Olsun, Təhminə, sən fahişə deyilsən – Səttar Temuçinin yeni şeirləri

Səttar Temuçin

Səttar Temuçin

8 dekabr 2022
# 17:00

Kulis.az Səttar Temuçinin şeirlərini təqdim edir.

RA
(Tanrının avtobioqrafiyası)

Mən daha əvvəlkitək üzülmürəm heç nəyə
Daha insan deyiləm, yoxam, yoxam, bəlkə də,
Bəlkə gözlərimdəki kədər şəkilləri də
Köhnəlib, lap köhnəlib, güvə yeyib onları?
Köhnə, naftalin iyi verən o uşağın
Pencəyinə bükülüb, məscid qapılarına,
Buraxılan gözlərim qiblə divarlarına
dikilib heykəl kimi
Yanımdan keçənlər də məni görmədi, keçdi
Görünməzlik arzumu unutmamışdı Allah
Elə onda anladım: uşaq arzusu heçdi
Gözlərini itirmiş mənim balaca dostum
Ağlaya bilməmişdi,
Elə onda anladım: uşaq arzusu heçdi.
Mən kilsə kandarından baxırdım minarəyə
Quşlar pərvaz vururdu azan səsi gəlincə,
Bennu tanrısıydımı, ya adicə quş idi
Musanın əsasını ilana dönən kimi
Dimdiyində möhkəmcə tutub günəşə sarı
Ra, Ra, Ra çağırışları,
Boş idi, bomboş idi...
Bir də yerə çırpılmağı vardı
Günəşin batmasıyla,
Ümidlər sonda ölür deyirlər
Sən demə ümidlər də
sonda bic doğulurmuş
Yiyəsi yoxmu bəs bu tikə-para ümidin?
Bir səs ucalar
VAR! VAR!
Dəli oluram, Allah
Götür məni buradan,
Apar qoy bir qadının yumşaq ovuclarına
De ki, cəzandı, götür
Kimsən, nəçisən, qadın?
Kimin ovucundayam, nədir ki, sənin adın?
Həvva, Həvva, Həvva
.....
Ağzımda süd tamıyla, dodağım şişkin-şişkin
Tərin-suyun içində, bir az da bitkin-bitkin
Toyuqların su içib başını qaldıranda
Gizlənqaçda bir uşaq heç cür tapılmayanda
Gözlərimi açıram, sakitcə yatağımda
Qaranlıqdı, gecədi, nədir, axı necədir?!
Bilmirəm ki, nə bilim, bəlkə, gözlərin çıxıb?
Baxım güzgüyə hələ
Heçnə görə bilmədim
Zibilə qalsın elə
Ya hələ də yatıram, ya da yuxum çin çıxıb.

Təhminə və mən

Kafedə, pəncərənin kənarında,
cırıldıyan bir stulda oturub,
yalandan kitab vərəqləyirəm
Yəni hələ də Təhminə fahişədirmi, bilmirəm
Bir gözüm hey səkinin o başındadır
Bəlkə, bu ala-bula düzülmüş səkidən,
Bəlkə, birdən, işdir
bu kələ-kötür səkidən ayaqların keçər
Çayım bum-buz olub, ümid dil yandırır
Saat qollarımdan yapışıb dartır
Kimsəsiz uşaqlar bax elə o başdan ayaqyalın keçər
Keçər, ay ömrüm, keçər bilirəm
darıxmaq gəlib-keçən
Sonra yenə keçib-gələn zaddır
Ürəyim də hürdür amma
Bir it də azdırılanda demirlər ki, it azaddır.
Selofanlar uçub pəncərəyə yapışanda
Anladım ki, gəlib-keçməyəcəksən
Çünki bu qədər qəddar ola bilməzdi külək
Yağış yağanda anladım ki, artıq payızdı
Və sən payıza da, mənə də nifrət edirsən
Olsun, Təhminə, olsun, sən fahişə deyilsən
Ən azı oxuduğum yerə qədər.

Nanəli çay

Qapı cırıltısına oyanan körpələrin hıçqırıqları
Son nəfəsini verən köpəyin çırpınışları
Yay yağışının yaratdığı iyrənc səssizlik
"İndi nəsə baş verəcək" simfoniyası,
Əsa, təsadüfən düşər yada, dənizləri bölən səda
"Mən təkəm" demə, xuda dənizləri süzər qaba,
Deyər, için-için yanır içim, bir qurtuma səma
Udar buludları, yağışla püsgürər amma
Duama mübtəla, əks qütblərə səla
Sükut.
Azan və fatihə, qunut
Unut, sən hər şeyi unut
Diz çök
Ki, yalvarış, qırış yaratsın diz qapaqlarında
Mənəm o Allaha dua edən ki,
Duam çatınca Allaha,
qabaqlaram daha
Bitdi.
Yağış yağır yay günü,
məhəllədə kimsə öləcək
Özümü pis hiss edirəm
Gedirəm ölməyə, evin arxasında,
Siqaret çəkdiyim yerdə,
iki divar arasında
Cansız bədənim, qarışqalar,
gözlərimin didilməsi
Ölüm səsi
Mən onsuz da ölmüşəm,
siqaret kötüklərini yığın
Anam görüb üzülməsin
Siqaret qoxusunu hiss etməsin deyə
Nanələri yeyərdim
Anam da yazıq ilbizləri söyərdi
Kaş ölmədən nanəli çay içəydim,
Burnum axır
Qan imiş...


Son
(qısametrajlı şeir)

Bəzən yaz günündə yarpaqlar tökür,
Bəzən qış günündə çiçəkləyirəm
Mənim fəslim yoxdur mən lafəsiləm
Yağışlı havada yas çadırıtək
Kədər damır içimə
Qaçır mərhumun atası vedrələrlə
Unudulur ölən də, öldürən də
Və bir damla yaş axır gözlərdən
Mərhumun əmvatına salavat bəhanəsi ilə
Silir göz yaşlarını, pıçıltı ilə deyir:
“Sağ ol, ölənədək”
İçimdə ot bitməyən yol var bir də
Gedənlərdən xatirə
Kəsilmiş ağac budaqları var
Ölənlərin xətrinə
Bir də ana var içimdə
Taxta pəncərəyə başını söykəyib
Gözlərindən axtarış qaça-qaçının təri axır
Şüşələrdə balasının əl izini axtarır
Və yas çadırından bir şəkil ona baxır
Göz qırpmır, həyat çərçivənin taxtasıdır
Əlbət anlar, şəkillər hər şeyin saxtasıdır
İçimdə külək əsir
Dəyirman dönür
Buğda qoxusundan doyur yetim-yesir
Almaların ağaclardan intihar etməsi
Küləyin intihara təşviq prosesi
Ədalətsiz bir ölkə var içimdə
Bədənim ruhumu qapazaltı edib
Yəni, bir bədəndə vətəndaş müharibəsi
Misralarımdan keçir repressiya gülləsi
Dağılmalı bu dərəbəylik ölkəsi
Və yas çadırı sökülərkən alatoranda
Çadır maşını başını götürüb uzaqlaşanda
Sakitlik çökər
Pilləkəndə "nə baş verdi"? baxışması
Ən içdən göz yaşlarından xəbər verir
"Gəl evə girək" nəvazişi,
Ülgüc kimi saqqallara ümid verir
İçimdən xilas oluram
.
.
.
Və ananın bətnində körpə tərpənir.


Qağayı

Hansı işıq qaranlıq olmadan parıldaya bilər ki?!
Hansı Tanrı bəndəsi olmadan Tanrı ola bilərki?!
Susaq, sonsuza qədər elə susaq ki,
Tanrı səssizliyimizin səsinə gəlsin
Sən məhkumsan gözləməyə, qum saatı
Mənə elə sahil göstər ki, gəmiyə gəlsin
Suiti leşlərində qağayılar uçuşur
Mən nə suyun dilində, nə də itin dilində
Suiti balasına söyləyə bilmədim ki,
Söyləyə bilmədim ki, söyləyə bilmədim, get
Bu dənizi qucaqla, bu günəşə tüpür get
Necə olur ayrılıq, necə ölür ümidlər
Necə dəniz qudurur, köpüklənir ləpələr
Hələ sən nə görmüsən, bura dəniz və qumdur
Oralarda meşələr, gizlədirsə dağ ayı
Yaxşı, daha susuram, Allahın özü bilər
Qağayı, ay qağayı
Sənə yemək olanın dadını,
Balasının baxıb-baxıb sulara dalışını
Bu suların adını, sahilin hər qarışını, unutma!
Bu sənə suitinin it günündə şeiri
Bu sənə əlvidadı,
İnsana yazılanın heyvanla zinasıdı
Sən bilirsən?
Bilirsən!
Hər dəfə ölülər vurur sahilə
Qağayılar, suitilər, ümidlər və sairə

# 2739 dəfə oxunub

Oxşar xəbərlər

Kirli köynəyimi yumuşdu anam... - Şəhriyar Del Geraninin şeirləri

Kirli köynəyimi yumuşdu anam... - Şəhriyar Del Geraninin şeirləri

11:40 14 dekabr 2024
Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
# # #