Qan Turalı: "Həyatı köçürtməyin cansıxıcı detalları" HEKAYƏ

Qan Turalı: "Həyatı köçürtməyin cansıxıcı detalları" <span style="color:red;"> HEKAYƏ
21 sentyabr 2015
# 09:37

İyirmi dörd saat işləyən köşkdən bir şüşə soyuq su alıb xırda qəpikləri cibinə soxdu. Bir udum içib yoluna davam elədi. Bu küçədə qarşısına daim eyni adamlar çıxırdı və bu adamlar ona fikir vermirdilər.

Qapıları min ildir qapalı olan kilsənin qarşısından keçib sola döndü. Son müştərilərinə göz qoyan ofisiantlara baxdı. Nəfəsini dərmək üçün dayananda cibindən kağız çıxartdı, baxmadan gecəyə bir söz pıçıldadı: “Nuray”. Kağızda bir cümlə yazılmışdı: “Həftənin cüt günləri...” Mənzilə çatmamış son döngədə dayandı, şüşədəki suyu əlinə töküb üzünə çırpdı. Sürətlə döyünən ürəyinin sakitləşməsini gözlədi.

Üstündə işıq reklamları sayrışan binaya girdi, Nurayı görmədi. Onu heç kimdən soruşmadı; belə şərtləşmişdilər. Divana çöküb Red Bull istədi, kök qadın gətirdi. Red Bulldan stəkana süzdü, içinə buz atdı. Qadın “Jack Daniels”i götürəndə əliylə “Yox” işarəsi verdi. Stolun üstünə beş manatlıq tulladı.

Bir qız gəlib yanında oturdu. “Nuray niyə yoxdur?” - deyə soruşdu o qızdan. Qız “Nurayı tanımıram” - dedi. Əlini cibinə atdı, 20 manat çıxartdı, “Nurayı tap, bunu sənə verim” - dedi. Qız ayağa qalxıb kök qadının yanına getdi. Kök qadın başını “yox” mənasında yellədə-yellədə danışırdı. Qız masaya məyus qayıtdı. Ondan heç nə soruşmadı. Hər şey aydın idi. Qıza viski sifariş verib yaxın oturdu, qız onu qucaqladı. Nurayı düşünməyə başladı. Beləcə yuxuya getdi. Yuxuda mahnı eşidirdi: “Yatcaz, kalkcaz, hop ordayım”. Ayılanda sakitlik idi. Tək idi və üstünə adyal örtmüşdülər. Geniş salonda heç kim yoxuydu, bircə kök qadının oturduğu stolda başqa bir qadın oturmuşdu. Qadın ona yaxınlaşanda pivə istədi. Saat 8-in yarısıydı. Pivədən turş qoxu gəlirdi. Efes Draft istədi, o da turş idi. Qadın gözə dəymirdi. Stolun üstünə beş manat qoyub çıxdı. Parkda idman edənlərin nifrətli baxışları altında siqaret çəkməyə başladı. Yuxu onu siqaret çəkdiyi yerdə haqladı.

Qoca bir səsə ayıldı. “Bəlkə deyirəm siz... O film... İndiki cavanlar hər şeyi bilirlər... Bəlkə, o film yadınızda ola. Bir qız olur. Evə gəlir. Blokda yubkasını qaldırıb ayaqlarına dezodorant sıxır. Sonra da evə girir. Evdə bir oğlanla yatağın üstündə atılıb düşürlər. Guya ki... Başa düşdün də. Sonra qonşu qapını döyür. Bəlkə baxmısan o filmə”.

