəki universal dəyərlər bəşəriyyətin inkişaf edən, səviyyəcə yüksələn şüuru ilə çulğalaşmış olur. Sənətçinin vəzifəsi öz mənliyindəki sirləri kəşf etmək və insanı daha yaxşı tanımaq üçün, təhtəlşüurunun dərinliklərinə dalmaq və ordan tapdıqlarını ifadə etməkdir. Klassisizmin və neo-klassisizmin rasional həqiqətləri və ümumiləşdirmələri, insanın universal təbiətinin, duyğularının, fəhminin və fantaziyasının sərhədlərini məhdudlaşdırır, bütün bunlara barmaqarası baxırdı. Sənət əsərində ifadə olunan gerçəklər, təkcə fərdi altşüur hadisəsi deyil, bu həm də Yunqun dediyi kimi bəşəriyyətin kollektiv təhtəlşüurunun ifadəsidir.

Romantizm cərəyanının manifesti Viktor Hüqonun “Kromvel” mənzum pyesinə yazdığı önsöz hesab edilir. Həmin önsözü icmallaşdırmağa çalışaq. Hüqo yazır ki, yer üzündəki toplumlar heç vaxt eyni olmayıb. Toplumlar da insan kimi öz içində böyüyüb, yetkinləşib. Uşaq idi, yetkin oldu, indi isə onun ahıl çağıdır. Başlanğıcdan indiyə qədər bir-birinin ardınca gələn üç böyük çağ olub. Şeir həmişə toplumla ziddiyyət təşkil edib deyə biz həmin üç ictimai formasiyaya baxıb şeirin özəlliklərini ifadə etməyə çalışacağıq.

1. İbtidai çağ. Bu dövrdə insan yeni dünyaya gözünü açdı və şeir onunla birgə gözünü açdı. Gözlərini qamaşdıran və onun özündən getməsinə səbəb olan şeylərin qarşısında ilahilər oxumağa başladı. Tanrıya çox yaxın olduğu üçün bütün düşüncələri coşqunluq, fantaziyaları isə xəyallardan ibarət idi. Nəfəs alarcasına nəğmə oxuyurdu, içini boşaldırdı. Xalqlar yox ailələr, krallar yox atalar var idi. Özəl mülkiyyət yox idi, qanun yox idi, küskünlük yox idi, müharibə yox idi. Hər şey həm hamının, həm də bir adamın idi. İnsan köçəri, çoban həyatı sürürdü. İstədiyini edirdi, hara istəsə ora gedirdi. Həyatı küləyə görə istiqamətini dəyişdirən buludlar kimi idi. İlk insan, ilk şair beləydi, gənc idi, lirik idi.

2. Qədim çağ. Bu dövrdə dünya yavaş-yavaş yeniyetməlik çağını yekunlaşdırdı. Sahələr, mühitlər, ərazilər böyüdü, ailə tayfaya, tayfa millətə çevrildi. Bu insan kütlələrindən hər biri ortaq bir mərkəz ətrafında birləşdi və beləcə krallıqlar əmələ gəldi. Tayfa instinktinin yerinə ictimai instinkt keçdi. Çadır yoxa çıxdı, saray, oba yoxa çıxdı, şəhər quruldu, gəzərgilik bitdi. Çobanın çomağı kralın əsasına çevrildi. Din formalaşdı, duanı, ayini artıq dini rituallarla idarə edirdilər. Dinə doqmatikləşməyə başladı. Beləcə, xalqın idarəçiliyi rahiblərin və kralların əlinə keçdi. Patriarxal cəmiyyətin öz yerini teokratiyaya verdi. Get-gedə dünya millətlərə dar gəldi və didişmələr yarandı, müharibələr başladı. Şeir də böyük hadisələri əks etdirməyə başladı, fikirdən hadisəyə keçdi. Beləliklə, ibtidai çağın lirik odalarının yerinə, dastan yarandı, şeir Homeri doğurdu. Hər şey yurd üçün olmağa başladı, hər ailənin bir yurdu vardı və yurd-yuva, məzarlar hörmət nişanəsi oldu.

3. Modern çağ. Dastan dövrü bitdi. Öz oxu ətrafında fırlanan dastan şeiri də köhnəldi. Zaman gəlmişdi, dünyanın və şeirin qapıları yeni bir çağa açılmalıydı. Maddədən yaranmış və çoxtanrılığın ayağını sürüşdürən, iç dünyaya yönəlmiş yeni bir din köhnəni öldürüb, onun cəsədinə öz toxumlarını səpdi. Bu dinə görə insan alın yazısı etibarilə ikili ömür yaşayır – biri fani, ötəri, o biri əbədi, ölümsüz dünya. İnsanda həm heyvandan, həm zəkadan nəsə var, o həm də ruhdan və bədəndən ibarətdir. Əski çağın müdriklərindən bəziləri bunu hiss etmişlərdi, amma İncil hər şeyi bütün tərəfləri ilə ifadə etdi. Pifaqor, Epikür, Sokrat və Platon sadəcə alov idilər, əsl işıq isə İsadır.

Modern çağda xristianlıqla birlikdə insanın zehninə əskilərin bilmədiyi, yalnızca çağdaş topluma xas bir duyğu hakim kəsildi: Melanxoliya. Modern çağa qədər imperiyaların süqutu kütlələrə çox az təsir edirdi, taxtdan düşən krallar, əzab çəkən senyorlar idi, vəssalam. Şimşək yalnız yüksəklərdə çaxırdı və hadisələr həmişə dastanvarı idi. Əski çağlarda fərdlər o qədər aşağı yerdə idi ki, cəzalandırılanda belə tək-tək yox, ailəliklə cəzalandırılırdılar. Dövlətin tənəzzülünün insan həyatına təsirindən xəbərsiz idilər. Amma modern çağda hər şey hamıya təsir etməyə başladı.

Melanxoliya kəşf olundu və təkcə melanxoliya yox, hadisələrin səbəbini araşdıran düşüncə də ortaya çıxdı. Əvvəllər konkret bir gözəllik qəlibinə uyğun gəlməyən şeylər qəddarcasına sənət kənara atılırdı, hər şeyin – təbiətin, insanın yalnız bir üzünü təsvir etmək vardı. Yeni çağda bu dəyişdi, artıq gözəlin yanında çirkinin, kübarın yanında yöndəmsizin, yaxşının içində pisin olduğunu, bir sözlə işığın qaranlıqla iç-içə olduğunu anladıq.

Ümumiləşdirək, şeirin hər formasiyaya uyğun üç tipindən danışdıq: oda, dastan və dram. İbtidai dövr lirik, qədim dövr dastançı və modern dövr isə dramatikdir. Birincinin özəlliyi təbiilik, ikincininki sadəlik, üçüncününkü isə gerçəklikdir.

# 4753 dəfə oxunub

Müəllifin son yazıları

# # #