Bir qızın telləri əsdi üzümə - Vaqif Bayatlıdan seçmə şeirlər

Bir qızın telləri əsdi üzümə - Vaqif Bayatlıdan seçmə şeirlər
1 oktyabr 2021
# 17:30

Kulis.az “Deyilən söz yadigardır” layihəsindən tanınmış şair Vaqif Bayatlı Odərin seçmə şeirlərini təqdim edir. Bu gün həm də Vaqif müəllimin ad günüdür. Onun 73 yaşı tamam olur. Şairi bu münasibətlə təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzulayırıq,

Qonşu toyuna on hasar o yana oynayan uşaq

Qonşu toyuna
on hasar o yana
oynayan uşaq,
bir gül yarpağı altında,
gül yarpağı şəkilində
yazılır alın yazın.

Qonşu toyuna
on hasar o yana oynayan uşaq,
çıx yarpaq altından
ay sənə baxır.

Təzəcə yağışdan çıxmış göyüzü,
Göyüzündən heç kəs keçməyib hələ,
Günahkarlar göyə üz tutub
and içməyib hələ,
ay sənə baxır,
çıx yarpaq altından.

Yağışdan çıxmış göyüzü kimisən sən də,
qonşu toyuna
on hasar o yana
oynayan uşaq.

Odu bax!
Baxıb sənin oynuna
göyüzündə qol açıb
oynayırlar mələklər
on göyüzü o yana.

Mən zalım adamam, kamança

Qardaşım ağaclar, bacım çiçəklər,
bir də söz tutdu sizi,
söz tutdu, sevda qurutdu,
üz tutub yüyürməyin mənə sarı,
bağlanıb gözümün
yaş qapaqları.

Dünyanın bəla qapıları
qala qapıları, daş qapıları,
yetim qapıları, boş qapıları
bağlanıb könlümə, bağlanıb
bağlanıb gözümün yaş qapaqları
Mən söz bəlasıyam,
zalım tifili.

Sürüşüb alnımdam tanrının əli
daha sən də
sən də ağladammazsan məni
mən zalım adamam, kamança.

Bir qızın telləri əsdi üzümə

Gizlicə-gizlicə gəldi buludlar,
Gizlicə-gizlicə döndü ümidlər,
İndiki buludlar beləcə gəlmir,
İndiki yağışlar beləcə yağmır.
İllərin o başından
bir qız yaylığı üstdə
bir ipək xatirə döndü qəlbimə,
bir qızın telləri əsdi üzümə.

Gülüm yağış! Çiçəyim yağış!
O ipək illərdən,
atlaz günlərdən,
Gilənar göylərdən dolan yağışım,
yollarda yorulub
gözümdə, könlümdə qalan yağışım,
bir çinar üstündə
qoyub gəlmişdim səni,
çinarın altında bir gilənar qız.
İndiki yağışlar beləcə yağmır...
Bu gilənar yağış
mənim qəsdimə yağır,
O dost çinarın üstündən yağır,
On ildən, beş ildən, dünəndən yağır,
bütün sevgilərin
dönən yerindən yağır.
Bəlkə də, bəlkə də lal məhəbbətlərin
dinən yerindən yağır.

İllərin altında solmaz o tellər,
Hər bulud lələyi ümidlə gələr,
O barlı illərin sevgisi qızlar
Bir də gilə-gilə qızardı bəlkə...

Tənha ulduz altında

Bu gecə, bu gecə
bu qara oğlanın, qəmli oğlanın
bir kimsəyə qarşı nə bir nifrəti var, nə də bir kini,
bu gecə, bu gecə
bu qəmli oğlanın, qara oğlanın
könlünü sındırmaq, qəlbini qırmaq
bir bülbül yuvası uçurmaq kimi.

Bu gecə, bu gecə
üzü göylərə
bu qəhərli oğlan, bu qəmli oğlan
bir eşqli gözəlin, sirli gözəlin
pəncərəsi altda dayanmış kimi
dayanıb bir tənha ulduz altında...

Qəribik, şairim, qəribik, sözüm

Şairlər qəribdi bu yer üzündə
Küçədə, bayırda, evdə, eşikdə
Meşənin içində, çölün düzündə,
Oğul, qız yanında, ata yanında
Qəribik şairim, bu yer üzündə.

Hara getsək, ayrılıq
bir qəmli axşamtək
çökər qəlblərə, -
Qəribik, şairim, qəribik, sözüm.
Qəribik, şairim, bu yer üzündə
Odun yığmaq olmur ipimiz üstə,
Odu yığmaq olmur sözlərimizdən.
Keçib gəldiyi
Göyüzü kimidi şairin üzü -
işığı saralar, buludu keçər...
Haraya, haraya gedəsi olsaq,
yenə könlümüzdən, ürəyimizdən
göy üzünə dönmək ümidi keçər.

Qardaşımın üzü köməyim olsun

Dilərəm Tanrıdan qəlbə dəyməyən,
Uduzub yorulan, udub doymayan,
Ağlaya-ağlaya top-top oynayan,
Qardaşımın üzü köməyim olsun.

Vurduğu topları dəyər dirəyə,
Kimə bir söz desə dəyər ürəyə,
Belə bəxti olan çətin kiriyə,
O da ağlamasın bəs kim ağlasın.

Dərd gəldi - könlünü bağlamaz kişi,
Yaş gəldi - gözündə saxlamaz kişi,
Çox nahaq deyirlər ağlamaz kişi,
Kişi də insandı gözü-könlü var.

Ağla demirəm ki, hər kəlməbaşı,
Dərd olur, söz olur ağrıdır daşı,
Üzündə xəbərsiz qovur yaş-yaşı,
Dörd yanın kişiysə utanma, qardaş!

Dilərəm tanrıdan qəlbə dəyməyən,
Uduzub yorulan, udub doymayan,
Ağlaya-ağlaya top-top oynayan,
Qardaşımın üzü köməyim olsun.

Bir də kimsəni sevməyəcəyəm

Bu gecə nədəndir hamıdan qabaq
ağrıyan qəlbimə yanıram dostlar,
Bir də sevda nədi, bilməyəcəyəm,
Bir də bir kimsəni sevməyəcəyəm.

Bir də bu dünyada eşqdən yazmağa,
Gecələr azmağa daha halım yox.
Bu xan oğlanlara, xanım qızlara
Qara sevda nədi, bir sualım yox.

Getdi gözlərimdən bir dəvə kini,
Getdi qollarımdan küçə davası.
Bahar ağaclardan çəkilən kimi.
Çəkildi başımdan gənclik havası.

Könlüm dəliliyi unutdu çoxdan,
Axır ki, ağlımın səsinə uydum.
Qonur gözlərimdə yorğunluq – haqdan,
doydum küçələrdən, yollardan doydum.

Bir də sevda nədi, bilməyəcəyəm,
Bir də kimsəni sevməyəcəyəm.

Güllələyin şairləri

Noldu birdən-birə, Mixail Yuriyeviç,
İndicə gülürdünüz?!
İndi qəbir tüfəng lüləsitək dar,
Elə bilirdiniz hamının Allahı var?

Diz çökün, cənab Martınov, diz çökün!
Fələyin zülmü çox, Allahın mərhəməti!
Diz çökün! Bir şair də söndü -
Sevdalar yaşılı, ocaq kösöyü,
Üstündə Allahı, üstündə göyü.
Gözlər hədəqədə, ölüm sinədə,
Alın yazısına, qara günə də,
bazarda soğanın qiymətinə də,
bir bəhanə gərək, bir bayıs gərək
Güllələyin şairləri! Sonra diz çökün!

Kimin günahı var, kimin ahı var,
Dünyanın nə qədər pis sabahı var.
Hamsına, hamsına şairlər bayıs!
Güllələyin şairləri! Sonra diz çökün!

Güllələyin qulaqları, oxşamayan təzə sözü,
Güllələyin damarlara sığmayan təzə qanı!
Güllələyin lirikanı, Lorkanı, Nerudanı!
Güllələyib güllələnmək əsridi,
Güllələyib güllələnin!

Qəbristanlıqlar ölüyə həsrət!
Dəlixanalar dəliyə həsrət!
Güllələyin şairləri!

Koroğlu zəncirdə, Qıratı darda,
Dəlləklər gəzirlər karetalarda.
İndi ağlayanlar güləcək gorda,
Gorda ağlayanlar güləcək harda?
Güllələyin şairləri! Onsuz da
Şairlər ölürlər yaz yağışından,
Arvad qarğışından, qız baxışından,
Dünyanın tələsik yır-yığışından,
Günahlı, günahsız şairlər ölür.

Güllələyin şairləri!
Ancaq tövbə gecəsi əynində soyxa,
qorxa-qorxa
Puşkinin yarasın öpməyə yüyürsün Dantes,
bir kilsə qapısında səhərəcən
böyürsün Dantes;
Bir də yol verin, yol verin cənab Martınova
yıxılan Lermontovu qucaqlamağa...

Xan ceyranın qaçışında

Xan ceyranın qaçışında,
Ən şahanə uçuşunda,
Gah alnında, gah döşündə,
Bir ox yeri var, yeri var.

Düşməzsən şahlıq atından,
Göyün yeddinci qatından,
Hər bəyaz telin altında,
Bir ah yeri var,yeri var.

Ən kimsəsiz küçə sənin,
Küçə sənin, gecə mənim,
Sən bağlayan pəncərənin ,
Bir dön bəri bax yeri var.

Səni niyə belə sevdim

Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

# 5760 dəfə oxunub

Oxşar xəbərlər

Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

11:27 28 noyabr 2024
Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

13:00 25 noyabr 2024
Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
Gecələr yuxuma girərdi Allah - Günün şeiri

Gecələr yuxuma girərdi Allah - Günün şeiri

14:00 20 noyabr 2024
Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

18:40 16 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

12:40 16 noyabr 2024
#
#
# # #