Mən o məktəbli qızı tanıyıram

Mən o məktəbli qızı tanıyıram
14 may 2016
# 09:35

Dünən qarşımıza bir xəbər çıxdı və bu xəbərin fonunda nə qədər iyrənc bir cəmiyyətdə yaşadığımıza bir daha əmin olduq.

Söhbət artıq hamımızın tanıdığı Şamaxı məktəblisindən gedir.

15 yaşında məktəbli müəllimindən hamilə qalıb.

İndi bir anlıq əlimizi saxlayaq və Sədinin “Gülüstan”ındakı rəvayəti xatırlayaq: “Bir hökmdar qəribə bir xəstəliyə mübtəla olubmuş, nə qədər müalicə olunsa da xeyri olmurmuş, sonda təbiblər deyib ki, filan görkəmdə, filan xasiyyətdə olan adamın ödü hökmdara dərmandır. Ailəsi oğlanı pul müqabilində satır, qazı fərman verir ki, hökmdar üçün bir təbəəni öldürmək caizdir. Ölümündən əvvəl oğlan dua etmək üçün icazə istəyir, ondan nə barədə dua edəcəyi soruşulanda deyir ki, insan əvvəlcə ata anasına pənah aparar, ata-ana onu satıbsa qazıya ümid edər, o da ümidi boşa çıxartsa hökmdardan ədalət diləyər. Hökmdar da bu sözü eşidib kövrəlir və oğlanı bağışlayır”.

Bu qədim rəvayət əslində elə dünən yenidən təkrarlandı.

Qız zorlanıb, ya da öz xoşuyla cinsi əlaqədə olub, bunun heç bir fərqi yoxdur, çünki yetkinlik yaşına bu əlaqə cinayət tərkibi daşıyır.

Və bu qızı indi kim müdafiə edəcək?

Atası onu zorlayan müəllimə ərə verməyə hazırdır, hətta onun qızını alacağı ümidiylə indiyədək susub, gözləyib, polisə müraciət etməyib.

Hətta ata düşünməyib ki, müəllimin ailəsi var, orda da bir drama var, və bunlar heç, ata 15 yaşlı qızını bir pedofilə (əlbəttə ki, ittihamlar təsdiqlənərsə...) verməyə hazırdır.

Atanın öz adı-sanı var axı...

Bu ad-sanı qorumaq üçün qız bədbəxt olsa da olar.

Demək, elə ilk həmlədə atası qızı başından eləyir, onu cinayətkarın ağuşuna itələyir və qız da elə birinci zərbəni burdan alır.

İndi qayıdaq müəllimə...

Qızla evlənsin, ya evlənməsin, qızla ya zorla olsun, ya xoşla, bunların önəmi çox azdır, əsas o ləyaqət məsələsidir ki, bir müəllim hansı ləyaqətlə, hansı mənəviyyatla belə bir şeyə qol qoya bilər?

Bir müəllimin ki, ürəyində təhsil, maarif işığı əvəzinə şəhvət korluğu olsun, ehtiras düşkünlüyü olsun, öz körpə tələbəsinə tamah salacaq qədər alçalmış olsun - bu artıq dəhşətdir, faciədir!

Amma bu fərdi bir faciədir, bir müəllimin faciəsidir, bu fərdi qüsurları ləğv edəcək, onu boşa çıxaracaq, cəzalandıraraq tədbir görərək qarşısını alan bir sistem mövcud deyilsə cəmiyyətin faciəsi o zaman başlayır.

Şamaxı Təhsil Şöbəsinin açıqlaması da məhz bu cürə bir faciədən xəbər verir.

Bir müəllim bir şagirdi zorlayırsa rayon təhsil şöbəsi ictimai ləyaqəti zorlamağa cəhd edir.

Təsəvvür edin, qız 7 aylıq hamilədir və bu yeddi aydı təhsil şöbəsi heç bir tədbir görməyib.

Məsələ ictimailəşdikdən sonra guya müəllimi aprel ayında işdən çıxartdıqları ilə bağlı əmr imzalandığını deyir.

Bu biabırçılıq əlbəttə ki, təhsil şöbəsinin biabırçılığıdır və indi qurum günahı öz üzərindən necə atamaq istəyir.

Bu məsələyə görə nəinki müəllim işdən çıxarılmalıdır, məktəbin direktoru da, təhsil şöbəsinin müdiri də cəzalandırılmalıdır.

Ailə polisə müraciət etsin, ya da etməsin, fərq etməz, məktəbdə belə bir hadisə olub və təhsil şöbəsi heç bir tədbir görməyib.

Müəllimin hadisəsi fərdi hadisədir, lakin təhsil şöbəsi bu cür hallara qarşı fəal mübarizə aparmalıdır. Görükənsə odur ki, onlar öz vəzifələrini qorumaq üçün hadisəni ört-basdır etməyə çalışırlar.

İndi sabah bu cür hallara görə qız uşaqları məktəbdən yayınsalar təhsil şöbəsinin açıqlaması necə olacaq?

Məsuliyyəti üstündən atan təhsil şöbəsi hansı sifətlə bu cür hallarla mübarizə aparacaq?

Eynən, Sədinin əhvalatında olduğu kimi o qızın da Allahdan başqa bir pənahı qalmır.

Müəllim elə, ata belə...

Bu da təhsil şöbəsi!

Və ən ağrılısı odur ki, bu cürə onlarla cinayət, onlarca ört-basdır halı var, görükən isə aysberqin bircə üzüdür.

Biz bu cür məktəbli qızları çox görmüşük və bu təfəkkürlə hələ çox görəcəyik.

Biz o qızı artıq tanıyırıq, adı gizli qalsa belə...

# 1171 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #