#

Səni özümə həm sultan, həm də... - Vaqif Bayatlının şeirləri

Səni özümə həm sultan, həm də... - Vaqif Bayatlının şeirləri
1 oktyabr 2024
# 17:00

Bu gün şair Vaqif Bayatlı Odərin doğum günüdür.

Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

Qardaşımın üzü köməyim olsun

Dilərəm Tanrıdan qəlbə dəyməyən
Uduzub yorulan, udub doymayan
Ağlaya-ağlaya top-top oynayan
Qardaşımın üzü köməyim olsun
Vurduğu topları dəyər dirəyə
Kimə bir söz desə dəyər ürəyə
Belə bəxti olan çətin kiriyə
O da ağlamasın bəs kim ağlasın
Dərd gəldi - könlünü bağlamaz kişi
Yaş gəldi - gözündə saxlamaz kişi
Çox nahaq deyirlər ağlamaz kişi
Kişi də insandı gözü-könlü var
Ağla demirəm ki, hər kəlməbaşı
Dərd olur, söz olur ağrıdır daşı
Üzündə xəbərsiz qovur yaş-yaşı
Dörd yanın kişiysə utanma qardaş
Dilərəm tanrıdan qəlbə dəyməyən
Uduzub yorulan, udub doymayan
Ağlaya-ağlaya top-top oynayan
Qardaşımın üzü köməyim olsun

Unutdular məni, unutdular...

könül bağladığım adamlar,
sirr verib sirrini saxladığım adamlar,
yanlarında ağladığım adamlar, dünya gələ, gedə
çıxmaz yadımdan.
əlim əllərindən çəkilməmiş,
yıxıq könüllər tikilməmiş
qonur gözlərimə
qara torpaqlar tökülməmiş
unutdular, məni unutdular...
görünmədim gözlərinə,
görünmədim gözlərinə
göz görmədi
könül unutdu...
görünmərəm gözüm dörddü,
bu dünyada yaman dərddi
görünməzsən, unudarlar.
düşünürəm öz dalımca,
gözüm dolur.
hamı səni unudanda
bu yalanlı dünyada
ölümlər gerçək olur...

Onda, onda

Bir gözəl şairin
qəfil yorulduğu, qəfil durduğu.
səsinin içində burulduğu
üzündə görükəndə,
bir acı, tağ atar
mənim qəlbimdə,
onda, onda
bir söyüd ağacı bitə salonda,
hər acı yanında
bir tut ağacı
atlaz-atlaz yarpaq tökə.
onda, onda
ay işığı sularda gəzəntək –
bir gözəl əl gəzə əllərim üstə,
yarpaqtək bir ovuc alnıma qona.
onda, onda –
səsim ürəyimlə düz gəlməyəndə,
qəlbim istədiyi söz gülməyəndə–
bir gilas çiçəyi aça könlümdə,
aça, başlaya sonra –
saralmağa, solmağa,
mən də birdən,
birdən baş alam qaçam –
bir tənha dənizə yoldaş olmağa.

Bir uşaq əllərinə

Dünya səndən bezəndə
sən də dünyadan bezib
endirəsən başını.
yorğun-arğın dizinə.
bir uşaq əlləri
toxunacaq üzünə.
söykəyərsən başını,
qırış-qırış üzünü
qıyma-qıyma gözünü
itdən-qurddan,
qəmdən-dərddən,
dostan-tanışdan
dastan-dastan alın yazını
bir uşaq əllərinə.
nə göz yaşı bilinər,
nə alın yazısı silinər.
endirərsən başını
böyük dualar üçün
bu balaca əllərə.
böyük andlar içməyə.
günahlardan keçməyə
endirərsən başını
haqq qapısın açmağa,
qanadlanar mələyin,
bəlkə də
bağışlandı günahın
qəbul oldu diləyin.
ancaq hələ...
dünya səndən bezəndə
sən də dünyadan bezib
fit çala-çala gəzib
endirərsən başını
yorğun-arğın dizinə.
bir uşaq əlləri
toxunacaq üzünə.
söykəyərsən başını
bir uşaq əllərinə
saxlarsan göz yaşını
bir uşaq əllərindən.

***

Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Yupyumru eşq ilə

Sevir kimsə kimsəni,
Bir kimsənin üstünə
gəl, mən də sevim səni
yupyumuru,yepyeni bir eşq ilə
yenə sənin üstünə.

Gör, sevgi üstünə sevgimi
eşq eşqi daşıran kimi,
Allah da aşıran kimi
Hər ləçək ləçəyin,
gülü gülün üstünə,
göyü göyün, ayı ayın,
günü günün üstünə.

Gör, quş uçar şığıyantək,
gül gülə sığınantək,
son nəğmə oxunantək
ilk nəğmənin üstünə.

Gör, ikiqat sevgidən,
ikiqat eşqdən bu naşı da dəm,
gözünün yaşı da dəm,
ha içər yenə də kəm
qəmi dəmin üstünə,
dəmi qəmin üstünə.

Hamıdan çox

Dünyanın ən güclü adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
İstəmirəm bir kimsə
mənimlə qorxuda bir kimsəni.

Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
Mənə ən böyük dünya varı
qapı,pəncərəsi açıq
üzü-gözü gülən bir alaçıq!

Mən səni, mən səni
Dünyada hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm,
çünki ancaq yalandan sevənlər
hamıdan çox sevirlər.

Mən səni sakitcə, yavaşca
sevmək istəyirəm.
Sevmək istəyirəm Tanrıdan yazılantək,
Bir balaca quş
Öz balaca yuvasının
küncünə qısılantək


* * *


Xan ceyranın qaçışında,
Ən şahanə uçuşunda,
Ya alnında,ya döşündə,
Bir ox yeri var,yeri var.

Düşməzsən şahlıq atından,
Göyün yeddinci qatından,
Hər bəyaz telin altında,
Bir ah yeri var,yeri var.

Ən kimsəsiz küçə sənin,
Küçə sənin,gecə mənim,
Sən bağlayan pəncərənin,
Bir dön bəri bax yeri var.

Bir də kimsəni sevməyəcəyəm

Bu gecə nədəndir hamıdan qabaq
ağrıyan, qəlbimə yanıram dostlar,
Bir də sevda nədi, bilməyəcəyəm,
Bir də bir kimsəni sevməyəcəyəm.

Bir də bu dünyada eşqdən yazmağa,
Gecələr azmağa daha halım yox.
Bu xan oğlanlara, xanım qızlara
Qara sevda nədi, bir sualım yox.

Getdi gözlərimdən bir dəvə kini,
Getdi qollarımdan küçə davası.
Bahar ağaclardan çəkilən kimi.
Çəkildi başımdan gənclik havası.

Könlüm dəliliyi unutdu çoxdan,
Axır ki, ağlımın səsinə uydum.
Qonur gözlərimdə yorğunluq – haqdan,
doydum küçələrdən, yollardan doydum.

Bir də sevda nədi, bilməyəcəyəm,
Bir də kimsəni sevməyəcəyəm.

Mən zalım adamam, kamança

Qardaşım ağaclar, bacım çiçəklər,
bir də söz tutdu sizi,
söz tutdu, sevda qurutdu,
üz tutub yüyürməyin mənə sarı,
bağlanıb gözümün
yaş qapaqları.

Dünyanın bəla qapıları
qala qapıları, daş qapıları,
yetim qapıları, boş qapıları
bağlanıb könlümə, bağlanıb
bağlanıb gözümün yaş qapaqları
Mən söz bəlasıyam,
zalım tifili.

Sürüşüb alnımdan Tanrının əli
daha sən də
sən də ağladammazsan məni
mən zalım adamam, kamança.

# 440 dəfə oxunub

Oxşar xəbərlər

Kişilər tualetində siqaret çəkən ofisiant qız - Vüqar Vanın hoqqaları

Kişilər tualetində siqaret çəkən ofisiant qız - Vüqar Vanın hoqqaları

15:00 3 oktyabr 2024
Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə

Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə

14:49 3 oktyabr 2024
Sevgilimlə iki söz arasında... - Əli Kərim

Sevgilimlə iki söz arasında... - Əli Kərim

13:45 3 oktyabr 2024
Dünyanın nə gözəl vaxtı görüşdük - Zəlimxan Yaqub

Dünyanın nə gözəl vaxtı görüşdük - Zəlimxan Yaqub

10:20 3 oktyabr 2024
Quşlar qəfəsdə darıxır, güllər dibçəkdə... - Tərlanə Yaqubqızının şeirləri

Quşlar qəfəsdə darıxır, güllər dibçəkdə... - Tərlanə Yaqubqızının şeirləri

17:30 2 oktyabr 2024
Allahdan başqa hamıdan qorxurdu yazıq - Günün şeiri

Allahdan başqa hamıdan qorxurdu yazıq - Günün şeiri

18:39 30 sentyabr 2024
#
#
# # #