Atı bir gülləyə necə öldürməli? - QAN TURALININ YAZISI

Atı bir gülləyə necə öldürməli? - <span style="color:red;">QAN TURALININ YAZISI
17 yanvar 2017
# 08:30

Son illər heç bir ölüm məni Tarık Akanın ölümü qədər ağrıtmamışdı. Ölüm xəbərini aldığım gecə canımı heç hara qoya bilmirdim. Onun gülümsər sifəti məni hər yerdə təqib edirdi. Fikrimi dağıtmaq üçün oxumaq istədiyim kitabda belə onun silueti gözümün qarşısında canlanırdı. Gecəylə bir yazı da yazdım. Ağrı dayanmadı, əksinə artdı.

İstanbula gedən kimi kitab mağazasında Tarık Akanın “Başımda bit var, ana” kitabını gözüm axtarırdı. Aktyorun həbs günlərindən bəhs edən bu kitab onun ölümündən sonra yenidən çap olunmuşdu. Otel otağına qapanıb bu kitabı bir neçə saata oxuyub bitirdim. Kitab bitdikdə isə üstümdə əzici bir kədər vardı və Tarık Akanın ölümü məni daha çox yandırırdı. Bu yazını yaza-yaza həmin o üzücü kədəri, böyük istedadın məruz qaldığı məhrumiyyətləri yenidən yaşayıram və bütün bu ağrılar, əzabların bitməməyi, bu gün də başqa istedadların üzərindən keçən bu amansız maşının hələ də diri olmağı, hələ də işlək olmağı məni tamam dilxor edirdi.

Kitab həbsxana xatirələrindən ibarətdir, lakin Tarık Akan “Yol” filminin çəkilişləri barədə də bir neçə səhifə yazıb. Bu hissələri bölüşmək istəyirəm.

Təkcə ona görə yox ki, həbsxana xatirələri uzundur.

Təkcə ona görə yox ki, kitab oxumaq zövqünüzü sizdən almaq istəyirəm.

Təkcə ona görə yox ki, Tarık Akanın ağır həbsxana günlərini unutmaq və unutdurmaq istəyirəm.

Təkcə ona görə yox…

Həm də ona görə ki, “Yol” filminin hansı böyük əziyyətlər, zəhmətlər hesabına başa gəldiyini göstərim. Bu gün film çəkmək arzusunda olanlar bu tarixi öyrənsinlər, bilsinlər. Və bilsinlər ki, heç bir şey yox yerdən yaranmır, ikicə saatlıq filmin arxasında onlarla insanın titanik əməyi, pozuq əsəbi, misilsiz zəhməti dayanır. Sənətin yolları daşdan keçir.

Hə, indi keçək kitaba. Yazının əvvəlində qoyduğum qaydanı bir az pozmaq keçir könlümdən. Həbsxana ilə bağlı kiçik bir xatirə yazaq, sonra yolumuza “Yol”la davam edərik.

“Məni Siyasi şöbəyə gətirdilər. Bir otağa saldılar. Otaqda iyirmidən çox gözləri bağlı gənc vardı. Fotoqraf gəldi. Cinayət işi üçün şəkillərimi çəkəcəkdi. Əlimə rəqəmlər yazılmış karton verdi. Anfasdan və profildən şəkillərimi çəkdi. Sonra fotoaparatı polisə verib dedi: “Xahiş edirəm, mənim Tarık abi ilə şəklimi çək”. Polis xatirə şəklimizi çəkdi. Sonra fotoqraf aparatı götürüb məni polislə bir şəkildə əbədiləşdirdi. Fotoqraf bir azdan barmaq izi götürməyə gələcəklər deyib getdi”.

Hə, “Yol”umuza davam edək.

Image result for "Yol" filmi

Həbsdə olan Yılmaz Güney Tarık Akanı görüşə çağırır. Və ona yeni bir ssenari yazdığını muştuluqlayır. O dövrlərdə Türkiyədə çəkiləsi bütün ssenarilər rəsmi senzuradan keçməli idi. Rejissorlar bu işin də asan yolunu tapmışdılar. Yüngül, ictimai dəyəri olmayan bir ssenari yazdırır, o ssenariyə icazə alır, sonra isə əsl ssenarini çəkirdilər. Senzuraya təqdim olunan ssenari isə on iki məhkumun eşq hekayəsi idi. Tarık Akan hər biri bir nazirliyi təmsil edən senzura üzvlərinə ssenarini belə təqdim edir:

“Hamınıza yaxşı məlum olduğu kimi bir çox yerli və xarici filmlərdə türk həbsxanalarındakı vəziyyət çox pis göstərilir. Aqata Kristinin “Gecəyarı ekspressi” filmində olduğu kimi bütün bu filmlər bizim həbsxanaları yalan və uydurma formada təqdim edir. Amma Yılmaz Güneyin yazdığı bu ssenari türk həbsxanalarında qanun-qaydanın necə gözəl işlədiyini nümayiş etdirir. Siz təsəvvür edin, məhkumlara gedib ailələrini görmək üçün icazə də verilir. Görürsünüzmü, bu ssenari bizim həbsxanaların gözəl tərəfini dünyaya tanıtdıracaq”.

Senzuranın xüsusi xidmətində təmsil olunan şəxs Tarık Akandan bu icazəni verən müvafiq qanun maddəsinin ssenaridə əks olunub-olunmadığı ilə maraqlanır. Tarık Akan yenə hazırcavablıq edir: “Yoxdur, amma mütləq bunu ssenariyə əlavə edəcəyik. Söz verirəm”.

Ssenari təsdiqlənir. Tarık Akan xəbəri Yılmaz Güneyə çatdırır. Ssenari yazmaq prosesi sürətlənir. Əslində ssenari heç hazır deyil. Film on iki məhkumun hekayəsi olacaq. Amma Tarık Akan buna qarşı çıxır, “on iki adam çoxdu” deyir. Yılmaz Güney qəbul edir, amma deyir ki, mən yazdığımı yazıram, maraqsızları çıxardacam. Ssenarinin düz səkkiz variantı yazılır. Yılmaz Güney bu yorucu işdən bezib bütün variantları Tarık Akana verir. Bu səkkiz variantdan vahid ssenari hazırlanmalıdır.

Tarık Akan tez-tez həbsxanaya gedib Yılmaz Güneyin ssenari haqqında fikirlərinə qulaq asır, müzakirələr aparır. Yılmaz Güney onu Seyid Əli roluna hazırlaşdırır, ona necə oynamalı olduğunu öyrədir. Tarık Akandan aşağı səviyyəli aktyor olan Yılmaz Güneyin bu dərsləri onu tamam əsəbiləşdirir. Axırda bir gün cəsarət edib belə deyir: “Yılmaz abi, sən pis oynayırsan, mən belə oynamayacam”. Yılmaz Güney onunla razılaşır: “Aktyorluq həvəsimi gərək bir qırağa qoyum. Mən artıq rejissoram”.

Türkiyə hərbi çevriliş günlərini yaşayır. Küçəyə çıxmaq qadağası var. Bütün hakimiyyət hərbçilərin əlindədir. Çəkilişlər başlayır. Lakin bir gün Yılmaz Güney həbsxanadan təlimat göndərir: “Çəkilişlər dayandırılsın”. Rejissorun işi Yılmaz Güneyi qane etməyibmiş. Yeni rejissor axtarışlarına başlayırlar. Heç biri ilə Yılmaz Güney razılaşmır. Bircə Şərif Görən çəkə bilər. O da həbsdədir. Yılmaz Güney layihəni ləğv etməli olur. Və qəfildən Tarık Akanın gözü “Milliyyət” qəzetinin son səhifələrində bir xəbərə sataşır: “Şərif Gören azadlıqda”. Xəbəri Yılmaz Güneyə çatdırır. Hər yerdə Şərifi axtarırlar. Yoxdur. Axırda evinə gedib gözləyirlər. Həbsxanadan onu gecəyarı buraxıblarmış. Rejissor ailəsi ilə görüşməyə macal tapmamış ssenarini qabağına qoyurlar: “Bunu gecə oxu, səhər gəl Yılmaz Güneyin yanına”. Şərif Görən film çəkməyə razılaşır, amma on iki qəhrəmanın çox olduğunu o da deyir. Yılmaz Güney ona ssenari üstündə tam hakimiyyət verir. Verməyib nə edəcək? Bu filmi çəkəsi başqa adam yoxdur.

Image result for "Yol" filmi

“Yol”un çəkilişləri bir neçə şəhərdə olmalıdır. Senzura filmə icazə versə də şəhərlərin fövqəladə vəziyyət komandirləri filmə mane olurlar. Misal üçün onların Bursadan çıxıb getmələri əmr olunur. Gedirlər getməyinə, amma gecəylə qayıdıb mikroavtobusun içinə quraşdırılmış kameralarla səhnələri çəkirlər. Filmdə əsgərlər çəkilməlidir, amma icazə yoxdur. Diyarbəkir komandirinə onları qorumaq üçün iki bölük əsgər vermələrini xahiş edirlər. Komandir əsgərləri verir, lakin onlar gizli kamera ilə əsgərləri filmə çəkirlər. Əsgərlərlə yaxşı ünsiyyət qurmağı bacaran çəkiliş heyətinə onlara sözlü rollar da verməyə başlayır. Bir dəfə onların xahişi ilə əsgərlər hətta avtobusu saxlayıb insanların sənədini yoxlatdırırlar və bu səhnəni də çəkirlər. Hər gün çəkiliş bitdikcə lentləri İstanbula, ordan da İsveçrəyə göndərirlər.

“Yol” filminin ən dramatik səhnələrindən biri də Tarık Akanın (Filmdə Seyid Əli) atı vurması səhnəsidir. Tarık Akan o anları belə xatırlayır:

“Çəkiliş dövründə atla aramızda inanılmaz bir münasibət yaranmışdı. Bu dostluğu ömrümün sonuna qədər unutmayacaqdım. Atın mənə qarşı heyranlığı və sədaqətini onun gözlərindən oxuyurdum. Qar fırtınalarında yanıma gəlir, başını paltoma soxurdu. Çəkiliş vaxtı tərkindən düşəndə başı ilə mənə toxunur, qoxlayır, sanki dərdlər içində qovrulduğumu anlayaraq məni ovudurdu. Onu yüyənindən tutub çəkinməyə də ehtiyac yoxuydu. İt kimi arxamca düşüb gəzirdi.

Atı vuracağım səhnə çəkiləndə heyvana keyləşdirici iynə vuruldu. Yaxın planları çəkdik. Növbə öldürməyə gəlmişdi. Rejissor “Kamera” dedi. Silahı ona tuşladım. At mənə baxıb yalvarırdı. Rejissor qışqırdı: “Atəş aç, atəş aç”. Silahı aşağı endirdim. Mən bu atı öldürə bilməyəcəkdim. Yılmaz Güneyin qardaşı oğlu silahı götürüb atı vurdu. At ölmədi. Güc-bəla ilə bir çavuşdan bir güllə almışdıq. İkinci gülləmiz yox idi. Gülləni aldıq. Vurduq. At yenə ölmədi. Ancaq üçüncü güllədə öldü at.

Ssenariyə görə ölmüş atın qarnını kəsib əl və ayaqlarımı donmamaq üçün onun qarnına soxacaqdım. Hava qaralırdı. Çəkilişi sabaha keçirtmək mümkünsüz idi. Çünki gecəylə canavarlar atı parçalayacaqdı. O səhnəni də çəkdik. Lakin səhnə tutqun alındığına görə Yılmaz Güney montaj zamanı o səhnəni kəsdi”.

“Film çəkilişləri başa çatdı. Spartaya, Yılmaz Güneyi görməyə gedəcəkdim. Yeşilcam küçəsində bir dostum gedəcəyimi biləndə məndən biletimi istədi. Bileti ona verdim, qaytarmadı, cibinə qoydu. “Getmə” dedi. Qaldım. Səhəri gün qəzetlərin manşetlərində Yılmaz Güney vardı. Yılmaz Güney həbsxanadan qaçmışdı”.

Yılmaz Güney eynilə “Yol” filmindəki kimi etmişdi. Həbsxanada aldığı bir həftə icazə ilə çölə çıxmış, sonra gizli yolla xaricə getmişdi. Parisdə filmin post prodakşn işləri ilə məşğul idi, filmi Kann festivalına çatdırmalı idi. Çatdırdı da. Film Kann festivalının Qran-pri mükafatını aldı. Bu türk kinematoqrafiya tarixində bir ilk idi.

Tarık Akan həbsdən azad olsa da məhkəməsi davam edirdi. Bu ərəfədə Türkiyənin siyasi sistemini ifşa edən “Yol” filmi Kannda mükafat almışdı və bu filmin baş rolunu da Tarık Akan oynamışdı. Rejissor Şərif Görən də dediyimiz kimi həbsdən təzə çıxmışdı. Qəzetlər filmin uğurunu yazırdı, amma belə bir tragik situasiyada aktyorun ağzından çıxan hər bir söz onları yenidən həbsə göndərə bilərdi. Ona görə də belə razılaşdılar. Filmin qələbəsi haqqında onlardan açıqlama istəyən jurnalistlərə ancaq bir söz deyəcəkdilər: “Mutluyuz!” Vəssalam. Başqa bir söz demək problem olardı. Filmin mahnısını Zülfü Livaneli bəstələsə də Yılmaz Güney təhlükəsizliyi üçün onun adını titrlərə yazmağa icazə verməmişdi. Amma aktyor nə etsin? Üzünü gizlədib oynamayacaqdı ki.

Amma onlar doğrudan mutlu idilər. Tarık Akanın da dediyi kimi, dünyanın ən çətin şəraitində çəkilən filmi böyük uğur qazanmışdı. Mutlu olmamaq mümkün idimi?

Tarık Akan ölümsüzdür!

# 1746 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #