Tək

Tək
20 sentyabr 2012
# 10:56
Mən dünyanın xilasına inanmıram. Nöqtə!

Bütün xilaskar ideyalar zülmü ərşə qaldırdı, xilası boğdu, inkviziya məhkəmələr qurdu, özləri kimi düşünməyənləri tonqala atdı, həbs düşərgələri yaratdı…

Zülm ortada, zalım yuxarıda, məzlum aşağıda.

İndi də demokratiya yürüşü görürük, F-17-lərlə atılan demokratiya…

Bəşəriyyət xilas olmayacaq.

Amma fərdlər qurtuluşa çata biləcəklər.

Fərdləri xilas etmək mümkündür.

Bəşəriyyətin ağrılı aqibəti fonunda fərdin xoşbəxtliyi bu günün məsələsi deyil.

Min illərdir TƏKlər xilas ola bilirlər.

Cəmiyyətin fərdlərinin heç də hamısı TƏKləşə bilmir, təkləşənlər təklənir.

Təkadamlıq kameraları cəmiyyət təklər üçün yaradıb.

Kamil İnsan yaranır, Kamil Cəmiyyət isə yox.

Çoxluğun nəsibi nakamillikdir.

“Bütün səyahətlər insanın öz içinə səyahətə aparır, nə qədər yol gedirsə öz içində o qədər məsafə qət edirsən” demişdi qədim bir müdrik. *

Dünyanın kiçildiyini internetlə hiss edirik.

Bəs öz içimizin kiçilməsinin səbəbi nədir?

Az səyahət etdiyimizdirmi yoxsa…

Problem əslində internetdəndir.

Əvvəllər ətraf aləm darıxdırıcı olardı, insanlar balaca qara balıq kimi yad diyarlara can atardılar, kitablara dalardılar, filmlər axtarar, zəif səsli radiodan ürəklərinə fərəh salan musiqilər dinləyərdilər.

“Mərifət nuru şübhədən parlayardı”.**

İndi hər şey balaca bir cib telefonuna sığışıb, ordan sevgili də, seks portnyoru da çıxartmaq mümkündür.

Müxtəlif çatlar, porno videolar, insan içindəki naqisliyin tələb etdiyi hər şey bir “Enter” qədər yaxındadır.

İnsanı insanlıqdan uzaqlaşdıran hər şey əlçatımındadı…

Əlbəttə, insanı insan edən, ona öz içindəki mirvariləri tapmasına kömək edən mətnlər, filmlər, musiqilərə də əl uzatsaq, çatar.

Amma kamillərin, kamilliyə can atanların azlıqda olduğu bir dünyada cəhalətin inkişafı üçün yaradılan bu qədər şərait ağrısız ötüşməyə bilməz.

Nadanlığın, pornoqrafiyanın inkişafı üçün çox daha münbit bir şəraitdə yaşadığımızdan bəşəriyyət gələcəyə daha çox cəhalət, daha çox şəhvaniyyət və daha texnolojik yırtıcılıqla gedir...

* Əlif Şəfəq “Eşq”
** Hüseyn Cavid “Şeyx Sənan”
# 2966 dəfə oxunub

Müəllifin son yazıları

# # #