Yas çadırında dövlət var...

Yas çadırında dövlət var...
10 sentyabr 2014
# 17:03

Yas mərasimlərindəki dəbdəbənin inzibati yolla nizamlanması dövlətin mahiyyəti haqqında mübahisələri aktuallaşdırır. Dövlətin vətəndaşın həyat tərzinə müdaxiləsi hansı səviyyədə olmalıdır? Dövlətin fəaliyyət sahəsi vətəndaşın azadlığı ilə harda kəsişir? Bütün bu fəlsəfi suallar əslində bütün zamanlar üçün aktualdır və tarixi inkişaf ərzində bu suala verilən cavablar da dəyişib.

Yaslardakı dəbdəbə cəmiyyətin ən müxtəlif zümrələrindən, siniflərindən, təbəqəsindən olan insanları narahat edir. Bu dəbdəbə müstəqillik dövrünün görsənişlərindəndir. İstehlak mədəniyyəti sürətlə cəmiyyətin bütün sferalarına sirayət etdiyi dövrdə toy-yas kimi mərasimlər də əzəli mahiyyətindən uzaqlaşmağa başladı. İnsanlar maddi imkanlarının xaricində olan fədakarlıqlara qatlaşaraq yaxınları üçün ehsan verməyə başladılar. Situasiya günü-gündən gərginləşdi, dərinləşirdi.

Din pərdəsi altında aparılan bu ehsan siyasəti dinin hökmləri arasında yer almır. İslam dininin heç bir kanonik mətnində ehsanla bağlı müddəa yoxdur. Tamamilə əksinə, islam dini yas düşən evə yemək göndərməyi tövsiyə edir. Lakin zamanla dinə daxil olan stereotiplər indi din adından çıxış edir.

Qəribə situasiya yaranır. Mütərəqqi din xadimləri dəbdəbəli ehsanın əleyhinə çıxır, nüfuzlu ictimai xadimlər bu barədə fikir bölüşür, populyar müəlliflər yazır, lakin müsbətə doğru heç nə dəyişmir.

Cəmiyyətin maarifçiliklə tərəqqi edəcəyi barədə tezislər tarix ərzində dəfələrlə inkar edilmişdir. Tarixi təcrübə “yuxarıdan” tətbiqi ilə bağlı çoxsaylı misallarla zəngindir. Atatürkün Türkiyədəki fəaliyyəti buna yaxşı misaldır. Hər bir fərd öz fəaliyyətində tamamilə azaddır. Lakin bu cür situasiyalarda dövlət müdaxiləsi qanunların ruhuna uyğundur. Çünki dövlət bu halda mütərəqqiliyin tərəfindən çıxış edərək, cəmiyyəti zərərli tendensiyalardan uzaqlaşdırır.

Dövlətin ali məqsədlərindən biri də “vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi”dir. Bu cür inzibati müdaxilələr hansısa məqamlarda ağrılı da ola bilər. Lakin bütün bunlar ictimai mənafenin yanında çox kiçik görünür.

Bu kontekstdə dövlətin ictimai mənafe naminə inzibati müdaxiləsi tamamilə məntiqli və faydalıdır.

# 3986 dəfə oxunub

Müəllifin son yazıları

# # #