Sərxoş adamlara məxsus aşırı diqqətlə qocanı dinlədi, dediklərindən bir məna çıxartmağa çalışdı, lakin sözlər anlaşılmaz idi. “Siz nə soruşurdunuz? Başa düşmədim”. Qoca eyni sözləri təkrar edəndə başa düşdü ki, düz eşidib. “Hə, siz o filmi deyirsiniz”. Qoca açıqca sevindi: “Hə, adını bilirsinizsə, deyin. O filmi axtarıram. Qız blokda ayaqlarına dezodorant vurur. Sonra da...”. “Sizə o filmin necə bitdiyi lazımdır? Yoxsa nə?”. Qoca duruxdu: “Yox, mənə o filmin adı lazımdı”. “Neynirsiz o filmi?” - soruşdu. Qoca “İstəyirəm o filmə təzədən baxım, o filmin adı lazımdı mənə”. Telefonunu çıxartdı, amma inanmırdı bu qırıq-qırıq məlumatlarla o filmin adını tapa. Telefonun batareyası bitmişdi. Amma qocanı ümidsiz qoymaq istəmədi: “Telefonunuzu mənə verin, kinodan yaxşı başı çıxan dostlarımdan soruşub sizə deyərəm”. Kişi cibindən qələm və kağız çıxardı, nömrəsini yazıb ona verdi və təşəkkür edərək uzaqlaşdı.

Taksi blokun qarşısında saxlayanda onun pilləkənləri çıxmağa həvəsi qalmadı. Siqaret heç bir ləzzət vermirdi, bədən bir neçə günlük nikotin tələbatını almışdı, amma yenə də ritualı pozmamaq naminə birini yandırdı. Bir orta yaşlı kişi yaxınlaşdı ona, məhəllənin avaralarından idi, gecəyarı da, səhər obaşdan da onu həyətdə görürdü.

- Salam qaqaş.

- Salam.

- Mənim quşumu görməmisən?

- Quşu?

- Xallı quş, görməmisən?

- Görməmişəm.

Quşbaz başını yelləyib uzaqlaşdı. O da pilləkənləri çıxıb liftin düyməsini basdı, liftdən düşən iki oğlan “Bağışlayın, həyatı köçürdürük deyə lifti məşğul elədik” dedilər. Evə girib koridordan qonaq otağına göz atdı, bir həftə bundan qabaqkı otaq idi, boş pivə butulkaları, başından bir az yeyilmiş çips qutusu, külqabıya çevrilmiş boşqablar. Bütün paltarlarını əynindən çıxardıb özünü yatağa atdı. Yerə tökülən qəpiklərə fikir vermədi.

O oyananda alatoran idi. Hamama girib duş aldı, mətbəxə qayıdıb bir pivə götürdü. Yatağına uzandı. Telefonu şarja taxdı. Pivə içə-içə telefonunu açdı. Qeydlər bölməsinə baxdı. Sonra da təqvimə. Bu gün tək gün idi. Operatorun yaddaşında qalan mesajlar telefonuna tökülürdü, endirimlər, lotereyalar, kompaniyalar, ardınca cavabsız zənglər...

Kök qadın onu görən kimi gülümsəyib salam verdi. Divanda onu görən kimi sözlərini kəsib olduğundan daha gözəl görünməyə çalışan qızları bir-bir süzdü. Gedib uzaqdakı stolda oturdu. Kaş üzünü, ya da heç olmasa gözlərini xatırlayaydı. Cibindən qələm çıxardıb salfet kağızlarına fotorobotlar çəkməyə başladı. Son çəkdiyi Hitlerə oxşayırdı, yanına svastika çəkib salfeti külqabıya atdı. Saçlarını sarıya boyamış arıq qızı çağırdı. Arxa otağa keçdilər. Hamama girdi, nəmli duş kabininə “Nuray” yazdı. Qız yataqda onu gözləyirdi, o da qızın yanına uzandı. Sonra zəngi basıb bir şüşə viski istədi. Stəkanı doldurub başına çəkdi, özünü ürəkbulanmadan güclə saxladı. Yenə hamama girdi, su damcıları “Nuray”a hücuma keçmişdi, “N” hərfinin başı pozulmuşdu.

Viski şüşəsini götürüb yerinə qayıtdı, salfetkaları qaldırıb fotorobotlara baxdı, yenə heç biri tanış gəlmədi. Qələmi götürdü, lakin əlləri sözünə baxmırdı. Pivə istədi, bir uduma pivəni yarıladı, üstünü viskiylə doldurub qızın yanına qayıtdı. Qız yataqda hələ də çılpaq uzanmışdı. Kətildə oturub onu seyr elədi. Bir siqaret yandırıb parçı başına çəkdi. Cibindən kağıza bükülmüş marixuananı siqaretlə yandırıb siqareti parça atdı. Uzaqlardan qulağına bir səs gəldi: “Çək nəşəni tüstüsü dağlara yayılsın”. Həyat bir kino lenti kimi gözlərinin önündən keçmədi, amma montajsız kadrlar gəldi qarşısına. Budur, doqquz yaşında, Kürün sahilindədir, lilləri ağac budağı ilə qarışdırır. Ya da on dörd yaşında məktəb yeməkxanasında SSRİ tarixi oxuyur. 11 yaşında bir qızla əl-ələ tutub dərsdən gəlir. Avtomatlı OMON-çular mindiyi avtobusun qarşısını kəsir. Uşaq vaxtı gördüyü bir yuxudu bu, göydə uçurdu. Dörd yaşlı mavi gözlü qızı xatırlayır. Bir qız onun qarşısına pivə qoyub otaqdan çıxır və o, qızın çiyninə tökülmüş saçlarına baxır. Altı yaşında qonşunun maşınının şüşəsini sındırması yadına düşür. Universitetin uzaq küncündəki hovuzun kənarında dayanıb tökdüyü göz yaşlarını bir film kimi qarşısında canlanır. Araq şüşəsi görünür: “Russkiy standart”. Qabağına qoyulan südlü sosiskalara baxır. Uşaq vaxtı gördüyü zooparkı görür - ağ ayılar, qırmızı canavarlar, yorğun fil... Arıq bir polis, yanında dostu... O, parkda uzanıb. Yox, bu daha xəyal deyil... Dostunun sifətində şən görünməyə çalışan pərt adamın ifadəsi vardı. Əlindəki butulkadan onun üzünə su çilədi, sonra polisin köməyi ilə onu maşına apardılar. Dostu elə hey danışırdı, arada sözlər onun qulağına çatırdı, lakin bu qırıq-qırıq sözlərdən söhbətin məzmununu anlamaq mümkün deyildi. Susuz idi, ac idi, bir cümlə qurub aclığını, susuzluğunu dostuna çatdırmaq istədi, lakin “Görəsən, parkdakı ördəklər qışda harda qalır?” - cümləsi çıxdı. Sonra bir müddət susdu, maşın svetoforda dayananda üzünü dostuna tutub dedi: “Acam!” Dostu svetofordan sola burulub bir kafenin qarşısında saxladı, içəri keçdilər. O, vitrindəki ayran bankasını başına çəkib hamısını içdi, salfetka ilə ağzını sildi. Qadın ofisiant kartof və toyuq qızardılmış iri bir tavanı onların qarşısına qoyan kimi toyuq döşünü dişinə çəkərək yeməyə başladı. Yemək yedikcə özünə gəlirdi, lakin doymurdu. Bir azdan çörək batırdığı tavanı ortalıqdan götürdülər. Qız süfrəyə kolbasa, pendir, dovğa, çoban salatı qoydu. Yedikcə üzündə tox insanlara xas məmnun ifadə yaranırdı. Qulağı səsləri təmiz götürə bilirdi, nitqi də qaydaya düşürdü, dostunun danışdıqlarını da anlayırdı. Süfrənin üstündə yeməyə bir şey qalmadığını görüb ofisiantı çağırdı. Ofisiant süfrəni yığışdıranda ilk dəfə onun sifətinə baxdı və gülümsədi. Sonra telefonunu alnına qoyub yan tərəfdəki divanda yatan gənc oğlanı gördü, telefondan kədərli mahnılar axırdı. Dostu ofisiantın gətirdiyi çayı stəkanlara süzüb ciddi söhbətə başlayan adamlara xas qətiyyətlə soruşdu:

- Sənə nə olub? Polis sənin telefonundan zəng elədi, dedi ki, bəs, gəl, halı pisdi. Deyirəm, nolub, deyir, məndən soruşur ki, xallı göyərçini görməmisən? Dalınca hansısa film haqda soruşmusan. Cibindən 50 manat çıxartmısan ki, ratsiyanı ver, bütün polislərə bir mesajım var. Polis ratsiyanı söndürüb verib sənə. Sən də ordan anons eləyib demisən ki, mənə Nurayı tapın! Hardasa əlli dəfə demisən bunu! Axırda da özündən getmisən.

- Bu haqda danışmayaq bəlkə?

- Bəs nə haqda danışaq? Gecə saat 5-də bu kafedə niyə görüşmüşük səncə?

- İncitmə də məni... Qoy çayımı içim...

- Yaxşı. Bircə bunu bil ki, mən sənin Tarkovski kimi bir rejissor olmağını gözləyirəm! Qarşında böyük üfüqlər var.

- Cəhənnəm olsun Tarkovski! Mən heç kim olmaq istəyirəm!

Başını aşağı saldı, telefondakı mahnıların qəm-qüssəsi bir az da artmışdı elə bil. Aşiq özünə lənət oxuyur, məşuqun ürəyinə ox sancılmasını tələb edirdi. Oğlanın bu mahnı sədası altında hansı yuxular gördüyünü təsəvvür etməyə başladı. Qədim dövrdür, qəbilə toplanıb, sevgilisinə xəyanət edən qızı cəzalandırırlar, qızın sevgilisi qəbilə başçısının oğludur. Ağsaqqallar qərar verir ki, oğlan cəzanı özü seçməlidir. Oğlan sadağından bir ox çıxardıb zəhərə batırır, cəllada verir ki, qızın ürəyinə sancsın. Bundan sonrakı yuxunu təsəvvür eləməyə vaxt qalmadı. Çünki yatan oğlan elə diksinib qalxdı ki, telefon vitrinin qarşısına düşdü. Telefonu götürə-götürə üzünü mətbəxə tutub “Nuray, Nuray” deyə səsləndi. Sonra mətbəxə gedib ordan iri bir səbət götürdü, qapını bağlayıb çıxdı.

Onlar da hesabı ödəyib qalxdılar. On beş dəqiqə sonra yaşadığı binanın qarşısındaydı. Dostunu yola salıb bir siqaret yandırdı, pırıltı səsi eşidib alışqanın işığını səs gələn tərəfə döndərdi. Xallı göyərçin idi.

Yola çıxıb bir taksi çağırdı və kafeyə qayıtdı.

Nuray bayaq onun oturduğu stolda oturmuş, televizora baxırdı. Onu görən kimi gülümsədi. “Qəhvə?” - deyə soruşdu, təsdiq işarəsini görüb mətbəxə keçdi, “Səninçün qəhvə almışdım, nə qədər gözlədim, gəlmədin” - dedi. Südü götürdü, qəhvə düzəldib onun qarşısına qoydu.

- Səni çox axtardım, Nuray, tapa bilmədim, o gün çox sərxoş idim, səni harda gördüyümü unutmuşdum, özgə qapılarda axtardım səni.

- Harda axtarırdın məni?

- Soruşma, mən də deməyim.

- Bəs necə oldu tapdın?

-Təsadüfən. Səni tapmaq, itirmək və yenidən tapmaq, hamısı təsadüfdür.

-Bayaq çox qorxdum. Elə bildim ki, kafeyə girəndə məni tanımadın.

-Yox, yox, tanıdım, sadəcə istəmədim...

-Nəyi istəmədin?

-Biz bir sirr pərdəsiyik, hər zaman da belə qalacağıq.

Qəhvə soyumağa başlayırdı, qəhvədən udumladı, stəkanı Nuraya verdi, o da içdi qəhvədən. Nurayın saçlarını sığalladı, əllərindən tutdu. Nuray elə gözəl gülümsəyirdi ki... Onu bu təbəssümə bağışlamaq olardı. “Başlayaqmı?” - deyə soruşdu, Nuray tərəddüdlə ona baxdı, sanki son gücünü toplayıb, “Başlayaq” - dedi. Əl-ələ tutub kafedən çıxdılar, yolu keçib, hündürmərtəbəli binaların birinin həyətinə girdilər. Liftə keçib ən böyük rəqəm yazılmış düyməyə basdılar.

Pəncərəni açıb qarşısında durdular. Nurayın dodaqlarından öpəndə qız ona qısılıb hönkürdü. Birinci özü pəncərəyə dırmaşdı, ardınca Nuray.

Ölümə bir neçə saniyə qalırdı...

23 avqust-3 sentyabr 2015

# 2100 dəfə oxunub

Müəllifin son yazıları

# # #