Ölümün ağ köynəyində qan ləkəsi - 19 yaşlı təbrizli şairdən şeirlər

Ölümün ağ köynəyində qan ləkəsi - 19 yaşlı təbrizli şairdən şeirlər
7 iyul 2021
# 15:12

Kulis.az “Sözün Güneyi” layihəsindən təbrizli şair Əli Nurvəşin (Çağla) yeni şeirlərini təqdim edir.

Əli Nurvəş Çağla 2002-ci ildə Təbriz şəhərində dünyaya gəlib. Tərcüməçilik və yazarlıq fəaliyyəti ilə məşğuldur. “Dəlilərin sevgisi” və “Niyar karvanı” romanlarının müəllifidir. Baba Vəziroğlu, Qənirə Paşayeva, İntiqam Yaşar, Əjdər Ol, Musa Yaqub, Səyyad Aran, Paulo Koelyo kimi qələm adamlarının kitablarının Təbrizdə çapını və yayılmasını gerçəkləşdirib.

Döyülərkən

Qanad açdım uçmağa,
Qanadımdan vurdular.
Addım atdım qaçmağa,
Məni yaman yordular.

Yordular, qaçammadım
tülkülərin əlindən.
vurdular, uçanmadım,
söz çəkdilər dilimdən.

Bu kamera çox soyuq,
Üşüyürəm neynəyim?!
Burdan xilas olmağa,
Dünən lap az qalırdım,
Sənin adını deyim!..

Tutularkən söyüldüm,
Gecə gözü, yataqda.
Gözüm bağlı döyüldüm,
Bir qaranlıq otaqda.

Təkcə mən söyülmədim,
Söyüldü Cavid babam,
Söyüldü Müşfiq babam.
Döyüldü, tapdalandı,
Mənim doğma el-obam.

Müşfiq babam, bağışla,
Sən deyən olammadım.
Kamerada üşüdüm,
Azadlıq alammadım.

Çiçək kimi açıldım,
Söyülərkən, ay babam.
Günəş kimi saçıldım,
Döyülərkən, ay babam.

Döyülərkən dilimdən,
Etirafım düşmədi.
Etirafım nəyiydi?

- Vətən,
Vətən,
Vətənim...

Məni satan kim idi,
Kim idi görən orda,
Harayıma yetənim?
Məni satan da satdı,
Məni alan da aldı,
Ondan sonra bilmədim,
Kimlər qaydıma qaldı.

Müşfiq babam ağladı,
"Oxu tar"da çağladı,
Cavid babam halıma,
Ssenariyo bağladı...

Mənə şair deməyin

Söz ilə oynamaqdan,
Xoşum gəlmədi şair.
Söz gözümün yaşını,
Heç vaxt silmədi şair.

Mənim fikrim başqadır,
Sözü, sözə düzmürəm.
Şeirimin içində,
Araqları qədəhə
Fahişəylə süzmürəm.

Mən məhəbbət gəzmirəm,
Bayatıda, qoşmada.
Mənim şeirlərimdə,
Azadlıqlar coşmada...

Şair, demə sevgidən,
Vətən kaftar əlində.
Gəl itilt qələmini,
Döyüş ana dilində.

Öz ana dilin nədir,
Türk, lor, bəlucdumu?
Gəl başa sal dilinlə
Millətini ay şair,
Başa salmaq suçdumu!?

Bunu bil ki? ay şair,
Sözünü əldən alan,
Sabah özünü alar,
Birisi gün gözünü.

Sonra evini alar,
Səni lap əldən salar.
Qorxuram bir söz deyəm,
Qorxuram ki, bir gün də,
Namusun tapdalansın.
Axır sənin dərdlərin,
Dərd üstünə qalansın,
Ürəyin parçalansın...

Qorxuram bir gün gələ,
Sonalar gölsüz qala,
Binalar elsiz qala,
Bülbüllər gülsüz qala.

Qorxuram bir gün gələ,
Millət vətənsiz qala,
Quşlar da dənsiz qala,
Şeirlərin toz basa,
Qədəhlər sənsiz qala,
Sözlə oynayan şair...

Deyirlər ki, cinas yaz,
Vətən düşür yadıma.
Vətən cinasa dönmür,
Su tökülür oduma.

Məndən şair çıxmadı,
Çün cinas yazammıram.
Məndən şair çıxmadı,
Çün şeir yazmağımla,
Sultanlar qabağında,
Var-dövlət qazanmıram.

Yazacağam beləcə,
Millətin qüssəsindən.
Qoy mənə ittifaqda,
Heç kim şair deməsin,

Qoy mən ilham almayım,
Qadınların səsindən,
Qoy mənim balalarım,
Sultanların varını,
Heç bir zaman yeməsin.
Qoy mənə ittifaqda,
Heç kim şair deməsin...

Ölüm ilə toy

Ölüm,
Səni aldı.
Dünən yuxuda
Səninlə ölümün toyu idi...

Ölümün ağ köynəyinin qan
ləkəsi var idi,
Görürdüm...
Qorxdum,
Ölüm səninlə,
Gərdəyə düşüb

O qan isə
Sənin
Qanın idi.

Kaş...

Kaş səni sevməyəydim,
O bahar axşamında.
Kaş sənin pərvanə tək,
Yanmayaydım şamında.

Kaş səni görməyəydim,
İlk baxışda, ay gözəl.
Kaş sənə yazmayaydım,
Bu qədər şeir, qəzəl.

Sevdin, çıxıb da getdin,
Bu, necə oyun idi?
Dünən yuxuda gördüm;
Mənimlə toyun idi.

Dik atılıb yuxudan,
Yerini bomboş gördüm.
Oturub xəyalımda,
Şəvə saçını hördüm.

Xulyalardan da döndüm,
Yerini bomboş gördüm.
Darıxdıqca, darıxdım,
Gözlərimi yaş gördüm.

Səni gömdülər gülüm,
Qaranlıq bir torpağa.
Məni də fələk asdı,
Sən adlı bir budağa.

Yat gülüm sənə qurban,
Olanlar olmalıymış.
Mənim də gül tək ömrüm,
Cavankən solmalıymış.

# 7639 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
#
#
# # #