Qırmanc kimi roman - QİSMƏTİN RESENZİYASI

Qırmanc kimi roman - <span style="color:red;"> QİSMƏTİN RESENZİYASI
4 mart 2016
# 11:28

Kulis Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, şair Qismətin “Fələk qırmancı”haqqında “Kitabçı” jurnalında (2014 mart) çap olunan resenziyasını təqdim edir.

Nitşenin əsrdən-əsrə cavabı dəyişən maraqlı bir sualı var: “Görəsən Köhnəni tamam dağıtmadan, ciddi şəkildə mühafizə edərək Yenini qurmaq mümkündürmü?”

Qədim Yunan və Roma tarixçilərinin fikrincə, tarixin qeydə alınmasının əsas iki məqsədi vardı: birincisi, dünyaya hakim olan güclərin – dövlətlərin, imperiyaların uğurlarını, qələblərini diri saxlamaq, ikincisi isə qəhrəman, cəngavər, fəzilətli adamların gördüyü işləri unudulmaqdan xilas etmək. Yəni qədim yunanlılara və romalılar görə, tarixin yazılmasının mənası “baxın dünyada belə adamlar olub, dərs götürün” deməkdir.

Orta əsrlərdə də tarixə münasibətdə dəyişən heç nə olmur, kralların səltənət illəri və hakimlərin vəzifə bölgüsünə aid xırda-para qeydlər, vəssalam.

İntibah dövrünün tarixçiləri özlərinə qədim dövrün tarixçiliyini nümunə götürdülər, balaca bir fərqlə: bu dövrdə artıq rasionallıq və dünyəvilik önə plana çıxarıldı.

XIX əsrdə tarixə pozitivist yanaşma hakim oldu. Auqusto Komtun əsərləri ilə zirvəyə çıxan bu tarix anlayışına görə, “adlarla dolu tarix anlayışı yararsızdır; keçmişi yalnız fərdi və kollektiv təbiətin bağlı olduğu sabit, konkret qaydalarla açıqlamaq mümkündür”.

Modernizm nəzəriyyəsində tarixə münasibət belə idi ki, tarix elmi bu gündən baxaraq keçmişi yazdığı üçün, əslində, elə bugünü, indini yazır. Modernist filosofların bir çoxu inanırdı ki, tarix universal qaydalar üzrə inkişaf edir, yəni sanki bütün dünya müəyyən bir hədəfə doğru xətti olaraq yol gedir və axırda xoşbəxt sona yetişəcək.

Modernizmin böyük Tarix iddiası və keçmişin bütünlüklə inkarına qarşı çıxan postmoderndə isə hər şeyə olduğu kimi, tarixə münasibət də fərqli oldu. Postmodernizmin tarixə yanaşmasını alternativ tarix, subyektiv tarix, individual tarix kimi sözlərlə ifadə etmək olar, yaxud nəzəriyyədəki adı ilə “Yeni tarixçilik” (New historism). Bu yeni yanaşmaya görə, tarix ağlın yox, zamana və məkana “pərçimlənmiş” adi insanların tarixi olmalıdır. Postmodernizmdə tarixə hər müraciət, hər tarix yazmaq cəhdi, fərdidir, subyektivdir. Postmodernistlər üçün tarix də roman kimi fərdi şəkildə qurulmuş, subyektiv şəkildə şərh olunmuş bir şeydir.

Qan Turalının ikinci romanı “Fələk qırmancı” da tarixə bu cür subyektiv yanaşma ilə yazılıb. Romanda iki paralel zaman, iki fərqli xətt var: birinci xətt XVII əsrdəki bir sufi əhvalatıdır, ikinci xəttdə isə əhvalatlar günümüzdə – XXI əsrdə cərəyan edir. Hər iki xəttdə də zamana, keçmişə, tarixin müəyyən bir parçasına fərdi, subyektiv rakursdan yanaşılıb. Müəllif romanda həm sufizmə, həm XXI əsrdə baş verən əhvalatda tarixi-bioqrafik reallığa yox, öz fantaziyası ilə yenidən inşa etdiyi reallığa köklənib. Konkretləşdirək. Məsələn, romanın adı – “Fələk qırmancı” mərhum jurnalist Mehdi Bəyazidin sağlığında yazmaq istədiyi, deyilənə görə, müəyyən hissələrini yazdığı əsərin adıdır. Qan Turalının da qəhrəmanının adı Mehdidir. Bu ad təsadüfi seçilməyib, Mehdi adı islamda da, sufizmdə də arxasında bir çox əhvalatların dayandığı ad-simvoldur. Qan Turalı qəhrəmanına bu adı seçməklə keçmiş zamanla indini gözügörünməz tellərlə bir-birinə bağlayır, üstəlik, Mehdi “Fələk qırmancı”nı yazmaq istəyən yazıçı kimi, yaxın tarixdəki real şəxsdir. Subyektvlik isə burdadır ki, Qan Turalı nə sufizmə, nə də mərhum Mehdi Bəyazidə kanonik, bioqrafik, xətti, ənənəvi formada yanaşmır və bu mənada romandakı sufizm müəllifin öz sufizmi, romandakı Mehdi də bir az gerçəkdən yaşamış mərhum Mehdidir, bir az da müəllifin uydurduğu personaj. Bunları bir-birindən ayırmaq çətin və əslində əbəsdir.

Dedik ki, “Fələk qırmancı” romanı mətn içində mətn metodu ilə qurulub; romanda paralel zamanlar, pastiş/parodiya kimi çağdaş romançılığın məşhur fəndlərin istifadə olunub və qeyd olunan cəhətlərdən əlavə bizim ədəbiyyatımızdan Yusuf Səmədoğlunun “Qətl günü”, qərb ədəbiyyatından Tolstoyun “Sergi ata”, Orxan Pamukun “Yeni həyat”, Meşa Selimoviçin “Dərviş və ölüm” romanları ilə intertekstual əlaqə yaradılıb. Birinci şəxsin dilindən yazılan roman “əsarət-azadlıq” xətti üzrə inkişaf etdirilsə də, əsər boyu “inanc-şübhə”, “sevgi-nifrət”, “yazmaq-yazmamaq”, “yaddaş-yaddaşsızlıq” kimi yan mövzular da romanın əsas xətti ilə iç-içə keçib, beləliklə, çoxqatlılıq yaradılıb.

“Fələk qırmancı” romanının qəhrəmanı yazmaqdan imtina etmiş bir ədəbiyyatçıdır və roman bu tərəfilə də bizim ədəbiyyatda yeni hadisədir. Yazmaqdan imtina etmiş yazıçıların həyatını romanlaşdıran ispan yazıçısı Enrike Vila Matasın “Bartlbi və çevrəsi” əsərindəki “bartlbilik” terminindən istifadə etsək, deyə bilərik ki, Qan Turalının bu romanı həm də “milli bartlbilər” haqqındadır. Bu baxımdan, bizim ədəbiyyatda son on ildə çox danışılan, lakin bədii mətn səviyyəsində adekvat həllini tapmayan postmodernist nəsrin günümüzdəki ən yaxşı nümunələrindən olan “Fələk qırmancı” qırmanc kimi romandır.

# 2241 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #