SSRİ-də qadağan olunmuş məşhur şair LAYİHƏ

SSRİ-də qadağan olunmuş məşhur şair <span style="color:red;">LAYİHƏ
23 iyul 2014
# 15:19

Layihə: Qismətin təqdimatında “Dünyanın ən gözəl şeirləri”

Robert Uilyam Servis (Robert William Service, 1874-1958), Kanada-Britaniya şairi. İngiltərədə doğulsa da 21 yaşından sonra Kanadaya köçüb. İlk şeir kitabı 1907-ci ildə çap olunub. 1930-cu illərdə SSRİ-də olan Servis “Leninin sərdabəsi haqqında ballada” adlı satirik şeir yazdığına görə burada qadağan olunub. Onun haqqında məlumat ensiklopediyalara belə salınmayıb.

Servis 13 şeir toplusu çap etdirib. Onu “Kanadanın Kiplinqi” də adlandırırlar. Dünyanın ən məşhur satirik şairlərindən sayılır.

Kulis.Az Robert Servisin “Cafe comedy” şeirini təqdim edir.

Qadın

Gəlmir gələcək ərim, gəlməsə duracağam,

Hələ ki, baxmamışam üzünə, göz-qaşına.

Demişəm ki, qırmızı qızılgül vuracağam,

Paltomun yaxasına, ürəyimin başına.

Gülü görüb biləcək axtardığı qız mənəm,

“İyirmi üç yaşım var.” – belə yazmışam ona.

Kaş yalan deməyəydim, lap külbaşın biriyəm,

Görən məni görəndə nə deyəcək o buna?

Mən axşam qəzetinə belə elan vermişdim:

“Ər axtarır tənha qız.” – arsızlıqdı, razıyam.

Sonra özüm-özümə qəhqəhəylə gülmüşdüm,

Həm də ki, ağlamışdım, neyləməli, tənhayam...

Otuz doqquz yaşım var, ümidsizəm nəyi var,

Nə qədər ki, gec deyil, ev, uşaq istəyirəm.

Daha cavan deyiləm, ötüb gedib o qatar,

Gülü atıb gedimmi? Yox, hələ dözməliyəm.

Artıq bir saat keçib, gözləyirəm mən hələ,

Çox rahat olmalıydım, amma qəmginəm yaman.

Onu görmək istərdim, səbəbsiz, elə-belə,

Ah çəkib demək üçün: “Budur sevdiyim oğlan.”

Ax həyat, zalım həyat, kədərin yaman çoxdu,

Qarson, kremli qəhvə. Söz yox “əşşi”dən başqa.

Artıq saat doqquzdu, bir gəlib-gedən yoxdu,

Yan masada oturan qoca kişidən başqa...

Kişi

Saat artıq doqquzdu, o gəlib çıxmalıydı –

saat səkkiz tamamda; nədəndi gecikməyi?

Paltosuna qırmızı qızılgül taxmalıydı,

Mən isə öz yaxama tər-təzə qızçiçəyi...

Ha baxıram görmürəm o qızdan bir əlamət,

Dəyişmək vaxtı çatıb bu ixtiyar eynəyi.

Ancaq dəqiq bilirəm gül taxmasa o afət,

Ürəyim tanıyardı o sevgili mələyi.

Ax biz yaşlı kişilər, yalançıyıq yamanca!

Guya kişi qocalmır, bu nə axmaq qürurdu.

Ona şəkil yolladım, mən gicbəsər, səy qoca,

Tələbəlik şəklimi, onda saçım dururdu...

O bahar üzlü qızsa, bir ayrı cür afətdi!

Niyə yalan danışdım? Odlara yansın dilim.

Yaxamdakı çiçəyi gizlətmək məsləhətdi,

Nə qədər ki, gec deyil durub burdan əkilim.

Gəlmir mənim qadınım, doqquzu keçib saat,

Biz qocalar axmağıq, yaxşısı gedim evə.

Bir fotoya vurulmaq... nə gülməli əhvalat!

Qarson, bakalım boşdu, mənə bir dənə pivə...

Bu da son, evə gedib bir dəmli çay içəcəm,

Bir iş tapıb başımı birtəhər qatacağam.

Əsl filosof kimi tənbəkiyə keçəcəm,

Bu axmaq siqareti biryolluq atacağam.

Dilxordular yazıqlar, vaxt da cəlladdı sanki...

Ümidlə uzadırlar qəhvə, pivə içməyi.

Ətrafa boylananda qəfildən gördülər ki,

O tayda qızılgüldü, bu tayda qızçiçəyi...

Baxışlar sataşanda, qərq oldular sevincə,

Gözlərinə nur gəldi, üzləri gözəlləşdi.

Bu iki yalançının həmin adamsız gecə,

Dodaqları, ürəyi, gələcəyi birləşdi.


Layihənin digər şeirləri

Odenin şeiri: Qaçqınkoma yollandım, “gələn il” dedilər

Kiplinqin şeiri: “Əgər”

Araqonun şeiri: Xoşbəxt sevgi yox imiş bu xaraba dünyada

Şekspir soneti: Səni tənha qoymaq var

Kavafis şeir: “Barbarlar gələcəkmiş bu gün şəhərimizə”

# 3970 dəfə oxunub

Müəllifin son yazıları

# # #