Bir gecə hər ikisinin "Qara kağız"ları gəldi ard-arda" - 20 Yanvar şeirləri

Bir gecə hər ikisinin "Qara kağız"ları gəldi ard-arda" - 20 Yanvar şeirləri
20 yanvar 2025
# 14:00

Kulis.az Akif Azalpın “20 Yanvar” triptixini təqdim edir.


– I –

Xilaskar nidası

(Ümummilli liderin 1990-cı ilin
yanvarında SSRİ paytaxtındakı
məhşur bəyanatı əsasında)

Xalqımın göyləri tutan fəğanı
Ağır illərimin acısı oldu.
Bakıdan birinci şəhidin qanı,
Səbrimin sonuncu damcısı oldu.

Əlvida, yolunu azan səltənət,
Nahaq qan içində üzən səltənət!

Anlatmışdı bir vaxt şeytanlığını
Minlərlə nərlərə qurduğun tələ.
Gəncliyimdən sənin zindanlığını
Hamleti oynarkən sezmişdim hələ!

Əlvida, yolunu azan səltənət,
Mərdlərinə zəhər süzən səltənət!

Yalnız sığınıb bir yurd muradına,
Can atdım üzünü ağ etmək üçün.
Azadlıq eşqinə, hürlük adına,
Elimin bəxtinə bir yetmək üçün.

Əlvida, yolunu azan səltənət,
İçdiyi andları pozan səltənət!

Heyhat, sınaqlara gərdikcə sinə,
Səngimək bilmədi böhtan daşların.
Aldanmış qəlblərin son ümidinə
Son qoydu yelbeyin keçəl başların!

Əlvida, yolunu azan səltənət,
Yalanı gerçəyə yozan səltənət!

Gözümə görünər nə xof, nə hədə,
Nə şöhrət, nə mənsəb, nə də kabinet...
Artıq yerim yoxdur belə firqədə,
Al, başına dəysin, bu da partbilet!

Əlvida, yolunu azan səltənət,
Öz qəbrini özü qazan səltənət!

Artıq yollarımız başqa- başqadır,
Sən biryolluq uydun şərə, şeytana.
Məni isə məslək eşqim aparır,
Son sığınacağım Azərbaycana!

Əlvida, yolunu azan səltənət,
Əcəlin Qafqazdan gəzən səltənət!

1990


– II –

Zərbə

Müəllimim Bəxtiyar Vahabzadəyə

Qara yanvar günü məşum mənzərə,
Bakıda nahaq qan çıxanda dizə,
Nifrəti içini didən şairlə
İşğalçı general gəlir üz-üzə.
İzdiham dəhşətdən səksənir birdən,
Qalır generalın ağzında sözü.
Şairin bir lomba tüpürcəyindən
Əyilir sifəti, qıyılır gözü.
Sağ əllə əsgərə “əl saxla” deyə,
Sol əllə kor-peşman üzünü silir.
Adi güllələrin belə zərbəyə
Cavab olmadığın o, yaxşı bilir.
Şair üz çevirib sabaha doğru,
Gedir irəliyə, qalxır qülləyə.
General, canında üşütmə, qorxu,
Şairin dalınca baxır zirvəyə...
Yadına acılar düşür nə ki var,
Hindquşdan belə, Qafqazdan belə.
Yolunmuş paqonlar, kəsilmiş başlar,
Ancaq beləsini görməyib hələ!..
General, xeyiri yoxdur neyləsən,
İstərsən, çıxardıb at əlcəyini!
Tarixindən silə bilməyəcəksən
Yenilməz bir xalqın tüpürcəyini!
General, dönəndə Kremlə bildir,
Silahla ölçülmür odun qüdrəti!
De ki, diz çökdürmək mümkün deyildir
Belə şairləri olan milləti!

1990

– III –

İtki

Dünyada gözümün ağı-qarası
Bir cüt balam vardı,
Çox gördü Tanrı...
Əvvəl elə bildim, itkin düşüblər,
Yolların gözlədim illər boyunca,
İylərin özlədim cana doyunca...
Axırda bir gecə hər ikisinin
"Qara kağız"ları gəldi ard-arda,
20 Yanvarda...
Əvvəl Azadlığınkı,
Sonra Həqiqətinki!..

1990

`

# 3112 dəfə oxunub

Oxşar xəbərlər

Öz taleyini özün seçməliydin, Müşfiq əfəndi! - İlkin Özün yeni şeirləri

Öz taleyini özün seçməliydin, Müşfiq əfəndi! - İlkin Özün yeni şeirləri

15:00 8 dekabr 2025
Qalx, oğlum, bu nağıl yatmamaq üçündür... - Gərus Əbdülməlikianın şeirləri

Qalx, oğlum, bu nağıl yatmamaq üçündür... - Gərus Əbdülməlikianın şeirləri

12:00 7 dekabr 2025
"Qədir gecəsi də sərxoşam meydən...." - Ömər Xəyyamın rübailəri

"Qədir gecəsi də sərxoşam meydən...." - Ömər Xəyyamın rübailəri

14:30 4 dekabr 2025
Hər anın içində möcüzələr var - Leyla Əliyevanın şeiri

Hər anın içində möcüzələr var - Leyla Əliyevanın şeiri

18:10 1 dekabr 2025
Mən sənin ehtirasın, bazar günü əyləncən... - Marina Svetayevanın şeirləri

Mən sənin ehtirasın, bazar günü əyləncən... - Marina Svetayevanın şeirləri

12:00 30 noyabr 2025
Gözlə məni  - Simonovun məşhur şeiri 7 azərbaycanlı müəllifin tərcüməsində

Gözlə məni - Simonovun məşhur şeiri 7 azərbaycanlı müəllifin tərcüməsində

18:36 28 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər