Yalançılar Birliyi

Yalançılar Birliyi
12 sentyabr 2019
# 13:59

Kulis.az Orxan Saffarinin "Həqiqət axtarışında" adlı yazısını təqdim edir.

Dünyanın istənilən yerində, istənilən sahədə, mühitdə elə adi həqiqətlər var ki, məsələn, onları bilməmək, xüsusilə də müəyyən yaşa çatdıqdan sonra heç bilməmək, o həqiqətlərə emosiyalarınla yanaşmaq ən yaxşı halda bədbəxtlikdir.

Baxırsan, bığlı-saqqallı, makyajlı-makyajsız, incə belli, qələm qaşlı, boylu-buxunlu, yarlı-yaraşıqlı adamlardı, di gəl, ovuc içi, darıxanda əməliyyatlı burnunun ucu boyda həqiqətlər bunu ciddi-ciddi düşündürür, müzakirələrə, mübahisələrə səbəb olur.

Çox uzağa getməyək, götürək elə yaxınlarda iştirak etdiyim məclisi. Havadan-sudan başlayan söz-söhbətlər, dünya və kainat haqda mülahizələrlə sonlandı. Bir bahar fəsli idi, biz onda azadə oturub söhbət edirdik. Qəfil, əli qələm tutan, dili topuq vurmayan, oturduğu yerdən azı iki saat durmayan, "budilnik"ə çox gec oyanan kişilərin mübahisəsi başladı. Ənənəvi olaraq söhbət həm də ədəbiyyatdan, yazıb-yaratmaqdan, gecə səhərə qədər roman yazıb, bir saat yuxu yatmaqdan düşdü.

Qəfil, dörd qız köçürmüş, bir oğul böyütmüş kişilərdən biri dedi ki, bəs, Anar 32 ildir ki, sədrdir, təcili olaraq getməlidir. Yaxşı ki, Anar eşitmədi bu sözü. Təcili çıxıb gedəcəkdi yoxsa.

Belə-belə müzakirə, daha sonra da yüngül mübahisə başladı. Hamısı qəti qərarlar verdi, dedilər, mütləq şəkildə getməlidir, dedim, bu dəqiqə təxribat planı da hazırlanacaq. Mən isə lal ördək kimi sakitcə bunları izləyir, ara-bir bir-iki söz tullayırdım.

Fəqət, içimdəki məşum həqiqətə çatmaq hissi onları mənə o ki var güldürürdü. Qıraqdan elə müti, bədbəxt görünürdülər ki...

40-50 yaşı haqlamış kişilər hələ də bilmirlər ki, Anar orada boşuna oturmayıb. Onsuz da onu istəyənlər var, yenə də onun orda olmağına razı olacaqlar. Xam xəyallara qapılmağa nə hacət?

Bilirsiniz, həyat hərdən 32 il sədr olmuş adama demokratiya bağırmaq qədər mənasızdır. Yəni görəsən, insanlar həqiqətən də düşünmürmü Anarı, nəinki Anarı, olsun qeyri-Anarı taxtı-tacdan salmaq mümkünsüzdür? Mən ümumi olaraq bu və bu kimi bir çox məsələləri başa düşəndə 12-13 yaşım var idi. Bu o demək deyil ki, üstün zəkalıyam. Xeyr. Mən deyərdim ki, belə məsələləri başa düşməyənlər hardasa geri zəkalıdır. Sözüm ondadır ki, bunları bilmək üçün insandan xüsusi ağıl, istedad tələb olunmur.

Misalı özüm buradan çəkdim. Dediyim məsələlər bütün sahələrdə belədir.

Adicə məişət məsələlərində belə insanlar cüzi həqiqətlərin əsirinə çevrilir, özlərini ciddi-cəhdlə yalana inandırırlar. Hərdən mənə elə gəlir ki, insanlar həqiqəti bilir əslində. Amma bir yalana, bir təsəlliyə, bir ümidə sığınıb yaşayırlar. İnsanlar uydurduqları yalanla xoşbəxt olur, bir-birini, özü özlərini aldada-aldada bu balaca ömürlərini firavanlıqla başa vururlar.

Məsələn, başqa bir həqiqət deyim. Sosial şəbəkələrdə bir də görürsən ki, hansısa ziyalı, qələm əhli ümumi olaraq cəmiyyətin ağıllı bildiyi, hardasa düşünməyi bacaran birindən narazılıq edir. Ki, məsələn, bu, ciddi bir nəsə paylaşıb , amma insanlar buna reaksiya verməyib, az diqqət göstərib. Əvəzində də adi bir yumoristik nəyəsə yüzlərlə adam reaksiya göstərir. Bu adamsa bunu özünə dərd edir, psixologiyası pozulur, dəli olur. Elə bilir ki, hamı bunu oxumalı, buna diqqət göstərməlidir. Axı, bu ciddi məsələlərdən yazır. Amma cuppulu həqiqəti dərk eləmir ki, ən normal məsələdir bu. Bu tək bizdə deyil. Hər yerdə belədir. Dünyanın hər yerində. Yumor, gülməli hadisələr və.s insanlar üçün daha maraqlıdır. Bir kitabı, şeiri, hekayəni hamı oxumaz. Bunlar müəyyən fərdlər üçün maraqlıdır.

Məsələn, belə deyim. Bir zibil qabına atılmış kitablar hamını maraqlandırmaz, çox az adam onları götürər. Amma həmin zibil qabının yanında deyək ki, kimsə oynayır. Yoldan keçən hamı ona baxacaq. Bir nəfər də üzünü çevirməyək. Həmin kitabları yığıb aparanlar da, aparmayanlar da.

Amma bizdə bu proses necə baş verir? Özlərini ciddi bir zad kimi nəsə hiss edənlər o dəqiqə kütləni, adamları qınayır, deyir, bəs cahillər, kitab, ədəbiyyat, fəlsəfə zad. Ciddi şeyləri oxumursunuz.

Özünü ziyalı hesab edən, hardasa düşüncə cəhətdən bir az inkişaf etmiş adam, niyə bu həqiqəti bilmir ki, bu qədər yeniliyin içində sosiallıqda onun yazdığı, dediyi ciddi nəsə rezorans doğurmaya bilər, hamı kvant fizikasını bilməyə, təşkil olunmuş seminara gəlməyə bilər, məcbur deyil.

Bu cür həqiqətləri bilməyən adamlar çətin ki, nəsə edə bilər.

Bu və bunlar kimi yüzlərlə həqiqət demək olar ki, insanlar bu həqiqətlərdən əziyyət çəkir, hər gün yüzlərlə azərbaycanlı bu həqiqətlərin əsirinə çevrilir, həyatları üçün təhlükəli yaradır. Dünya yalançılar birliyi bu ədalətsizliyə hələ də dözür. Sitatın sonu.

İmza: Həqiqi məsələlər üzrə yalançı fəlsəfə doktoru Orxan Saffari.

# 1935 dəfə oxunub

Müəllifin son yazıları

# # #