Taksiçinin əhvalatları

Qismət Rüstəmov

Qismət Rüstəmov

13 dekabr 2024
# 15:13

Kulis.az Qismət Rüstəmovun yeni yazısını təqdim edir.

Tıxacda bəzən adam düşüb maşın dənizinin arası ilə piyada getmək istəyir, hətta xəyalındakı kinoteatrda həmin kadrı dronla, yuxarıdan çəkilmiş şəkildə də təsəvvür edir. “Qardaş, oxumuş adama oxşayırsan...” – fikrə getməyimi görən taksi sürücüsü fantaziyamın vay-fayını kəsib məni oturacağa qaytarır. “Belə pis çıxmasın, hər gün min cür adamla rastlaşırıq. Baş ağrısı deyil ki?” Dərhal “Qətiyyən!” – deyirəm, taksist əhvalatları üçün ürəyim gedir, özü də bu vəhşi tıxacda xəyalın çəkməsiylə piyada haracan getmək olar?!

Bir suyu Elbrus Əruda oxşayan sürücü mühərriki söndürüb çənəsini işə salmamışdan qabaq var gücü ilə gərnəşdi. İnanmazsınız, hiss elədim ki, bu elə-belə, bir hekayətlik gərnəşmək deyil, burda nağdı iki-üç maraqlı söhbət var. Çox müşahidə eləmişəm, söhbəti maraqsız olan, sosial giley-güzardan o yana keçməyən sürücülər həmişə oturacaqlarını sükana yaxın çəkirlər, bozumtul-bozumtul köks ötürürlər, ürəkdən gərnəşə bilmirlər. Amma əksinə, gərnəşəndə xeyli arxaya yayxanıb sonra irəli duranlar, elə bil, yaddaşın yük yerindən kürəklərinə əhvalat boşaldırlar. Sürücü özünü işə salmaq üçün əlini əlinə çırpıb sözə başladı:

“Qardaş, bir “İnfiniti” bar var, bir gecə ordan çıxan lül-qənbər bir xanım mindi maşına, gəldi düz qabaqda, yanımda oturdu. Dedim, lənət sənə kor şeytan. Pis çıxmasın, özüm də arada vururam, amma baxma da. Bir-iki dəqiqə keçməmiş xanım söndü. Fikirləşdim, yəqin sifariş verdiyi yerə çatınca ayılar. Ünvana çatdıq, dümsüklədim ki, xanım, çatdıq, gözünü açdı ki, bura deyil, sür Zabrata, Ramilin qəbri üstünə. Bunu deyib yenə yatdı. Dedim, pah atonnan, bu nə zibil idi mən düşdüm. Nəysə, dedim, yəqin Zabratdakı qəbrəstanlığı deyir, sürdüm ora. Nə qədər elədim, ayılmadı. Gecənin yarısı Zabrat qəbristanlığında xanımı atıb gedəsi deyildim ha, mən də başımı atıb orda yatdım. Səhərə yaxın xanım ayıldı, başladı çığırmağa ki, hardayam mən? Dedim, harda olacaqsan, Ramilin qəbri üstə! Şokda qayıtdı ki, ay Allah, telefonum sönüb, tez ol mənə ayfon adaptoru tap. Qardaş, maşını xoda saldım, başladım səhərə yaxın Zabratda ayfon adaptoru axtarmağa, birtəhər tapdım. Sən demə, bu xanım Xırdalanda salon işlədir, imkanlı adamdır, rəfiqələriylə içiblər, olublar gül! Allah bilir Ramil bunun nəyiymiş. İndi də arada zəng vurub çağırır, padruqalarına bu əhvalatı danışıram uğunub gedirlər”.

Ürəyimdə dedim, əgər bu əhvalatdan sonra başlasa ki, zəmanə pozulub, tv-lər əxlaqımızı korlayır, didaktikaya keçsə, heç nə, bu gün başqa maraqlı əhvalat eşidə bilməyəcəm.

Salman Rüşdü demiş, maraqlı əhvalat yaqutdan qiymətlidir. Amma zənnim məni aldatmamışdı, o cür ürəkdən gərnəşən adamın saxlancında bircə əhvalat ola bilməzdi. Sürücü icazə istəyib bir siqaret yandırdı, mənə də təklif elədi, söhbətin ocağı sönməsin deyə birini də mən yandırdım. Tüstünün o tayından nağılçının səsi gəldi:

“Qardaş, sənə danışıram, iki il bundan qabağın yayından. Dənizə, bağ evlərinə dalbadal sifariş gəlir, bərəkətli sezondur. Nə başını ağrıdım, bir bağ evinə sifariş gəldi, beş dəqiqə gözlədim, çıxan yoxdur, on dəqiqə gözlədim, gələn yoxdur. Pul da yazır axı. Dedim, insafdan deyil, düşdüm darvazanı döydüm ki, xəbərləri olsun. Qardaş, qapını dörd qız açdı, biri şortikdə, o birilərin hovuzdan təzə çıxıblar, hər yerlərindən su damcılayır. Şortikli qayıtdı ki, gəl içəri, dedim, xanım, səhv salmısınız deyəsən, mən taksistəm. Hamısı şaqqanaq çəkib güldü, şortikli qayıtdı ki, tap görüm, səni niyə çağırmışıq? Dedim, niyə? Qayıtdı ki, qızlarla yığışıb əylənirik, baxdıq ki, heç birimiz samavarı qalaya bilmirik, ağlımıza gəldi ki, təsadüfi bir taksi çağıraq, kömək eləsin...”

# 3860 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #