Seymurun iki ciddi problemi - QAN TURALI YAZIR

Seymurun iki ciddi problemi - <span style="color:red;">QAN TURALI YAZIR
11 dekabr 2015
# 11:15

Seymur Baycan kənardan necə görünür, deyə bilmərəm, amma mənim ən içdən, ən dəruni hisslərlə dostluq elədiyim bir insandır. Seymur haqda yazmaq buna görə də mənim üçün çox rahatdır. Mən Seymurla on ildən artıq bir müddətdir ki, dostluq edirəm və fəxrlə xatırlayıram ki, mənim haqqımda ilk yazıları yazan, məni belə demək mümkündürsə ədəbi mühitə təqdim edən ilk adam Seymurdur. Mən Seymuru tanıyanda o vur-tut balaca bir roman yazmışdı: “Ət və ət məhsulları”. İndi bu məqaləni yazanda ritual naminə Seymurun kitablarını tapıb stolumun üstünə yığdım. Hər zaman qarışıq olan stol bir az səliqəsini itirdi, Seymura yer açmaq üçün bəzi kitabları üst-üstə yığası oldum. Hərçənd Seymurun bütün kitabları da burda deyil. Nəyə görə ritual naminə deyirəm, çünki Seymur elə yazıçıdır ki, o həmişə mənim yaddaşımdadır və ondan yazanda doğrusu heç bir kitaba baxmaq, nəyisə xatırlamaq ehtiyacı da hiss etmirəm. Ritual isə yerinə yetirilməlidir, kitablar yerindədirsə yazıya başlamaq olar.

Ötüb keçən bu illər ərzində Seymur çox yazıb, o cümlədən bir neçə roman, “Mənim mübarizəm”in deyəsən üç cildi, üstəlik hekayə kitabları. Və bunlar hələ hər şey deyil, son vaxtlarda Seymurun hər həftə, bəzən isə həftədə iki dəfə hekayələri çap olunur.

Son zamanlarda Seymurun ən uğurlu kitabı “Quqark”dır, ədəbi tənqidin və ədəbi ictimaiyyətin fikri belədir. Ona görə elə əvvəl istəyirəm “Quqark”dan danışım. Və əslində Seymur nəsrinin bütün üstünlükləri və eləcə də problemləri bu romanda özünü büruzə verir.

Seymurun yazıçı kimi üstünlükləri kifayət qədərdir. Mən ilk növbədə onun dəqiq müşahidə qabiliyyətini qeyd edirəm. Seymurun doğrudan da çox gözəl müşahidə qabiliyyəti var və onun bu qabiliyyəti ilk növbədə dəqiq təsvirlər verməklə, son dərəcə maraqlı hadisələr yazmaqla özünü göstərir. Bunlar söz yox ki, gözəl şeylərdir. Misal üçün, “Quqark” romanında Seymurun görümlü idrakından doğulan çox gözəl etüdlər, pasajlar var. Və romanın pasifist, antimüharibə ovqatına da bu pasajlar üzvi şəkildə tamamlayır.

Seymur ümumiyyətlə nə yazırsa maraq doğurur, müzakirə olunur. Hər halda bu son dövrlərə qədər beləydi. Bu şəksiz ki, bir yazıçı üçün, xüsusilə də ədəbiyyatın çox da böyük maraq oyatmadığı müasir dövr üçün çox gözəl bir haldır, bunu mütləq qeyd etmək lazımdır. Seymur Baycan ədəbi tənqidin diqqətini çox az cəlb edir, bir çoxları tamamilə haqsız şəkildə onu köşə yazarı elan edərək ədəbiyyatdan silmək istəyirlər. Bəli, Seymur Baycan köşə yazarıdır, lakin yazıçının köşə yazması onun qəbahəti yox, fəzilətidir. Lakin Seymura qarşı ədəbi tənqidin lazımınca diqqət göstərməməsi son nəticədə həm ədəbi prosesin, həm də Seymur Baycanın əleyhinə işləyir. Ədəbi tənqid küncdə-bucaqda qalmış, bəzən adı ancaq öz dostlarına tanış olan yazıçı barədə yazmağı özünə rəva görsə də Seymur Baycan kimi məhsuldar bir yazıçıya lazımı diqqəti ayırmır. Bu mənada Azərbaycan ədəbi tənqidi tamamilə marjinallaşmış və ədəbi prosesi ifadə etmək gücünü itirmişdir.

Bir internetə baxın, qəzet və jurnalları vərəqləyin. Seymur Baycanın “Quqark” istisna olmaqla (o da sağ olsun “Oxu Zalı”nı) heç bir əsəri haqqında məqalə görməzsiniz. Ümumiyyətlə, bizim ədəbi tənqidin bir cəhəti də bundadır. Təsəvvür edin ki, “Qətl günü” romanı çap olunduqdan keçən bir il ərzində roman haqqında cəmi bir məqalə çap olunub, roman haqda müzakirəni isə “Literaturnaya qazeta” edib. Bəs “Ədəbiyyat qəzeti” o zaman nə ilə məşğul idi? Ədəbi prosesə heç bir isti-soyuğu olmayan müəlliflərin təhlili ilə... Yubiley təbrikləri və ortabab istedada da malik olmayan ədəbi ölüləri bizə klassik kimi sırımaqla. Vəziyyət dəyişməyib. Bir ölkədə ki, Hüseynbala Mirələmov haqqında yazılan məqalələrin sayı Seymur Baycan haqqında yazılan məqalələrdən dəfələrlə çoxdursa deməli ədəbi tənqid dövrün imtahanından üzüağ çıxa bilməyib.

Mən Seymurla Yusif Səmədoğlunu eyniləşdirmək fikrim yoxdur. Lakin ədəbi gündəm qazanmış əsərlərə qarşı ədəbi tənqidin bu cür soyuq və hətta deyərdim ki, məqsədyönlü şəkildə gözardı etmək siyasəti bir yazıçı kimi Seymur Baycanın da inkişafına pis təsir göstərir. Yaradıcılığının məhsuldar bir dövrünü yaşayan yazıçı “Quqark”dan sonra “Ana ürəyi” kimi mənim çox bəyəndiyim və sevdiyim bir povestlə diqqətləri öz üzərində toplayır, öz yaradıcılığında mühüm bir dəyişiklik edir. Lakin “Ana ürəyi” haqda məqalələri kimlər yazıb? Cavid Zeynallı və Qan Turalı. Üçüncüsü varmı? Yoxdur! Və bu susqunluq, “görməmək”, özünü korluğa vurmağın nəticəsi o olur ki, “Quqark” və “Ana ürəyi” kimi ən azı ədəbi nəsil üçün mühüm əsərlər yazan bir yazıçı başlayır özünün də yaxşı tanımadığı bir yola yuvarlanmağa. O yol haqda ayrıca danışacağıq. Hələlik bir az “Quqark” söhbəti edək. Çünki o məchul yol elə “Quqark”dan başlanırdı.

Aydın Məmmədovla Anarın çap etdiyimiz söhbətinin mühüm bir hissəsi “yeni nəsr” anlayışının üstündə qurulub. Anar 60-cılar nəsrinin “yeni nəsr” olmasını vurğulayır, lakin Aydın Məmmədov qətiyyətlə deyir ki, hər bir nəsr mahiyyəti etibarı ilə yenidir, bu mənada yeni nəsr ifadəsinə ehtiyac yoxdur. Doğrusu, mən Aydın Məmmədovun mövqeyinini həqiqətə daha uyğun hesab edirəm. Çünki nəsr zatən yeni olan bir şeydir. Əlbəttə söhbət nəsrdən gedir, epiqonçuluqdan yox.

Seymur Baycanın “Quqark” romanı sözün bütün mənalarında yeni nəsr idi. Müharibə mövzusuna yanaşmadan tutmuş, bu əbədi problemin yeni simvol və obrazlarla dərkinə qədər. Lakin Seymur bu cür parlaq səhifələr yazarkən belə “Quqark” ideyasını bir roman olaraq gerçəkləşdirə bilmir. Misal üçün, “Quqark” assosiativ romandır, romanboyu qəhrəman keçmiş günləri yada salır. Qəhrəman Quqark istirahət mərkəzinə gedir və hər şeyi xatırlayır. Yazıçının bir hadisədən digərinə keçid zamanı “Yadıma düşdü”, “Xatırladım”, “Onu deyirdim axı...” kimi şifahi nitqə xas üslubdan istifadə etməsi nə dərəcədə doğrudur? Belə yaxşı bir roman normal bir struktura layiqdir. Misal üçün, Remarkın “Lissabon gecəsi” romanını xatırlayaq. Ölkədən çıxmaq üçün pasport axtaran adam bir başqası ilə rastlaşır və o adam da öz həyat hekayəsinə qulaq asmaq müqabilində ona pasportunu verir. Belə baxanda əlahiddə bir struktur, süjet xətti yoxdur. Lakin yazıçı yazmaq istədiyi mətni bu qurğu ilə yazıb. Amma Seymur bu məsələlərdə çox naşılıq nümayiş etdirir. Romanın son hissəsində isə Anuşla bağlı yazılanlar isə mahiyyət etibarı ilə nə qədər maraqlı görünsə də əsərlə heç bir üzvi əlaqə yaratmır. Onu ordan götürüb ayrıca bir əsər kimi də vermək olar. Məgər nəsr dediyimiz budurmu? İsa Hüseynovun “Tütək səsi” povestindən Cəbrayılı çıxartmaq olarmı? Bunlar nəsrin zəruri yox kafi tələbləridir. Və bu kafi səbəb ödənilmədiyindən biz “Quqark”ı roman kimi yox az qala gündəlik kimi oxuyuruq.

Ədəbi əsərin bir mühüm əlaməti də onun bütövlüyüdür. Bütövlüyə isə dəqiq süjet xətti və aydın struktur qurmaqla nail olmaq mümkündür. Bizə hələ məktəbdə süjetin nə olduğunu öyrədiblər. Ekspozisiya (bədii müqəddimə), Düyün (zavyazla)- konfliktlərin göstərilməsi, Kuliminasiya-düyünün açılması və Nəticə (Razvyazka). Gəlin, məktəbdə öyrəndiyimiz bu şeyləri yadımıza salıb müasir Azərbaycan ədəbiyyatına bir baxaq. Yazıçılarımızın çoxu bu sxemin üzünə də tüpürmür. Romanını götürüb deyəndə ki, bu əsərin konflikti nədir, sənə nağıl danışırlar. Hətta biri məqaləsində yazmışdı ki, bədii əsər üçün konfliktə ehtiyac yoxdur. Bir başqasından əsərin ideyasını soruşanda sənə süjetini danışır. Eləsi var, heç əsərində düyün yoxdur. Bir başqası deyir ki, düyün açılmasa da olar, oxucuya buraxıram. Bu cür qeyri-elmi söhbətlər. Halbuki ədəbiyyat incəsənət olsa da ədəbiyyatşünaslıq elmdir və bu məsələlərlə bağlı hansısa fikir ayrılığı ola bilməz. Kafkada da bu sxem gözlənilir, Viktor Hüqoda da. Elə Ekoda da. Yəni fərq etmir, romantiksən, ya da postmodernist. Bunlar minimal tələblərdir.

İndi söhbəti Seymura gətirək. Seymur nəsrinin ənənəvi olaraq iki problemi var. Özü də bu “Ət və ət məhsulları”ndan indiyənə qədər gələn bir problemdir. Birinci problemi qeyd elədik, süjet xəttinə etinasız münasibət. Halbuki nəsrdəki bütün əhvalatlar süjet xəttinə tabe etdirilməlidir. Yəni, süjetdən kənaraçıxma kimi görükən bir şey də əslində süjetin bir hissəsi olmalıdır. Digər məsələ isə elə bununla bağlıdır. Belə ki, Seymurun istənilən hekayəsini götürüb ordan xeyli məqamı çıxartmaq olar. Çünki hekayənin üzvi bütövlüyü yoxdur. Pərakəndəliyin Seymur yaradıcılığında çox misalları var. Amma mən “Musiqi məktəbi” hekayəsini qeyd eləmək istəyirəm. Demək, iyirmi səhifədən artıq olan bu hekayənin ilk iki səhifəsində bir sevgi hekayəsi danışılır. Sonra müəllif bu süjeti yarımçıq qoyur və ona hekayənin son səhifəsində qayıdır və belə deyir: “Hə, o məsələ də alınmadı də”. Dünya ədəbiyyatında süjetlə belə sərbəst rəftar edən ikinci bir yazıçı olmayıb. Olubsa belə mən tanımıram. Ya da Seymurun son günlərdə çap olunmuş hekayəsi. Hekayə Cəfər müəllimin saatının dayanması ilə başlayır. Doğrudan da çox gözəl yazılmış parçalardır. Lakin bu kiçik hekayə davam etdikcə saat yoxa çıxır və sona qədər də saat unudulur. Axı belə də olmaz. Nəsrin qaydası var. O saatı hekayədəki funksiyası nədən ibarətdir? Və Seymur bir yazıçı kimi saatın dayanması ilə bağlı onlarla sonluq tapa bilərdi. “Cəfər müəllim iyirmi ildən artıq gəzdirdiyi saatın əqrəblərini dayanmış görəndə pis oldu” cümləsi ilə başlayan hekayənin növbəti on iki abzasında (ərinmədən saymışam) bu saatdan söhbət gedir və sonra... saat yoxdur.

Seymur təzəlikcə özünə yeni bir məşğuliyyət də tapıb, Sovet yazıçılarının hekayəsini dekonstruksiya eləmək. Özü bu haqda Kulisə müsahibəsində belə deyir. Lakin bu cür qeyri-ciddi açıqlamalar mənə elə gəlir ki, artıqlıq edir. Əlbəttə, dekonstruksiya ədəbi bir fənddir. Lakin Seymur dekonstruksiyanın tələblərini yerinə yetirmir. Yazıçı dekonstruksiya etdiyi mətnə başqa əsaslarla yenidən qurmalıdır. Seymur isə başqa yazıçının hekayəsini götürüb yarısını köçürdür, qalanın özü yazır. Belə bir şey... Bəziləri buna oğurluq kimi baxır, yox, Seymur özü də dekonstruksiya etdiyini gizlətmir, bu oğurluq deyil, amma... dekonstruksiya da deyil.

Seymuru bir yazıçı kimi məncə ən mühüm cəhət odur ki, onun deməyə sözü var. Çox yazıçı görmüşük, qalın romanlar yazır, amma oxucuya deməyə sözü yoxdur. Nə demək istədiyi heç özünə də aydın deyil. Eləcə yazır. Amma Seymurun içində bir yanğı var, oxucuya ötürmək istədiyi bir mesaj var, ürəyini deşən bir sirr var. Və bəzən bəlkə də buna görə də nəsrin qəliblərini pozur, onunla esseistika və publisistika arasında olan sərhədlərə məhəl qoymur.

O söz əlbəttə deyilməlidir.

Lakin nəsrin qaydalarıyla deyiləndə çox daha təsirli, çox daha effektli və əlbəttə ki, çox daha estetik olur.

Necə deyirdi şair? “Deyilən söz yadigardir”.

Amma söz...

# 3424 dəfə oxunub

Müəllifin son yazıları

# # #