Sevgiliyə gül uzadan əllərin tənhalığı - Ramil Əhməddən yeni şeirlər

Sevgiliyə gül uzadan əllərin tənhalığı - Ramil Əhməddən yeni şeirlər
11 may 2021
# 12:00

Kulis.az gənc şair Ramil Əhmədin yeni şeirlərini təqdim edir.

Humay

Səməd Vurğun və Yusif Səmədoğluna

“Mənim də ruhumda bir iztirab var –
Ölür sənətimin o ilk gözəli.
Fəqət, mən istərəm qıymasın həyat,
Şeirin ağladığı bir gözəlliyə
Qıymasın, şairlər yazıqdır deyə,
Şeirin ağladığı bir gözəlliyə...”

S.Vurğun

İnqilaba sədaqətindən asılı
naməlum bir kişi cəsədini
yırğalayırdı külək,
Çalpapağın adamı
Gün batana, gün doğana çapsan atını,
“Üfüqlər gizlətsə qaraltını,”
Yenə də kor bir qurşun gəlib tapar
sədaqətini gizlədiyin bədənini.

Küçədən atlı keçər,
pəncərələr bağlanar,
bir qurd ulayar,
qorxu şəhərə yayılar:
insan gəlir, insan!

Ölüm yatağında Günəş də buzdu,
Bəlkə də, üşüyürək ölməkdir
ölümə gecikənlərin qədəri.
Silahsızıq sözünün
arxasında gizlənmiş kəndin kişiləri -
“Həyat ölməz bir ehtiyacdır.”

Tozlu yollar uzanıb gedər,
Qançanağı tərəfdən bir qaraltı keçər,
Divarda kölgələr böyüyər, kiçilər,
bayrağı ilk asanlar güllələnər.

İnqilabı kitabsızlar və Allahsızlar edir bəyəm?
“Susuram rüzgarın sualına”.
Kor Mədətin oğlu uzundraz Qasım indi göstər şounu...
Qafil!
Bir bilsən nə gözəl yaraşdı sənə ölüm
dirilib bir də, bir də ölərsən.
Bir də ki,
“Ölümdən qorxmağın nə mənası var”?
Bütün sualların ən həqiqi cavabını verir ölülər öz sükutlarıyla.
Qəbir daşları sipərdir ömrə!
Yalnız daş adamların arxasında gizlənmək olar,
mərd olmasan kürəyə də qurşun sıxmaq olar.

Kürəyə saplanan xəncərin qaşına hürər bir köpək,
Məscidə it bağlanan çağ idi Sovetlər
bütün filmlərdə yoxa çıxmış şərqiydi azan
“mübarizə, inqilab, üsyan
deyildir asan”
İnqilab adlı bu quduz ağacı insan qanı suvarmalı.

Bərq vurur ulduzlar nəhrdə,
Göyüzü təbəssüm tək qonur Kürün üzünə
Gülür göy qübbə də.
Çayın gözləri önündə
qısılmaq olar sevgiliyə.

Bir uzaq şəhər həsrətinin vüsalı yox,
Humay, Peykanlıdan uzağı yox.
Təslim ol, bu kiçik kəndə.
Təslim ol, batmanla gələn dərdə.
Təslim ol, sevdaya.

“Tarixdən silinər mübarizələr.”
Qalar yer üzündə sevda adlı cəbhələr:
Humaylar, Cəlallar, Temirlər və Tamaralar.
“Bu qanlı silahlar, dumanlı ahlar”,
unudular, unudular, unudular!
“Eşqdə acizlik və dəlilik var!”

Ölümə gedərkən
“Atlar quşlardan iti qanadlı”,
Atların ayaqları yolun əzbərini qanatdı.
Dağın dumanlı yaddaşı oyandı;
Mülkədarın hikkəsi
Xacə şahı salamladı.

Gəzdikcə ozanın əli sarı simi
Bir də düyünləndi,
çözülmədi keşişin tilsimi.
Barmaqlar, saz və pərdə
açılır güllə,
bir də, bir də
aşiqin bədəninə,
sevdaya qurşun işləməz bəy!
açılır güllə,
ilk ayaqlar təslim olur ölümə
və sonuncu düymə,
gəl bax Cəlaldan keçən mərminin külünə.
Açılır güllə,
özü də bilmədən
komsomolun ürəyindəki qızını öldürür əslində.
Atan səni güllələdi ey “tək ayaqlı qərinə”!

“Sevdalar düşkünü, komsomol Cəlal ”
Burada sevəni bağışlamırlar.
“Söz verib, söz alıb, söz unudanlar”
Burada sevəni bağışlamırlar.
Ölümə qənşər, Cəlal...

Boynu uzun bədəvi atlar ağladılar,
Sevdanın cəsədini daşıdı atlar.

“Humayım mənim
Təpədən dırnağa geyinmiş qara”,
Aşiqə ümid verən gözlərin
halallıq verir indi ata qanını axıtmağa.
Çıx get daha, əvvəlcə bu kənddən, sonra kəndindən,
Get cahan mülkündə tapmadığın haləti axtarmağa.

Sən addımladıqca genişlədi dünya,
dünya böyükdür, Allah da, sevda da.
Küləklərlə vidalaş,
hər şeyi bilən Kürlə vidalaş.
Humay - sevdasız bir çölün sərab arzusu!
Humay - çölün vida nəğməsi!
Humay - qeybə çəkilən sevdanın ən gözəli!
Sənə ağladıq bu şeiri,
Səməd, Yusif, bir də mən...

Yanvar 2020 - Mart 2021

Abşeron yarım adamı

Anar Hüseynzadənin “Abşeron Hekayəsi” rəsm sərgisinə ithaf

Hüzündən bədənlər yoğurdu rəssam
Meqapolisin dərviş ruhu oyandı rəsmdə.
İslandı yağışın rənginə Abşeron yarımadası,
Fatehsiz tikili kimi göründü gözümə Qız qalası.
Yalnızlığın min bir rəngi toxundu kətanda fırçayla,
sevgiliyə gül uzadan əllərin tənhalığı göründü,
İsa on iki həvari arasında yalqız,
Senatda Sezarı bıçaqlar təklədilər...

Troyalı Arqonotlar dördə böldü qayığı,
macəranın gözləriylə görüldü uzaq yaşıl adalar –
“Şimala doğru” dedi sitarələr.
Gücün qolları avarları çəkdilər –
“Cənuba doğru” dedi küləklər.
Mavi yolun sirrini çözdü xəritələr –
“Qərbə doğru” dedi biliklər.
Duayla doldu göy qübbələr –
“Şərqə doğru” dedi ürəklər.

Yolların falına baxdı qoca şaman
və bu uzun yolların alın yazısında
ikicə söz oxundu: “çıxıb getmək.”
Çıxıb getmək bu almasız nağılın yarımadasından
tərkində armudlar olan atlarla...
Çıxıb getmək bu almasız nağılın yarımadasından
çərçivəyə sığmayan İkarus qanadlarla.
Çıxıb getmək o yerə ki yolumuzu gözləyir
bir qadın, səbətində almalarla...
Almanı dişləyib qovulmaq arzusu var canımda
Abşeron cənnətindən, Abşeron təkliyindən.

Abşeron –
küçələri tənhalığın təkrarına qafiyələnmiş
qoca və yorğun şərqin almasız nağılı,
oyan bu yuxunu.
Üzüqara gecələrinə de ki,
utanmasınlar günəşi yandırsınlar,
təkliyin qaradərilisini qaranlıqla qorxutmasınlar!
Gölməçələrinə, şüşəli binalarına və aynalarına de ki,
göstərməsin əksimizi,
çoxaltmasın yalnızlığımızı,
çoxaltmasın Abşeron yarım adamlığımızı...

Rəssam, evlərinə de ki, gözləməsinlər...
Bizi sevənlər getdilər
tərkində armudlar olan atlarla
və onlar birdə qapısı açıq bu ev rəsimlərinə
dönməyəcəklər – gəlməyəcəklər.


Vurğusuz a`ların unuduluşu

düzgün hecaya düşmədi vurğularım
a`yla başlayan bütün sözlərdə
ay görünmədən heç biri yatmadı dilimə adın daxil
bir kərə baxmamışdım aya çünkü yanımdaydın
günəş də ay idi onda yağış da külək də bakı da
günlər hələ keçməmiş binalar beşmərtəbə idi onda
içərişəhərin hər daşı culyettanın balkonuydu
sözləri susaraq aşmaq olurdu
güllərin ətri dəyişmirdi adların anlamı yoxuydu

mühasirəyə almışdı səni suçiçəyi
yamyaşıl bədənin piyada sevgimə
keç könlümə deyirdi
tanrının bəndəsiylə danışdığı dildə danışırdı gözlərimiz

bütün qadınlar kimi əminlik istəyirdin kişidən
daimi məçhulluğun olmadığı yerdə eşq yoxdur, bilmirdin
sevgimi vərdişə çevirməməyin fransız inqilabıydım
dünyanın market ürəyinin jalüzü bağlıydı müştəri marjinallığıma
vurğusuz adındakı saitlər qapalıydı

heç demədim sənə
özüm də bilmirəm nəyi
sənə demədiyim söz qalmazdı yadımda qalmadı da
sənə deyə bilmədiyim sözlərin altsheymer xəstəsiyəm indi

# 3535 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
#
#
# # #