Uşaqlar Üçün Əyləncəli və Öyrədici Şeirlər

Uşaqlar Üçün Əyləncəli və Öyrədici Şeirlər
3 yanvar 2019
# 17:50

Kulis.az uşaqlar üçün əyləncəli və öyrədici şeirləri təqdim edir.

Uşaq və buz

Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;

Sürüşdü birdən-birə,
Dəydi üz üstə yerə

Uşaq durub neylədi?
Buza belə söylədi:

“Sən nə yamansan, a buz!
Adam yıxansan, a buz

Az qalıb ömrün sənin,
Yaz gələr, artar qəmin:

Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”

***

Göyqurşağı | Mina Rəşid

Al-əlvan rənglərimlə
Göyün yaraşığıyam.
Sevir məni uşaqlar
Mən bir göyqurşağıyam!

Hərdən görünürəm mən
Yeddi rəngli donumda.
Günəş şəfəqlərilə
Yağış görüşən anda.

De, hansı rəssam çəkər?
Heyrətlə baxır hamı.
Allahın əsəriyəm
Məndən gözəl de, hanı?

«Qızıl gül» | Abdulla Şaiq

Qızıl güləm, qızıl gül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?

Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızıl gül,
Sən ey qönçəm, açıl, gül

Uçun, quşlar! | Mirmehdi Seyidzadə

Uçun, quşlar, bizim bağa,
Cəh-cəh vurub oxumağa.
Sıx yarpaqlı ağaclarda
Qonun yaşıl bir budağa.

Bənövşələr pıçıldaşır,
Sizə nəğmə çox yaraşır.
Quşlar nəğmə oxuyanda
Sevincimiz aşır- daşır.

Çiçəklənib gülöyşə nar,
Çiçəklənib şaftalılar.
Uçun, quşlar, bizim bağa.
Nəğmə deyin gəlib bahar.

Gözəl Anam, Şən Anam | Solmaz Şirin


Evimizin işığı
Gözəl anam, şən anam!
Səndən əziz kimim var?
Həmdəmimsən sən, anam!

Gözəllərin gözüsən,
Dilimin xoş sözüsən.
Sən nənəmin özüsən,
Sənə heyran mən, anam!

Cüt yaşılbaş sonayıq,
Səninlə mən bir Ayıq.
Elə bil, bir almayıq,
Bölünmüşük tən, anam!

# 2719 dəfə oxunub

Oxşar xəbərlər

Nə desə yaxşıdır, belin qucanda... - Günün şeiri

Nə desə yaxşıdır, belin qucanda... - Günün şeiri

14:40 22 mart 2026
21 Mart - Ümumdünya Poeziya Günüdür

21 Mart - Ümumdünya Poeziya Günüdür

13:00 21 mart 2026
Saatımı itirmişəm Nizami küçəsində - Səttar Temuçinin şeirləri

Saatımı itirmişəm Nizami küçəsində - Səttar Temuçinin şeirləri

12:56 21 mart 2026
Başımdan getmişdi sevdanın qəmi... - Günün şeiri

Başımdan getmişdi sevdanın qəmi... - Günün şeiri

12:30 21 mart 2026
Novruz gəlib yetişdi, ayrı duran vaxtdımı?!  - Novruz bayatıları

Novruz gəlib yetişdi, ayrı duran vaxtdımı?! - Novruz bayatıları

13:30 20 mart 2026
"O pak bağrına bassın məni, desin layla..." - Günün şeiri

"O pak bağrına bassın məni, desin layla..." - Günün şeiri

12:30 20 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər