Mina tarlası, “Tatar çölü”, şairin əti – Haramıdan reportaj

Orxan Həsəni, gənc yazar

Orxan Həsəni, gənc yazar

5 iyun 2022
# 10:00

Kulis.az Orxan Həsəninin Haramıdan yazdığı reportajı təqdim edir.

Azər Xanlarovun ayağı tormoza sıxıldı. Boz, yastı təpələrin sinəsində nöqtə kimi göründü mavi Lada.

– Bu nə qəbirdir belə? – Azər dedi.

– Adam öldürüblər burada. Xeyli müddət cəsəd çölün ortasında qalıb. Tapılandan sonra da yerini nişan vermək üçün beləcə qəbir formasına salıblar. – Şərif Ağayar və mənim aramda əyləşən hərbçi söylədi.

Şərif Ağayar, Mübariz Örən, Azər Xanlarov və mən Beyləqandan yola düşəndə niyyətimiz Haramıya çatmaq, yağışdan sonra yastı təpələrə röya kimi yayılan təmiz havanı ciyərimizə buraxmaq və Şərif Ağayarın bir zamanlar çalışdığı, dostlaşdığı fermalara baş çəkməkdi. Otuz ilin tanışlığı diriliyini qoruyacaqmı? Bilmirəm, lakin bu mükərrəm yerlərin məndə də doğmalıq payı az deyildi.

Valideynlərim Xocavənd rayonundan məcburi köçkün kimi ilk bu boz təpələrin sinəsində yuva qurmuş, beş-altı il burada məhrumiyyətlərlə dolu ömür sürmüşdülər. Babamın əhvalatlarından, nənəmin nəğmələrindən burnumdakı Haramı qoxusu silinməz qalmışdı. Boz, yabanı təpələr, sirli-sehrli yarğanlar, uzaqda görünən Kiçik Qafqazın röya ucalığı hekayə-hekayə yaddaşıma hopmuş, görməzin-bilməzin torpağa vurulmuşdum. Haramının qırışlı-cadarlı, vəhşi üzündən ruhuma dinclik bulağı axırdı.

Beyləqandan çıxıb Xaçınabad kəndinə çatınca Haramının havası sərin-sərin duyulurdu. Dünənki yağış səmaya, buludlara xoş çalar vermişdi. Mavilik göyü canına almış, bəyaz, yastıq buludların kölgəsi zəmiyə ləkə kimi uzanmışdı. Buludların arasında göyçək-göyçək gülümsəyən günəş qolumun tüklərini oxşayırdı. Yaxınlıqdakı hərbi hissələrin varlığı küçələrdə hərbi maşınların çoxluğundan bilinirdi. Hərbi hissələrin bəziləri azad olunmuş torpaqlara köçmüşdü.

Açıklama yok.

Yollar haçalanıb durur, bölünüb-burulub hədəf çaşdırırdı. Ol səbəbdən maşını kəndin mərkəzində saxlayıb soraq hayına düşdük.

Haramıya aparan yol hansıdır? – Şərif dedi.

– Burdan bütün yollar Haramıya çıxır. – yol qırağı bekarlıqdan gəlib-gedən maşınları izləyən adam dedi.

– Biz Şvratıya getmək istəyirik. Qaraxanbəyli tərəfə.

– Ora iki yol gedir, asanı qayıtmağınızdır. Qayıdıb dönün sola, bəyaz yol sizi Şvartıya aparacaq. İşıq dirəkləri düz oracan uzanır.

Bu dəm söhbətin ortasına hərbi maşın daxil oldu. Hərbçi mağazadan şeylərini alıb çıxınca söhbətdən nazik bir qol azad olub onu yanladı.

– Şvartıya necə gedə bilərik?

– Elə indi oradan gəlirəm. Mən gələn yolu Siz qayıdın. Bax, bu yol! – barmağını yola uzatdı. Mən onun uzun barmağına baxanda Şvratını gördüm.

O, tamam əks istiqaməti göstərdi. Doğrudan da, bütün yollar Haramıya aparır. Burada yol soruşmaq balığa dənizi soruşmaq kimi mürəkkəb məsələdir.

Hərbçilərin qövlünə güvənib yola düşdük. Xaçınabad kəndini çıxanda kiçik hərbi obyektlər görünməyə başlayır, onların fonunda boz düzlük uzanıb dağlara sarı dırmaşırdı. Çiçəyi yeni çırtlayan, bığ yeri təzə tərləyən taxıl zəmiləri dizi keçirdi. Təkəm seyrək fermaların yaşıl ağacları sarılıq nizamını yamanca pozurdu. Bu dəm bir hərbçi yol kənarında gözə dəydi.

– Hara gedirsən, komandir? – Mübariz Örən şirin-şirin soruşdu.

– Hərbi hissəyə.

– Şvartını tanımırsan?

– Hərbi hissədən irəlilədir.

– Bizə yoldaş ol.

Şvartı Haramının sinəsindən kükrəyib qalxan kəhrizdir. Boz təpələrin, susuz, sarı zəmilərin arasında bu kəhriz yeganə oksigen maskasıdır. Şvartını əhatəyə alan lal təpələrin o üzündə indi səngərləri boş qalan cəbhə xətti uzanır, torpağın canını incidən xəndəklər – döyüş mövqeləri indi kimsəsizdir və göz işləyən məsafə dağlara qalxınca erməni yaşayış məntəqələrinin damları parlayır. Buradan görünən, Xocavənd rayonudur. Sola əyilən görüntüdə Kiş və Çartaz kəndi aydın seçilir. Sağda Üç təpə deyilən yanaşı, çılpaq təpələr ucalır. O təpənin arxasında bizim kəndimiz – Əmiralların sökük binaları şirin-şirin yuxulayır.

Açıklama yok.

Biz boylanan istiqamətdən erməni qüvvələrinin ayağı kəsilsə də, nazik, görünməz xətt boyu uzanan mina tarlaları hələ oyaqdır.

“Mina tarlası”.

Ürəyində ölüm-itim gəzdirən bu ifadə indi, bu qadın döşü kimi yumşaq, xoş buludların kölgəsində, Azər Xanlarovun mavi Ladasında mənə necə də poetik görünür.

Haramının cazibəsi ovsunludur. Hekayədən hekayəyə, nəğmədən nəğməyə öz içindən yol keçən Haramı ilə tanışlığım lap uşaqlığıma gedib çıxır. Elə bu səbəbdən Şərif Ağayar və mənim aramda dizlərini yığıb əyləşən hərbçi “Tək qəbir” haqqında danışınca o qəbrin hekayəsini həmən xatırladım.

Hadisə vaqe olur 1997-ci ildə. Xocavənd rayonunun Kurapatkino kəndindən köçkün düşən Arif adlı gənc seyid Beyləqan rayonuna pənah gətirir. Burada ömür sürür, dost-yoldaş qazanır, aşiq olur. Sən demə, onun aşiq olduğu qızda yüksək vəzifə sahibi şəxsin gözü varmış. Kiçik şəhərlərdə xəbər sürətlə yayılır. Beləcə mübahisə körüklənir. Rəqiblər məsələni aydınlaşdırmaq üçün Haramıya yol ölçürlər. Müharibənin yenicə bitdiyi Haramıda o zamanlar inli-cinli görünməzmiş. Mübahisə böyür və vəzifə sahibi şəxs seyidi qətlə yetirir. Eləcə maşına minib geri qayıdır.

Günlər keçir, seyiddən xəbər çıxmır.

El bir olub onu gəzir.

Gördüm deyən tapılmır.

Günlər sonra təsadüfən yolu oradan keçən çoban cəsədin başına yığışın qarğa-quzğundan şübhələnib həmən yerə baxır.

Seyid Arifin cəsədi tapılanda ondan geri sür-sümük qalıbmış. Cəsədin kimliyini geyimindən aşkara çıxarıblar. Hər kəs qatilin kim olduğuna əmin imiş. Lakın bunu sübuta yetirmək mümkün olmayıb. Yalnız seyidin dəfnindən bir il sonra, elə həmən gün qatil maşın qəzasında vəfat edib. İnsanlar bu ölümü ilahi ədalətin bir işartısı biliblər.

Seyif Arifin cəsədini yığıb məzarlıqda dəfn etsələr də, onun öldüyü yer xalq içində müqəddəsləşib və qəbir abidəsi hazırlanıb.

– Arada darıxmırsınız ki? Heç ağlından keçir, bu nə dünyadır? Bilmirsən, onun mayası müharibədir, ya sülh? – Şərif solundakı hərbçidən soruşur.

– Darıxmıram. – hərbçi gülümsər söyləyir.

– Bura bənzər yerdə hərbi xidmət keçmişəm. – mən dedim – Boz, çılpaq təpələrə baxanda yadıma Dino Buzattinin “Tatar çölü” əsəri düşürdü. Həyatı boyu müharibəni gözləyir, müharibə gələndə isə onun qolunda taqət qalmır. Qəribədir ki, mən xidmətdən qayıdandan 2 ay sonra müharibə başladı.

– Bax, bu görünən bizim hərbi hissədir. – hərbçi barmağını uzadıb təpələrin arasında qurulan kiçik şəhərciyi göstərdi.

Yabanı otların dövrələdiyi torpaq yol nəhayət bizi hərbi hissənin həndəvərinə çatdırmışdı. Susuz çöllüyün ortasında meyxoş qoxu həmən bizi götürdü. Budur, yarğanın arasında göl. Şərif Ağayar gölü görüncə yuxulu adamlar kimi bizdən qopub gölə sarı yönəldi. Qamışlığın arasından uzaqları seyr etdi, əlini günlük edib dağlara diqqət kəsildi, yerində dövrə vurdu və sanasan, illərlə içində uzanıb-qısalan, görünüb-çəkilən, sevincək, əzabkeş Haramı dünyası ilə yenidən tanışlıq Şərifi şoka saldı.

– Bir ona bax, Odissey öz vətənəni tanımaq istəyir – Mübariz Örən Şərifin yan-yörəyə təəccüblü baxışlarını bir cümlə ilə miflərə bağladı.

O, maşına sarı gələndə dilindən yalnız bu sözlər çıxdı.

– Bizi Şvartıya bu yarğan aparacaq.

Ehtiyatlı olun. Çalışın yoldan çıxmayın. İlan yaman çoxdur. – hərbçi son sözlərini Haramının gözəl havasına buraxıb reportajımızdan əbədi ayrıldı.

Açıklama yok.

Biz dağlara yaxınlaşdıqca dağlar bizdən qaçırdı, nə qaçırdı. Sümüyü sürmə olmuş, boş yataq yerləri əbədi yuxuya getmişdi. Bir-birinə söykənib şəkil çəkdirən yorğun dağların arasında uca görünən Ulu Kirs dumanı başına papaq tək keçirmişdi. Uzaqdan bənövşəyi çalan dağlar indi yamyaşıl gülümsəyir, meşələrin sərin mehi ürəyimizə su çiləyirdi. Yollar haçalansa da, gözəyarı istiqamətimizi tutmuşduq. Fermaların da sayı artırdı. İz soruşamağa, yeri gəlsə, adam da tapardıq. Təpələr gahdan qalxır, gahdan enir, sabit görüntü havada necə axırdı!

Haramı indi elə etibarlıydı ki, qoyunlar çobansız otlayırdı.

Bax, bura Üzeyirin yatağı olub. – maşının pəncərəsindən ətrafa göz qoyan Şərif söylədi.

Üzeyir Şərif Ağayarın məşhur romanı “Haramı”ın qəhrəmanıdır. Romanda Səməndər obrazı kimi tanıdığımız Üzeyir Haramının məşhur simalarından biri olmuşdur. Müəllif romanda bu qəhrəmanı müxtəlif paralel mətnlərlə birləşdirir. “Əhməd Haramı Dastanı”ından tutmuş, Heraklın qəhrəmanlıqlarınacan uzanan alt mətnin mayasında günümüz dünyası üçün igidliyin yaratdığı problemlərdən söz açılır. Romanda dastanvari hava duyulur. Səməndərlə bərabər əsas qəhrəman eləcə məkan olan Haramıdır. Haramı vəhşiliyinə və mürəkkəbliyinə görə Səməndəri tamamlayır. Müəllif məkanlar və insanlar arasında çəkilən o incə, qıl körpünün mahiyyətini ustalıqla tutur.

Mən Üzeyir haqqında tanış əyalət adamlarından çoxlu əhvalat eşitmişəm. Uzun illər Haramıda polis olan dayımla, bu boz təpələrdə ömür sürən ailəmlə, xüsusən, babamla Haramının ruhu, atmosferi haqqında söhbətlər zamanı incə bir ip qopub Üzeyirin qoluna keçirdi. Babamın söylədiyinə görə alçaq boy, dolu adam imiş. Qeyzlənəndə qabağında durmağa ürək lazımmış. Qadınlar zəif nöqtəsiymiş. Hər tanışın dilində bir kimliklə tanıdığım sima ölümü ilə mürəkkəb xarakterinə yeni ilmə toxumuşdur. Deyilənə görə, yatağın çardağında yuxularkən həyat yoldaşı tərəfindən qətlə yetirilib. Özü də avtomat Kalaşnikov silahı ilə

– Bax, bu Üzeyirin öldürüldüyü çardağın yeridir – Şərif Ağayar dolmuş halda barmağını yatağın kənarında görünən boşluğa tutdu.

Maşın dayandı. Yatağın həndəvərində hürüşən itlərin səsini eşitdik. Çardağın yeri aydın seçilirdi. Alaçıqda adamlar gözə dəyirdi. İtlərin qorxusundan yatağa sarı durmasaq da, qollarımızı qaldırıb adamları hayladıq.

Sərin meh əsəblərimi uyuşdurmuşdu. Çöldə adam adama hayandır. Lakin alaçıqda əyləşənlər hayımızı cavabsız qoydular. Bir xeyli kənardan yatağı izləyə durduq. Şəkillər çəkib ayaqqabımızın ucu ilə mənalı-mənalı torpağı eşdik.

Şvartıya sehrli yuxunun sonuna çatan kimi çatdıq. Maşın dayandı. Şərif Ağayar və mən düşüb yarğana irəlilədik. Ərazinin ümumi sarılığı ilə müqayisədə yarğanın sinəsində yaşıl qamışların ilıq havası duyulurdu. Şərif başlovlu, yaddaşında qorunub qalan iynə işığı boyda ümid və xatirə ilə irəli düşdü. Kəhrizin gözü təpənin arxasında idi.

– Bu otuz ildə mən də ölə bilərdim, sən də, Şvartı. Mən ölmədim, sən isə qurudun. – mən gözü tutulmuş, ətrafı betonlanmış kəhrizə yaxınlaşınca məyus görünən Şərifin dilindən bu sözlər çıxırdı.

Kəhrizin köhnə gözü tutulsa da, yeraltı axıb bir az irəlidən çıxır, uzanıb ta gəldiyimiz hərbi hissəyəcən çatırdı. Suyun həcmi o qədər azalmışdı ki, sıx qamışlığın arasından onu seçmək, demək olar, mümkün deyildi.

– Bax, bu yataq Şəmənindır. Bir gedək baş çəkək. – Şərif bunu demişdi ki, Azər Xanlarovun maşını təpənin üstündə göründü.

Maşına minib yatağa sarı getdik.

Açıklama yok.

Bir dəstə adam açıq havada qoyun qırxırdılar. Bizim gəlişimizdən tükləri də tərpənmədi, qırmızı yanaqları, tüklü, polad qolları ilə qoyunların ayağından bərk yapışıb qayçının ağzına verirdilər. Mən bu ahəngdar mənzərəyə diqqət kəsildikcə, birdən yayın, qızmar istilərin çox yaxın olduğunu hiss etdim.

Hələ görünməyən itlərin qorxusundan heç birimiz maşından düşməmişdik. Nəhayət, əli çomaqlı bir kişi bizi yanladı. Uzaqdan hamımızı süzdü və budur, otuz ilin tanışlığı üzdə gülüş olub alışdı.

Bu Şəmən kişi idi, Şərifin yeniyetməlik yoldaşı.

– İnanmazdım, səni bir də buralarda görüm – o dedi və illərin xatirə külliyyatına toz üfürdülər.

Söhbətlər başladı, şəkillər çəkdildi. Sonda Şəmən kişi qonaqlara quzu hədiyyə elədi. Minnətdarlıqla qəbul etdik. Zəhmətsevər insanların hədiyyəsini geri çivərmək olmazdı. Vidadan sonra quzunu tutub maşının yük yerinə qoyduq. O qədər şirin, təmiz idi ki! Başına sığal çəkəndə gözlərini yumur, burnuna toxunanda çənəsini yuxarı çəkirdi. Yunu sıx, quyruğu yağlıydı. Barmaqlarımı kol-koslu yununun arasında məhəbbətlə gəzdirir, tikanlarını təmizləyirdim. Sharif Ağayar bu məhəbbətin, şirinliyin müqabilində söylədi ki, quzuya dostumuz, şair Rəvan Cavid adını verirəm. Bu ad mənə də ləzzət elədi. Doğrudan da, quzu şirinliyi ilə Rəvanı xatırladırdı.

Bir saat sonra hədiyyəni Füzulinin Kürdmahmudlu kəndində, yad qəssabın əlinə verib bağ-büsatlı kafedə əyləndik. Kafe tut, gilas ağaclarının kölgəsində röya kimiydi. Çiynini söykədiyi boz, arxayın təpələr çılpaqdı. Nəhayət kabab gəldi. Yaxşıca nuş edib rahatlıq qazandıq. Söhbətlər, nəğmələr, müzakirələr həyatı unutdurdu, dünya gözəlləşdi.

Qayıdış yolunda kefimiz kökdü. Yenə nədənsə danışır, məsafələri doğram-doğram edirdik. Həyatı sevirdim. Xəstəliklər canımıza daraşsa da, Ukraynada müharibə uzansa da, Şvartının gözü tutulsa da, yaşamaq gözəldi. Birdən Şərif tamam özgə söhbətin tən ortasında ona tanış enerjiylə hayqırdı:

– Rəvanın əti necə dadlı idi ee!

# 2628 dəfə oxunub

Müəllifin son yazıları

# # #