Bu gün Xalq şairi Qabilin doğum günüdür. Kulis.az "Günün şeiri" layihəsindən onun “Səhv düşəndə yerimiz” şeirini təqdim edir.
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür talışa
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
1969
Səhv düşəndə yerimiz - Günün şeiri
Oxşar xəbərlər
Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə
14:31
25 dekabr 2025
Ən güclü spermatazoid olaraq doğulmağı bacarmışam... - Hikmət Orhunun yeni şeirləri
14:30
25 dekabr 2025
Dolub gözlərimə ovunur torpaq - Günün şeiri
13:42
25 dekabr 2025
Gecələr yuxuma girərdi Allah - Adil Mirseyid
11:13
25 dekabr 2025
Duymursanmı bu öpüşdə nəsə var... - Məmməd Aslanın şeirləri
13:00
24 dekabr 2025
Qəlbin mənim qəlbimə lap çoxdan nişanlanmış... - Günün şeiri
11:45
24 dekabr 2025