Samirə Əşrəf: "Hər şeyimi bir gündə itirdim" - Müsahibə

Samirə Əşrəf:  "Hər şeyimi bir gündə itirdim" - Müsahibə
5 fevral 2024
# 21:00

Kulis.az yazıçı Samirə Əşrəflə müsahibəni təqdim edir:

- Samirə xanım, bir çox qələm adamları deyir ki, qadınlar yaza bilmir. Doğrudan, belədir? Necə düşünürsünüz, bu fikirlər niyə formalaşır? Paxıllıqdanmı, ya həqiqətən belədir?

- Necə yəni yaza bilmirlər? Əgər yazmağa nələrinsə, məsələn, mentalitet, məişət, ailə qayğılarının mane olduğunu deyirlərsə, razıyam. Yox, istedad baxımından deyirlərsə, razı deyiləm. Kifayət qədər yaxşı qadın yazıçı var. Qadın əzəl gündən məişətin içində olub. Uşaq böyüdüb, ocaq kənarında olub, biş-düş edib. Yəni, elə əzəl gündən məişət imkan verməyib ki, qadın istədiyi kimi yaradıcılıqla məşğul olsun. Biz gözümüzü açıb bunu görmüşük. Ancaq bir məsələ də var. Yazmaq üçün fiziki güc amili vacibdir. Bir neçə il əvvəl "Atam, bibim və Sergey” povestini yazanda bunu dəqiq hiss etdim. Onda anladım ki, yazmaq adamdan fiziki güc tələb edir və daha çox kişi sənəti hesab oluna bilər. Ancaq məişət faktorunu görməzdən gəlmək olmaz. Görürsünüzmü, rəssamlıq sahəsində nə qədər qadın var? Çünki rəssamlıq insanı çox yormur. Bir rəsmi çəkəndə yarıda saxlayıb sonra yenidən davam eləmək olur. Heç bir kişinin işdən gələndən sonra təmizlik etmək, xörək bişirmək kimi məcburiyyəti yoxdur. Amma qadın işdən gələndən sonra da evin işləri ilə məşğul olmaq məcburiyyətindədir. Bundan sonra artıq yazıçılıq istər-istəməz ikinci, hətta üçüncü plana keçir. Yazı prosesi həm də insandan məntiq, ciddi rejim tələb edir. Qadının xasiyyəti bir az romantik, emosional, sağ-sol beyin yarımkürəsi aktiv olduğundan nələrisə ertələyə bilər. Hansısa hadisə onu aylarla təsirləndirə bilər. Kişilərdə isə belə deyil.

- Deyirsiniz, kifayət qədər yaxşı qadın yazıçı var. Amma nisbətdə yenə də azdır. Bütün dünyada belədir? Dünyaca məşhur qadınlar haqqında da eyni fikirlər deyilir ki, kişilərə çata, yaxşı yaza bilmirlər. Onların yemək bişirmək, ailəyə baxmaq kimi dərdləri yoxdur axı.

- Düşünmürəm ki, dünyanın harasındasa qadının işi ancaq yazmaq olsun. Qadının hər şeyi vaxt tələb edir. Adicə baxım məsələləri kifayətdir. Üzünü yumaq, krem vurmaq, dırnaqdan tutmuş saça qədər, hamısı vaxt aparır. Bu, hər bir qadının xislətində var. Nə edək? Yazıçıdır deyə indi özünə baxmasın? Son illər Nobel mükafatı alan qadınlar var. Məsələn, Toni Morisson, Doris Lessing, Elfirida Yelinek, Herta Müller, Svetlana Alekseyiviç, Olga Tokarçuk, Luiza Glük, Anni Ernu. Bizim özümüzün Afaq Məsud kimi yazıçımız var. Onun hekayələri, romanları yazıçılığın kişi və ya qadın sənəti olmamasının sübutudur. Təbii, Afaq xanım özü də qadın olduğu üçün qadın hisslərini, yaşantılarını daha gözəl təqdim edə bilib. Amma faktiki olaraq mətnlərini oxuyanda, görürsən ki, güclü nəfəslə yazılıb. Ancaq Afaq xanım bir dəfə müsahibəsində demişdi ki, evdən tələsik çıxanda xalçanı qatlanan görsəm, düzəltməmiş çıxa bilmirəm. Bax, budur yazıçıya mane ola qadınlıq!

- Günel Mövlud Azərbaycan ədəbiyyatında sərbəst qadın kimi tanınıb. Feministdir. Sizcə, bu gün Günel Mövlud hansı kişi yazarımızdan güclüdür? Onu kimlə müqayisə edə bilərik?

- Günel Mövlud Azərbaycan ədəbiyyatında sözünü deyən, imzası olan qadın yazıçımızdır. Cəsarətli olmaq nəinki yazıçını, hamını tanıda bilər. Amma cəsarətli olmaq hələ istedadlı olmaq demək deyil. Günel xanımın "Düşərgə” romanını oxumuşdum, bəyənmədim. O roman cəsarətlə yazılmış romandır, amma ədəbiyyat adına orda bir cümlə də yoxdur. Yenə deyirəm, Günel xanımın şəxsinə çox böyük hörmətim var. Kifayət qədər istdedadla yazılmış şeirlərin və mətnlərin müəllifidir. Onun Norveçdəki fəaliyyəti də təqdir olunmalıdır. Təkbaşına orada yazır, tərcümələr edir, özünü və bizi tanıdır. Amma bunlarla yanaşı, romanı haqqında fikrim dəyişməzdir.

- Azərbaycan ədəbiyyatın neçə qadın imza var ki, siz özünüz də onları oxuyursunuz və istedadlı kimi misal göstərmək olar?

- Mən ümumiyyətlə, ən çox Afaq Məsudu sevirəm, oxuyuram. Məhz cəsarət məsələsində də bizdə onun kimi qadın yazıçı yoxdur. Onun gəncliyində yazdığlarını biz indiki dövrdə yazmağa tərəddüd edərik. Həm təxəyyül, həm də bioqrafiya baxımından. Bu mənada Afaq xanım masterdi. Əlavə olaraq Nərmin Kamalı oxumuşam. Nərminin son illər yazdığı hekayələr gözəldir. Fəridəni də çox sevirəm. Hədiyyə Şəfaqət intensiv yazmasa da, onda yazıçı nəfəsi var.

- Bəs məsələn, Aysel Əlizadə, Sevinc Elsəvər, Rəbiqə Nazimqızı, Jalə İsmayıl? Bunlar məşhur imzalardır...

- Hamısı yadıma düşmür, ona görə çəkmədim adları. Rəbiqə və Sevinci şair kimi tanımışam, Aysel Əlizadədən heç nə oxumamışam. Jalənin əvvəllər bir neçə hekayəsini oxumuşdum, amma son illər ondan nə isə oxumamışam.

Yadıma gəlir, on-on beş il əvvəl qadın yazıçı çox idi. Yaradıcılıq fakültəsinə gələnlər bir yandan, hansısa yaşlı kişi yazıçıların da ortaya atdığı qadınlar bir yandan. İndi onlardan barmaq sayı adam, mətni olanlar, istedadlılar qalıb. Məncə, yazı müstəvisində yazıçının şəxsiyyəti geri atılmalıdır. Bütün hallarda kiminsə anası, gəlini olub da yaxşı yazmaq olar.

- "Hansısa yaşlı kişi yazıçıların ortaya atdığı qadın yazıçılar” deyirsiniz. Onlardan kiminsə adını çəkə bilərsinizmi?

- Görünən dağa nə bələdçi? Hamı ədəbi mühitə bələddir. Kimin kim olduğunu yaxşı bilirik. Konkret olaraq ad çəkmək istəmirəm, onsuz da, hamı istəyir ki, onu tərifləsinlər. Çoxlu dostum olduğu kimi, düşmənlərim də var, yeniləri lazım deyil. Həm də ortaya atılan o adamlar artıq yoxdurlar. Aktiv yaradıcılıqda olmayan adamlar haqqında niyə danışaq? O vaxtlar AYO var idi, bayaq adlarını çəkdiyimiz qadın yazıçılar məhz AYO-nun yetirmələri idilər. Onda da var idilər, indi də var. Çünki əlahəzrət istedad faktoru var.

- AYO-dan söz düşmüşkən. Sizinçün hansı ədəbi təşkilat daha yaxın və yaxşıdır? AYO yoxsa AYB?

- Mən o vaxt "Ədalət” qəzetində işləyirdim. Proses gözümün qarşısında yarandı. Aqil Abbas AYO-çulara geniş meydan vermişdi. Hər həftənin beşinci günü Azad Yaşar, Rasim Qaraca, hərdən rəhmətlik Rafiq Tağı, Həmid Herisçi də gəlirdilər. Mən sonra ailə qurub işdən çıxdım, əgər qalsaydım, yəqin ki, mən də AYO-da olacaqdım. İndi də tərəflərindəyəm. Amma hazırda AYO bütün funksiyasını itirib. AYB-nin də strukturunu, fəaliyyətini özün məndən yaxşı bilirsən. Bu baxımdan heç biri mənim üçün yaxın deyil. Bu haqda daha ətraflı heç nə danışmaq istəmirəm.

- Həm "heç biri mənim üçün yaxın deyil” deyirsiniz, həm də hazırda AYB üzvüsünüz...

- İstəyirsiniz ki, üzvü olduğum, təqaüd aldığım təşkilatı pisləyim? Bəs adama nə deyərlər? Mən, sadəcə, təşkilat kimi heç birinin tərəfində deyiləm.

- Yaxın vaxtlarda hekayələr kitabınız çıxsa da, deyəsən reaksiyalar az oldu. Qadın həmkarlarınız da çox danışmadı.

- Deməzdim ki, reaksiya az oldu. Kitabdan əvvəl belə hekayələrim haqqında yazılar var idi. Məsələn, professor Cavanşir Yusifli, yazıçılardan Mirmehdi Ağaoğlu, İlham Əziz, Vüqar Van yazdılar. Elə bu yaxınlarda Həmid Herisçi "Saturasiya” hekayəmdən yazdı. Kitabın çapından sonra ədəbiyyatşünas Elnarə Akimova da geniş məqalə ilə çıxış etdi. Bugünkü ədəbi mühitdəki səssizliyi, durğunluğu nəzərə alsaq, reaksiyalardan narazılığım yoxdur. Qadınlara qalanda isə son vaxtlar heç kim bir-birindən yazmır. Mən isə dəstəyi çox vaxt kişi həmkarlarımdan almışam.

- Özünü mühitdə təsdiq etməyin biri yolu da iri həcmli mətn, yəni, romandır. Yaşınızı da nəzərə alsaq, uzun illərdir fəaliyyətdəsiniz, amma romanınınz yoxdur. Niyə yazmırsınız, yaxud, yaza bilmirsiniz?

- "Yaza bilmirsiniz” demək bir az intiriqant sual oldu. Mənim elə hekayələrim var ki, roman ağırlığındandır. Birdən-birə romana atılmaq olmaz. Özümü axtarışlarda sınamışam. İstəmirəm ki, mənim romanım gündə yazılan romanlar kimi olsun. Yalandan qalın-qalın çıxardırlar. Axı mən həmkarlarımdan fərqli olaraq fərqli tale yaşamış, Qarabağ müharibəsinin içərisindən keçib gəlmiş, on üç yaşında hər şeyini bir gündə itirimiş adamam. Elə etməliyəm ki, yazacağım roman heç kimdə təəssüf oyandırmasın. Roman vaxt da tələb edir. Bir müddət buna vaxt olmadı. Saytda işlədiyim üçün yazmağa vaxtım qalmırdı. Amma hazırda iki roman üzərində işləyirəm. Biri bədiidir, biri sənədli. Hər ikisi Qarabağ haqqındadır. Bu barədə isə yazandan sonra ətraflı danışmaq olar.

"QAYNARİNFO"

# 1190 dəfə oxunub

Müəllifin son yazıları

# # #