Göy üzünü bir günlük kirayə istəyirəm – Yeni şeirlər

Göy üzünü bir günlük kirayə istəyirəm – Yeni şeirlər
19 dekabr 2021
# 21:00

Kulis.az Ruslan Dost Əlinin yeni şeirlərini təqdim edir.

ay bulud, mən tanrı qapısıyammı,
məni harda tutdu döyür adamlar...

siz heç nə bilmirsiz, heç nə bilmirsiz,
mən adam deyildim, adam deyildim.
hara and içim ki, inanasınız.

hardasan, səhərdən səni gəzirəm,
hardasan, bir topa, bir əlçim bulud!
həmişə sən yağırdın, biz islanırdıq,
bu dəfə mən yağdım, di gəl çim, bulud.

yağdım ağaclara, yağdım quşlara,
damdım bu evlərin damınnan, di gör.
bir adam sənintək yağmaqdan ötrü,
gör, nətər keçirmiş canınnan, di gör.

yağdım, bu kəndi də sel-su apardı,
gördüm ki, atama söyür adamlar.
ay bulud, mən tanrı qapısıyammı,
məni harda tutdu döyür adamlar...

nə qədər istəsən yağım başından,
utanma, utanma, dur, gəl, çim, bulud.
yağmaq nə gözəlmiş, ah, nə gözəlmiş,
ay bir topa bulud, bir əlçim bulud.

azca yağ dedilər, söydülər məni,
mən bu yer üzünə boşuna gəldim.
deyəsən, bir tanrı üzümə baxdı,
deyəsən, bir onun xoşuna gəldim.

dedim, mənə dəymə, yağım, yaşayım,
qoy hamı öyrənsin sulu qalmağa.
gördüm ki, bir yetim uşaq titrədir,
dayandım, yollandım günəş olmağa...

gördüm ki, quruyur bütün ağaclar,
gördüm ki, adamlar su axtarırlar.
gördüm, susuzluqdan ölür adamlar,
bir qurtum suyu da bölür adamlar.

...özün bil, özün bil, özün bil, bulud.
daha mən yağmıram, di get, öl, bulud.

baxdım buludların o nəm cildinə,
günəşə boylandım, baxa bilmədim,
qayıtdım, qayıtdım adam cildinə...

***

orucumu pozaram, and içərəm doyunca,
səni inandıraram bu eşqə yol boyunca.
deyirsən, sevgi nədi, oyuncaqdı, oyuncaq,
olsun, bilməlisən ki, uşaqlar üçün deyil.

barmaqlarını gətir, bir, iki, üç, dörd... sayım,
adını əzbərləyim, gündüzlər sayaqlayım.
yaxın dur, dodağına bir kəlmə pıçıldayım,
mənim deyəcəyim söz qulaqlar üçün deyil.

tərpənməyə qorxuram, bu eşq ki var canımda,
bircə addım ataram, boğularam qanımda.
bu əlləri bəs niyə saxlamışam yanımda?
ay qız, sənin saçların daraqlar üçün deyil.

mən tanrıdan nə bir din, nə ayə istəyirəm,
nə azan oxumaqçün minarə istəyirəm.
göy üzünü bir günlük kirayə istəyirəm,
sənə yazacaqlarım varaqlar üçün deyil.

***

adını da unutdum,
sevdiyim ətirlərin.
mən hər işə gedəndə
səndən vurdum üstümə...
yaxşı yola gedirdik,
bircə şeydən savayı,
sən deyirdin uzundu,
mən deyirdim, kəsdirmə...

hirslənəndə tuturdun
bu şəvə saqqalımnan.
sonra gəlib öpürdün
üzümdəki xalımnan.

gözünü zilləyirdin
elə uzun-uzadı.
deyirdin, qoy kəsdirim,
uzağı bir həftədi,
bir də gördün uzandı...

baxardın, saçlarında
əlim nəsə gəzərdi.
bəs axı birdən-birə
bizə belə nə oldu?
nənəm demiş, nəzərdi.

indi kimə əl açım,
qaçım kimin üstünə?
mən baş aça bilmirəm,
nətər getmisən ki, sən
üst-başımda qalmısan, -
gələn-gedən soruşur:
nə vurmusan üstünə?...

***

ilahi, bizlərə təbəssüm eylə,
bizim də günümüz qoy bü gün olsun:
yumum gözlərimi, gedənlər gəlsin,
nolar, aramızda bir oyun olsun.

bir sevinc doğulsun, süd dişi çıxsın,
nə giley eləsin, nə işi çıxsın:
bu gün ortalığa bir kişi çıxsın,
bütün qadınlara gül boyun olsun...

qalmasın bir küncdə bircə nəfər tək,
hər tərəf kişilər, qadınlar, çiçək...
tanrı, bu dünyanın şəklini dur çək,
adamlar bir dəfə qol-boyun olsun...

***

Düşünün...
əsgərlərin silahınnansa,
silahların çaxmağınnansa,
o göy üzündəki kişinin -
Şimşəyin çaxmağını sevirəm...

Kişi!
kim nə deyir desin mənə,
camaat özünə gülür.
kimnən çıxır çıxsın, əşi,
Günəşin çıxmağını sevirəm!..

Nəinki
ağıl heç nəyə yaramır ta,
hətta dəlilik dahiyanədir.
ağıllı adamlara deyin ki,
suların ən axmağını sevirəm...

# 671 dəfə oxunub

Oxşar xəbərlər

# # #