Orta yaşa mənsub yazıçıların biri ilə söhbətimdə o mənə “Savadlı yazıçılar esse yazmalıdır, roman yox” deyəndə bir anlıq heyrətlənmişdim.
Əslində heyrətlənmək üçün çox əsasım da olmamalı idi, çünki Azərbaycan ədəbi mühiti üçün ilahidən verildiyi düşünülən istedadla, qazanılan savad tamam ayrı anlayışlar idi, yazıçıda ancaq istedad olmalı, tənqidçi və ədəbiyyatşünaslar isə savadları ilə öyünə bilərdilər.
Məni daha çox heyrətləndirən bildiyim bu həqiqətin cəsarətli ifadəsi idi: “Savadın varsa roman yazma”.
Dünən də, bu gün də savaddan məhrum bir adamın ciddi bir roman yazmasını qəbul edə bilmirəm.
Azərbaycan ədəbiyyatının tarixi də bu “nəzəriyyə”ni darmadağın edir, Cəlil Məmmədquluzadədən tutmuş Yusif Səmədoğluna qədər bizim ən yaxşı yazıçılarımız eyni dərəcədə mütaliəli və intellektual idilər.
Dünyanı indi istedadla təəccübləndirmək mümkün deyil.
Bu günlərdə bitirdiyim çağdaş ispan yazıçısı Enriko Vila Matasın (əslində kataloniyalıdır, əsərlərini ispanca yazdığı üçün elə adlandırdım) “Bartlbi və kompaniyası” romanı istedadın müasir dünyada yerini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyətə sahibdir.
Enriko Vila Matas dünyanın ən güclü yazıçılarından biri sayılır, bu yaxınlarda xarici nəşrlərdən birinin təqdim etdiyi “Yaşayan on ən güclü yazıçı” siyahısında Orxan Pamukla yanaşı Matasın da adı vardı.
Nicat Məmmədovun bu romandan etdiyi tərcümələrlə Kulis oxucuları tanışdırlar.
Bartlbi adını Matas məşhur Amerika yazıçısı Herman Melvillin “Katib Bartlbi” adlı romanından ötürüb. Bu kiçik romanın qəhrəmanı hüquq məsləhətxanasında katib işləyir, bir müddət vicdanla çalışdıqdan sonra ona tapşırılan işləri “məncə bu işi görməmək daha yaxşı olardı” deyib rədd edir. Nə qəzet oxuyan, nə də hüquq məsləhətxanasından çölə çıxan Bartlbiyə görə vəkil axırda ofisini dəyişməli olur, amma yenə də Bartlbi ofisdən çıxmaq istəmir.
Romanı ispan dilinə tərcümə edən ispan klassiki Xose Luis Borxes romanı dünyanın üzünə deyilən ən böyük “Yox”lardan biri sayır və Herman Melvilli Kafkanın müjdəçisi hesab edirdi.
Matasın romanının isə çox sadə bir süjet xətti var, gəncliyində eşqin mümkünsüzlüyü haqda roman yazıb daha sonra heç bir şey yazmayan yazıçı müasir dünyada romanların bir-birini təkrar etdiyini görərək yeni bir əsər yazmağı qərara alır.
Bu əsər romandan yox, ulduzlar qoyulub aşağıda izahı verilən izahatlardan (türklərin dipnot, ruscası “сноска”) ibarətdir.
İzahatlar yazmayan yazıçılar haqqındadır, yazıçı onların öz əsərlərindən, xatirələrindən, onlar haqqında yazılan araşdırmalardan istifadə edərək yazmayan yazıçılar ensiklopediyası hazırlayıb.
Roman da elə əslində eşqin imkansızlığı haqda roman yazıb sonra susan yazıçının Bartlbilər haqqında araşdırmasından ibarətdir, yəni roman orijinal təfəkkür məhsulu olmaqdan ziyadə ensiklopedik toplu mahiyyəti daşıyır.
Bu ensiklopediyada Mopassan, Kafka, Tolstoy, Oskar Uayld kimi məşhur yazıçılardan başqa çox az, əsasən də öz ölkələrində tanınmış yazıçıların yazmağı niyə tərgitmələri haqda da geniş təhlillər və faktlar yer alıb.
Bizdə kimsə belə roman yazsaydı onu publisistikada günahlandırırdılar, amma fransızlar belə düşünmədiyi üçün 2000-ci ildə bu romanı “Ən yaxşı xarici roman” hesab edərək ona mükafat da veriblər.
Türk və rus dillərinə də tərcümə olunan romanı internetdən də tapıb oxumaq olar.
Uzun sözün kəsəsi, dünyanın bu qədər qloballaşdığı, informasiyanın getdikdə əlçatan olduğu, insanların beyninin müxtəlif faktlara, əhvalatlarla doldurulduğu bir zamanda heç kim öz istedadı ilə insanları təəccübləndirə bilməz.
Dünyada indiki kimi biliyin hörməti heç bir zaman olmayıbdır, yaşadığımız cəmiyyət “informasiya cəmiyyəti” adlanırsa, əlləri kənara salıb istedadın realizasiyasını gözləmək yerinə mümkün qədər çox oxuyub dünyanı dərindən dərk etmək bir yazıçı üçün müqəddəm şərtdir.
Bizim yazıçılar isə öz savadsızlıqlarını anormal yollarla arqumentləşdirərək öz ədəbi həyatlarını davam etdirmək arzusundadırlar.
Lakin bu arzu gerçəkliyə qarşı dözümsüz arzudur, Matasın təcrübəsi kimi içində Orxan Pamuk da olan onlarla təcrübə bu arzuları inkar edir.
Suda boğulanın saman çöpündən imdad istəməsi qədər təbii olan istedad hesabına böyük əsər yazmaq arzusu saman çöpündən yapışıb boğulmaq qədər də gerçəkdir.